Kaliforniya

ABŞ-da ştat

Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə AlyaskaTexasdan sonra 3-cü ən böyük ştatdır.[1]

Kaliforniya
ing. California
Ştat
Kaliforniya bayrağı Kaliforniya gerbi
Bayraq Gerb
Təxəllüsü:
Qızıl ştat
Şüarı: Evrika
Himni: I Love You, California
ABŞ xəritəsində Kaliforniya
ABŞ xəritəsində Kaliforniya
Rəsmi dilİngilis dili
Danışılan dillərİngilis dili (57.4%)
İspan dili (28.5%)
Çin dili (2.8%)
Taqal dili (2.2%)
Vyetnam dili (1.43%)
PaytaxtıSakramento
Ən iri şəhəriLos-Anceles
Ən iri metropoliteniBöyük Los-Anceles
Ərazisi3cü (ABŞ üzrə)
 • Ümumi163,696 mil²
(423,970 km2)
 • Eni250 mil (400 km)
 • Uzunluğu760 mil (1220 km)
 • % su4.7
 • En dairəsi32° 32′ Ş - 42° Ş
 • Uzunluq dairəsi114° 8′ Q - 124° 26′ Q
Əhalisi1ci (ABŞ üzrə)
 • Ümumi39,185,605 (2022)
 • Sıxlıq251.3/mil²  (97.0/km2)
11ci (ABŞ üzrə)
 • Təsərrüfatın Orta Gəliri$78,700 (5ci)
Yüksəklik
 • Maksimal yüksəklikVitni dağı
14,505 ft (4,421.0 m)
 • Orta yüksəklik2,900 ft  (880 m)
 • Minimal yüksəklikBəduoter hövzəsi
-290.0 ft (-85.0 m)
Ştatlıqdan ƏvvəlKaliforniya Respublikası
İttifaqa qəbul9 sentyabr, 1850 (31-ci)
QubernatorQavin Nyusm (D)
Leytenant-qubernatorEleni Kounalakis (D)
Qanunverici hakimiyyətŞtat Qanunverici Hakimiyyəti
 • Yuxarı PalataSenat
 • Aşağı PalataŞtat Assambleyası
ABŞ SenatorlarıDayana Faynstayn (D)
Aleks Padilla (D)
ABŞ Palata nümayəndələri39 Demokrat
14 Respublikaçı (siyahı)
Saat qurşağıPasifik UTC -8/-7
ISO 3166US-CA
AbbreviaturaCA
Rəsmi saytıca.gov

Şimal tərəfdən Oreqon ştatı, şərqdən NevadaArizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-XoseSan-Fransiskodur.

Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur.

Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır. Tək Kaliforniyanın iqtisadiyyatı Rusiyanın bütün iqtisadiyyatından daha böyükdür.[2] Əgər Kaliforniya ayrıca dövlət olsaydı, onda o əhalisinin sayına görə dünyada 35-ci, ərazi böyüklüyünə görə dünyada 59-cu sırada dayanardı, ÜDM həcminə görə isə 8-ci yerdə olardı.

Coğrafiyası

redaktə

Kaliforniya Amerikanın Oreqon, ArizonaNevada ştatları, Meksikanın Baja Kaliforniya ştatı və Sakit Okean ilə həmsərhəddir. Ştatın mərkəzi hissəsində Kaliforniya vadisi yerləşir. Kaliforniya Vadisinin qərbində Kordilyer dağları, şərqində Sierra Nevada dağları, şimalında Kaskad dağları, cənubunda isə Tehaçapi dağları yerləşir. Bu ərazi Kaliforniyanın əsas kənd təsərrüfatı regionudur. ABŞ-nin kənd təsərrüfatında istifadə olunan torpaqlarının 1 faizi, istehsal olunan kənd təsərrüfatı məhsullarının isə (dəyərinə görə) 8 faizi bu regiona düşür.

Ştatın ərazisinin 45 faizini meşələr tutur. Nisbətən quru iqlimə məxsus bir ştat üçün bu göstərici kifayət qədər yüksək göstəricidir. Şam ağaclarının növlərinin zənginliyinə görə Kaliforniya bütün ştatlardan irəlidədir. Kaliforniya meşə sahələrinin ümumi həcminə görə ştatlar arasında Alyaskadan sonra 2-ci yeri tutur. Kaliforniya Ağ Dağlarında yerləşən bəzi ağaclar dünyada ən qədim ağaclar hesab olunurlar.

Cənubda daxili duzlu göl olan Salton Si (Salton Sea) yerləşir. Ştatın cənub-mərkəz hissəsində Mahove Səhrası yerləşir. Mahove Səhrasının şimal-şərq hissəsində Ölüm Vadisi yerləşir, burada Şimali Amerikanın ən isti və ən aşağı nöqtəsi olan Bedvater hövzəsi yerləşir. Qərb yarımkürəsində qeydə alınan ən isti temperatur buraya aiddir. Rekord göstərici 1910-cu il, 10 İyul tarixində 57 °C qeydə alınmışdır. Ümumiyyətlə isə ştatın bütün cənub-şərq ərazisi quru və isti iqlimə malik səhralardan ibarətdir. Kaliforniyanın Arizona ştatı ilə cənub-şərq sərhədləri Kolorado çayından keçir. Kaliforniyanın cənub hissəsi bu çayın sularının yarısını istifadə üçün götürür.

Ştatın sahilyanı bölgəsində çoxlu əhali məskunlaşmışdır. Burada San-Dieqo, Los-Anceles, San-Fransisko kimi iri şəhərlər mövcuddur.

İqlimi

redaktə

Kaliforniyanın iqlimi Aralıq Dənizi iqlimindən Subarktik iqlimə qədər dəyişir.

Ştatın ərazisinin böyük hissəsi Aralıq Dənizi İqlimindədir, bura sərin, yağışlı qış ayları və quru yay ayları xasdır. Okean sahillərindən axan sərin Kaliforniya cərəyanı yay aylarında sahildə ərazilərində tez-tez duman yaranmasına səbəb olur. Daxili ərazilərdə isə yay ayları daha isti, qış ayları isə daha da soyuq olur. Ştatın şimal hissəsi cənubuna nisbətən daha rütubətlidir. Şimal-Qərbi Kaliforniya mülayim iqlimə malikdir. Ştatın hündür dağları qış müddətində qar ilə örtülü olur, yayda isə mülayim iqlimə malik olurlar.

 
Telegraph Zirvəsi San Gabriel Dağları

Kaliforniya ərazisi 10.000 il əvvəldən başlayaraq müxtəlif xalqlar tərəfindən məskunlaşmağa başlamışdır. Əlverişli və rəngarəng iqlimin olması səbəbindən bu region Kolumbun Amerikaya gəlməsindən əvvəl ən çox inkişaf etmiş regionlardan biri olub.

Bu regionu ilk tədqiq edən avropalı isə 1542-ci ildə bura İspaniya Krallığının gəmisi ilə üzən portuqal Joao Rodrigez Kabrilyo olub. Bundan 37 il sonra, 1579-cu ildə ingilis səyyahı Fransis Dreyk Kaliforniyaya çatmış və bu torpaqlara iddia etmişdir. İspaniyalı Sebastyan Vizkano 1602-ci ildə İspaniya Krallığı üçün Kaliforniyanı tədqiq etmiş və onun xəritəsini hazırlamışdır.

İspan missionerləri bu regiona 18-ci əsrin sonlarından etibarən bu regiona gəlməyə başlamışlar. Region həmin dövrdə Alta Kaliforniya (Yuxarı Kaliforniya) adlanırdı. 1821-ci il Meksika Müstəqillik Muharibəsi nəticəsində Meksikanın müstəqillik əldə etməsi nəticəsində Kaliforniya Meksika ərazisinə çevrildi. Bundan 25 il sonra keçən bir müddət ərzində Alta Kaliforniya Meksikanın ucqar və geridə qalmış regionuna çevrildi. Müstəqilliyin əldə olunması ilə birlikdə missionerlərə aid olan torpaqlar onlardan alınaraq Meksika Dövlətinin mülkiyyətinə verildi. Həmin dövrdə Kaliforniyada əsasən ranço təsərrüfatı inkişaf etmişdi. 1820-ci illərdən etibarən Kanada və ABŞ-dən olan insanlar burada məskən salmağa başladılar. Onlar Kaliforniyanın Amerika torpağı olacağının müjdəçiləri idilər.

Az sonra başlanan Meksika-Amerika müharibəsi (1846–1848) nəticəsində Meksika öz ərazisinin yarıdan çoxunu, həmçinin Kaliforniya ərazisini itirdi. Lakin Kaliforniyanın aşağı regionu olan Baja Kaliforniya Meksikanın ərazisi kimi qaldı.

 
San-Fransisko portu 1850-ci il. 1847 və 1870-ci illər arasında San-Fransiskonun əhalisi 500 nəfərdən 150000 nəfərə qədər artmışdır.

1848-ci ildə Kaliforniyanın ağdərili əhalisi 15 000 nəfər idi. Lakin 50-ci illərdə burada qızıl mədənlərinin tapılması nəticəsində çoxlu sayda avropalı Kaliforniyaya köçdü. 1854-cü ildə onların sayı artıq 300 000-ə çatırdı. Həmin ildə Sakramento Kaliforniyanın inzibati mərkəzi seçildi.

Kaliforniya ilə ABŞ-nin şərq və mərkəz regionları arasında yol çox uzun və təhlükəli idi. Buna görə Kaliforniyaya birbaşa dəmiryolu tikintisinə başlandı. İlk belə dəmiryolunun tikintisi 1869-cu ildə başa çatdı. Həmin dəmiryolu Birinci Transkontinental Dəmiryolu adlanır. Bu dəmiryolunun istifadəyə verilməsi Kaliforniyanın inkişafına böyük təkan verdi, ştata yüzminlərlə əhali köç etməyə başladı. Yeni gələn məskunlar buradakı torpağın yay zamanı su verildiyi vaxt çox yaxşı məhsul verdiyini görərək burada çoxlu sayda fermalar açmağa başladılar.

20-ci əsrin başlanğıcında buranı ABŞ-nin digər regionları ilə bağlayan daha bir neçə yol tikildi. Ştatın əhalisi 1900-cü ildə 1 milyon nəfərdən az olsa da, 1965-ci ildə Kaliforniya ölkənin ən çox əhalisi olan ştatına çevrildi. Bu gün Kaliforniya dünyada müasir texnologiyaların, iri müəssisələrin, musiqi və kino sənayesinin mərkəzi kimi tanınır. Ştat həmçinin ABŞ-nin kənd təsərrüfatının mərkəzidir.

Kaliforniyada həmçinin bir çox terror aktları da baş vermişdir. Bunlardan ən mühümü 1982-ci il yanvarın 28-də Los-Anceles şəhərində baş vermişdir. Həmin gün erməni terrorçuları Hampiq Sasunyan və Krikor Saliba Türkiyənin Los-Anceledəki konsulu Kamal Arıkanı güllələyərək öldürdülər. Hadisədən az sonra hər iki terrorçu həbs edildi. Sasunyanın atası Amerika televiziyasına verdiyi musahibədə 'türkün öldülürməsinə görə çox şad olduğunu' bildirdi. Hazırda hər iki terrorçu Kaliforniya həbsxanasında ömürlük həbs cəzası çəkməkdədir.[3]

Demoqrafiya

redaktə
İl Əhalinin Sayı +/- %
1850 92 597
1860 379 994 310,4 %
1870 560 247 47,4 %
1880 864 694 54,3 %
1890 1 213 398 40,3 %
1900 1 485 053 22,4 %
1910 2 377 549 60,1 %
1920 3 426 861 44,1 %
1930 5 677 251 65,7 %
1940 6 907 387 21,7 %
1950 10 586 223 53,3 %
1960 15 717 204 48,5 %
1970 19 953 134 27 %
1980 23 667 902 18,6 %
1990 29 760 021 25,7 %
2000 33 871 648 13,8 %
2008[4] 36 756 666 8,5 %

2009-cu il üçün Kaliforniyanın əhalisi 36.961.664 nəfər olub.[2] Əhalisinin böyük əksəriyyətini ağdərili amerikalılar təşkil edir. Onların əhalinin ümumi sayında payı 45 faizdir. İspandilli Amerikalıların payı 36 faizdir və onlar sürətlə artmaqdadırlar.

Hesablamalara görə 2020-ci ildə latın merikalılar Kaliforniyada əsas etnik qrupa çevriləcəklər, ispan dili isə Kaliforniyada əsas dil olacaqdır. Etnik mənsubluğuna görə ştat əhalisinin çoxunu meksikalılar (25%) təşkil edir, daha sonra almanlar (9%), irlandlar (7.7%), ingilislər (7.6%), filippinlilər (6%) gəlir. Los-Anceles və San-Fransiskoda çoxlu sayda fransız, italyan, skandinavportuqal əsilli amerikalılar yaşayır. Kaliforniyada 600.000-ə yaxın erməni, 500.000 iranlı, 500.000 nəfər ərəb əsilli amerikalı yaşayır. Ştatda həmçinin əksəriyyəti Cənubi Azərbaycandan olan 200.000-ə yaxın azərbaycanlı yaşayır.[5]

2010-cu il üçün Kaliforniya əhalisinin 7,3%-ni qanunsuz miqrantlar təşkil edir.

Hesablamalara görə, Kaliforniyanın əhalisi 2025-ci ildə 50 milyon nəfərə çatacaq.[6]

Kaliforniyada əhalinin əksəriyyəti xristian dininə sitayiş edir. Onların böyük hissəsi katolikdir. Kaliforniya katolik kilsəsinə inananların sayına görə bütün ştatlardan irəlidədir. Katoliklərdən sonra 2-ci ən çox ardıcılı olan kilsə protestant kilsəsidir. Yəhudilərin sayı ştatda təxminən 1.000.000 nəfərdir, onlar ümumi əhalinin təxminən 3%-ni təşkil edirlər.

Kaliforniya ABŞ-də yəhudilərin sayına görə Nyu-Yorkdan sonra 2-ci yeri tutur. Hal-hazırda ABŞ Senatında Kaliforniyanı təmsil edən hər iki senator, Dianne FeinsteinBarbara Boxer yəhudidirlər. Müsəlmanlar ümumi əhalinin təxminən 3%-ni təşkil edirlər. Onların sayı 1 milyon nəfərdən çoxdur. Xüsusilə San-Dieqo şəhərində çox sayda müsəlman yaşayır. Müsəlmanlar bu şəhərin əhalisinin 10%-ni təşkil edirlər. Şəhərdə müsəlmanların sayı təxminən 100.000 nəfərdir. [3] Arxivləşdirilib 2010-12-07 at the Wayback Machine

Kaliforniya həmçinin buddistlərin sayına görə də digər bütün ştatlardan irəlidədir. Burada Amerikadakı bütün buddistlərin təxminən 40%-i yaşayır.

Əhalinin irqi mənsubluğu

redaktə

İqtisadiyyatı

redaktə
 
Los-Ancelesin mərkəzi

Ştatın 2007-ci ildə Ümumi Daxili Məhsulu 1.812 trilyon ABŞ dolları olub. Kaliforniyanın ÜDM-u ölkənin ÜDM-nin 13%-ni təşkil edir. Ştatda əsas inkişaf edən sahələr ticarət, nəqliyyat, təhsil, səhiyyə və turizmdir. Turizmdən əldə olunan gəlir illik 60 milyard dollardır. Hər il Kaliforniyanı milyonlarla xarici və yerli turist ziyarət edir. Kaliforniyada işsizlik səviyyəsi son illər yüksələrək 2010-cu il üçün 12% olmuşdur. 2007-ci ildə işsizlik burada 5,9% olub.[8]

Kaliforniya həmçinin sənaye istehsalına görə ölkədə birinci yeri tutur. Ştatın əlverişli coğrafi mövqeyi (sürətlə inkişaf edən Asiya bazarlarına yaxınlığı), təbii resursların bolluğu, böyük maliyyə resursları, çoxlu sayda məhsuldar və ixtisaslaşmış işçi qüvvəsinə sahib olması Kaliforniyada sənayenin sürətli inkişafına səbəb olmuşdur. Təkcə qida sənayesində illik istehsal 50 milyard dollar, aerokosmik sənayenin illik istehsalı isə 28 milyard dollardır. Bundan başqa Kaliforniyada çoxlu sayda kompüter və silah istehsal edən müəssisələr yerləşir.[9]

Kaliforniyanın iqtisadiyyatı beynəlxalq ticarətdən çox asılıdır. 2008-ci ildə ştatın xarici ölkələrə ixracı 144 milyard dollar dəyərində olub. İxracatın 42 faizi kompüterlər və elektron məhsullar olub. Ştatın şimal hissəsində Silikon Vadisi adlanan ərazi yerləşir. Dünyada ən müasir kompüter və İT şirkətlərinin əsas mərkəzi bu vadidə yerləşir. Həmin şirkətlərə Apple, Google, HP, Facebook, İntel, Cisco, eBay, Adobe, Oracle, Yahoo, Netflix və bir sıra başqaları aiddir.

Kaliforniyada əhalinin adambaşına düşən Ümumi Daxili Məhsul miqdarı 38.956 dollardır. Bu göstəriciyə görə ştat ölkədə 11-ci yeri tutur. Əhalinin gəlir səviyyəsi onların peşəsindən və yaşadığı regiondan asılı olaraq böyük ölçüdə dəyişir. Sahil regionlarında yaşayan əhalinin gəliri daxili regionlarda yaşayan əhalinin gəlirindən daha çoxdur. Həmçinin, 2010-cu ildə Kaliforniyada 663.000 nəfər milyoner qeydə alınmışdır. Milyonerlərin sayına görə Kaliforniya ölkədəki bütün ştatlardan irəlidədir. Ştat həmçinin ölkədə ən böyük gəlir vergisi miqdarına sahibdir. Ştat ərazisində satış vergisinin miqdarı 8,25%-dir, yerli vergi ilə birlikdə bu miqdar 10,75%-ə qədər artır. Kaliforniyada minimum əməkhaqqı saatda 8 dollardır. Ölkə üzrə bu göstərici 7.25 dollardır. San-Fransisko şəhərində isə minimum əməkhaqqı saatda 9.79 dollardır.

Kaliforniya ştatı krizisdən ən böyük ziyan görən ştatlardan biri olub. Hazırda 2010-cu il üçün ştatın büdcəsinin 72 milyard dollar defisiti var.

Kaliforniyanın mülayim iqlimə sahib olması səbəbindən, ştat adambaşına düşən enerji istehlakına görə ölkədə ən aşağı yerlərdən birini tutur.

Kaliforniyanın enerji istehsalında neft və qaz sənayesi əsas yer tutur. Mərkəzi Vadidə və Sakit Okean sahilində böyük neft yataqları yerləşir. Kaliforniyada ildə 50 milyon tona yaxın neft çıxarılır. Ştatın təbii qaz ehtiyatları azdır və tələbatı qarşılamaq üçün onu Meksika körfəzi ştatlarından və Kanadadan boru kəmərləri vasitəsilə ixrac edir. Bundan başqa Kaliforniya alternativ enerji istehsalına görə də ölkədə 1-ci yeri tutur. Alternativ enerji mənbələrinə geotermal, günəş enerjisikülək enerjisi aiddir. İndiyə kimi Kaliforniyada ümumi istehsal gücü 755 meqavatt olan günəş batareyaları qurulub. Hazırda Kaliforniyada günəş batareyaları hesabına istehsal olunan elektrikin 1 kilovattının dəyəri təxminən 80 sentdir.[10] Hesablamalara görə 2020-ci ildə ştatda istehlak olunan enerjinin üçdə biri alternativ enerji mənbələrindən alınan enerji olacaq.[11] Bu planın həyata keçməsi nəticəsində Kaliforniya ətraf mühiti ən təmiz olan ştatlardan birinə çevrilə bilər.

Nəqliyyat

redaktə
 
Los-Ancelesdə avtomagistral yolu

Kaliforniya ştatının geniş əraziləri bir-birilə çoxlu sayda avtomagistrallarsürətli dəmiryolları vasitəsilə əlaqələnmişdir. Ştatın nəqliyyat sistemində avtomobillər əsas vasitədir. Ştatın demək olar bütün ərazisi geniş avtomagistrallarla əhatə olunmuşdur.

Ştatın əsas diqqətəlayiq yerlərindən biri də San-Fransiskoda yerləşən Qızıl Darvaza Körpüsüdür. Körpü 1937-ci ildə tikilərək istifadəyə verilmişdir. Körpünün uzunluğu 2.7 kilometrdir, oradan keçiş isə avtomobillər üçün pulludur. Hər gün bu körpüdən 118.000 avtomobil istifadə edir.[12] Körpü həmçinin turistlərin ən çox axın etdiyi yerlərdən biridir.

Los-Anceles Beynəlxalq AeroportuSan-Fransisko Beynəlxalq Aeroportu ştatın ən vacib aeroportlarıdır. Bu aeroportlarda transkontinental uçuşların əksəriyyəti həyata keçirilir. Bunlardan başqa Kaliforniyada 938 orta və kiçik həcmli aeroportlar fəaliyyət göstərir.[13] Aeroportların sayına görə Kaliforniya ölkədə Texas ştatından sonra 2-ci yeri tutur.

 
BART qatarının xarici görünüşü

Şəhərlərarası dəmiryolu daşınmasının əksəriyyəti Amtrak California şirkəti tərəfindən həyata keçirilir. Şəhərlərarası avtobus daşınmaları isə əsasən Greyhound şirkəti tərəfindən həyata keçirilir. Şəhərlərin bir çoxunda metro nəqliyyatı fəaliyyət göstərir. Onlardan ən böyükləri Los-Ancelesdə yerləşən Metro Rail və San-Fransiskoda BART metro sistemləridir.

Təhsil

redaktə

Kaliforniya ölkədə ən çox əhalisi olan ştat olduğu üçün ən böyük təhsil sisteminə malik ştatdır. 2005–2006 təhsil ilində Kaliforniya orta məktəblərində 6.2 milyon şagird təhsil alırdı. Lakin Kaliforniya əsas ali təhsilin keyfiyyətinə görə digər ştatlardan fərqlənir. Ştatda yerləşən Kaliforniya Dövlət Universiteti ölkədə ən böyük ali təhsil müəssisəsi sistemidir. Kaliforniya Dövlət Universitetinin müxtəlif şəhərlərdə yerləşən filiallarında ümumi olaraq 450.000 tələbə təhsil alır. Ştatda yerləşən nüfuzlu özəl ali məktəblərə Stanford Universiteti, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Texnologiya İnstitutu aiddir. Bundan başqa Kaliforniyada fəaliyyət göstərən kolleclərdə 2.9 milyon tələbə təhsil alır.

Azərbaycan ilə Əlaqələri

redaktə

Kaliforniyada təxminən 200.000 nəfərə yaxın azərbaycanlı yaşayır. Bunlar əsasən İran İslam İnqilabından sonra bura gələn cənubi azərbaycanlılardır. Bundan başqa Kaliforniyanın universitetlərində çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Kaliforniyanın şimalında azərbaycanlıların ACSNC (Azerbaijan Cultural Society of Northern California) təşkilatı fəaliyyət göstərir. Los-Anceles şəhərində Azərbaycan Respublikasının konsulluğu fəaliyyətdədir. Konsulluq 2005-ci ildə açılmışdır. Azərbaycanın Kaliforniyadakı rəsmi konsulu Elin Süleymanovdur. Həmçinin Kalifroniyada yaşayan Azərbaycanlılar tərəfindən yaradılan CAFA (KADA) birliyi də vardır ki, əsas məqsədləri Azərbaycan (Bakı) ilə ABŞ (Kalifroniya) əlaqələrini gücləndirməkdir.

Şəkillər

redaktə

İstinadlar

redaktə
  1. U. S. Census Bureau. United States Population by States Arxivləşdirilib 2009-02-26 at the Wayback Machine, 2009
  2. Kaliforniyanın İqtisadiyyatı Rusiyanın İqtisadiyyatından daha böyük, Yunanıstanın iqtisadiyyatından daha kövrəkdir [ölü keçid]
  3. "Erməni Terrorçusu Sasunyana Bəraət Verilmədi". 2010-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-04.
  4. "Table 1: Annual Estimates of the Resident Population for the United States, Regions, States, and Puerto Rico" (ingilis). U.S. Census Bureau. 22 dekabr 2008. 2011-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
  5. Arnold Şvarstneqqerin azərbaycanlılara müraciəti [ölü keçid]
  6. "Migration News jurnalı". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-27.
  7. [1] Arxivləşdirilib 2009-12-28 at the Wayback Machine
  8. "Regional İşsizlik Statistikası". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-27.
  9. "Kaliforniya Sənayesi". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
  10. "Kaliforniyada Günəş enerjisi". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.
  11. "Kaliforniya Hakimiyyəti yeni alternativ enerji lahiyələrini təsdiq etdi". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-28.
  12. "Arxivlənmiş surət" (PDF). 2010-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-09-28.
  13. "Ştatlar üzrə aeroportların sayı". 2010-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-28.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES