İnsan penisi

(Penis səhifəsindən yönləndirilmişdir)

Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun. balanos), üzərində şaquli istiqamətdə sidik kanalının xarici dəliyi — lat. ostium urethrae externum yerləşmişdir. penisin iki səthi vardır: yuxarı və ya ön səthi — penis arxası — lat. dorsum penis və aşağı ya dal-sidik kanalı səthi — lat. facies urethralis; yuxarı səthi aşağı səthindən enlidir.

Penis
Kişi cinsiyyət üzvü
Kişi cinsiyyət üzvü
Kişi cinsiyyət üzvü
Kişi cinsiyyət üzvü
Kişi cinsiyyət üzvü
Latınca Penis
Yunanca Phallos
Qrey subyekt 262 1247
Arteriya

Ön və arxa xaya arteriyaları, Arteriya penis şaxələri:
Penis soğanağı arteriyası - lat. art. bulbi penis
penisin dərin arteriyası - lat. art. profunda penis
sidik kanalı arteriyası - lat. art. urethralis

penisin arxa arteriyası - lat. art. dorsalis penis
Vena

Penisin tək və cüt dərialtı səthi venaları - lat. v. dorsalis penis subcutanea

dərin venalar: penisin cüt dərin venası - lat. vv. profunda penis, fassiyaaltı arxa vena - lat. vena dorsalis penissubfascialis
Sinir

Penisin arxa siniri - lat. n. dorsalis penis

lat. nn. erigentis, nn cavernosi
Limfa Qasığın dərin limfa düyünləri və kiçik çanaq limfa düyünləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kişi cinsiyyət üzvü

Penis başının əsası hündür və enli olduğundan penis başı tacı — lat. corona glandis adlanır. Bu tac penis cisminə keçən yerində şırım ilə və yaxud penis başı boynu — lat. collum glandis ilə əhatə olunmuşdur.

Mağaralı cisim

redaktə

Penisin mağaralı cisimləri — lat. corpora covernosa penis silindr şəklində olub ın 3/4 hissəsi bir-birilə birləşmişdir, arxa 1/4 hissəsi ayrı qalaraq penis ayaqcıqlarını — lat. crura penis əmələ gətirir. Penis ayaqcıqları qasıq sümüyü ilə oturaq sümüklərinin aşağı şaxələrindən başlayaraq önə, yuxarı və içəri tərəfə gedir və qasıq bitişməsinin altında bir-birilə birləşir. Mağaralı cismlərin ön ucları nazikləşərək penis başı ilə əhatə olunur. Hər bir mağaralı cismin eninə kəsiyi ellipsə bənzəyir; bunlar bir-birilə birləşdikdə yuxarı və aşağı səthlərində orta xətdə birər şırım əmələ gətirir. Yuxarı səthində olan şırım — lat. sulcus dorsalis aşağı səthində olan şırımdan (lat. sulcus urethralis) zəifdir; bunlardan birinci — penisin arxa damar və sinirlərinə və ikinci — sidik kanalının mağaralı hissəsinə məxsusdur.

Süngəri cisim

redaktə

Penisin süngəri cismi — lat. corpus spongiosus penis silindr şəklində olub penisin mağaralı cismlərinin altında yerləşmişdir və özü də onlardan nazik və uzundur. Penisin süngəri cisminin iki: dal və ön ucu vardır. Dal ucu yoğunlaşaraq penis soğanağı — lat. bulbus penis (bilbus urethra - BNA) adlanır. Penis soğanağı meşə qozu böyüklüyündə olub aralıq əzəlləri arasında düz bağırsağın aşağı hissəsində yerləşmişdir. Süngəri cismin ön ucu çox enliləşərək zəng və ya göbələk papaqçığına bənzər penis başını əmələ gətirir. Onun yuxarı səthi uzun və çıxıq, aşağı səthi isə yastılaşmış və qısa olur. Aşağı səthində zəif bir şırım vardır; bura pülük yüyənilat. frenulum preputii bağlanmışdır. Penis baının arxa kənarı — penis başı tacı — lat. corona glandis papaq kimi penisin mağaralı cisimlərinin ön uclarını örtmüşdür.

Ağlı qişa

redaktə

Penisin mağaralı cisimlərinin hər biri ağlı qişa — lat. tunica albuginea corporum cavernosorum ilə əhatə olunmuşdur. Bu qişa sərt, ağ rəngdə və 1–2 mm qlınlığında olub, iki təbəqə (xaricdə boylama və daxildə həlqəvi) sərt birləşdirici toxuma liflərindən və müəyyən qədər elastik liflərdən təşkil olunmuşdur. Penisin mağaralı cisimlərinin ağlı qişası orta xətdə bir-birilə bitişərək penis arakəsməsini — lat. septum penis əmələ gətirir; ancaq bu arakəsmə mağaralı cisimləri bir-birindən tamamilə ayırmır, çünki onun üzərində şaquli istiqmətdə yarıqlar vardır. Bu yarıqlar vasitəsilə mağaralı cismlərdə olan qan bir tərəfdən digər tərəfə keçir. Ağlı qişanın daxili səthində bir çox atmalar — lat. trabeculae korporum cavernosorum gedərək mağaralı cismi ayrı-ayrı sahələrə və ya mağaralara — lat. cavernae corporum cavernosorum bölür. Bu atmalar süngər və ya mağaralı toxumadan təşkil olunmuşdur. burada elastik liflərdən başqa artıq miqdarda saya əzələ lifləri vardır.

Mağaraların daxili səthi endotel ilə örtülüdür və daxillərində olan boşluqlar qan ilə doludur. Penis ereksiya halında olanda mağaralar genəlir, belə ki, onların boşluqları böyüyür və aralarında olan atmalar nazikləşir. Penis sükut halında olarkən əksinə, mağaralar daralır, atmalar qalınlaşır və boşluqlar yarıq şəklini alır. Penisin süngəri cisminin quruluşu mağaralı cismin quruluşundan fərqlənir. penisin süngəri cismində ağlı qişa — lat. tunica albuginea corporis spongiosi — nazikdir və artıq miqdarda elastik lifləri vardır; bununla bərabər atmalar olduqca qalın və elastikdir; mağaraların həcmi bir ölçüdədir. Penis başının daxili quruluşuna gəldikdə orada iştirak edən toxumanı venoz kələf ilə müqayisə etmək olur; bunun ağlı qişası yoxdur və xaricdən ancaq nazik dəri ilə əhatə olunmuşdur.

Penis fassiyası

redaktə

Mağaralı cisimlərin ağlı qişası xaricdən penis fassiyası — lat. fascia penis ilə əhatə olunmuşdur. Bu fassiya ətraf nahiyyələrdən penisin üzərinə keçərək onu boynunadək örtür. Penisin arxasını örtən hissəsi digər hissələrdən qalındır, çünki burada cinsiyyət əzələlərindən lat. m. ischiocavernosus et m. bulbospongiosus vətərləri onun ilə birləşir. Fassiya elastik birləşdirici toxumadan təşkil olunmuşdur. Penis fassiyası xaricdən dərialtı hüceyrəli toxuma qatı ilə örtülüdür; burada piy toxuması yoxdur, ancaq müstəsna olaraq təkcə penis kökü nahiyyəsində kiçik piy paycıqlarına təsadüf olunur. Bu toxuma penis fassiyası ilə zəif rabitədədir və quruluşuna görə artıq dərəcədə genələ bildiyi üçün, onu örtən penis dərisi olduqca mütəhərrikdir. Sükut halında penis maksimum yığılarkən xayalığın dərisində gizlənir və penis dərisi bir çox büküşlər təşkil edərək sərbəst surətdə sallanır.

Dəri qatı

redaktə

Penisi örtən dəri artıq dərəcədə nazik, şəffaf, elastik və bir az piqmentlidir. Elastiki olduğu üçün çox genələ bilir, ona görə də ereksiya zamanında penis öz şəklini və həcmini dəyişdirməsinə baxmayaraq, tamamilə dəri ilə örtülü olur. Penis dərisinin daxili təbəqəsində həlqəvi istiqamətində gedən saya əzələ lifləri vardır. bu təbəqə xayalığın əzələ təbəqəsinə uyğun olaraq lat. tunica dartos penis adlanır. Penis dərisi aşağı tərəfdən xayalıq dərisinə və yuxarı tərəfdən qasıq dağcığı dərisinə keçir. aşağı səthində orta xətdə zəif tikiş — lat. raphe penis vardır; bu tikiş arxaya doğru gedərək xayalıq tikişi ilə birləşir. penis dərisi tüksüzdür; anca onun kökü nahiyəsində bir az tük vardır.

 
Sünnət — lat. circumcisio əməliyyatı.

Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat. glandulae preputiales (Tysoni - BNA) ifraz olunur; ancaq tərkibində penis başını və pülüyün daxili qatını örtmüş epitel hüceyrələrin söküntüləri vardır. Pülüyün azad kənarı kiçik girdə bir dəlik — lat. ostium preputii vasitəsilə penis zirvəsini əhatə etmişdir. böyüklərdə bu dəlik açıq olduğundan penis zirvəsi xaricdən görünür; uşaqlarda isə örtülü olur, hətta pülük penis başını örtdükdən sonra bir az da aşağı sallanır. Yaşa dolduqda və təkrak koitus nəticəsində pülük genəlir. Sünnət olanlarda lat. glans penis tamamilə açıq qalır. Bəzən lat. ostium preputii o qədər dar olur ki, penis başı xaricə çıxa bilmir, bu hadisəyə fimoz — lat. phimosis deyilir. Bu halda pülüyü əməliyyat edib (lat. circumcisio) penis başını azad etmək lazım gəlir. penis başının yuxarı səthi aşağı səthindən uzun olduğu üçün, pülük də yuxarıda aşağıdan uzun olur və aşağı tərəfdən yüyən — lat. frenulum preputii vasitəsilə penis başının aşağı səthi ilə bitişir.

Pülüyün əhəmiyyəti ondan ibarətdir ki, bir tərəfdən penis başını örtərək onu sürtünmədən mühafizə edir və digər tərəfdən ehtiyat dəri vəzifəsini görür. Ereksiya zamanında penis öz şəklini və həcmini dəyişib artıq dərəcədə uzanarkən pülük gərginləşir və nəticədə onun daxili təbəqəsi xaricə çevrilərək uzanmış penisi örtür. Penis və pülüyün belə mütəhərrik olması koitus zamanı penisin firiksiyasına (qadın cinsiyyət üzvü — uşaqlıq yolunda hərəkətinə) imkan verir.

Bağları

redaktə

Penis öz normal vəziyyətində iki bağ vasitəsilə fiksasiya olunmuşdur: 1) penis asılan bağ — lat. lig. suspensorium penis — birləşdirici toxuma liflərindən təşkil olunaraq qasıq bitişməsinin ön səthindən başlayır, aşağıya doğru gedir və iki dəstəyə ayrıldıqdan sonra penisin arxa səthində ağlı qişaya bağlanır.

Damar və sinirləri

redaktə

Arteriyalar

redaktə

Penis arterial qanı daxili və xarici cinsiyyət arteriyalarından alır. Xarici ciniyyət arteriyası xayalığın və penisin dərisinə lat. arteriae scrotales anteriores şaxəsini və daxili cinsiyyət arteriyası isə penisin mağaralı və süngəri cisimlərinə lat. art. penis, xayalığın dal hissəsinə lat. arteriae scrotales posteriores adlanan şaxələrini verir.

Penis arteriyası daxili cinsiyyət arteriyasından başlayaraq aralıq nahiyyəsində üç şaxəyə bölünür: penis soğanağı arteriyası — lat. art. bulbi penis, penisin süngəri cismini qidalandıran sidik kanalı arteriyası — lat. art. urethralis, penisin mağaralı cismini və qişalarını, pülüyü və penis başını qidalandıran penisin dərin arteriyası — lat. art. profunda penis və penisin arxa arteriyası — lat. art. dorsalis penis. Penisin başı nahiyəsində lat. art. urethralis, art. profunda penis et. art. dorsalis penis bir-birilə anastomozlaşır.

Venalar

redaktə

penisdən yığılan venoz qan iki növ: səthi və dərin damarlar ilə axır. Səthi venalardan venoz qan penisin tək və ya cüt dərialtı arxa venasına (lat. vena dorsalis penis subcutanae) yığışır; bu damar orta xətdə penisin arxası ilə gedərək penisin kökü nahiyəsində bud venasına və ya qıçın böyük dərialtı venasına açılır. Penisin dərin venaları ikidir: 1) penisin cüt dərin venaları (lat. vv. profunda penis) və 2) penisin tək fassiyaaltı arxa venası (lat. vena dorsalis penis subfascialis). Fassiyaaltı arxa vena penis başının arxasında əmələ gələn venoz kələfdən (lat. plexus retroglandularis) başlayaraq penisin arxasında fassiyaaltı ilə dala doğru gedir, qasıq bucağının altında lat. lig. arcuatum pubis ilə lat. lig. transversum pubis arası ilə kiçik çanağa keçir və orada venoz cinsiyyət kələfinə açılır. Bu damar penisin süngəri cismindən və mağaralı cisimlərindən gələn venaları (lat. vv. cavernosae) qəbul edir. Penisin dərin venaları mağaralı cisimlərdən venoz qanı yığaraq sidik-cinsiyyət üçbucağını keçir və daxili cinsiyyət venasına (lat. v. pudenda interna) açılır. penis soğanağından yığılan venoz qan isə bilavasitə cinsiyyət kələfinə axır.

Penisdən başlanan limfa damarları qan damarları kimi səthi və dərin qrupa bölünürlər. Səthi damarlar penisin qişalarından və dərisindən limfanı yığaraq penisin arxası ilə gedir və içəri qrup qasıq limfa düyünlərinə açılır. dərin limfa damarları mağaralı cisimlərdən, sidik kanalından və penis başından limfanı yığaraq fassiyaaltı ilə gedir və qasığın dərin limfa düyünlərinə daxil olur. penisdən gələn bəzi limfa damarları limfanı kiçik çanaqdakı limfa düyünlərinə daşıyır.

Sinirlər

redaktə

Penisin sinirləri iki növdür. hissi və hərəki. Hissi sinirlərə cinsiyyət sinirindən çıxan lat. n. dorsalis penis aiddir. Hər iki sinir simpatik və parasimpatik sinir sistemindən çıxaraq penis əzələlərini və qan damarlarını innervasiya edir və nəticədə ereksiya aktını tənzim edir. Penis simpatik sinirlərini simpatik kötüyün çanaq hissəsindən və parasimpatik sinirlərini (lat. nn. erigentes) I–II oma sinirlərindən alır; bu sinirlər lat. nn. cavernosi adı ilə aşağı qarınaltı kələfdən ayrılır.

Ereksiya mexanizmi

redaktə
 
Penis boş və bərkimiş vəziyyətdə.

Penis cinsi əlaqə üzvlərindən olub xüsusi vəzifə ifa etdiyi üçün ereksiya — lat. erectio (düzlənən) zamanı öz şəklini, həcmini, ölçülərini və vəziyyətini dəyişdirir. Sükut halında penisin uyunluğu 9–10 sm, dairəsi 9 sm, şəkli silindrəbənzər və konsinstensiyası yumşaq olub xayalığın önündə aşağı doğru sallanır. Ereksiya halında şəkli üçüzlü piramidaya bənzəyir, uzunluğu 14–16 sm və dairəsi 12 sm-ə çatır və özü də artıq dərəcədə sərtləşərək önə və yuxarıya doğru qalxır. Penisin ereksiya halına gəlməsi mağaralı cisimlərin və orada olan arterial damarların quruluşundan asılıdır. Mağaralı cisimlərin arteriyalarının (lat. aa. halicinae) divarlarında həlqəvi və boylama saya əzələ lifləri artıq dərəcədə inkişaf etmişdir. Boylama lifləri toplaşaraq müəyyən miqdarda zolaqlar (yastıqlar) əmələ gətirir; bu zolaqlar qan axımının əks tərəfində yerləşərək qapaq vəzifəsini görür. Penis sükutda olarkən bu damarlardan qan orta sürətlə axır, çünki arterial damarların divarında olan yastıqlar və mağaralı cisimlərin atmalarında olan əzələ lifləri müəyyən tonusda olur. Əgər damargenəldici sinir lifləri (lat. nn. erigentes) qıcıqlanarsa, həmin əzələ lifləri və yastıqlar tonuslarını itirərək boşalır və arteriyalar genəlir, nəticədə arterial qan sürətlə penisin mağaralı cisimlərinə axmağa başlayır, orada olan mərkəzi böyük mağaralar qan ilə dolur və təzyiq olduqca artır. Bununla bərabər mağaralı cisimlərin xarici səthinə yaxın sahələr daxildə olan təzyiqin artması nəticəsində ağlı qişaya sıxılır; ağlı qişa artıq dərəcədə gərginləşərək onu dələn venaları (lat. vv. cavernosae) sıxır və nəticədə onların mənfəzləri tutulur; bundan əlavə penisin arxa venası qasıq bucağına sıxıldığı üçün venoz qan oradan çətinliklə axmağa başlayır və penisin dərin venası sidik-cinsiyyət diafraqmasının yığılmasından tamamilə tutulur. Beləliklə ereksiya prosesi bir tərəfdən penisə arterial qanın artıq miqdarda gəlməsindən və digər tərəfdən venoz qanın çətinliklə geriyə axmasından asılıdır. Bunun nəticəsində mağaralı cisimlər artıq dərəcədə qan ilə dolaraq həcmlərini və ölçülərini dəyişərək çox sərtləşir. Ereksiya zamanı penisin mağaralı cisimləri ilə bərabər penisin süngəri cisimi də dəyişir; ancaq burada elastik liflərin artıq olması mağaraların bərabər surətdə qan ilə dolması və venoz qanın maneəsiz axması mağaralı cismin sərtləşməsinə imkan vermir, o öz həcmini və şəklini dəyişdirməklə bərabər yumşaq halda qalır. Bunun artıq dərəcədə fizioloji əhəmiyyəti vardır, çünki buradan keçən sidik kanalı ereksiya zamanında sıxılmayıb açıq qalır və sidik kanalının prostat hissəsinə tullanan torum maneəsiz xaricə (uşaqlıq yoluna) tökülür. Penis başı quruluşca venoz kələfdən təşkil olunduğu üçün sükut vaxtında gıyümtül olur; ereksiya zamanında arterial qan ilə zənginləşdiyi üçün rəngi dəyişib qırmızılaşır, ancaq konsistensiyası yumuşaq qalır. Bunun da fizioloji əhəmiyyəti lat. frictio et immissio penis zamanı qadın cinsiyyət üzvlərinə zədə toxundurulmamasındadır. Penisin ereksiya halının sükuta keçməsi damardaraldıcı sinir liflərinin qıcıqlanmasından damarların divarlarındakı yastıqların və atmalarda olan əzələ liflərinin tonuslarının artmasına, nəticədə damarlar və mağaralar daraldığı üçün arterial qan zəif axmağa başlayır və nəticədə penisin həcmi və ölçüləri kiçilir, sərtliyi itir və vəziyyəti dəyişir.

Mənbələr

redaktə
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Xarici keçidlər

redaktə
  NODES
INTERN 1