Bitkilər

mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çöxhüceyrəli orqanizmlərin əsas qruplarından biri

Bitkilər (lat. Plantae) — arxeplastidlər kladına aid aləm.

Bitkilər
Elmi təsnifat
Aləm:
Bitkilər
Beynəlxalq elmi adı

Mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlularçiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər.

Ümumi məlumat

redaktə

Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır.

Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.

Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir.

Bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. Bitki formasiyalarının bölünməsinin əsas meyarları kimi Vilyams tərəfindən bitki qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun mikroorqanizmlərin təsiri altında parçalanmasının xarakteri və aerobanaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu prosesləri mülayim qurşağın ağac və ot formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir. Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının xarakteri və intensivliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının müddəti və tempi də nəzərə alınır.

Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir:

  1. Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və rütubətli tropik meşələr;
  2. Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar.
  3. Ot formasiyaları qrupuna daxildir: quru dərə və bataqlaşmış çəmənlər, prerilər, mülayim qurşağın bozqırları, subtropik kolluqlu bozqırlar.

Bundan başqa səhra (subborel – vegetasiyanın yay tsikli ilə, subtropik vegetasiyanın qış tsikli ilə və tropik) və şibyə-mamır (tundra, bataqlıqlar) formasiyaları xüsusi olaraq ayrılır. Adı çəkilən bitki formasiyalarından hər biri öz üzvi maddələrinin tərkibinə, onun torpağa daxil olmasına, üzvi maddələrin parçalanmasına və torpağın mineral kütləsi ilə qarşılıqlı əlaqəsinə görə bir-birindən fərqlənir. Torpaqəmələgəlmədə senozların rolunu öyrənərkən, tərkibinin, bəzən də formasiyanın yaşının səciyyəsi ilə yanaşı, maddələrin bioloji dövranının aşağıdakı göstəriciləri detal şəklində nəzərə alınır:

  • müşahidə anında yerüstü və kök (rizokütlə) hissəyə ayırmaqla bitkilər tərəfindən yaradılan ümumi fitokütlə;
  • fitokütlənin illik artımı;
  • illik töküntü;
  • küli tərkib və azotun miqdarı;
  • bioloji dövranın həcmi – fitokütlənin tərkibində kül elementlərin və azotun ümumi miqdarı və onun intensivliyi – fitokütlə artımının tərkibindəki kimyəvi elementlərin miqdarı;
  • bioloji dövranın sürəti – küli elementlərin və azotun fitokütlədəki ümumi miqdarının onların töküntüdəki miqdarına nisbəti.

Yer səthində meşə bitkiliyi öz biokütləsinə (1011 – 1012 t) görə üstünlük təşkil edir. O, tərkibi ağac, kol, ot və mamır-şibyə formasiyalarından ibarət çoxkomponentli mürəkkəb biosenoz əmələ gətirir. Meşə bitkiliyinin, onun torpaqəmələgəlmədə spesifik rolunu açan əsas xüsusiyyətləri aşağıdakılardır: çoxillik həyat tsikli, hər il biokütlənin yalnız bir hissəsinin, meşə döşənəyi (yarpaq, budaq, meyvə, qabıq) şəklində əsas hissədən kənarlaşması, güclü şəbəkələnmiş kök sistemi. Zəngin bitki tərkibinə malik Azərbaycan meşələrinin bioloji parametrləri tip xüsusiyyətlərindən (X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969) asılı olaraq böyük ölçülərdə dəyişir.

Meşədə bioloji dövran üçün səciyyəvi cəhət ondan azot və küli elementlərin ağac və kol bitkilərinin tərkibində toplanmış biokütlə vasitəsilə uzun müddətə kənarlaşdırılması, meşə töküntülərinin torpaq səthində transformasiyası nəticəsində meşə döşənəyinin və tərkibinə görə müxtəlif suda həll olan üzvi və mineral məhsulların yaranmasıdır.

 
Bitki

Sonuncuların atmosfer yağıntıları vasitəsilə yuyulması onların torpağın (süxurun) mineral hissəsi ilə fəal qarşılıqlı əlaqəsindən ötrü əlverişli şərait yaradır. Suda həll olan məhsulların tərkib və xassələri meşə senozunun, torpaq faunası və mikroflorasının tərkibindən, həmçinin atmosfer iqliminin və torpağın hidrotermik rejimindən, torpaqəmələgətirən suxurların tərkibindən asılıdır. Ona görə də müxtəlif şəraitlərdə müxtəlif meşə tipləri altında müxtəlif torpaqlar formalaşır.[2]

Bitkilərdə çoxalma

redaktə

Çoxalma canlılarda əsas bioloji xüsusiyyətdir. Bəzi bitkilər ömürlərində yalnız bir dəfə çoxalır, bəziləri isə uzun müddət çoxalmaqda davam edir.

Birillik bitkilər bir dəfə toxum əmələ gətirməklə öz yaşayış dövrünü başa çatdıraraq, bir individ kimi tələf olur, o növün yaşayışını sonrakı nəsillər davam etdirir.

İkillik bitkilərdə meyvə ikinci ildə əmələ gəlir və bitki tələf olur.

Çoxilliklərdə cinsi çoxalma hər il davam edir və bitki tələf olmur (məsələn, ağaclarda və çoxillik otlarda).

Çiçəkli bitkilər

redaktə

Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Adətən orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur. Kök və yarpaq, əsasən, qidalanma orqanlarıdır. Kök qida maddələrini və suyu torpaqdan, yarpaqlar isə lazım olan maddələri havadan alır. Bitkinin gövdə və budaqları yarpaqları havada saxlayır. Bundan əlavə gövdə ilə qida maddələri hərəkət edir.

Üzərində yarpaq və tumurcuq olan gövdəyə zoğ deyilir. Gövdələrin üzərində çiçəklər inkişaf edir, onlardan isə içərisində toxumlar olan meyvələr yetişir.

Çiçəkli bitkilərin eyni orqanları xarici görünüşcə müxtəlif ola bilər. Soğansarımsağın kökləri nazik saplara oxşayır. Zəncirotu, paxlacəfərinin kökləri isə şaxələnən uzun mil formasındadır. Buğdanın, qarğıdalının gövdələri dik yuxarı qalxır. Yemişin, qarpızın, xiyarın, boranının gövdələri yerə sarılır. Bağayarpağının, dəmirovotunun gövdələri qısa olur. Kaktusun gövdəsi isə çox maraqlıdır. Onun üzərində yarpaqlar əvəzinə tikanlar olur, özü isə yaşıl rəngli ətli silindrə və ya kürəyə oxşayır. Bu bitkilərin gövdəsində su ehtiyatı olur.

Gövdə

redaktə

Gövdələrin quruluşuna görə bitkilər üç qrupa bolünür. Birinci qrupa ağaclar, ikinci qrupa kollar, üçüncü qrupa isə ot bitkitəri daxildir.

Ağacların gövdələri hündür və odunlaşmış olur, gövdə budaqlanaraq çətir əmələ gətirir. Çinar, qoz, fıstıq, vələs (pip), palıd, armud kimi bitkilərdə gövdə inkişaf etmiş oduncağa malikdir.

Kollar ağaclardan fərqli olaraq alçaqdır və qısa gövdəyə malikdir. Onların nisbətən nazik gövdələri torpaq səthinə yaxın hissədən budaqlanır. Ağackollar uzunömürlü bitkilərdir. Elə ağaclar vardır ki, onların ömrü min ildən artıqdır. Fındıq, qarağat, çaytikanı, zirinc, böyürtkən kol bitkiləridir.

Otlar ağac və kollardan alçaqdır, onların gövdəsi tam odunlaşmır, yaşıl və ətlidir. Otların ömrü nisbətən qısadır. Otlar birillik, ikiillik və çoxillik olur. Birillik ot bitkiləri toxumları yetişdikdən sonra quruyur, tələf olur, çoxillik isə bir neçə il çiçəkləyib toxum verir. Dəmirovotu, yonca, taxıl, zəfəran, bənövşə, boymadərən, qara gəndəlaş və s. ot bitkiləridir.

Yarpaq bitkilərin həyatında fotosintez, tənəffüs və transpirasiya (buxarlanma) üçün əsas orqandır. Onun rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməklə əlaqədar yarpağın forması dayişilə bilər. Zoğyarpaqlar tumurcuqlardan inkişaf edir. Yarpaqlar töküldükdə onların qoltuğunda yerləşən tumurcuqları aydın görmək olar. Həmin tumurcuqlardan təkrar olaraq yarpaqlar və zoğlar əmələ gəlir. Həm gövdə üzərində yerləşmələrinə, həm də formalarına görə tumurcuqlar müxtəlif olur.

Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da müxtəlifdir. Çiçək – şəklini dəyişmiş zoğdur, o, tumurcuqdan əmələ gəlir. Çiçəyin yerində bir və bir neça toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır.

Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçəyin quruluşunu nəzərdən keçirək. Çiçək, çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir.

Saplağın genişlənmiş hissəsində – çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Çiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac diqqəti cəlb edir. Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. Tac və kasacıq çişək yanlığını təşkil edir. Çicək yanlığı çiçəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı cücüləri özünə cəlb edir.

Çiçəyin əsas hissələri dişicikerkəkcikdir. Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir. Dişicik genişlənmiş hissədən – yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcıgından ibarətdir. Yumurtalıqdan meyvə əmələ gəlir. Bəzi bitkilərdə (alma, armud, heyva və s.) meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir. Bitkilərin çox az hissəsində çiçəklər tək-tək yerləşir. Çobanyastığı, albalı, gilas, günəbaxan, inciçiçəyi və bir çox bitkilərdə çiçəklər qruplara toplanaraq çiçək qruplarını təşkil edir.

Erkən yazdan başlayaraq payızın axırlarına qədər meşələrdə, tarlalarda, bağlarda və parklarda bitkilər çiçək açır. Fındıqdəvədabanı bitkiləri hələ qar əriməmiş çiçəkləyir.

Meyvələr, toxumlar və onların yayılmağa uyğunlaşması

redaktə

Meyvə və toxum çiçəkli bitkilərin çoxalma orqanıdır.

Meyvə yumurtalıqdan əmələ gəlir. Yumurtalığın içərisində yerləşmiş yumurtacıq isə mayalanmadan sonra toxuma çevrilir. Yumurtalığın böyüyüb meyvəyə çevrilmiş divarları meyvəyanlığı adlanır. Meyvənin içərisində toxum yerləşir.

Meyvələr şirəli və quru olur. Şirəli meyvələrdə toxumu əhatə edən meyvəyanlığı şirəli, lətli hissədən ibarətdir. Yetişmiş əriyi, gavalını, şaftalını sıxdıqda ondan şirə axır. Şirəli meyvələrdə, lətli hissə meyvənin qabığı ilə toxumu arasında yerlaşir.

Şirəli meyvələr müxtəlif olur. Üzəri nazik qabıqla örtülmüş və içərisində çoxlu toxumları olan pomidor, qarağat, üzüm, feyxoa meyvələri giləmeyvə adlanır. Meyvə ləti nazik qabıqla örtülmüş, bərk çəyirdəyin içərisində bir toxumu olan meyvələrə çəyirdəkli meyvələr deyilir. Şaftalı, gavalı, ərik, zeytun, göyəm, albalı və zoğalın meyvələri çəyirdəkli meyvədir.

Yetişmiş quru meyvələrdə şirəli lət olmur. Onlar noxud, paxla kimi açılan, palıd qozası və meşə fındığının meyvələri kimi açılmayan quru meyvələrdir. Buğda, qarğıdalı dənələrində meyvəyanlığı toxumla bitişikdir, bir-birindən ayrılmır, onlar dənmeyvə adlanır. Quru meyvələrdən paxlameyvələr daha geniş yayılmışdır. Paxlameyvələr içərisində toxumlar olan qınşəkilli iki taycıqdan ibarətdir, Akasiya, lobya, noxud, üçyarpaq yoncanın meyvələri paxlameyvədir.

Buynuzmeyvələr paxlameyvələrə oxşayır. Onlardan fərqli olaraq buynuzmeyvələrdə toxumlar qının taycıqlarında deyil, onların arasında uzanan nazik arakəsmənin üzərində yerləşir. Xardal, kələm, vəzəri, quşəppəyi və ağ turpun meyvələri buynuzmeyvədir.

Pambıq, xaş-xaş, lalə, bənövşə, tütün bitkilərinin meyvələri qutucuqmeyvədir. Toxum qutucuğunun içində yetişir və qutucuq açıldıqda tökülür.

Toxumcameyvələrdə meyvəyanlığı dəricik formasında olur və toxumla birləşmir. Buna misal olaraq günəbaxan və qanqalın meyvələrini göstərmək olar.Çiçəkli bitkilər, əsasən, toxumla çoxalır. Meyvə və toxumlar küləklə heyvan və insan vasitəsilə, su ilə uzaq məsafələrə yayılır. İtxiyarının, dəmirağacının yetişmiş meyvələri partlayaraq toxumlarını ətrafa tullayır.

Paxlameyvə və buynuzmeyvəlardə toxumlar yetişdikdən sonra isti günlərdə qınlar çatlayır, toxumlar ətrafa səpələnir. Xaşxaş, lalə qutucuqlarında toxumlar xüsusi məsamələrdən ətrafa səpələnir.

Bir sıra bitkilərin toxumları külək vasitəsilə yayılır. Qovağın, zancirotunun tükcüklü toxumları küləklə uzaq məsafələrə aparılır.

Ağcaqayının, cökənin, göyrüşün qanadcıqlı meyvələri töküldükdə külək vasitəsilə kənara aparılaraq yayılır. Küləklə qoparılıb diyirlənən və "süpürüm" adlanan çöl bitkisinin gövdəsi dibindən budaqlanaraq kürə şəkli alır. Payızın əvvəlində onun toxumları yetişir, bitki quruyur. Külək bitkini kökünə yaxın yerindən bütöv qoparıb diyirləndirir. Bitkilər diyirləndikcə toxumlarını dağıdır. Yalnız suda bitən bitkilərin meyvələri deyil, su kənarında bitən qızılağac və başqa bitkilərin toxumları da suyun axını ilə uzaqlara aparılır. Bəzi bitkilərin yetişmiş toxumlarının üzərində qarmaqvarı çıxıntılar olur. Heyvanlar belə bitkilərin yanından keçdikdə toxumlar onların yununa və insanların paltarına yapışıb başqa yerlərə aparılır. Bu bitkilərə dəvədabanı, atpıtrağı, pişikdili (üçbarmaq) kimi bitkilərin meyvələri misal ola bilər. Bəzi bitkilərin toxumları yük kisələrinə və tayalara yapışıb, avtomobil, vaqon və təyyarələrin künc-bucaqlarında qalır, yük boşaldıqda torpağa düşüb cücərir. Meşələrdə , çöllərdə yetişmiş şirəli meyvələri quşlar və heyvanlar yeyir. Məsələn, qaratoyuq moruğun, cır albalının, quşarmudunun, ayı zoğalın yetişmiş meyvələrini yeyir. Həmin meyvələrin şirəli ləti onların mədəsində həzm olur, bərk qabıqlı toxumlar isə həzm olunmur və peyinlə birlikdə xaric olunur. Yazda əlverişli şərait olduqda bu toxumlar düşdükləri yerdə cücərir. Beləliklə, quşlar bir yerdən başqa yerə uçduqda həmin toxumları da özləri ilə apararaq yayır.

Forma və ölçüsünə görə bitkilərin toxumu müxtəlifdir. Məsələn, səhləb bitkisinin toxumları girdə, çox xırda və toz kimi olur. Sizə yaxşı məlum olan xaş-xaş, yonca və digər bitkilərin də toxumları çox kiçikdir. Paxla, palıd, fındıq toxumları nisbətən iridir. Lakin ən böyük toxum seyşel palmasının toxumudur. Onların uzunluğu 50 sm, kütləsi isə 10 kq-dan çox olur.

Maraqlı məlumatlar

redaktə

Amerika bioloqlarına Yer Kürəsinin ən qədim bitkisini tapmaq müyəssər olub. Onların aşkarladığı palıd ağacının ekspertlərin hesablamalarına görə, 13 min yaşı var.

Tədqiqat zamanı bioloqlar adi palıd ağaclarından fərqlənən, Rusiyanın şimal zolağında qarşılaşdıqları Palmera palıd ağacı (Quercus palmeri) növündən olan təcrid olunmuş populyasiya ilə maraqlanmışlar. Həmin növ xarici görünüşdə kolu xatırladır. Kaliforniyanın yüksək regionunda bitən bu palıd ağacının populyasiyalarından birinin analizi göstərir ki, bu regionda bitən bütün bitkilər qeyri-cinsi çoxalırlar, yəni faktiki olaraq bir bitki hesab oluna bilərlər. Sonrakı müşahidələr göstərir ki, Q.palmeri koloniyası burada təqribən 12 min il əvvəl başa çatmış sonrakı pleystosen dövründə bitmişdir. Çoxları[kimlər?] əvvəllərdə hesab etmişlər ki, təcrid olunmuş populyasiyaların bəziləri çox qədimi ola bilər, nəhayət ki, artıq bu sübut olundu. Alimlər qeyd ediblər ki, bitki meydana gələndə, bu region kifayət qədər soyuq olub, ona görə də palıd ağacı intensiv qeyri-cinsi çoxalma nəticəsində yaşaya bilib.

Bu yaxınlarda[nə vaxt?] alimlər Şimali Amerikada ən qədim kənd təsərrüfatı mədəniyyəti tapıblar. Bu onlara adi balqabaq kimi görünüb[niyə?]. Birbaşa radiokarbon analizi göstərib ki, bu bitkinin tapılmış tumlarının 10 min il yaşı var. Bundan başqa, 8,5 və 6 min il yaşı olan yerfındığıpambıq toxumu tapılıb.

İstinadlar

redaktə
  1. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  2. Q. Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, Elm, 2007

Xarici keçidlər

redaktə
  NODES
Done 1
see 1