Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri, dünyada ən çox ziyarət edilən sənət muzeyi. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir.

Luvr
Musée du Louvre
Luvr muzeyinin gecə görünüşü
Luvr muzeyinin gecə görünüşü
Xəritə
Əsası qoyulub 1793
Açılış tarixi 10 avqust 1793[1]
Təsisçi
Mövzu Universal:
tarixi,
arxeoloji,
incəsənət
Ölkə
Yerləşir Fransa Fransa, 75001 Paris
Kolleksiyası 460.000 ± 5.000 arxiv əşyası[4]
Ziyarətçi sayı 8 300 009 nəfər (2008)
Direktor Anri Loyret
Muzeyə yetişmək Luvr
Telefon +33-1-40-20-53-17[5][6], +33-1-40-20-50-50[7]
İş rejimi Bazar ertəsi,
Cümə axşamı,
Şənbə, Bazar

günləri:
09:00 - 18:00
Çərşənbə,
Cümə

günləri:
09:00 - 22:00
Bilet 9,5 €
48°51′40″ şm. e. 2°20′09″ ş. u.HGYO
www.louvre.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir.

Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.

Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.

Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar.

Avropanın müasir mədəniyyət nümunələri, yəni 1848-ci ildən bizim dövrümüzədək olan eksponatlar Orse MuzeyindəJorj Pompidu Mərkəzində nümayiş olunur. Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Guimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək mümkündür.

Luvrun ən tanınmış eksponatları: Hammurapi qanunları, Miloslu VeneraSamofrakiyalı Nika heykəlləri, Cokonda (Mona Liza) və Leonardo da Vinçinin digər rəsmləri, RembrantTisianın əsərləri, Ejen Delakruanın "Xalqa yol göstərən azadlıq" rəsm əsəri sayılır. Luvr dünyada ən çox ziyarət edilən muzey adlandırılır, 2007-ci ildə burada 8,3 milyon nəfər olmuşdur.

Luvrun əsas hissəsini qala-istehkam tutur. Həmçinin, burada 1190-cı ildə kral Filip Avqust tərəfindən inşa edilmiş Böyük Luvr qalası da var. Bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daim göz altında olması, yəni yoxlanılması idi, vikinqlər dövründən bilindiyi kimi bura onların ənənəvi yolu adlanırdı. 1317-ci ildə Tamplierlər ordeninin mülkiyyətinin Malta ordeninə keçməsindən sonra kral xəzinəsi Luvra köçürülür. V Karl bu qalanı yeni kral iqamətgahına çevirir, lakin 1528-ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə Böyük qülləsi dağıdılır və 1546-cı ildən etibarən qalanın möhtəşəm krl sarayına çevrilməsi işləri başlanır.

Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Leskonun başçılığı altında aparılır və II HenrixIX Karlın dövründə də davam edir. Binaya iki yeni artırma əlavə olunur. 1594-cü ildə II Henrix Luvru Tüilri sarayına birləşdirməyi qərara alır. Bu Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemerse, daha sonra isə Lui Levo olmuşdur. Bu memarlar XIII və XIV Lüdovikin hakimiyyət dövründə işləmişlər. Bu kralların sayəsində sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirilmişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələrin edilməsi həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678-ci ildə sürətlə gedən işlər qəflətən dayandırıldı. Bunun əsas səbəbi XIV Lüdovikin kral iqamətgahı kimi Versal sarayını seçməsi idi.

Bir müddət Luvr diqqətdən kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işləməyə başlanılır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlasa da, Fransa İnqilabı ilə başa çatır.

Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793-cü ildə adi vətəndaşlar üçün açıq elan edildi. 1989-cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyuldu, onun memarı amerikalı Yo Minq Peydir.

Ekspozisiyaların yığılması

redaktə
 
Venus de Milo
 
Mona Liza

Luvrun muzey kimi fəaliyyətindən əvvəl ekspozisiyaların yığılması işinə başlanıldı və bu zaman I Fransiskin və XIV Lüdovikin həyatı boyu yığdıqları kolleksiyalar muzeyə tam surətdə verildi.

Həmçinin ən böyük kolleksiyaçılardan olan bankir Everar Jabaxın (Everhard Jabach) 200-dən artıq müxtəlif əntiq əşyalar, mədəniyyət, incəsənət nümunələri bu muzeyin fonduna verildi. Həmin vaxt krallığın tərkibində olan ekspozsiyaların sayı isə 2500-dən artıq hesablanmışdı. Zaman ərzində muzeyə çoxlu sayda kralllara aid olan, həmçinin onların şəxsi əşyalarından ibarət olan dəyərli kolleksiya nümunələri verilməyə başlandı. İntibah dövrü ərzində sonsuz sayda heykəllər və mülklərə daxil olan əşyalar Muzeyə gətirildi.

Sonrakı dövrlərdə isə Napolyonun hakimiyyəti zamanı müharibələr nəticəsində muzeyə gətirilən memarlıq nümunələri artmağa başlandı və həmin illərdə də Misir, Yaxın Şərq ölkələrindən incəsənət növləri gətirildi.

Həmçinin qeyd etmək lazımdır ki, çox insanlar öz şəxsi mülkərini vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayırlar. Bunlardan biri də tanınmış kolleksiya yığanlardan olan Edmund Rotşild olmuşdur. Onun yığdığı kolleksiyaların çoxu XIX və XX əsr nümunələri hesab olunur. Eksponatların hamısı Luvr muzeyinə müxtəlif yollarla gəlir. Luvrun tanınmış və ən məşhur əsərlərindən olan Cokonda (Leonardo da Vinçi) və Valehedici bağban (Rafael) rəsmləri I Fransiskə məxsus idi. O, "Cokonda"nı 1519-cu ildə əldə etmişdi. "Kanada nikah" (Paolo Veroneze) əsəri 1798-ci ildə Venesiya kilsəsindən oğurlanmışdır. Murilyonun "Balaca dilənçi" əsəri 1782-ci ildə XVI Lüdovik tərəfindən alınmışdır. Vermeyerin "Krujeva toxuyan qadın" və Dürerin "Qanqalla avtoportret" əsərləri isə, müvafiq olaraq 1870 və 1922-ci illərdə əldə edilib. Nəhayət, El Qrekonun "İsanın çarmıxa çəkilməsi" əsəri muzeyə pulsuz başa gəlib. Belə ki, bu rəsm 1908-ci ildə Şərqi Pireneydə, Pradesdə məhkəmə binasından götürülmüşdür.

Muzeyin ən məşhur heykəllərindən biri Miloslu Veneradır. O, 1820-ci ildə Osmanlı idarəçiliyindəki Milos adasında tapılmış və elə həmin il Fransanın səfiri tərəfindən türklərdən satın alınmışdır. Samofrakiyalı Nika isə müxtəlif hissələrə bölünmüş şəkildə 1863-cü ildə Samotraki adasında, memar və Fransanın Andrinopldakı vitse-konsulu Şarl Şampuazo tərəfindən tapılmışdır.

Luvr muzeyində müxtəlif şahəsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə muzeydə 300 000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 000-ə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi qoruma şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq ard-arda gələn insanlara təqdim olunmur. Bunun əsas səbəbi isə həmin eksponatların öz daimi görkəmlərini itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi qaydalara əsasən müdafiə olunur.

Qalereya

redaktə

İstinadlar

redaktə
  NODES