Roma legionu (lat. legio, legionis, lego — yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər — bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8–12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi.

Roma legionerləri (rekonstruksiya)
Roma legionu

E.ə. IV əsrdən etibarən legion, silahların və döyüşün aparılmasının təkmilləşdirilməsi ilə əlaqədar müəyyən dəyişikliklərə uğrayır. Təşkilati baxımdan legion 10 manipula və 10 turmadan ibarət olur. Manipula ən aşağı döyüş vahidi idi. Legionun döyüş qaydası, cinahlarında süvarilər önündə isə yüngül silahlanmış piyadalar (velitlər) olan manipullar sırasından ibarət idi. Legion cəbhədən (frontal) bölünürdü ki, bu da manevr imkanını xeyli artırırdı. E.ə. III əsrin birinci yarısında, çoxsaylı müharibələr aparan Roma dövlətində, legion yenidən təşkil olunur. 10 manipula, 120 nəfərdən (triarilər üçün 60) ibarət 30 manipula ilə əvəz olundu. Süvari tərkibi və təşkilatı dəyişmədi. Legionun döyüş qaydası hərəsində 10 manipul olan üç sıradan ibarət idi. Roma legionunun əsas üstünlüyü, onun bir neçə sıraya düzülməsindən və taktiki bölünmə imkanından irəli gəlirdi. Roma qoşunlarının taktiki bölünməsi xeyli manevr imkanları açırdı.[1]

E.ə. II əsrdə, Roma yığma-milis ordusu daimi-peşəkar orduya çevrilir və yenə dəyişikliklərə uğrayır. Legionun cərgələrinin silahlanmasında olan fərqlərin aradan qalxması səbəbindən, legionun velitlərə və ağır silahlanmış (qastat, prinsip, triari) piyadalara bölünməsi ləğv edilir. Yüngül piyadalar da ləğv edilir, süvarilər isə ayrıca qoşun növü kimi legiondan ayrılır. İndi legiona hərəsində 3 manipula olan 10 koqorta daxil idi. Döyüş düzülüşü hərəsində 5 koqorta olan iki sıradan ibarət idi. Koqorta taktiki vahidə çevrilir. Legionun təşkili qəlizləşir, amma onun döyüşdə idarəolunması asanlaşır. Lakin manipulların birləşdirilməsi kəsişən ərazidə manevr imkanını azaldırdı. Legionun döyüş qaydasının taktiki dərinliyi qısaldılır. Velitlərin ləğv edilməsi döyüşün başlanması və ondan yayınma imkanlarını azaldırdı. Döyüşün yeganə forması çevik və qəti hucum olur. E.ə. I əsrdə Qay Yuli Sezar legionu yeni əsaslarla təşkil edir. İndi onun sayı 3000–4500 arasında tərəddüd edirdi. Legion 10 koqorta, divardələn, sapan silahlardan və ehtiyat qatarından ibarət idi. Legionun hərəkətində yardımçı qoşunlar, oxçular və yüngül sapan silahlılar, böyük rol oynamağa başlayırlar. Legionun döyüş qaydası iki-üç sıradan ibarət idi. II–I əsrlərdə romalı ordusu daimi olur, və müharibədən sonra legionlar buraxılmır. Legionun sayı 6100 piyada və 730 süvari, yardımçı qoşunları nəzərə almaqla 10 minə çatır. Respublika dövründə legiona tribunlar başçılıq edirdi (hər legiona 4–6, hər cərgəyə 2 tribun), imperiya dövründə isə leqatlar. Legionun öz sayları və adları vardı. Hər legionun dirəyin üstündə "gümüşdən qartal" olan nişanı vardı. Roma imperiyasının bölünməsi zamanı Şərqi Roma imperiyasında 70, Qərbi Roma imperiyasında isə 63 legion vardı.

Mənbə

redaktə
  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.4 səh.585–586

İstinadlar

redaktə
  1. Маркс К., Енгельс Ф. Соч. Изд. 2-е. Т.14, с.20
  NODES
dada 1
dada 1
Done 1