Süjet (fr. sujet - əşya, predmet) — Ədəbi əsərin məzmununu təşkil edən, ardıcıl inkişaf edən hadisələr.[1] Fransız sözü olub,əsərdə təsvir olunan mahiyyət və hadisə deməkdir. Süjet ssenariyə oxşar struktura malikdir: aydın başlınğıc, dinamik inkişaf, kulminasiya və final[2]. Bədii filmdə adətən 3, ən çox 7 süjet xətti olur.

D.N.Uşakovun lüğətində bədii əsərin əsas məzmununun şərh edildiyi hərəkət və hadisələrin məcmusu.[3]

Süjet nədir?

redaktə

Əsli fransızca olan süjet sözünün bədii ədəbiyyatda mənası hərəkət, hadisə və tiplərin əsərdəki məzmunla əlaqədar olan məcmusudur. O, xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün bir vasitədir. Süjetin əsasında konfilikt və onun həlli yolu dayanır.[4] Süjet epik, dramatik, hətta lirik əsərlərdə də olur. Lirik əsərlərdə süjet olduqda ona süjetli lirika deyilir.

Tiplər və onların xasiyyətlərinin necə inkişaf etməsi, başqa adamlarla əlaqəsi, hadisələrdəki inkişaf xətti süjetin əsasını təşkil edir. Hər hansı bədii əsərdəki əhvalat və hadisə müəyyən bir məqsəd daşıyır, bir və ya bir neçə süjet xətti üzərində qurulur.[5]

Əsərdə verilən əhvalatın, tiplərin, hadisələrin inkişaf etdirilməsi süjetin inkişaf etdirilməsidir. Yazıçı insanları və onların hadisələrə olan əlaqəsini göstərmək üçün faktları seçib ümumiləşdirir, səciyyəvi saydığı hadisələri verir.

Süjet əlaqələr, ziddiyyətlər, hüsnü-rəğbət, nifrət və ümumən insanların bir-birilə münasibəti - bu və ya başqa bir xarakterin, tipin tarixi və təşkilidir.

M.Qorki

Bədii ədəbiyyatın təhlilində süjetlə əlaqədar olaraq fabula sözü də istifadə olunur. Latın dilindən alınan bu sözün bədii ədəbiyyatdakı mənası məzmunda nəzərə çarpan əsas hadisələrin qısa, ardıcıl və süjet xətti ilə əlaqədar şəkildə yığcam nəql edilməsidir. Süjet əsas konflikti əhatə edirsə fabula bu konfliktin inkişafı ilə bağlı olan konkret hadisələri əhatə edir. Bir çox alimlər fabula ilə süjet arasında ciddi fərq görmədiklərindən bunlardan birini, yəni süjeti əsas götürürlər.[5]

Süjetin inkişafı

redaktə

Bədii müqəddimə

redaktə

Əsərdə təsvir olunan hadisənin şəraitini, vəziyyətini, məkanını, vaxtını göstərən hissə bədii müqəddimə və ya ekspozisiya adlanır. Bədii müqəddimə ümumi süjet haqqında yığcam məlumat verən hissədir. Yazıçı süjet qurmaq üçün bədii müqəddimədən və ya ekspozisiyadan istifadə edir. Bədii müqəddimə hadisələr üçün ilk zəmin hazırlayır, bu hissədə hadisələrin necə cərəyan edəcəyi məlum olur. Bundan sonra əsərin düyün nöqtəsi başlanır. Surətlərin xarakteristikası haqqında ilk qısa məlumatı da məhz bu hissədə alırıq.

Düyün

redaktə

Bədii əsərdə müqəddimənin davamı ilə əlaqədar olaraq yaranan ziddiyyət və ya münaqişənin (konfliktin) başlanğıcına düyün deyilir. Bəzən düyünə əlaqə və münasibətin inkişafı da deyilir.

Ekspozisiyadan sonra gələn hadisələr adətən zavyazka, yəni düyün yaratma adlanır. Zavyazka əsərdə baş verməli olan düyünlü hadisənin ilk epizodlarıdır. Həmin epizodla əsərdə əks mövqedə və qütbdə duran obrazlarının münasibətlərini aydınlaşdırır. Bu münasibətləri tədricən, hadisələr fonunda, onların nəticəsi kimi verə bilmək dramaturqun sənətkarlığının mühüm göstəricisi sayılır.[6]

Kulminasiya

redaktə

Əsərin əsasını təşkil edən hadisə öz gedişinin ən gərgin nöqtəsinə çatır və onun qəhrəmanların əsərdəki taleyini tamamlayan nəticələrini ortaya çıxarır. Bu hissədə münasibətlər aydınlaşır, əsas hadisə baş verir və ya hadisənin üstü açılır.[6]

Nəticə

redaktə

Nəticə yaxud razvyazka – düyünün açılması deməkdir və əsərdəki hadisələrin bitməsidir. Peşəkar yazıçı hadisələrin bütün mərhələlərində olduğu kimi, razvyazkanı da hadisələri tələsdirmədən qələmə alır. Əsas surətlərin bir çox xüsusiyyətləri və müəllifin əsas fikri məhz razvyazka mərhələsində qabarıq şəkildə üzə çıxır.[6]

Proloq (yun. πρόλογος - ön söz) əsərin mətnində xüsusi səhifədən başlanan müəllif qeydləridir. Müəllif əksər hallarda əsərin süjet xətti və ideyası haqqında yığcam məlumat verməklə oxucuda ona qarşı maraq doğurur və özünün hadisələrə münasibətini ümumi şəkildə bildirir. Proloq bədii əsərin süjet xəttinə daxil olmasa da onun aydınlaşdırılmasına yardım edir. Antik ədəbiyyatda dramaturqlar proloqdan daha çox istifadə edirdilər. Müasir ədəbiyyatda isə proloqdan daha çox epik əsərlərdə istifadə olunur.[7]

  Əsas məqalə: Epiloq

Epiloq (yun. έπίλογος - son söz) - əsər bitdikdən sonra müəllifin qeydlərindən ibarət bədii nəticə. Bəzən yazıçı əsəri bitirdikdən sonra ona olduqca yığcam və qısa bir şəkildə bədii sonluq verir. Bu sonluqda ya əsərin ideyası ümumi və bədii şəkildə verilir, ya da hadisənin, qəhrəmanların sonrakı taleyi göstərilir. Epiloq çox zaman yazıçının əsərdə demək istədiklərini tamamlayır.[8]

Ümumiyyətlə istər epiloq, istərsə də proloq bədii əsər üçün vacib şərt deyildir. Onlar olmasa əsərin süjet xətti pozulmaz. Lakin müvəffəqiyyətli proloq və epiloq əsərin bədii təsir qüvvəsini artırır.

Epiqraf

redaktə
  Əsas məqalə: Epiqraf

Əsərin birinci səhifəsinin başında yazılan başqa bir müəllif qeydinə epiqraf (yun. επιγραφή -qəbirüstü yazı) deyilir. Epiqrafda ya əsərin həsr edildiyi şəxsin adı göstərilir, ya da onun məzmunu ilə bağlı hikmətli fikir və ifadə verilir. Bəzi hallarda əsərin ayrı-ayrı hissələrinə də ayrıca epiqraflar verilir.[9]

İstinadlar

redaktə
  1. "Сюжет - это ..." 2014-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.
  2. Ssenari yaradıcılığı I. Dərs vəsaiti, Bakı - 2015, 144 səh.
  3. "Д.Н. Ушаков Большой толковый словарь современного русского языка". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.
  4. Qəhrəmanlı, Nazif. Ədəbiyyat nəzəriyyəsi (az.). Bakı: BQU-nun mətbəəsində. 2008. 20–21.
  5. 1 2 Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1958. s. 67
  6. 1 2 3 "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008. s. 267" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-04.
  7. Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1958. s. 70
  8. Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1958. s. 71
  9. "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008. s. 268" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-04.
  NODES