Lazım olan məlumatların müsahibə aparanın respondentlə bilavasitə məqsədyönlü söhbəti vasitəsilə alınması metodudur. Söhbətin istiqaməti müsahibə aparanı maraqlandıran və konkret sosioloji tədqiqatın predmeti olan problem tərəfindən müəyyənləşdirilir.

Müsahibə

İlkin sosioloji məlumat almaq vəzifəsini yerinə yetirərək, müsahibə eyni zamanda müsahibə alanla respondentin sosial-psixoloji qarşılıqlı təsirinin müəyyən formasıdır. Bu şəxslərarası qarşılıqlı təsirin özünəməxsusluğu, fərdlərin adi ünsiyyətindən fərqli olaraq müsahibə alanla respondent arasında rolların dəqiq bölüşdürülməsindən ibarətdir. Müsahibə alana, söhbətin təşkili və keçirilməsi təşəbbüskarı kimi aparıcı, əsas rol ayrıldığı halda, respondent idarə olunan, məlumat mənbəyi rolunda çıxış edir. Tədqiqatçı soruşur, respondent cavab verir, tədqiqatçı sualların vasitəsilə söhbətə istiqamət verir, respondent öz cavabları ilə onun arxası ilə gedir. Onların münasibətlərində bir növ dönməzlik vardır. Məhz bütün bunlar konkret sosioloji tədqiqat metodu kimi müsahibənin özünə xas xüsusiyyətlərini müəyyənləşdirir.

Müsahibənin müxtəlif tətbiq sahələri ola bilər. Əvvəla, müsahibə ümumi problemin dəqiqləşdirilməsi və tədqiqat hipotezasının ifadə edilməsi məqsədi ilə tədqiqatın ilkin mərhələlərində istifadə oluna bilər; ikincisi, müsahibə tez-tez böyük sorğu-yoxlama metodikasının hazırlanması üçün tətbiq edilir; üçüncüsü, müsahibə məlumat toplamağın əsas metodu kimi, əsasən sosial-psixoloji tədqiqatlarda məhdud və ya az seçmə zamanı tətbiq edilə bilər; dördüncüsü, anketləşdirmə, müşahidə və s. ilə birlikdə müsahibə məlumat almağın əlavə metodlu kimi tətbiq olunur; beşincisi, müsahibə başqa metodlar vasitəsi ilə alınmış məlumatları dəqiqləşdirmək və yoxlamaq məqsədilə bu cür adlanan kontrol tədqiqatlarda istifadə edilir.

Müsahibələrin təsnifatı

redaktə

Seçilmiş əsasdan asılı olaraq müsahibələri müxtəlif üsullarla təsnif etmək olar:

a) Yönəldiyi məqsədə görə təsnifat. Məqsədindən asılı olaraq müsahibələr: 1) rəy və münasibət;

2) sənədli müsahibələrə bölünür. Rəy müsahibələrinin məqsədi insanların sosial gerçəkliyin müəyyən bir hadisəsinə rəylərini və ya şəxsi münasibətlərini aşkar etməkdən ibarətdir. Sənədli müsahibələrin məqsədi hər hansı keçmiş faktların, sosial hadisələrin, onların şahidlərinin və ya bilavasitə iştirakçılarının sorğusu yolu ilə yenidən canlandırmaqdır.

b) Texnikasına və ya formasına görə təsnifat. Təsnifatın bu növü olduqca əhəmiyyətli və mühümdür. Formasına görə müsahibə iki cür olur:

1) formallaşdırılmamış (standartlaşdırılmamış) — burada suallar (onların ifadə edilməsi, ardıcıllığı, miqdarı) və fərz edilən cavablar müsahibədən qabaq, əvvəlcədən müəyyənləşdirilir;

2) formallaşdırılmış (standartlaşdırılmış) — burada sualların ifadə edilməsi, ardıcıllığı, miqdarı, mümkün alternativ cavabların siyahısı, onların kodlaşdırılması və yazılış forması əvvəlcədən nəzərdə tutulur və birşəkilli olmasını saxlayaraq qəti müəyyən edilir.

Formallaşdırılmamış müsahibə elə bir söhbətdən ibarətdir ki, burada müsahibəni aparan yalnız söhbətin mövzusunu əsas tutaraq onu respondentə təqdim edir və bundan sonra respondentin özünə müsahibənin gedişində sonrakı verbal qarşılıqlı təsir vəziyyətlərini yaratmağa imkan verir. Bu zaman müsahibə alanın rolu hansısa qəti müəyyən edilmiş ardıcıllığı gözləmədən, əsas etibarı ilə, respondentin müəyyən suallara cavablarını bacarıqla stimullaşdırmaqdan ibarət olur. Sualların ifadə edilməsi bütünlüklə söhbətin konteksti ilə şərtləndirilir, cavablar, adətən (bir sıra yeni, əlavə suallar —müsahibə alanın istədiyi ardıcıllıqda verilən və söhbətin gedişində genişlənən, yaxud dərinləşə bilən suallar doğurur. Bu cür müsahibədə həm söhbətin planı, həm də cavabların yazılış üsul və forması olduqca sərbəst, standartlaşdırılmamış olur.

Müsahibənin bu növünün əsas üstün və yaxşı cəhətlərindən biri odur ki, onun keçildiyi zaman müsahibə aparanla respondentin sosial-psixoloji qarşılıqlı təsir şəraiti son dərəcə təbii olur. Respondentin cavabları bariz ifadə olunmuş, spontan, çox konkret və olduqca şəxsi xarakter daşıyır. Nəticə etibarı ilə, bütün bunlar müsahibə aparanı maraqlandıran ən dalğın və dərin məlumatları almağa kömək edir.

Lakin müsahibə aparanın formallaşdırılmamış müsahibə prosesində respondent verdiyi verbal davranış azadlığı müsahibənin yalnız müsbət tərəfi deyil, həm də onun qüsurudur. Söhbətin çevik və dinamik aparılması ona gətirib çıxarır ki, nəticədə müxtəlif müsahibələrin nəticələrinin tutuşdurulması və müqayisəsində bilavasitə çətinlik yaranır. Formallaşdırılmamış müsahibənin digər qüsuru, onun nəticələrinin müsahibə aparanın peşəkar ixtisasından və fikirlərinin subyektivliyindən yaranır. Formallaşdırılmamış müsahibə gedişində alınmış material çox böyük, çətinliklə ümumiləşdirilir və kvantlaşdırılır. Bu materialın təhlili və işlənməsi olduqca mürəkkəb, çox vaxt tələb edən məsələdir.

Formallaşdırılmamış müsahibə tədqiqatın ilkin axtarış mərhələlərində, sosioloqa tədqiqat obyekti haqqında mümkün qədər çox məlumat lazım olan zaman əvəzedilməz metoddur. O, həmçinin tədqiqat hipotezasının hazırlanması və dəqiqləşdirilməsi, anketin və formallaşdırılmış müsahibənin sorğu vərəqəsinin tərtibi və yoxlanılması üçün olduqca geniş və səmərəli surətdə istifadə edilir.

Formallaşdırılmış (standartlaşdırılmış) müsahibə suallarının verilməsi prosesi və cavabların qeyd olunmasının standartlaşdırıldığı müsahibə tipidir. Məhz müsahibə alma üsulunun standartlaşdırılması (müsahibənin əvvəlcədən hazırlanmış planı, ifadə edilmiş suallar onların müəyyən ardıcıllıqda yerləşdirilməsi, mümkün cavablar variantlarının siyahısı) sayəsində tədqiqatçı sorğuların şəraiti və gedişinə nəzarət etmək, onların nəticələrini tutuşdurmaq və müqayisə etmək imkanı qazanır. Əsaslı surətdə formallaşdırılmış müsahibədə yalnız müsahibə alanın sualları və respondentin cavabları deyil, müsahibə alanın tipi (cinsi, yaşı, təhsili, ixtisası), onun davranışı və hətta müsahibənin aparıldığı xarici mühit də belə standartlaşdırılır.

Formallaşdırılmış müsahibə, müsahibə alanla respondent arasında qarşılıqlı təsir vəziyyətinin əsaslı surətdə standartlaşdırılması nəticəsində tədqiqatçıya cavabları onların təhlili və müvafiq statistik işlənməsi üçün tez bir zamanda kvantlaşdırmağa yaxşı imkan verir. Formallaşdırılmış müsahibə ən çox yayılmış kütləvi sorğu növlərindən biridir.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilmiş müsahibə tipləri bir-birini istisna etmir, çünki tədqiqatda onların hər biri tamamilə fərqli vəzifəni yerinə yetirir. Konkret sosioloji tədqiqatlar təcrübəsində son vaxtlar get-gedə daha böyük müvəffəqiyyətlə müsahibə almaq üsulunun yalnız qismən standartlaşdırıldığı müxtəlif tipli yarıstandartlaşdırılmış müsahibələrdən istifadə edilir.

v) Müsahibələrin aparıldığı üsula görə təsnifatı. Aparıldığı üsula görə aşağıdakı müsahibə tipləri mövcuddur: panel, qrup, klinik, çoxdəfəli, fokuslaşdırılmış (mərkəzləşdirilmiş) və istiqamətlənməmiş müsahibələr.

Panel (təkrar) müsahibə hər hansı bir qrup adamın münasibətləri və rəylərinin müəyyən vaxt ərzində (bir neçə aydan iki ilə qədər) təkamülünün öyrənilməsinə yönəlmişdir. Sorğu eyni bir plan üzrə eyni adamlar arasında keçirilir. Təkrar müsahibələrin təkrarlanma tezliyi və ümumi müddəti müxtəlif olur. Məsələn, Amerika sosioloqu Lazarsfeldin ilk dəfə olaraq panel müsahibəsindən istifadə etdiyi və 1940-cı ildə Amerika prezidenti seçkilərinin proqnozu məqsədi ilə keçirilən sorğuda müsahibə 1.5 ay intervalı ilə altı dəfə təkrar edilmişdi. Bu müsahibə tipinin ən əsas və praktiki olaraq aradan qaldırıla bilməyən qüsuru seçməsinin uzun müddət ərzində yekcins saxlanılmasının çətin olmasından ibarətdir (adamların bir qismi sadəcə olaraq çıxıb gedir, digərləri təkrar müsahibələrdə iştirak etmir, bəziləri, ümumiyyətlə, cavab vermək istəmir və ya bundan imtina edir və s.). Bu cür müsahibənin tətbiq edilmə praktikası göstərir ki, müəyyən sayda adamlar arasında rəylərin dəyişilməsi qısa vaxt ərzində öyrənildikdə bu müsahibə son dərəcə səmərəli olur.

Qrup müsahibəsinin mahiyyəti sayca az adamın — ailənin, tələbə qrupunun, istehsalat briqadasının sorğusunun eyni zamanda keçirilməsindən ibarətdir. Bu müsahibənin ibarət olduğu planlaşdırılmış söhbət prosesində tədqiqatçı yalnız qrupda mübahisə, diskussiya yaratmağa can atır. Müsahibənin əsas mövzularının əvvəlcədən nəzərdə tutulmasına baxmayaraq, bütövlükdə onun texnikası formallaşdırılmamış müsahibə səciyyəsi daşıyır. Qeyd etmək lazımdır ki, müsahibənin bu növü nisbətən nadir hallarda tətbiq olunur.

Klinik (dərin və ya intensiv) müsahibə respondentin motiv, yönəlişlik və rəyləri haqqında ən dolğun, tam və dərin məlumatların alınmasına yönəlmişdir. Formallaşdırılmamış müsahibənin bu tipi müsahibə alanla respondentin olduqca sıx əlaqəsini nəzərdə tutur, bu isə müsahibə alandan ixtisasının son dərəcə yüksək olmasını tələb edir.

Çoxdəfəli müsahibə respondentin şəxsiyyətinin hərtərəfli və dərindən öyrənilməsi üçün aparılan təkrar müsahibə variantlarından biridir. Burada eyni bir şəxs uzun müddət ərzində müsahibə verməyə cəlb edilir.

Fokuslaşdırılmış müsahibədə məqsəd subyektin tədqiqatçıya məlum olan sosial şəraitin müəyyən stimullarına reaksiyasını öyrənməkdən ibarətdir. Müsahibədən əvvəl respondent müəyyən vəziyyətlə bağlı şəraitə daxil edilir və müxtəlif stimulların təsirinə məruz qalır — filmə baxır, hər hansı bir radio verilişini dinləyir, kitab və ya məqalə oxuyur, psixoloji təcrübədə və ya hər hansı bir nəzarətsiz, lakin müşahidə olunan sosial şəraitdə, məsələn, nümayişdə iştirak edir. Bundan sonra tədqiqatçı fərdə təsir göstərən yuxarıda göstərilmiş stimulların mükəmməl surətdə yerinə yetirilmiş təhlili əsasında müvafiq müsahibə planı qurur. Sonrakı müsahibə gedişində tədqiqatçı fərdin müəyyən sosial şəraitin stimullarının ona təsirini necə qavradığını, nəyi yadda saxlayıb-saxlamadığını üzə çıxarmağa çalışır. Fokuslaşdırılmış müsahibə, məsələn, müxtəlif təbliğat formalarının səmərəliliyi problemi öyrənildikdə, hansı məlumatın (qəzetlərdə, radio və televiziya verilişlərində və s. alınmış) fərdə ən çox təsir göstərdiyini və onun yaddaşında ən dərin iz buraxdığını dəqiq müəyyən etməyə imkan verir.

İstiqamətlənməmiş müsahibə formallaşdırılmamış müsahibənin bir növüdür və bariz psixoterapevtik vəzifələri yerinə yetirir. Bu cür müsahibədə söhbətin aparılmasında bütün təşəbbüs tamamilə respondentə məxsus olur. Müsahibə aparanın vəzifəsi isə respondentə müəyyən mövzular üzrə öz fikrini söyləmək üçün ən yaxşı imkan yaratmaqdan ibarət olur. İstiqamətləndirilməmiş müsahibə respondentin öz hiss və daxili həyəcanlarının spontan ifadəsi vasitəsilə daxili gərginliyinin aradan qaldırılmasında katalizator rolunu oynayır. Müsahibənin məqsədinə yalnız o zaman çatmaq olar ki, müsahibə aparan ən yüksək etibarlılıq şəraitini yaradaraq, respondentin ürəyini boşalda bilməsinə imkan versin.

Müsahibə aparma üsulu

redaktə

Konkret sosioloji tədqiqatlarda (kütləvi sorğular keçirilərkən) müsahibə aparmaq prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

1) müsahibənin sorğu vərəqəsinin hazırlanması;

2) müsahibənin aparılması (sorğu aktının özü).

Müsahibənin sorğu vərəqəsinin hazırlanması. Standartlaşdırılmış müsahibə tətbiq olunduğu halda işin müvəffəqiyyətlə başa çatması, əsasən, hazırlıq mərhələsinin ən mühüm və vacib cəhətlərindən biri olan sorğu vərəqəsinin keyfiyyəti ilə müəyyənləşdirilir.

Yuxarıda artıq qeyd edildiyi kimi sorğu vərəqəsi, müəyyən ardıcıllıqla ifadə edilmiş sualların və bəzi fərz edilən, ehtimali cavabların siyahısından ibarətdir. O, özünəməxsus və kifayət qədər səmərəli standartlaşdırıcı vasitə vəzifəsini yerinə yetirir. Məhz o, müsahibə alanlar qrupuna bir-birindən asılı olmayaraq respondentə həm forma, həm də məzmununa görə eyni sualları müəyyən ardıcıllıqda təqdim etməyə və onların cavablarını standartlaşdırılmış qayda ilə qeyd etməyə imkan verir. Bütün bunlar müsahibə alanların işini əhəmiyyətli dərəcədə asanlaşdırır və onları respondentə hansı anda hansı sualları və hansı ardıcıllıqla vermək lazım olduğu haqqında düşünmək zərurətindən azad edir. Bundan başqa əgər sorğu vərəqəsi əsasən qapalı suallardan ibarətdirsə, bu halda respondentlərin cavablarını əvvəlcədən ifadə olunmuş, sorğu vərəqəsində yazılmış alternativ cavab variantlarından birinin sadəcə olaraq altından xətt çəkməklə və ya onu dairəyə almaqla asanlıqla qeyd etmək olar.

Sorğu vərəqəsi nə qədər yaxşı tərtib edilmiş olarsa, müsahibə alma prosesi bir o qədər çox standartlaşdırılar və sorğunun nəticələri də bir o qədər etibarlı və müqayisə edilə bilən olar. Təsadüfi deyildir ki, sosioloqlar müsahibənin sorğu vərəqəsinin mükəmməl və keyfiyyətli hazırlanmasına bu qədər çox vaxt və diqqət ayırırlar.

Sorğu aktı. Müsahibə alma texnikası. Sorğu-müsahibə alma aktının özü müsahibə alanla respondentin sual vermə və cavab alma əsnasında bilavasitə əlaqə, qarşılıqlı sosial-psixoloji təsir prosesində ifadə olunur. Sorğunun axır nəticəsi xeyli dərəcədə müsahibə aparanın respondentlə sıx əlaqə yaratmasından, onu səmimi söhbətə razı sala bilməsindən, onu mövzu ilə maraqlandırmasından, sualları düzgün qoymasından və cavablardan, tədqiqatın məqsədinə daha çox uyğun olan məlumatları seçməsindən və nəhayət respondentin cavablarını qeydə ala bilmək bacarığından asılıdır. Müsahibə alma prosesində müsahibə alanın həm təbii, fitri psixoloji qabiliyyətləri, həm də əldə etdiyi sırf texniki vərdişləri ifadə olunur.

Müsahibənin uğurlu olması müsahibə almaq texnikasından çox asılıdır. Bu texnika aşağıdakı məsələlərin həllində müsahibə alanın müxtəlif, dəyişkən, spontan sorğu vərəqəsi ilə proqramlaşdırılmamış situativ davranış formalarını əhatə edir:

1) müsahibə prosesində mehribançılıq, xeyirxahlıq və səmimilik şəraitinin yaradılmasında (özünü respondentə təqdim etmək, onunla sıx əlaqə yaratmaq və bu əlaqəni söhbətin sonuna qədər saxlamaq);

2) sualların düzgün qoyuluşu və etibarlı cavabların alınmasında;

3) cavabların və özünün bütün qeydlərinin tam və dəqiq protokollaşdırılmasında.

Müsahibə alanın ilk andan respondentlə yaxşı əlaqə yarada bilmək bacarığı müsahibənin müvəffəqiyyətlə nəticələnəcəyini əhəmiyyətli dərəcədə müəyyən edir.

Adətən müsahibə alan özünü təqdim etməkdən başlayır və təmsil etdiyi təşkilatın adını deyir, sorğunun, tədqiqatın hansı vəzifə və məqsədlər naminə keçirildiyini izah edir. Başa düşülən tərzdə, aydın və sadə ifadələrlə, xüsusi texniki dilə müraciət etməyərək, müsahibə aparan, respondentə seçmənin mahiyyətini başa salmalı və onu arxayın etməlidir ki, o, hansısa başqa məqsədlə deyil, sırf təsadüfi prinsip üzrə sorğunun obyekti seçilmişdir. Onu inandırmaq lazımdır ki, seçmənin nümayəndəsi kimi onunla aparılan söhbət tam, reprezentativ məlumat almaq üçün zəruridir.

Bəzi adamlarda müsahibə alanın görünməsi və onun verdiyi suallar mənfi reaksiya oyadır. Onlar tanış olmayan adamla söhbət ərəfəsində daxili inamsızlıq keçirir, söhbətə ehtiyatla və ya qabaqcadan əmələ gəlmiş yanlış mənfi fikirlərinə müvafiq hisslərlə yanaşırlar. Bu təbii etimadsızlığı aradan qaldırmaq üçün müsahibə alan özünün respondentə giriş səciyyəli ilk müraciətində söhbətin məxfi olduğunu qeyd etməli, onu cavablarının sirrinin tam qorunacağına inandırmalı və sorğu nəticələrinin kəmiyyət təhlilinin statistik anonimliyi bu zəmanət üçün əsas olduğunu onun nəzərinə çatdırmalıdır. Adətən giriş müraciətinin sonunda müsahibə aparan respondentə onun nə qədər vaxtını alacağını bildirir.

Əksər hallarda bu cür giriş müraciətləri müsahibə alanı öz məqsədinə çatdırır — respondent söhbətə başlamağa hazır olur, onda söhbətə müəyyən maraq və həvəs oyanır.

Seçməyə düşmüş adamlardan müsahibə alma prosesində müsahibə aparan respondent tərəfindən müsbət, laqeyd və mənfi kimi uç mümkün reaksiya tipi ilə rastlaşır. Məhz sonuncu iki halda müsahibə aparandan böyük məharət tələb olunur. Müsahibə alanın vəzifəsi onunla söhbətə və əməkdaşlığa meyli olmayan adamları müsahibə aparmağın vacib və zəruri olduğuna inandırmaqdan ibarətdir.

Müsahibə alan bu və ya digər respondent üçün söhbətin keçiriləcəyi vaxtın münasib olmayacağına, bəzilərinin təklif edilmiş mövzu haqqında söhbət aparmağa hazır olmayacaqlarına və ya ümumiyyətlə, sorğulara şəkk-şübhə ilə, mənfi yanaşacaqlarına həmişə hazır olmalıdır.

Müsahibə aparan həmçinin həmişə yadında saxlamalıdır ki, onun gəlişi rəyi soruşulan adamların asudə vaxtlarının müəyyən bir hissəsini alır. Bəzi adamlar bu barədə öz narazılığını açıq ifadə edir, başqaları susur, amma daxilən açıqlanır və söhbət etməyə, vaxt "itirməyə" bir o qədər də meylli olmurlar. Belə hallarda müsahibə alan respondentdən onu narahat etdiyi üçün üzür istəməli və bununla belə inadla onunla söhbətin baş tutmasına çalışmalıdır. Müsahibə almaq praktikası göstərir ki, təcrübəli müsahibə alan, adətən, laqeyd və ya hətta acıqcasına ədavətli əhval-ruhiyyəli respondentlərlə əlaqə yaratmaq yolunda rastlaşdığı bütün maneələri müvəffəqiyyətlə dəf edir və nəhayət, onlardan müsahibə almağa nail olur.

Arzu olunan nəticələri əldə etmək üçün müsahibə aparan xeyirxah, nəzakətli, söhbətcil və qərəzsiz olmalıdır. Respondentlə görüş zamanı özünü çox soyuq tərzdə təqdim edən, bir qədər lovğalıqla, rəsmiyyətlə davranan müsahibə alan tamamilə qəbuledilməzdir. Müsahibə aparan həddən çox təmkinli, ciddi və ya artıq dərəcədə coşqun, olduqca çoxdanışan və ya ağciyər olmamalıdır. O, həmişə bu ifrat hallar arasında nə isə optimal bir mövqe tapmalıdır. Respondentlə əlaqəyə ilk andan nə isə şəxsi bir şey daxil etmək üçün müsahibə aparana məsləhət görülür ki, bilavasitə müsahibəyə başlamamışdan əvvəl hər hansı bir mücərrəd mövzularda hava, ailə, uşaqlar, idman hadisələri haqqında söhbət aparsın.

Müsahibə aparmaq prosesinin təbiiliyi müsahibə alanın sorğu vərəqəsinin məzmununa nə dərəcədə yiyələnməsindən və ona bələd olmasından çox asılıdır. O, sualların necə ifadə edildiyini, onların ardıcıllığını az qala əzbər bilməli, onları respondentə verərkən tələsməməlidir. Müsahibə alanın növbəti sualı yadına sala bilmədiyinə görə, müsahibə prosesində sorğu vərəqəsini öyrənməyə başladığı üzündən söhbətin gedişində sıxıntılı və üzücü fasilələrin yaranmasına heç bir vəchlə yol vermək olmaz.

Müsahibə aparan çalışmalıdır ki, respondent söhbətin özündən emosional və intellektual razılıq hissi keçirsin. Müsahibə alan mütləq respondentin rəğbətini qazanmalı, yaxşı, səbirli dinləyici olmalı, onun fikirlərinə ciddi maraq göstərməlidir. Respondentə, adətən müsahibə alan şəxsə onu başa düşməyə çalışan, onun fikirlərini tənqid etməyən və pisləməyən, öz fikrini zorla qəbul etdirməyən adamı görmək xoş gəlir. Müsahibə alan heç bir vaxt tərbiyəçi və ya hakim rolunda çıxış etməməlidir.

O, elə bir şəraiti yaratmalı və qorumalıdır ki, bu şəraitdə respondent özünün yaxşı başa düşüldüyünü, xüsusi olaraq çəkinmədən öz fikirlərini, rəyini sərbəst surətdə, hər hansı bir pisləmə və ya məzəmmətdən qorxmayaraq ifadə edə bildiyini hiss etsin. Bununla belə, müsahibə aparan söhbətin istiqamətini diqqətlə izləməli, mövzudan həddən çox kənara çıxılmasına yol verməməli və respondenti hər vasitə ilə hər bir sual üzrə öz fikrini tam, əsaslı surətdə və səmimi bildirməyə həvəsləndirməlidir. Müsahibənin məqsədi isə məhz bunu tələb edir.

Əsaslı surətdə formallaşdırılmış müsahibə nəzərdə tutularsa, onu keçirən zaman sualların bilavasitə verilməsi prosesində müsahibə aparan aşağıdakı tələbləri həmişə yadda saxlamalı və onlara əməl etməlidir:

1) sualların ifadə olunduğu formada heç bir dəyişikliyə yol verməməli;

2) sualların hər hansı bir subyektiv yozum və izahına yol verməməli;

3) sualların sorğu vərəqəsində nəzərdə tutulmuş ardıcıllığa ciddi surətdə riayət edərək verməli;

4) sorğu vərəqəsində göstərilmiş suallardan bəzilərini bilərəkdən ötürmək və ya üstündən keçmək qadağandır.

Bütün bu qaydaların gözlənilməsi eyni müsahibə şəraitinin yaradılması üçün böyük əhəmiyyətə malikdir, bu isə, artıq qeyd olunduğu kimi, kütləvi sorğular zamanı xüsusilə vacibdir. Müsahibənin sorğu vərəqəsinə daxil edilmiş sınaq tədqiqatı gedişində hərtərəfli işlənmiş hər bir sual öz mənasına görə olduqca müəyyən, zəruri məlumatların alınması məqsədinə yönəlmişdir. Buna görə də sualların ifadə olunduğu formada hər bir, hətta cüzi dəyişiklik belə onların mənasının respondent tərəfindən tamamilə başqa cür başa düşülməsinə gətirib çıxara bilər ki, bu da cavablarının dəqiqliyinə təsir göstərməyə bilməz. Müxtəlif formalarda ifadə olunmuş eyni bir sual respondentlər tərəfindən müxtəlif mənalarda başa düşülə bilər.

Müsahibə alanların əksəriyyətinin respondentlərin cavablarını stimullaşdırmaq, daha dolğun və dəqiq məlumat almaq məqsədi ilə istifadə etdiyi çox geniş yayılmış vasitələri göstərmək məqsədəuyğundur:

1. Razılıq ifadəsi (diqqətli baxış, razılıq əlaməti olaraq başın tərpədilməsi, təbəssüm, sözlə təsdiq etmək).

2. Qısa pauzalardan istifadə etmək.

3. Əsas sualı təkrar etmək.

4. Qismən razılaşmamaq. Misal: "Siz deyirsiniz ki,... Lakin çoxları başqa cür düşünür."

5. İzah tələb etmək. Misal: a) "Mənim üçün bu tam aydın deyil. Nəyi nəzərdə tutduğunuzu izah edə bilərsinizmi? b) "Beləliklə, Siz indicə dediniz: ki;...Xahiş edirəm, dəqiqləşdirin".

6. Cavabın səhv təkrar etmək yolu ilə dəqiqləşdirilməsi. Misal: müsahibəni aparan: "Deməli, Siz fikir verdiniz ki, iş tapşırığı haqqında adətən mübahisələr yaranır". Respondent: "Xeyr, mən dedim ki, bəzən". Müsahibəni aparan: "Bağışlayın, görünür ki, yaxşı eşitmədim".

7. Cavablarda ziddiyyətin olduğunu göstərmək. Misal: "Siz bayaq dediniz ki,...İndi isə nəsə başqa şey qeyd etdiniz. Bəlkə mən sizi səhv başa düşmüşəm?"

8. Respondentin son sözlərinin təkrar etmək bu cür adlanan "əks-səda" metodu. Misal: respondent: "Mən bu müalicə kursunu altı ay ərzində qəbul etmişəm və halımın yaxşılaşdığını hiss etmirəm". Müsahibə aparan: "halınızın yaxşılaşdığını hiss etmirsiniz?"

9. Bitərəfliklə əlavə məlumat tələb etmək. Misal: "Bu maraqlıdır. Mən sizin bu haqda fikriniz barədə daha çox şey bilmək istərdim. Siz bunu daha ətraflı işıqlandıra bilərsinizmi?"

10. Son dərəcə müəyyən məlumatın tələb edilməsi. Misal: "Siz niyə məhz bu cür fikirləşirsiniz? Bu nəticəyə Siz necə gəlmişsiniz? Nə zaman?"

Respondentin cavablarının doğurduğu şübhənin və ya razılaşmanın hər dəfə səmimi ifadəsindən və ona bu haqda əlavə izahın verilməsindən sonra müsahibəni aparan özünün başa düşdüyünü, razı olduğunu, məmnun qaldığını, bəraətini qeyd etməlidir: "Bəli, bəli, Siz haqlısınız, indi mənə aydın oldu ki, Siz nəyi nəzərdə tuturdunuz. Bu çox maraqlıdır".

Əgər müsahibə prosesində "bilmirəm" tipli cavab alınmışdırsa, müsahibə aparan hər şeydən əvvəl bu cavabın arxasında nəyin gizləndiyini başa düşməlidir:

a) həqiqi xəbərsizlikmi?

b) sualın mənasının dərk edilməməyini?

v) öz fikrini sözlə ifadə edə bilməməyini?

q) öz şəxsi fikrini camaat qarşısında "ucadan" bildirmək qorxusumu və ya sadəcə olaraq, "səhv" cavab vermək qorxusu?

Bütün bunlardan asılı olaraq müsahibə aparan müəyyən respondentə nisbətən hansı daha münasib strateji davranış xəttini seçməli olduğu haqda qərara gəlir. Məsələn, əgər respondentin verilmiş sual üzrə səriştəli olduğuna şübhə varsa, onda bir neçə açıq, daha ətraflı və detallaşdırılmış sual vermək məsləhətdir. Lakin əgər respondentdə sualın mahiyyətini sadəcə olaraq başa düşmədiyi haqqında fikir yaranarsa, onda sualı təkrar etmək, onu başqa formada ifadə etmək lazımdır. Respondentin öz şəxsi fikrini açıq, "ucadan" söyləməkdən "qorxduğu" güman edildikdə isə əsas sualı vasitəli, şəxssiz formada vermək məsləhət görülür.

Mənbə

redaktə
  NODES