Xırda sinir lifləri neyropatiyası
Xırda sinir lifləri neyropatiyası və ya incə lif neyropatiyası və ya xırda lif periferik neyropatiyası - periferik sinirlərin xəstəliyidir. Burada əsasən və ya yalnız xırda somatik sinir lifləri, vegetativ sinirlərin lifləri və ya bunların hər ikisi zədələnmiş olur. Nəticədə hissiyatın (sensor) pozulması və/və ya vegetativ (vegetativ sinir sistemi) pozuntular inkişaf edir. Periferik sinir liflərinin bir neçə növü vardır. Bu bölgü sinirlərin diametri (qalınlığı) və miyelinizasiya dərəcəsindən asılıdır. İri sinir lifləri qalın miyelin örtüyünə malikdir və onlara A-alfa lifləri (hərəki sinirlər) və A-beta lifləri (vibrasiya və toxunma hissini ötürən sinirlər) aid edilir. Orta diametrli sinir lifləri və ya A-qamma liflər də miyelinizasiya olunub və impulsları əzələlərə daşıyır. Xırda diametrli liflər isə miyelinizasiya olunmuş A-delta liflərdən və miyelinizasiya olmamış C-liflərdən ibarətdir. Bu liflər dərinin (somatik liflər) və həmçinin ürək və saya əzələlər (vegetativ liflər) də daxil olmaqla qeyri-iradi hərəkətləri təmin edən əzələlərin innervasiyasını təmin edir. Birlikdə bu liflər ağrı, termal hissiyyat və vegetativ funksiyaları təmin edir. Xırda sinir liflərinin neyropatiyası əsasən xırda diametrli miyelinizasiya olunmuş A-delta və miyelinizasiya olunmamış C liflərinin zədələnməsi nəticəsində inkişaf edir. Xırda diametrli somatik sinir liflərinin zədələnməsi və ya itirilməsi adətən yuxarı və aşağı ətraflarda müşahidə edilən ağrı, yanğı hissi, dəridə qarışqa yeriməsi hissi və keyləşmə simptomları ilə müşayiət olunur. Bu simptomlar ətrafların distal hissələrində daha çox, proksimal hissələrində isə daha az özünü büruzə verir. Nadir hallarda xırda sinir liflərinin neyropatiyası nəticəsində simptomlar əllərdə, üzdə və ya gövdədə qeydə alınır. Simptomlar ilkin olaraq yüngül dərəcəli olur və xəstələrin bir qismi bir və ya hər iki ayağında diskomfort hissindən şikayətlənir. Digərləri isə ayaqlarının “taxta” kimi bərkiməsi, ayaq barmaqlarının keyləşməsi və ya yeriyəndə sanki qum üstündə və ya tenis şarları üzərində yəridiklərindən şikayətlənir. Xəstələri daha çox narahat edən isə ayaqlarda olan yanğı ağrısıdır. Bu patoloji yanğı hissi ayaqlarda topuğadək və əllərdə biləyədək sahəni əhatə edir və çox vaxtı küt ağrı və ya iynə batması və ya elektrik şok tipli ağrı kimi hiss edilir. Simptomlar adətən daha çox özünü gecələr büruzə verir və xəstələrin yuxusuna təsir göstərir. Bəzi xəstələrin isə dediyinə görə, ayaqları o qədər həssas olur ki, hətta döşəkağının (mələfənin) onlara toxunmasından belə ağrının şiddətlənməsi baş verir. Bu səbəbdən də həmin xəstələr yatanda ayaqları örtmür. Az sayda xəstədə ağrı hiss etməsə də, ayaqlarında sıxılma və ya şişkinlikdən şikayətlənir (halbuki, ayaqlarda heç bir şişkinlik qeydə alınmır). KİÇİK LİFLİ NEYROPATİYANIN ƏSAS ETİOLOJİ SƏBƏBLƏRİ.
Xırda sinir liflərinin neyropatiyası bir çox xəstəliklər və sağlamlıqla bağlı tibbi problemlərlə bağlı inkişaf edir. Bunların sırasında aşağıdakılar xüsusilə qeyd etmək lazımdır:
- qlyukozanın metabolizminin pozulması,
- birləşdirici toxuma xəstəliyi,
- tiroid vəzinin funksiyasının pozulması,
- vitamin B12 çatışmazlığı,
- paraproteinemiya,
- İİV infeksiyası,
- HCV infeksiyası,
- seliakiya və ya qlyuten enteropatiyası,
- narahat ayaq sindromu,
- neyrotoksik dərmanın təsiri,
- irsi xəstəliklər
- paraneoplastik sindrom.
Xəstələrin fiziki müayinəsində aşağıdakı obyektiv nəticələr əldə edilə bilər:
- Allodiniya: adi halda ağrı yaratmadığı halda (məs., yüngül toxunma) ağrıya səbəb olan stimulyasiya (qıcıqlandırıcı),
- hiperalgeziya: adi halda ağrı yaratmalı olan faktorun (qıcıqlandırıcının) təsiri nəticəsində gözləniləndən daha güclü ağrının hiss edilməsi,
- paresteziya: qıdıqlanma, iynə batma və ya qarışqa yeriməsi hissi,zədələnmiş zonada iynə batması və termal hissiyatın zəifləməsi.
- vibrasiya hissiyatı da ayaq barmaqlarında yüngül dərəcədə azalmış olur.
- əzələlərin gücü, vətər refleksləri və propriosepsiya isə pozulmamış olur, çünki onlar iri diametrli sinir lifləri ilə innervasiya olunur.
Neyropatik ağrıların ümumi xarakteristikası belədir: dayanıqlı xarakterə malikdir, uzunmüddətli olur, analgetiklər ağrının aradan qaldırılmasında effektiv olmur, müxtəlif sensor (hissi) əlamətlərlə müşayiət olunur: paresteziya, hiperesteziya, dizesteziya, allodiniya, nevralgiya, vegetativ simptomlarla müşayiət olunur, motor pozulmalar müşahidə edilmir.[1]