Şirvan xanlığı

Şirvan xanlığı və ya Şamaxı xanlığı —1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində iqtidarda olmuş dövlət. Paytaxtı Şamaxı şəhəri, arabir Yeni Şamaxı (Ağsu), ən sonda isə Fit dağ şəhəri olub. Xanlıq şimalda Samurçaydan cənubda Kür çayına qədər uzanan geniş ərazini əhatə edirdi. Şərqdə Xəzər dəniziBakı xanlığı, qərbdə Şəki xanlığıQarabağ xanlığı, cənubda isə Cavad xanlığıTalış xanlığı ilə həmsərhəd idi. Salyan yarımadası və Muğan düzünün bir hissəsi daxil olmaqla xanlığın ərazisi 14500 kv. verstə çatırdı.[5]

Xanlıq
Şirvan xanlığı
Bayraq Gerb
Bayraq Gerb
Şirvan xanlığı, 1901-ci ildə çəkilmiş xəritəsi. Xəritədə Şirvan xanlığının 1805-ci ilə aid ərazisi göstərilir.
Şirvan xanlığı, 1901-ci ildə çəkilmiş xəritəsi. Xəritədə Şirvan xanlığının 1805-ci ilə aid ərazisi göstərilir.
 
 
1748 — 1820

Paytaxt Şamaxı, Ağsu
Ən böyük şəhər Cavad, Qalaqayın[1]
Dilləri fars dili, Azərbaycan dili, Tat dili, ərəb dili, erməni dili, ləzgi dili, Udi dili
Rəsmi dilləri Azərbaycan dili (danışıq dili),[2] fars dili (rəsmi)[3][4]
Dövlət dini Şiə İslam
İdarəetmə forması Mütləq monarxiya
Xan
 • 1747–1765 Hacı Məhəmmədəli xan Zərnavi
 • 1792–1820 Mustafa xan Xançobanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xanlığın tarixi

redaktə

Şirvan xanlığını 1747-ci ildən Nadir şah Qırxlı-Avşar tərəfindən bu yörəyə vəkil təyin edilmiş Hacı Məhəmmədəli xan Sufi Nəbi oğlu Zərnəvai idarə edirdi.

Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizəyə başladı.

Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Hicri 1178-ci (1765) ildə Əsgər bəyin oğlanları - Məhəmmədsəid xanAğası xan elat arasında Vəkildən (Kərim xan Zənddən-Ə. Ç.) xanlıq ləqəbi qazanıb Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı öldürdülər".[6]

Bu iki qardaş qədim zamanlardan Şirvanın paytaxtı olan Şamaxını bərpa edib, ora köçdülər. Lakin, paytaxtlarından nəsiblərini almamış, təcavüzə uğradılar. 1767-ci ildə Quba hakimi Fətəli xan Şəki hakimi Məhəmmədhüseyn xanla birləşib, Şamaxıya hücum etdilər. Şəhərin mühasirəyə tablamayacağını bilən qardaşlar təslim olmağı lazım bildilər. Məhəmmədsəid xan Fətəli xanın, Ağası xan Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan isə Məhəmmədsəid xanı dustaq edib Dərbənd şəhərinə göndərdi. Paytaxtı yenidən Ağsuya köçürdülər.

1780-ci ildə Quba xanı Qarabağa hücum etdi. O, bu yürüşə Tarku şamxalını və Şamaxı xanını da qatmışdı. Fətəli xanın 8000 nəfərlik qoşunu Kür çayını keçərək Qarabağ üzərinə yeridi. İbrahimxəlil xan Cavanşir muzdluların haqqını vaxtında ödəmədiyi üçün yardımına yetən olmadı. Birləşmiş qoşunlar xanlığın bir neçə kəndini və obasını qarət edib xeyli mal-heyvanla geri döndülər.

İbrahimxəlil xanın Şirvan xanına yardım etməsi Fətəli xan Qubalı ın xoşuna gəlmirdi. Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Hicri 1198 (1784)-ci ildə Fətəli xan Ağası xana kömək edən İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı və Qarabağın aşağı mahallarını talan etdi".[7]

1785-ci ildə Ağası xanın böyük oğlu Əhməd bəy İbrahimxəlil xanın qardaşı Mehrəli bəy Sarıcalı-Cavanşiri öldürdü. İbrahimxəlil xan qardaşı ilə arası olmasa da, bu hadisə iki xanlıq arasında sərinliyə səbəb oldu. Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: "Fətəli xan hicri 1199 (1785)-cu ildə Ağası xan və onun muttəfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu zaman qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəy Fətəli xanın yanında idi. Bir gecə Bakıdan Şirvana getdiyi zaman, yolda Ağası xanın böyük oğlu Əhməd bəyə rast gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra İbrahim xanla Fətəli xan dostlaşmağa başladı. Ağası xana qarşı hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bəqabəq məhbus olaraq, Qubaya göndərildi".

Ağası xan elçi göndərib İbrahimxəlil xandan üzr istədi. Barışmaqlarını təmənna etdi. Qarabağ xanı onu bağışladı. 1786-cı ildə İbrahimxəlil xan Cavanşir Lənkəran xanı ilə birləşib, Şirvana yürüş etdi. Onlar Məhəmmədsəid xanı kənarlaşdırıb, yerinə kor qardaşı Ağası xanı hakim qoymaq istəyirdilər. Fətəli xan Qubalı bu yürüşü eşidib Salyandan Şamaxıya gəldi. Ibrahimxəlil xana təklif etdi ki, Məhəmmədsəid xana toxunmasın. Təklif rədd olundu. Sonra böyük məbləğdə mükafat verib QarabağLənkəran xanlarının Şirvandan çəkilməsinə razı saldı. Acığını Ağası xanın üstünə tökən Fətəli xan ondan zorla 10 min manat pul aldı.

Fətəli xanın əlindən canını götürüb, qaçaraq Qarabağ xanlığına pənah gətirmiş olan Əsgər bəy, Qasım bəy və Mustafa bəy Ərəşli Şəhabəddin sultan tərəfindən tutularaq qolları qandallanmış halda Fətəli xanın sərəncamına göndərildilər. Onları Fətəli xanın elçisi Məmmədkərim bəylə Hacı Seyid bəy aparırdı.Abbasqulu ağa Bakıxanov yazır: "Bu hadisə zamanı Məhımmədsəid xanın oğlanları – Əsgər bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar. Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan, Məhəmmədhəsən xanın əmrilə onları aldadaraq tutdu. Məhəmmədhəsən xan onların üçünü də buxovlayıb, Fətəli xanin elçisi Məhəmmədkərim bəy Hacı Səfərəli bəy oğlu və öz inanılmış adamı Hacı Seyid bəylə Şirvana göndərdi". (Bax: A. Bakıxanov, Gülüstani-Irəm, Bakı, 2001, səh.198) Tarixçi sonra qeyd edir ki, bir təsadüf nəticəsində Göyçay ərazisində Hacı Seyid bəy əsirləri azad etdi və Məmmədkərim bəyi zəncirləyib geri döndü. Bu 3 nəfər əvvəlcə Cara və oradan da Avarstana getdi. Orada da qala bilməyən xanzadələr Qarabağa və burdan isə Osmanlı dövlətinə yollandılar. 1789-cu ildə Fətəli xanın ölümünü eşidən xanzadələr az sonra Qarabağa qayıtdılar. Onlar Osmanlı sultanından İbrahimxəlil xana mühüm xəbərlər də gətirdilər.

İbrahimxəlil xan Mustafa xanın taxta çıxmasında böyük rol oynamışdı. Bu xanlar bir-birlərinə kömək edirdilər. 1795-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd xan Qovanlı-Qacarın Qarabağa yürüşünü eşidib müdafiəyə hazırlaşmağa başladı. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "(Buna görə İbrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi.[8]

1796-cı ildə imperatriça II Yekaterina qraf V. A Zubovun baş komandanlığı altında Cənubi Qafqaza, Azərbaycana 30 min nəfərlik qoşun göndərdi. Qraf Zubov DərbəndQubada müəyyən qələbələr əldə etdikdən sonra Bakıya gəldi.Bakı xanı Hüseynqulu xan onun pişvazına çıxdı və təltif edildi. Zubov oradan Mustafa xanın üzərində yeridi. Şirvan hakimi Mustafa xan Xançobanlı ona itaət göstərmədi və öz paytaxtını Ağsudan Fit dağına köçürdü. Onun əleyhinə Şirvanda üsyan başlandı. Xanın əmisioğlu Qasım xan Məmmədsəid xan oğlu öz kürəkəni Yüzbaşı bəy Hövzinin köməkliyi ilə Mustafa xanın üstünə yeridi. Bu iki tərəfli hücum və xəyanətin qarşısında dayana bilməyəcəyini hiss edən Mustafa xan Qarabağa, İbrahimxəlil xanın yanına gedərək ona pənah apardı.

1796-cı ilin noyabr ayının 9-da II Yekaterina vəfat etdi və hakimiyyət kürsüsünə oğlu I Pavel əyləşdi. O rus qoşunun Azərbaycandan geri çağırdı və 1797-ci ilin aprelində qraf Zubovu vəzifədən kənarlaşdırdı. Onda Mustafa xan Şuşadan Şirvana qayıtdı və xanlığı əlinə aldı.

Mustafa xan Xançobanlı Şirvanda olan qarabağlıları geri göndərmədi. Hələ üstəlik Muğandakı Qarabağ torpaqlarını zəbt etdi.

İbrahimxəlil xan Sisianovla aranı düzəldəndən sonra Muğan torpaqlarına və Şirvanda qalan Qarabağ obalarına görə Mustafa xana qarşı iddia irəli sürdü. Knyazla yazışmağa başlayıb, elçi göndərdi. Elçi kimi Vərəndə məliyi Məlik Cümşüdü yolladı. Onunla göndərdiyi məktubunda yazırdı: "Şirvanlı Mustafa xanla danışıqlara və onun sizə ünvanladığı tərs cavablarına gəldikdə onu aydınlaşdırmağa izin verdiyiniz üçün təşəkkür edib, əlahəzrətin məktubunu almaq şəraitinə nail oldum. Hər şey haqqında xəbərim var, yəni, Mustafa xan yazır ki, Şirvanda olan Qarabağ ailələri üç hissəyə bölünüblər. CavadMuğan Şirvana məxsusdur. Əgər kimsə kiməsə üç ya dörd il ruzi verirsə, onda onu mənimsəmək olarmı? Əgər mənimsəmək olarsa, onda istər Mustafa xanın atası, istərsə də Mustafa xanın özü bizim süfrəmizin qırağında güzəran keçiriblər. Çünki bu nəinki Mustafa xanı, hətta onun atasını, bütün qohumları ilə birlikdə on, ya da on beş il bizim torpaqda dolanırdıq. Axırda, hətta onlara müavinət verərək onların xanlığı təsdiq edilən Şirvana göndərdim".

Şirvan xanlığının hərbi-siyasi vəziyyəti

redaktə

Şamaxı xanlığının hərbi-siyasi vəziyyətinə dair müxtəlif maraqlı məlumatlar vardır. Mənbələrə istinad edən E. Məmmədova göstərir ki Şirvan xanlığı çox güclü hərbi qüvvəyə malik idi və 10 min, bəzən isə 12 min nəfərlik qoşun toplaya bilirdi. Məhz hərbi cəhətdən güclü olmasının nəticəsi idi ki, xanlıq səkkiz il Quba xanlığının birləşdirmə siyasətinə qarşı mübarizə aparmışdı. Qubalı Fətəli xan bu məqsədlə dəfələrlə Şirvan xanlığı üzərinə hərbi yürüş etmiş, lakin hər dəfə itki verərək geri çəkilmiş, yalnız 1768-ci ildə şəkili Hüseyn xan ilə birləşərək xanlığın ərazisini Şimal-Şərqi Azərbaycan torpaqlarına daxil edə bilmişdir. Şamaxı xanlığı Quba xanlığının tərkibində 1789-cu ilə kimi qalmasına baxmayaraq öz müstəqilliyinə yenidən nail olmaq üçün davamlı olaraq mübarizə aparmışdır.

N. Dubrovin haqlı olaraq göstərir ki, xanlıqların bir-birinə münasibəti tez-tez dəyişirdi. Bunun isə yeganə səbəbi xanlıqların yarandığı ilk illərdə hər hansı bir ərazi üstündə mənafe toqquşmaları idi. Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər beynəlxalq şəraitdən də asılı olaraq tez-tez istiqamətini dəyişirdi. Məsələyə bir qədər aydınlıq gətirmək üçün Şamaxı xanlığının qonşu Qacarlar,Osmanlı dövləti və çar Rusiyası ilə münasibətlərinə nəzər salaq. Nadir şah imperiyasının dağılmasından sonra İranda taxt-tac uğrunda Qacarlarla Zəndlər arasında qarşıdurma baş verən zaman Şamaxıda ikihakimiyyətlilik dövrü idi. Bu zaman Hacı Məhəmmədli xan Qacarlara qarşı idisə, Zəndilər Qacarların Azərbaycanın şimal torpaqlarına olan iddiası ilə əlaqədar olaraq əks tərəflə – yəni Köhnə Şamaxıda Sərkərlərlə ittifaqa üstünlük verirdilər.

Ümumiyyətlə, 1761-ci ilə qədər davam edən ikihakimiyyətlilik şəraitində Şamaxı xanlığının İran ilə münasibətləri xeyli ziddiyyətli olmuşdur. 1792-ci ildə Şirvan xanlığında hakimiyyətə sahib olan Mustafa xan isə Qacarlarla münasibətində diplomatik manevr edərək tabe olmaqdan həmişə imtina etmişdir.

Ağa Məhəmməd Qacarın 1795-ci ildə Cənubi Qafqaza olan yürüşü zamanı rus tarixçisi N. Dubrovin Şəki, Şamaxı və Bakı xanlıqlarının tərəddüd etdiklərini göstərir. Onlar son nəticədə öz mülklərini İran ordusunun talanlarından xilas etmək naminə Qacardan vassal asılılığını qəbul etdiklərini bildirirlər. O. P. Butkov göstərir ki, Mustafa xan Qacara tabe olmaqdan imtina edərək Rusiyadan kömək almaq üçün yollar axtarmışdır. Əslində isə o Fitdağ qalasında möhkəmlənməyə hazırlaşırdı. İbrahim Yüksel isə göstərir ki, Azərbaycanın Şimal xanlıqlarının bəziləri Qacara qarşı Osmanlı dövlətindən yardım istəmişdir. Həmin məlumat Türkiyə Respublikasının Baş Bakanlıq Arxivinin "Xəttin-Humayın" fondundan əldə etdiyimiz bir sənədlə təsdiqlənir. Mustafa xanın eyni zamanda həm Rusiyaya, həm də Osmanlı dövlətinə müraciət etməsi xanlığın müstəqilliyini qoruması üçün onun manevr etdiyini göstərir. Mustafa xan Qarabağ, Gəncə, Şəki və Quba xanlıqlarından fərqli olaraq Fətəli şahın (1797–1834) da tabe olmaq haqqında tələbini rədd edir və "şah qələmi elə mənim özümdə də var" deyə şahın hakimiyyətini tanımır.

Şirvan xanlığının Osmanlı dövləti ilə münasibətləri haqqında həm rus, həm də Osmanlı mənbələri məlumat verir. Qacarın hücum təhlükəsi ilə bağlı qarabağla İbrahimxəlil xan öz nümayəndəsi Seyid Abdulla Çələbi vasitəsilə Osmanlı sultanına məktub göndərir. Burada İbrahimxəlil xan, gəncəli Cavad xanın, şəkili Məhəmmədhəsən xanın, dağıstanlı Ümmə xanın, Kartli-Kaxeti çarı II İraklinin, o cümlədən şamaxılı Mustafa xanın adından türk sultanına müraciəti öz əksini tapmışdır. Şamaxı xanlığının müstəqil siyasət yeritməsi beynəlxalq münasibətlərdə müstəmləkəsilik siyasəti ilə daha çox fərqlənən çar Rusiyasını qane etmirdi.

Şamaxı Niyazabad xəttilə Rusiyanın cənub sərhədlərinə yaxın olduğu üçün Azərbaycan-Rusiya ticarətində mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda gələcəkdə Xəzərsahili əraziləri ələ keçirmək üçün hərbi qüvvələrin Şamaxı ərazisindən keçməsi daha əlverişli idi. Şamaxı xanlıqlar dövründə də rus-Azərbaycan ticarətinin mərkəzi idi. Bu isə qubalı Fətəli xanı qane etmədiyindən Şamaxıda yerləşən rus ticarət mərkəzinin Salyana köçürülməsini rus hökumətinin diqqətinə çatdırırdı. Rəşt müqaviləsinin (1732-ci il) şərtlərinə görə Azər-baycanda gömrüksüz ticarət hüququnu alan rus tacirləri xanlıqlar dövründə də bu hüququ saxlayırdılar. Quba xanlığının təsir dairəsindən çıxdıqdan sonra Şirvan xanları Fətəli xandan fərqli olaraq Rəşt müqaviləsinin şərtlərinə məhəl qoymurdular.

Qacarın Azərbaycanın Arazdan şimaldakı torpaqlarına və Tiflisə qoşun yeritməsinə cavab olaraq II Yekaterina hökuməti Cənubi Qafqaza hücum etmək haqqında qərar qəbul edir və A. Bakıxanovun təbirincə desək, imperatriçə İran ilə müharibəyə başlayır. O. Markova isə göstərir ki, bu yürüşdə əsas məqsəd Xəzərsahili bölgələrdə rus ticarətinin üstünlüyünü qoruyub saxlamaq üçün Ağa Məhəmməd xan Qacarı cəzalandırmaq idi. Qeyd edək ki, həmin ticarətdə Şamaxı mühüm rol oynadığı üçün Şamaxı xanlığının zəbt edilməsi xüsusilə diqqət mərkəzində idi.

Cənubi Qafqaza yürüş edən rus qoşunlarına Valerian Zubov komandan təyin edilir. Yürüş 1796-cı ilin aprelində başlayır. Avqustda Şamaxı yaxınlığında yerləşən rus qoşunları Yeni Şamaxıya doğru hərəkət edərkən Mustafa xan şəhərdən çıxaraq Fitdağ qalasında sığıncaq tapır. Mustafa xan Hacı Qədir adlı naibinə tapşırır ki, rus qoşunları Şamaxıdan keçib gedənə qədər onlara qarşı heç bir müqavimət göstərməsin. Digər tərəfdən Mustafa xan Zubova qarşı təşkil olunmuş sui-qəsd-də iştirak edir.

Hakimləri

redaktə
1. Hacı Məhəmmədəli xan Zərnavi 1748–1765
Məhəmmədsəid xan Xançobanlı 1748–1786
2. Ağası xan Xançobanlı 1765–1768
3. Fətəli xan Qubalı 1768–1769
4. Abdulla bəy (1770-ci ildən Bakı xanlığı) 1769–1770
5. Eldar bəy 1770–1773
Fətəli xan Qubalı (təkrar) 1773–1786
Ağası xan Xançobanlı|(təkrar, 1786-cı ildə öldürüldü) 1778–1786
6. Əsgər xan Xançobanlı 1786–1789
7. Qasım xan Xançobanlı 1789–1792
8. Mustafa xan Xançobanlı 1792–1820

Sikkələr

redaktə

Xanlığın inzibati quruluşu

redaktə
  1. Xançoban mahalı
  2. Həsən mahalı
  3. Hövz mahalı
  4. Sədənrud mahalı
  5. Elat mahalı
  6. Qoşun mahalı
  7. Qarasubasar mahalı
  8. Qəssan mahalı
  9. Əkərət mahalı
  10. Qəbristan mahalı
  11. Lahıc mahalı
  12. Rudbar mahalı
  13. Navahı mahalı
  14. Qarabağlar mahalı
  15. Bölükət mahalı
  16. Xazarud mahalı
  17. Salyan mahalı
  18. Muğan mahalı

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Mirzə Rəhim Fəna. Qarabağnamələr. Bakı,Şərq-Qərb. 2006. 247. ISBN 9952-34-070-2,978-9952-34-070-9.
  2. Bertsch, Gary Kenneth. Crossroads and Conflict: Security and Foreign Policy in the Caucasus and Central Asia. Routledge. 2000. 297: "Shusha became the capital of an independent "Azeri" khanate in 1752 (Azeri in the sense of Muslims who spoke a version of the Turkic language we call Azeri today).". ISBN 0-415-92273-9.
  3. Swietochowski, Tadeusz. Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge: Cambridge University Press. 2004. səh. 12. ISBN 978-0-521-52245-8. (…) and Persian continued to be the official language of the judiciary and the local administration [even after the abolishment of the khanates].
  4. Pavlovich, Petrushevsky Ilya. Essays on the history of feudal relations in Armenia and Azerbaijan in XVI – the beginning of XIX centuries. LSU them. Zhdanov. 1949. səh. 7. (…) The language of official acts not only in Iran proper and its fully dependant Khanates, but also in those Caucasian khanates that were semi-independent until the time of their accession to the Russian Empire, and even for some time after, was New Persian (Farsi). It played the role of the literary language of class feudal lords as well. (#accessdate_missing_url)
  5. Obozrenie…, III hissə, səh.62
  6. A. Bakıxanov, Gülüstani-Irəm, Bakı, 2001, səh.188–189.
  7. A. Bakıxanov, Gülüstani-Irəm, Bakı, 2001, səh.196–198.
  8. Qarabağnamələr. 1-ci kitab. Bakı, "Yazıçı", 1989, səh. 122.

Mənbə

redaktə
  • Дренякин И.Т. Описание Ширвана. 1796 г.
  • M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
  • Ənvər Çingizoğlu, Qarabağ və Şirvan xanlığının əlaqələri tarixindən, "Soy" dərgisi, 6 (14), 2008. səh.112-114.
  • Алиев С.М. "Междоусобное войны и борьба за верховную власть в Иране после распада империи Надир шаха". Иран, история и культура в середине века и новое время. М., 1980.
  • Bakıxanov A.A., Gülüstani-Ġrəm. Bakı, 1951.
  • Baş Bakanlıq Osmanlı Arşivi Hatti Humayun, sənəd 10; 336; 6748.
  • Биберштейн М.,Описание провинций расположенных на левом берегу Каспийского моря, между реками Терек и Кура (Перев с Соловой). Научн. Архив Института Истории им. А.А.Бакыханова, ф.1, оп.2, док. 467.
  • Броневский С.Б., Новейшие географические и исторические известия о Кавказе, ч. II, М., 1823, 465 с.
  • Бутков П.Г., Материал для новой истории Кавказа. С. 1722 по 1803, СПб., 1869, т. II,
  • Дорн Б.А., История Ширвана с.1538-1820 гг. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi, f.1,siy 9, sənəd 4733.
  • Дубровин Н.Ф., История войны и владычества русских на Кавказе. т. IV, СПб., 1888.
  • Дубровин Н.Ф., Георгий XII последний царь Грузии и присоединение ее к России. СПб., 1867.
  • Энциклопедический словар, том XVII, СПб, 1899,
  • Əliyev F. Həsənov Ü., Ġrəvan xanlığı, Azərnəşr. Bakı, 1997.
  • İbrahim Yüksel., "Çarlıq Rusiyasının Azərbaycanı istilası və Osmanlı devletinin tutumu". Kafkas Araştırmaları. İstanbul, 1988.
  • Гмелин С.Г., Путешествие по России для исследования всех трех царство природы СПб., 1785, ч. III, 14. 12. Левиатов В.Н., Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948.
  • Мамедова Э.К.,Административное устройства и управление азербайджанских ханство во второй половине XVIII века. Бakу., 1999. Дис. канд. наук. с. 133.
  • Маркова О.П., Россия, Закавказье и международные отношения в XVIII веке. М., 1966,
  • Рагимов Т.Р., Из истории Азербайджанo-русских дипломатических отношение во второй половине XVIII, в начале XIX веков, Баку, 1997.
  • Səfərov Ə.R., Azərbaycanın ġirvan xanlığının Rusiya ilə birləşməsi və ġamaxı şəhərinin bərpası. Nam. diss. Bakı., 1954.

Xarici keçidlər

redaktə
  NODES
Community 1
mac 1
os 13