Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[1][2][…]10 yanvar 1951[3][1][…], Roma[3])) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930).

Sinkler Lüis
ing. Sinclair Lewis
Doğum adı Harry Sinclair Lewis
Təxəllüsü Tom Graham
Doğum tarixi 7 fevral 1885(1885-02-07)[1][2][…]
Vəfat tarixi 10 yanvar 1951(1951-01-10)[3][1][…] (65 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti romançı, dramaturq, jurnalist, yazıçı
Əsərlərinin dili ingilis dili
İstiqamət ədəbi realizm
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi.

Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.

Erkən yaşlarından macəra axtarmağı sevir və bir yerdə qərar tuta bilmirdi. Üç il oxuduqdan sonra universiteti atıb sosialist kommunasında işə düzəlmişdi. Lakin az keçmədən kommuna da onu bezdirmişdi. Sinkler ədəbiyyatla daha ciddi məşğul olmaq məqsədi ilə Nyu-Yorka getmişdi. İlk hekayələrini buradakı ədəbi jurnallarda çap etdirməyə müvəffəq olmuşdu. Sonra yenidən macəra axtarışlarına çıxaraq Panama kanalının tikintisində işləmişdi. 1908-ci ildə Yel universitetini bitirməsi haqqında diplom almışdı.

Bir müddət Kaliforniya ştatındakı rəssamlar icmasında yaşayan Sinkler 1910-cu ildə yenidən Nyu-Yorka dönmüş, beş il müxtəlif nəşriyyat və redaksiyalarda çalışmışdı. Öz etirafına görə həyatının Kaliforniya dövründə ehtiyac üzündən bir sıra hekayələrinin ideya və süjetini Cek Londona satmalı olmuşdu. Cek Londonun süjetini Sinklerdən pulla aldığı əsərlərdən biri də onun "Qətllər bürosu" romanıdır. Amma London bu romanı yalnız başlamağa imkan tapmışdı. O, 1922-ci ildə qəflətən vəfat etmiş və roman yazılmamış qalmışdır. Bu romanın süjetinə görə aldığı qonorar Sinkler Lüisə özünə yeni palto almağa çatmışdı.

Sinkler Lüis ilk ciddi əsərini – "Bizim cənab Vrenn" romanını 1914-cü ildə çap etdirmişdi. Romanın gənc və xəyalpərvər qəhrəmanının timsalında müəllifin özünü tanımamaq mümkün deyildi. Əslində, Sinklerin bir yazıçı kimi peşəkar fəaliyyəti də bu romanla başlamışdı. Adı məşhurlaşdıqdan sonra redaksiyalar və nəşriyyatlar ona kifayət qədər yüksək qonorar ödəməyə başlamışdılar. Məsələn, təkcə bir hekayəsinə görə Sinkler populyar "Saterdey ivninq post" jurnalından həmin dövr üçün çox böyük məbləğ – min dollar almışdı. Bu da artıq cəmiyyətdə tanınan yazıçının bütün diqqətini yaradıcılığa yönəltməsinə imkan yaratmışdı.

O, çoxsaylı hekayələrlə yanaşı, biri-birinin ardınca "İş" (1917), "Sadəlövhlər" (1917), "Açıq havada" (1919), "Baş küçə" (1920) romanlarını çap etdirmişdi. Sonuncu əsər Sinkleri ABŞ-nin kəskin sosial mövzulara və ictimai tənqidə üstünlük verən tanınmış yazıçıları sırasına çıxarmışdı. Bu romanda Amerikanın əyalət həyatı özünün bütün miskinliyi, məhdudluq və təkəbbürlülüyü ilə əks olunmuşdu. Müəllifin ictimai mövqeyi əks fikirlər və mübahisələr doğursa da, "Baş küçə"nin bədii məziyyətlərinin yüksəkliyi yekdilliklə qəbul edilmişdi.

"Baş küçə"nin ardınca Sinkler Lüis hər birində Amerika cəmiyyətinin çeşidli problemləri qaldırılan, lakin ziddiyyətli təsir bağışlayan və mübahisə doğuran əsərlər çap etdirmişdi. "Bebbit" (1922), "Errousmit" (1925), "Elmer Hentri" (1927) kimi romanlarında o, amerikan orta təbəqəsinin həyatını sərt, hətta sarkastik boyalarla təsvir etmişdi. "Errousmit" romanına görə yazıçı 1926-cı ildə nüfuzlu Pulitser mükafatına layiq görülsə də özündən daha layiqli müəlliflərin diqqətdən kənarda qaldığını bildirərək mükafatdan imtina etmişdi.

Bundan dörd il sonra isə amerikan yazıçısı "güclü və ifadəli təhkiyə sənətinə, satirik və yumoristik çalarlarla zəngin yeni tip və xarakterlər yaratmaq sahəsindəki nadir istedadına görə" Nobel mükafatı aldı. İsveç Akademiyasının daimi katibi Erik Karlfeldt təqdimat nitqində Sinkler Lüisi 120 milyonluq Amerika xalqının fikir və hisslərini ifadə edən yeni amerikan ədəbiyyatının təmsilçisi adlandırmış, onu ədəbi fəaliyyətindəki yenilik və tənqidi ruh baxımından qitənin çoxsaylı çətinliklərə və mübhəmliklərə sinə gərən ilk sakinləri ilə müqayisə etmişdi.

Laureat isə "Ədəbiyyat qarşısında amerikalı qorxusu" adlandırdığı Nobel mühazirəsində Fenimor Kuperdən başlayan və yüz ildən bir qədər çox yaşı olan amerikan ədəbiyyatını əsasən tənqidi baxımdan gözdən keçirmişdi. O, həmvətənləri Lonqfello, Louell, Helms, Elkott kimi sənətkarları "avropalıların sentimental təqlidçiləri" adlandırmışdı. Sinklerin fikrincə, həyat həqiqətləri və amerikan gerçəkliyinə sağlam tənqidi münasibət üzərində qurulan yeni nəsrin tarixi əslində H.Harlendin yaradıcılığı ilə başlamışdı. Adı çəkilən müəllifi o, eyni zamanda həm də özünün sənət müəllimi sayırdı.

Sinkler Lüis də Nobel aldıqdan sonra əvvəlki əsərləri ilə müqayisədə daha zəif yazan laureatlar sırasına daxil edilir. Müəllifin 1930-1940-cı illərdə çap olunan 10-dan çox romanının əksəriyyətini ədəbi tənqid soyuq qarşılamış, yaxud mənfi qiymətləndirmişdi. Həyatının son illərində Sinkler onu tanıyanların yaddaşında daha çox qalmaqallı adam və içki düşkünü kimi qalmışdı.

Əsərləri

redaktə
  1. Bizim mister Renn (Our mr Wrenn, 1914)
  2. Kapitalizmin qürubu (məqalə, 1914)
  3. Qartal uçuşu (The Trail of the Hawk, 1915)
  4. (The Innocents, 1917)
  5. İş (The Job, 1917)
  6. (Free Air, 1919)
  7. Baş küçə (Main Street, 1920)
  8. Bebbir (Babbitt, 1922)
  9. Errousmit (Arrowsmith, 1925)
  10. Tələ (Mantrap, 1926)
  11. Elmer Hentri (Elmer Gantry, 1927)
  12. Kulici tanıyan adam (kitab) (The Man who knew Coolidge, 1928)
  13. Dodsvort (Dodsworth, 1929)
  14. Ucuz və razı işçi qüvvə (pamfler) (Cheap and Contented Labor, 1929)
  15. Ədəbiyyat qarşısında amerikalı qorxusu" (The American Fear of Literature, Nobel nitqi, 1930)
  16. Bizdə bu mümkün deyil (roman) (It Can't Happen Here, 1935)
  17. Kinqsblad – şagların törəməsi (Kingsblood Royal, 1947)
  18. Dünya elə genişdir ki (roman) (World so Wide, 1951), yazıçının ölümündən sonra nəşr olunub

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
  3. 1 2 3 4 Льюис Синклер // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Mənbə

redaktə
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
Done 1