Yaqubi
Yəqubi (ö. 897-ci il) — tarixçi, səyyah
Yəqubi | |
---|---|
ərəb. أحمد بن إسحٰق بن جعفر بن وهب بن واضح اليعقوبي | |
Doğum tarixi | IX əsr[1] |
Doğum yeri | Bağdad, Ərəb Xilafəti |
Vəfat tarixi | |
Vəfat yeri | Ərəb Xilafəti |
Atası | Əbu Yəqub İshaq ibn Vazeh |
Fəaliyyəti | coğrafiyaşünas, riyaziyyatçı, riyaziyyat tarixçisi[d], tarixçi |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həyatı
redaktəƏhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qulamı idi. O, Bağdad şəhərinin salınmasında fəal iştirak etmiş, şəhərin böyük bir hissəsinin tikintisinə rəhbərliyi həyata keçirmişdi. 775-ci ildə Mənsur onu Ərməniyyə vilayətinin valisi təyin etdi. Növbəti Abbasi xəlifəsi Mehdi onu Misirə vali göndərdi. Lakin az sonra Vazeh xəlifə Mehdinin əmri ilə edam olundu (785–786; bəzi məlumatlara görə Vazehin edamı Harun ər-Rəşidin zamanında baş vermişdir).
Yəqubi ehtimala görə Bağdadda doğulmuş, gənclik illərini Ərməniyyə vilayətində (yəni Azərbaycan torpaqlarında) keçirmişdi. Onun Tahirilərin xidmətində olması barədə də ehtimallar vardır (Yəqubi Tahirilərin fəthləri barədə müstəqil kitab da yazmışdır). Təqribən 874-cü ildə Yəqubi əvvəlcə Hindistana, daha sonra Misirə və məğrib diyarına səfər edir. Çox güman ki, o, ömrünün sonuna kimi Şimali Afrikada yaşamış və Misirdə dünyasını dəyişmişdir. Əsərlərindən məlum olduğuna görə, Yəqubi coğrafiya, nücum (astronomiya) və ədəbiyyatı yaxşı bilirmiş. Onun Bizans və Afrika tarixinə, habelə, sair mövzulara həsr olunmuş bir neçə əsəri itmişdir. Yəqubinin dövrümüzüdək gəlib çatmış ədəbi irsi məşhur tarix salnaməsi və qismən qorunub saxlanmış "əl-Buldan" (Şəhərlər) kitabı ilə məhdudlaşır.
Yəqubi hərtərəfli və ümumiləşdirilmiş tarix kitabı yazan ilk müsəlman müəllifi sayılır. O və "əl-Əxbar-üt-tival" əsərinin müəllifi Əbu Hənifə Dinəvəri monumental müsəlman tarixçiliyinin baniləridirlər. Yəqubinin əsəri Həzrət Adəmin yaradılışından başlayaraq, müəllifin yaşadığı dövrə kimi keçən mərhələni əhatə edir. Müəllif kitabı iki cilddə hazırlamışdır. I cild islama qədərki tarixi əhatə edir. Burada qədim peyğəmbərlərin tarixi, Hindistan, Yunanıstan və Roma, İran (Sasanilər), Çin, Misir və Nubiya torpaqlarının tarixi, habelə, islamdan əvvəlki Ərəbistanda baş vermiş hadisələr işıqlandırılır. II cild isə Həzrət Məhəmməd peyğəmbərin doğuluşundan 15-ci Abbasi xəlifəsi Mütəmidin hakimiyyətinin əvvəllərinə (873-cü il) qədərki xilafətin tarixini əks etdirir.
Yəqubi öz kitabında yalnız tarixi hadisələri sadalamaqla kifayətlənmir, yeri gəldikcə təsvir etdiyi dövrün ictimai-siyasi və mədəni mənzərəsini də verir. Əsərdə qədim dünya dövlətlərinin coğrafiyası, siyasi quruluşu, millətlərin adət-ənənələri və dini dünyagörüşləri barədə faydalı məlumatlara rast gəlirik. Məlumatlardakı bu zənginlik və dolğunluq yəqin ki, Yəqubinin müxtəlif bölgələrə etdiyi səyahətlər nəticəsində əldə olunmuşdur.
Yəqubi öz əsərində şiə əqidəsində olduğunu gizlətmir. O, Qədir-Xum əhvalatını tam qətiyyətlə təsvir etmişdir. Onuncu imama kimi (Yəqubinin kitabı bu dövrə kimi baş verənləri əhatə edir) hər bir məsum imamın vəfatı kitabda öz əksini tapmışdır; üstəlik, imamların müxtəsər tərcümeyi-halı və şəhadətə çatdırılma şəraiti təsvir olunmuş, hikmətli kəlamlarından nümunələr verilmişdir.
İstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.