Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim.

Origen
yun. Ὠριγένης
Doğum tarixi 185[1][2][…], 184[3] və ya 185[4]
Doğum yeri
Vəfat tarixi 254[3][5][…]
Vəfat yeri
Dövr Roma imperiyası
Əsas maraqları mətnşünaslıq, Hermenevtika, Xristian esxatologiyası
Təsirlənib Platonizm, Neoplatonizm, Qnostiklər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Həyatı

redaktə

Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur.

Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı.[6]

Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi. 203-cü ildən başlayaraq müəllimlik etmişdir, həmən məktəbdə fəlsəfə, dialektika, fizika, riyaziyyat, həndəsədən dərs demişdir. Təqib olunan Klement İsgəndəriyyəni tərk edəndən sonra 217–232 illərdə İsgəndəriyyə ilahiyyat məktəbinə başçılıq etmişdir.

212–215-ci illər arası Romaya və Ərəbistana səfərlər etmişdir. Bir zamanlar Roma hakimiyyəti xristianları dinlərinə görə təqib etmişdir. O zaman o dinindən imtina etmədiyinə görə zindanlara atılmışdır. 231-ci ildə keşiş rütbəsini almışdır.

Din qarşısında böyük xidmətləri olmasına baxmayaraq, Origenin əsərlərinin bir hissəsi rəsmi Xristian kilsəsi tərəfindən qəbul edilməmişdir. Onun ideyaları başqa xristian xadimləri tərəfindən tənqid olunmuşdur və heres (küfr) elan edilmişdir. Onun özəl baxışları "origenizm" adlanmış və rədd edilmişdir.[7]

Əsərləri

redaktə

İlahiyyat və fəlsəfi məzmunlu bir çox kitab yazmışdır. Ən tanınmış kitablarından biri "Ekzalpa" (εξαπλά) adlanır. Burada Müqəddəs kitabın bəzi hissələrinin altı variantlarının (ibrani dilində, yünanca olan çeşidli versiyaları) xülasəsi verilmişdir. Onlar bir-birinin yanında sıra ilə yerləşdirilmişdir ki, oxucu onları müqayisə edə bilsin.

Origen çoxlu sayda din mövzusunda kiçik söhbətlərin və moizələrin — homiliyaların (yun. ὁμιλία), eləcə də Müqəddəs kitaba edilən təfsirlərin müəllifi idi.

Origenin daha bir tanınmış əsəri "Selsuma qarşı" (Сontra Celsum, yun. Κατά Κέλσον) adlanır. Burada o apologet kimi çıxış edir, Xristianlığı şiddətli tənqidlərə məruz qoyan Roma filosofu Selsuma qarşı çıxış edir, onun dinə qarşı yönəlmiş müddəalarını təkzib etməyə çalışır. Bu kitabda ilk dəfə yuksək savadlı xristian və antik ənənədən çıxış edən filosofun mübahisi verilmişdir.

Ən tanınmış kitablarından biri yunanca Пερίάρχών(Periahon), latınca "De principiis" (Başlanqıclar haqqında) adlanır. Burada Origen öz fəlsəfəsini açıqlamışdır. Kitab 4 hissədən ibarətdir. Birincisində mənəvi aləm (Tanrı, Loqos, Müqəddəs Ruh, Mələklər), ikincisində material aləm və insan, üçüncüsündə iradə azadlığı, günah, axirət, dördüncüsündə isə müqəddəs kitab bə onun anlaşılması haqqında fikirlər irəli sürülmüşdür.

Müqəddəs kitabın alleqorik təfsiri

redaktə

Origen ilk dəfə xristian təliminin və dünyagörüşünün sistemləşdirilməsi işinə başlamışdır. Bu məqsədlə o, xristian ehkamlarının rasionallaşdırılması məqsədilə, dini mətnləri və müddəaları yunan fəlsəfəsinin terminləri ilə ifadə etməyə başlamışdı. Bunun üçün Origen, xristian ehkamlarını sərbəst yozmalara məruz qoymuşdur. Nəticədə, o hesab edirdi ki, düzgün başa düşülən Müqəddəs kitaba sağlam fəlsəfəyə mane olmur, düzgün tətbiq edilmiş fəlsəfə isə Müqəddəs kitaba ziyan vurmur[8].

Origenin fikrincə Müqəddəs kitaba fəlsəfi suallara cavablar tapmaq mümkündür. Ancaq onu düzgün başa düşmək üçün yozmaq gərəkdır, çünki orada hallanan sözlər və cümlələr şeylərin yalnız zahiri xüsusiyyətlərindən xəbər verir, halbuki, onların əsl mahiyyəti batindədir. Yozmalardan, alleqoriyalardan, təvillərdən həddən çox istifadə edən Origen, bəzi hallarda rəsmi kilsənin xadimləri baxımından ifrata varırdı. Buna görə də onlar onu pisləmişdilər.

Tanrı haqqında

redaktə

Origen Tanrı, Loqos və ruhla bağlı problemlərə fikirlərini açıqlamışdı. O hesab edirdi ki, Tanrı eyni zamanda həm monada (yeganə və tək olan varlıq), həm də henadadır (bənzəri olmayan Vahiddir). Hər bir varlığın, düşüncənin səbəbi olan Tanrı, varlığın düşüncə və mahiyyət anlayışlarına sığa bilməz, onlardan ucadır. Bu səbəbdən Onu düşüncə qavramaz. Burada Origen yeni platoçuların fikirlərinə çox yaxınlaşırdı.

Ancaq Tanrının bəzi özəlliklərindən yaradılışa doğru analogiyalar apararaq və Tanrı anlayışına zidd olan bütün şeyləri inkar edərək, fikir irəli sürmək olar. Belə ki, bənzərsiz, sadə və bölünməz olan Tanrının cismi ola bilməz, çünki cism olan hər bir şey mürəkkəbdir və bölünməyə məruz qalır. Maddə olan hər bir şey dəyişir. Dəyişmə isə bəzi özəlliklərin zəifləyib ortadan çıxmasına və onların əvəzinə başqa özəlliklərin əmələ gəlməsinə səbəb olur. Bu isə bəzi özəlliklərin yetkin olmaması, onlarda əskikliyin olması ilə sonlanır. Bütün bunlar Tanrıya aid edilə bilməz. Deməli Tanrı bir monada olaraq mütləq kamillikdirsə, o maddə və ya cism ola bilməz. Buna görə də Origen, Tanrının, özünü düşünən bir pak düşüncə olması qənaətinə gəlir[9]. Bu fikrin mənşəyi neoplatonizmdən gələrək Xristianlıqda platonçu ideyaların güclənməsinə gətirib çıxarmışdır.

Loqos haqqında

redaktə

Origenusun antik dünyada mütlər dünya qanunun və tale olan "Loqos" (Söz) haqqında baxışları da xüsusi maraq doğurur. O, Tanrını dünya çərçivəsindən çıxardaraq, yaradılmış aləmdən sonsuz uzaqlaşdırırdı. Yəni Tanrı dünyaya transendent bir varlıq kimi düşünülürdü. Ancaq O, maddi dünyanı başsız qoymamışdır və bura öz Oğlunu yollamışdır. Bu Oğul – Loqosdur (Xristosdur), Tanrının Sözüdür.

Loqos Tanrıdan doğulan həyatdır, varlıqdır, təfəkkürdür. Onun doğulmasının başlanğıcı yoxdur, o Ata kimi əbədidir, zamandan kənardadır. Lakin Loqosun dərəcəsi Atadan daha kiçikdir, çünki o, Onun nəticəsi, enerjisi, surətidir. Bütün bu ideyalara neoplatonizmdə də rast gəlmək olar.

Origen həm də Tanrının qüdrətini də bir qədər məhdudlaşdırırdı. Məsələn o deyirdi ki, Tanrı ziddiyyətli, nizamsız, ədalətsiz şeylərin yaradıcısı ola bilməz. Bunlar onun kamilliyi ilə bir araya sığmır.

Kosmoqoniya

redaktə

Origenin kosmoqonik görüşləri kreasionizmə əsaslanır. Dünya Tanrı tərəfindən heç nədən yaradılıb. O yaradandırsa, onun yaradıcılığı əbədidir. Əgər Tanrı nə vaxtsa heç nə yaratmasaydı, onda O, Yaradan olmazdı. Əgər nə vaxtsa yaradılış olmasaydı, onda Tanrı qüdrətinin tətbiq obyekti olmazdı və Onun Yaradıcı keyfiyyəti gerçəkləşməzdi. Dünya Tanrı kimi əbədi olmasa da, Onun zaman baxımından öncəsi və sonu yoxdur.

Ancaq belə olanda Origenin kosmoqoniyası Xristianlığın dünyanın Tanrı tərəfindən yaradılması və məhv edilməsi ideyası ilə uyğunlaşmırdı. Bu ziddiyyəti həll etmək üçün Origen əbədi yaradılış və dünyaların çoxluğu fikrini ortalığa atdı. Yəni bizim dünyanı Tanrı doğrudan da bəlli zaman üçündə yaradıb, məhv edəcək. Ancaq Onun yaradıcılığı yalnız bununla bitmir. Dünya bizim dünyamızdan da öncə olub, onun məhvindən sonra yenə də yaradılacaq. Dünyalar çoxdur, onlar biri-birini əvəz edərək mövcuddurlar. Origenin fikrincə, eyni zamanda iki dünya mövcud ola bilməz və müxtəlif dünyalar bir-birinin təkrarı deyillər[10]. Origen dünyaların çoxluğu ideyası stoisizm fəlsəfəsində də vardır.

Ruhlar haqqında

redaktə

Origenin ruhlar haqqında fikirləri də maraqlıdır. Dünyalar yaranıb, məhv olurlar. Ruhlar isə ölməzdir. Onlar maddi dünyadan öncə yaradılıb, sonra isə onlar üçün dünyalar yaradılıb. Bu ruhların arasında İsanın da ruhu var idi. Yaradılandan sonra, ruhlar Tanrının yanında olublar və bu yaxınlıqdan məmnun olublar.

Ancaq sonra, onlar, azad iradəli olduqlarına görə, Tanrıdan ayrılmaq istədilər. Bunu bilən Tanrı, ruhları cəzalandıraraq, maddi dünya yaratdı və onları bədənlərə saldı. Bu andan da dünyaların və ruhların dövran etməsi başlamışdı[11]. Deməli maddi dünyalar, ruhi dünyanın əlavəsidir. Ora düşmüş ruhlar islah olunurlar və yenidən öz normal halına qayıdırlar. Dünyalarda ruhlar istirablar keçirir. Bu istirablar, onların Tanrıdan razı qalmamalarına görə verilən cəzadır. Ancaq sonda mərhəmətli olan Tanrı onları xilas edəcək. Bütün ruhlar, o cümlədən İblisin ruhu da, bağışlanacaq və Tanrının hüzuruna qayıdacaq. Xilas olma isə İsanın (Loqosun) vasitəsilə baş verəcək.

Təsiri

redaktə

Origeninn bir çox fikirləri xristian kilsəsi tərəfindən rədd edilmişdir. Ona görə də bütün xidmətlərinə baxmayaraq, o Kilsə müqəddəsi sırasına salınmayıb. Onun dünyaların çoxluğu, ruhların maddi dünyadan əvvəl yaradılması, İblisin xilas olması ideyaları rəsmi Xristianlıq tərəfindən qəbul edilməsə də, onun fəlsəfi irsi Nissalı Qreqorios, Eriugena kimi böyük xristian mütəfəkkirləri üçün bir örnək olmuşdur. Onun dini fəlsəfəsi və metodları xristian əqidəsinin formalaşmasında müəyyən rol oynamışdır.

Origendən sonra onun təliminin çoxsaylı ardıcılları vı tərəfdarları uzun müddət Roma və sonra Bizans inperiyasında fəaliyyət göstərirdilər. Origençilər müəllimlərinin fikirlərindən çıxış edərək inanırdılar ki, insanlar, şeytanlar, mələklər və ümumiyyətli hamı Tanrı tərəfindən son nəticədə xilas olunacaq. Bundan başqa, onlar hesab edirdilər ki, hər bir insanın ruhu əvvəlcə yaradılmışdır və yalnız sonra Tanrı onları bədənlərə yerləşdirir. Deməli, onların inancına görə, ruhlar insanların həyata gəlməsindən öncə yaradılmışdır. Origençilərin əsas ideoloqlarından biri Bizanslı Leontius olmuşdur.

Origençilərin inancları 553-cü ildə imperator Yustinian (Iustinianos) tərəfindən yığılan V Ümumdünya Kilsə Məclisi tərəfindən pislənmişdi. Bundan sonra origençilərə qarşı şiddətli təqiblər keçirilmişdir.

Mənbə

redaktə
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 54-56. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Bostock, Gerald (2003). "Origen: the Alternative to Augustine?". The Expository Times 114 (10): 327. doi:10.1177/001452460311401001 .
  • Heine, Ronald E. (2010). Origen: Scholarship in the Service of the Church. Oxford: OUP. p. 275. ISBN 978-0-19-920908-8.
  • Trigg, Joseph Wilson (1985). Origen: the Bible and Philosophy in the Third-Century Church. London: SCM Press. ISBN 0-334-02234-7.
  • Trigg, Joseph Wilson (1998). Origen. New York: Routledge. ISBN 0-415-11836-0.
  • Crouzel, Henri (1989). Origen. San Francisco: Harper & Row. ISBN 0-06-061632-6.
  • Thomas P. Scheck. Origen and the History of Justification: The Legacy of *Origen's Commentary on Romans. Notre Dame, IN: University of Notre Dame Press, 2008.
  • von Balthasar, Hans Urs. Origen, Spirit and Fire: A Thematic Anthology of His Writings. Washington, DC: Catholic University of America Press, 1984.
  • Williams, Rowan. "Origen: Between Orthodoxy and Heresy", in W. A. Bienert and U. Kuhneweg, eds., Origeniana Septima, 1999, pp. 3–14.
  • Лебедев Н. И. Сочинение Оригена против Цельса. Опыт исследования по истории литературной борьбы христианства с язычеством. — М., 1878.
  • Серегин А. В. Гипотеза множественности миров в трактате Оригена "О началах". — М.: ИФ РАН, 2005. — 197 с. — ISBN 5-9540-0035-2.
  • Саврей В. Я. Александрийская школа в истории философско-богословской мысли. — М.: КомКнига, 2006. — С. 419–547. — ISBN 5-484-00335-0.
  • Цуркан А. В. Ориген: проблема взаимодействия религии и философии Arxivləşdirilib 2011-09-10 at the Wayback Machine. — Новосибирск: 2002.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Origenes // Documenta Catholica Omnia.
  2. Origenes // Catalogue of the Library of the Pontifical University of Saint Thomas Aquinas.
  3. 1 2 3 http://lexikon.katolikus.hu/O/%C3%93rigen%C3%A9sz.html.
  4. BeWeB.
  5. Origen // Post-Reformation Digital Library (ing.).
  6. Eusebius, Historia Ecclesiastica VI.8.
  7. Origenin Bioqrafiyası haqqında daha ətraflı bax: Ориген Arxivləşdirilib 2014-07-21 at the Wayback Machine // Справка А. Меня.
  8. Origenus. Contra Celsum VI Arxivləşdirilib 2017-07-03 at the Wayback Machine.
  9. Origenus. De principiis Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine, prolog 9.
  10. De principiis Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine, III,4–5.
  11. Origenus. De principiis Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine, III, 4.
  NODES
Done 1
reformation 1
Story 1