Yeddi yunan müdriki

Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər.

Nürnberq salnaməsində Yeddi Müdrik

Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər.

Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir[1]. Onların hamısı m. ö. VII – VI yüzilliklərdə yaşamışdılar.

“Yeddi müdrik” hesab edilən insanlar həyatın təcrübəsindən bəhrələnərək hikmətli sözlər və kəlamlar demişdirlər. Bu da onların müdrikliklərindən irəli gəlirdi. Bu əxlaqi kəlamlar xalqın yaddaşında qalmış, nəsillərin tərbiyə edilməsində böyük rol oynamışdır. Onların fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, bu kəlamlarda dini və mifoloji məzmun olmamışdır. Bu da o zaman ənənəvi yunan dünyagörüşünün böhran keçirməsindən xəbər verir. Burada tanrılar və igidlər aləminə qarşı qnome’lər (yun. γνώμη – fikir) adlanan qısa aforizmlər şəklində verilmiş müdrik ifadələr yer almışdır. Bununla da əsatirlər və dini inanclardan asılı olmayan dünyagörüşünün əsasları qoyulurdu ki, bu da fəlsəfənin yaranması üçün çox vacib amil olmuşdur. “Yeddi müdrikin” qnomelərinin nümunələri bunlardır:

“Görkəminlə deyil, əməlinlə seçil” (Miletli Fales);

“Yeni dostları qazanmağa, köhnələri rədd etməyə tələsmə” (Solon);

“Sözü yalnız yeri gələndə de” (Bias);

“Hər şeyi qədəri ilə et, həddi aşma” (Pittakus);

“Verdiyin sözü pozma” (Periander);

“Bədən və ruhun sağlam olmalıdır” (Kleobulos);

“Dilin ağlının önünə keçməsin” (Xilon). [2]

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, c. 16-18.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.

İstinadlar

redaktə
  1. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p.21-22.
  2. "Мещеряков Б.Г., Мещерякова И. А., Введение в человекознание. М.: Российский гуманитарный университет, 1994, c. 94-96". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  NODES