Bazar

(Bazar (ticarət obyekti) səhifəsindən yönləndirilmişdir)

Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti.

Burkina Fasoda bir bazar.

Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur.

Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır. Ölkələr arasında iqtisadi əlaqələrin yaranması və genişlənməsi dünya bazarının yaranmasına səbəb olmuşdur.

Coğrafi yerləşməsinə, əhatə dairəsinə görə müxtəlif bazarların yaranması əmtəə istehsalının artması, əmək bölgüsünün dərinləşməsi, nəqliyyat və rabitə vasitələrinin inkişafı nəticəsində mümkün olmuşdur.

Bazar əmtəələrin yaradılması prosesinə əks təsir göstərir və istehsalla əks əlaqə yaranır.

  • Bu bazarın əsas funksiyalarından biridir – əks iqtisadi əlaqə yaratmaq funksiyası.
  • Bazarın ikinci funksiyası istehsal sferası ilə istehlak sferasını birləşdirmək, deməli, istehsalçı ilə istehlakçını qovuşdurmaqdan ibarətdir.
  • İstehsalın son nəticələri üzərində əsas nəzarətçi olmaq funksiyası. Bu nəzarət kəmiyyətə və keyfiyyətə nəzarətdir.
  • İqtisadi münasibətlərin reallaşdırılmasına xidmət funksiyası. Bazar mübadiləsi istehsalçı və istehlakçıların öz maraqlarının həyata keçirilməsi üsuludur. Burada prinsip belədir: "Mənə lazım olanı, mənə ver, sən isə sənə lazım olanı alarsan" (A. Smit).

Bazarın tənzimləyici, bölüşdürücü, qiyməti formalaşdırmaq, təmizləyici kimi funksiyaları da vardır.

Strukturu

redaktə
  1. İstehlak məhsullarının bazarı;
  2. İstehsal vasitələri bazarı;
  3. Xidmətlər bazarı;
  4. Əmək (iş qüvvəsi) bazarı;
  5. Elmi və təcrübə-konstruktor işləmələr bazarı (elmin məhsulları, istehsala tətbiq üçün hazır olan texnologiyalar);
  6. Borc kapitalı bazarı;
  7. Qiymətli kağızlar bazarı;
  8. Valyuta bazarı;
  9. Mənəvi nemətlər bazarı (alimin, yazıçı, rəssamın və s. intellektual fəaliyyətinin məhsullarının pulla reallaşdırılması);
  10. Informasiya məhsulları bazarı və s.

Bütün bu bazarların iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərməsi onların rolunun getdikcə artmasının sübutudur. Bazar istehsalı onun bütün amilləri ilə təmin edən bir sahəyə çevrilmişdir. Buna görə də bütün ən iri istehsal sahələri ixtisaslaşmış bazarlara möhtacdır. Elə buna görədir ki, bazarın hakim olduğu milli iqtisadiyyatlar bazar iqtisadiyyatı kimi səciyyələndirilir. Istənilən bazarın normal fəaliyyəti üçün sxemdə göstərilən şərtlərin olması olduqca vacibdir.

Qanunlar və mexanizmi

redaktə

Bazar mürəkkəb münasibətlər sistemidir və bu münasibətlər bazara xas olan qanunlarla və onların fəaliyyət mexanizmləri ilə tənzimlənirlər. Bu qanunlara aiddir: tələb qanunu, təklif qanunu, rəqabət qanunu, ekvivalent mübadilə qanunu, mənfəət qanunu və s. Bu qanunların hər birinə xas olan fəaliyyət mexanizmi vardır və onlar məcmu halda bazarın fəaliyyət mexanizmini təşkil edir.

Öz konkret növündən asılı olmayaraq, hər bir bazar aşağıdakı əsas ünsürlərə söykənir, onlara əsaslanır: qiymət, tələb və təklif, rəqabət. Bazar mexanizminin bu ünsürlərini ətraflı şərh edəcəyik. Məhz bazar mexanizminin bu ünsürlərinin fəaliyyəti sayəsində əvvəlki mövzuda göstərdiyimiz üç əsas vəzifə – nə istehsal etmək? Necə istehsal etmək? Kimin üçün istehsal etmək? – həll olunur. Bunu dərsliklərdə verilmiş belə bir misalla izah edirlər: fərz edək ki, əhalinin gəliri artıb və istehlak etdiyi kartofu azaldıb ət almağa üstünlük verir. Belə olduqda kartofa olan tələbat azalır və ətin alınması çoxalır. Belə olduqda ətin qiyməti artır və kartofun qiyməti aşağı düşür. Nəticədə kartof istehsalçısı əlavə gəlir götirə bilmir və sahəyə əlavə kapital qoymur. Heyvandarlıq gəlirli sahə olduğundan başqa sahibkarların diqqətini cəlb edir və sahəyə əlavə kapital qoyulur. Kartof istehsalçıları mənfəətin bir hissəsini itirdiyinə görə daha gəlirli sahə axtarırlar.

Müəyyən bir dövr ərzində qiymətlərin nisbətindəki dəyişiklik ət istehsalını artırır və kartofun istehsalını azaldır. Bazarda ətin müxtəlif növlərinin qiymətləri də müxtəlif olacaq və əhalinin hər bir təbəqəsi gəlirinə uyğun olan qiymətlərlə ət alacaq. Bu proses bazarda tarazlıq yaratdı. Bu tarazlığı yaradan: birinci, qiymət oldu – məhz qiymət istehsalçını istehsalın istiqamətini dəyişməyə məcbur etdi. Qiymətin dəyişməsi istehsal texnologiyasını seçməyə təsir etdi. Nəticədə qiymət müəyyən etdi ki, gəlirlərin mövcud səviyyəsində məhsulu kimlər istehlak edəcəkdir.

Tələb – tələb (alıcılıq qabiliyyətidir) bazarda əmtəələrə olan tələbatdır ki, istehlakçı bazar qiymətindən və pul gəlirindən asılı olaraq ala bilər, yəni ala biləcəyi əmtəənin miqdarıdır.

Təklif – bu, mövcud qiymətlərlə satılmaq üçün bazarda olan əmtəələrinmiqdarıdır. Tələb və təklifin nisbətindən asılı olaraq, onların dəyişməsilə qiymət "tarazlı" adlanan qiymət ətrafında enib-qalxacaq.

Rəqabət – bazar mexanizmində hərəkətverici "mühərrik" rolunu oynayır. Belə ki, hər bir sahibkarın məqsədi maksimum mənfəət əldə etməkdir. Buna görə o, təsərrüfat fəaliyyətinin miqyasını genişləndirir. Bu zaman hər bir sahibkar daha əlverişli istehsal şəraitinə malik olmağa, əmtəələrini satmağa, istehsalını genişləndirməyə çalışır. Bu zaman sahibkarların münasibətləri bəhsləşmə, rəqabət forması alır. Əgər təklif tələbdən çoxdursa, bu zaman həmin əmtəənin satıcıları arasında rəqabətə başlayır. Öz əmtəələrini satmaq üçün hər bir satıcı qiyməti aşağı salmaqla müştərini özünə cəlb etməyə çalışır. Prosesin uzun çəkdiyi bir şəraitdə həmin əmtəənin istehsalı azalır. Tələb təklifdən çox olduqda isə rəqabət alıcılar arasında baş verir. Imkanlı alıcı daha yüksək qiymət təklif edir. Defisit olan həmin əmtəəyə tələb artdığına görə onun istehsalı genişləndirilir. Bazar mexanizmi bu qayda ilə fasiləsiz fəaliyyət göstərir.

Lakin bazarda əlaqələrin tipləri müxtəlifdir. Biz qeyd etmişdik ki, natural təsərrüfatda istehsal olunmuş məhsul bilavasitə bölgü sferasına daxil olur və bölünür. Bu zaman istehlakçı arzusu ilə seçim edə bilmir. Bazar təsərrüfatı şəraitində isə onun subyektləri iqtisadi cəhətdən azaddırlar.

Alıcının azadlığı – bir-birini əvəzləyən və sərbəst nemətlərdən istədiyini seçmək azadlığı; ən yaxşı xidmət göstərən və əmtəəsini əlverişli şərtlərlə satanı tapmaq azadlığı. Satıcının azadlığı – daha münasib alıcı tapmaq; satışdan əldə etdiyi pula öz arzusuna uyğun uyğun sərəncam vermək azadlığı. Alıcı və satıcı üçün azadlıq ticarət sövdələşmələrində istədiyi qədər seçim etmək imkanında olmalıdır. Bazar şəraitində mümkün olan azadlığı iqtisadçılar üç tipə ayırırlar: 1. azad bazar; 2. qeyri-leqal bazar; 3. tənzimlənən bazar. Azad bazar tipi şəraitində maksimum iqtisadi azadlıq var. Başqa sözlə burada kortəbiilik, inkişafın nəticələrinin bilinməməsi, idarəolunmazlıq hökm sürür ki, bu da tədavül sferasında klassik kapitalizmin əsas cəhətlərində ifadə olunur. Bu cəhətlər aşağıdakılardır:

  1. bazarda böyük olmayan fabrikin fərdi mülkiyyətçisi sərbəst davranır;
  2. istehsalçı alıcı ilə əvvəlcədən sövdələşməmiş istehsal edir;
  3. istehsalçının özü istehsal etdiyi məhsulun əhaliyə pərakəndə satışı ilə özü məşğul olur.

Bu bazar tipində hər iki bazar subyekti iqtisadi suverenliyə malikdir. Döələt bu bazarı möhkəm qanunlarla tənzim etmir. Ancaq bazarın bu dərəcədə azad olması onun agentlərinin özbaşınalığına, qaydalara əməl etməməsinə gətirib çıxarır. Buna görə də onu "vəhşi bazar", "sivil olmayan bazar" adlandırırlar.

Qeyri-leqal bazar tipi — öz subyektlərinin davranışına görə azad bazar tipinə yaxındır, ancaq ondan köklü fərqləri vardır. Bu bazırın iki növü var: gizli bazar və qara bazar.

Gizli bazar – adından göründüyü kimi qanunla icazə verilməyən, patent və lisenziya olmadan, vergi ödəmədən fəaliyyət göstərir. Bu cür ticarət forması çox vaxt spekulyativ xarakter alır, az tapılan əmtəələrlə gizli alverçilik edilir.

Qara bazar – burada satışına icazə verilməyən əmtəələrin gizli ticarəti həyata keçirilir. Qanunvericilikdə (Azərbaycanda) silah satışı, partlayıcı maddələr, partlayıcı qurğular, narkotik vasitələr satışı qadağandır. Gizli çap üsulu ilə məşğul olmaq, parnoqrafik xarakterli material çap edib yaymaq qadağandır.

Azad bazar və qeyri-leqal bazar dövlət ticarətindən kənarda fəaliyyət göstərir. Bazar kortəbiiliyi də, qeyri-leqal bazarlar inkişaf etmiş bazar ölkələrində də mövcuddur. Ancaq əsas bazar tipi "tənzim olunan bazar" tipidir.

Tənzim olunan bazar tipi – bu dövlət tərəfindən dəstəklənən müəyyən qaydalar əsasında fəaliyyət göstərir. Belə bir bazara keçid XX əsrdə baş vermişdir. Bu bazar əlaqələrinin mütəşəkkil olması və idarə edilməsi meylinin güclənməsindən zəruri olmuşdur. Artıq iri müəssisələr qeyri-müəyyən alıcı üçün istehsal etmir. Iri firmalar əvvəl müştərisini (alıcısını) tapır, yaxud dövlətdən sifariş qəbul edir, sonra istehsala başlayır. Məsələn, dəzgahlar 10 % sifarişlə satılır və bazar yeni cəhətlərlə zənginləşir. Tənzim olunan bazarın əsas cəhətləri bunlardır:

  • əmtəələrin əsas kütləsi böyük təsərrüfat birlikləri tərəfindən reallaşdırılır.
  • məhsulun böyük hissəsi əvvəlcədən bağlanmış kontraktlar, firmalırın və dövlətin sifarişləri əsasında hazırlanır.
  • böyük bir ticarət vasitəçiləri ordusu əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə məşğuldur.
  • iri istehsalçılar əvvəl bazarı öyrənir və alıcıların tələbini formalaşdırır.
  • dövlət bazarda qanunla "oyun qaydaları"nı müəyyən edir.

XX əsrin ikinci yarısından etibarən bazar əlaqələri xeyli mürəkkəbləşir. Əgər keçmişdə istehsalçı özü məhsulunu birbaşa satırdısa, müasir dövrdə çoxsaylı vasitəçilər fəaliyyət göstərir. Bir çox əmtəələr onların vasitəçiliyi ilə müxtəlif xidmət sahələrində uzun müddət qalır, yenidən alqı-satqı vasitəsi olur (servis xidməti, təmir işi və s.).

Müasir dövrdə tənzimlənən bazar özünün yüksək zirvəsinə qalxır və sosial instituta çevrilir. Bazar münasibətlərinin tənzimlənməsində qanunlar, məhkəmələr, sanitar epidemioloji nəzarət, vergi orqanları, audit xidməti və s. kimi institutlar fəaliyyət göstərir. Hətta ticarət qaydalarını pozanlar, antiinhisar qanunvericiliyinə əməl etməyənlər cinayət məsuliyyətinə cəlb edilirlər.

Qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərdiyinə görə müasir bazar "sivil bazar" adlandırılır. Azərbaycanda belə bir bazarın formalaşdırılmasına nail olmaq lazımdır.

Məşhur bazarlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
Done 1