Saspens

(Saspens (gərginlik hissi) səhifəsindən yönləndirilmişdir)

Saspens (ingiliscə qeyri-müəyyənlik, narahatlıq, intizar mənasındadır) — adamın intizar, narahtlıq keçirən halını təsvir edir. Mədəniyyət elmində oxucu və ya tamaşaçılarda yaranan gərginliyi xarakterizə edir. Bu sözün latınca mənası hər hansı bir halın qeyri-müəyyən vəziyyətdə olması deməkdir. Bu gərginliyin yaranması üçün zəmin yaradır.

Azərbaycan dilində bu termin adətən kinematoqrafiya sahəsinə aid işlədilir. "Saspens" sözü ilə bədii effekt, tamaşaçının filmə tamaşa etdiyi zaman xüsusi uzunmüddətli həyəcanlı vəziyyəti ifadə olunur. Saspensdən bir priyom kimi, adətən trillerlərdə və qorxu filmlərində istifadə edilir. Saspensin iki əsas növü vardır: açıq saspens və qapalı saspens[1]. Qəhrəmanın təhlükədə olduğunu tamaşaçı bilir və narahat olursa, qəhrəmanın isə bundan xəbəri yoxdursa, bu, açıq saspensdir. Tamaşaçı təhlükənin olduğunu bilirsə, amma onun harada olduğu nə tamaşaçıya, nə də qəhrəmana məlumdursa, bu qapalı saspensdir.

Kinematoqrafiyada saspensin istifadəsi bir qayda olaraq tanınmış "saspens sənətkarı" Alfred Xiçkokun adı ilə əlaqələndirilir. Xiçkok öz filmlərində çox məharətlə həyəcanlı qeyri-müəyyənlik, gərgin gözlənti abu-havası, qeyri-müəyyənlik qorxusu, nə isə qorxulu bir şey duyumu yarada bilmişdir. Xiçkokdan sonra bu priyomdan həm hollivud kinosunda, həm də digər ölkələrin kinematoqrafiyasında geniş istifadə olunmuşdur. Saspensdən istifadənin ən bariz nümunələrindən biri "Helluin" (ABŞ, 1978) qorxu filmi sayılır. Bu filmdə rejissor Con Karpenter bəlkə Xiçkokdan da daha uğurlu bir şəkildə saspens effekti yarada bilmişdir.

  1. SSenari yaradıcılığı I. (Dərs vəsaiti), Bakı, 2015, 144 səh
  NODES