Yeni Cənubi Uels Universiteti
Yeni Cənubi Uels Universiteti (ing. University of New South Wales) — Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərinin şəhərətrafı qəsəbəsi olan Kensinqtonda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Yeni Cənubi Uels Universiteti | |
---|---|
33°55′01″ c. e. 151°13′57″ ş. u.HGYO | |
Əsası qoyulub | 1949 |
Tip | Dövlət |
Tələbə sayı | 50,838[1] |
Şəhər | Sidney şəhərinin Kensinqton şəhərətrafı qəsəbəsi |
Ölkə | |
Sayt | unsw.edu.au |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİkinci Dünya müharibəsindən sonra dövlətin bərpa və inkişafı üçün əsas rol elm və texnologiyanın güclənməsindən asılı olduğu üçün Yeni Cənubi Uels ştatı hökuməti yüksək səviyyəli mühəndis və texnologiya üzrə mütəxəssis hazırlayan ali məktəb yaratmaq qərarına gəlir. 9 iyul 1946-cı ildə Yeni Cənubi Uels ştatının təhsil naziri Bob Heffron texnologiya institutunun yaradılması haqqında sənəd imzalayır. Bununla belə, ştat hökuməti yeni ali məktəb yaratmaqdansa, mövcud olan Sidney Texniki Kollecini genişləndirmək qərarına gəlir.
Ştatın parlamenti tərəfindən 1949-cu ildə qəbul edilən qanundan sonra ali məktəb Yeni Cənubi Uels Texnologiya Universiteti adlandırılır. Yeni Cənubi Uels Texnologiya Universitetinin birinci prezidenti sonradan ali məktəbin inkişafında önəmli xidmətləri olmuş Artur Denninq təyin edilir. İlk vaxtlar burada dəqiq, texniki elmlər öyrədilsə də, sonradan humanitar sahələr əlavə edilir. Ali məktəbin binası (hazırda Sidney Texnologiya Universiteti) Sidneyin mərkəzi hissəsində, Ultimo şəhərətrafı qəsəbəsində yerləşir. Lakin 1951-ci ildə Yeni Cənubi Uels ştatı parlamenti Kensinqtonda ali məktəbin yeni binalarının tikilməsi barədə qanun qəbul edir. 1958-ci ildə Kensinqtonda yerləşən universitet Texnologiya Universitetindən tamamilə ayrılmaq məqsədi ilə Yeni Cənubi Uels Universiteti adlandırılır. 1960-cı ildə ali təhsil ocağı tədris proqramını genişləndirərək burada incəsənət və tibb, 1971-ci ildə isə hüquq fakültəsi açır. 1951-ci ildə Nyu-Kaslda, 1961-ci ildə isə Vullonqonqda Yeni Cənubi Uels Universitetinin kollecləri yaradılır, sonradan bu kolleclər müstəqil universitetlərə çevrilir.
2009-cu ildə Yeni Cənubi Uels Universiteti yaranmasının 60 illik yubileyini qeyd edir. 2010-cu il mayın 28-də universitetdə Loui Onkoloji Elmi Mərkəzi açılır. Mərkəz layihənin həyata keçirilməsi üçün 10 milyon dollar xərcləyən biznesmen Frenk Louinin şərəfinə adlandırılıb və ölkədə xərçəng tədqiqatları üzrə ən böyük müəssisələrdən biridir. Burada 400-dən çox tədqiqatçı çalışır.
Müasir vəziyyəti
redaktəYeni Cənubi Uels Universitetinin əsas kampusu Kensinqton şəhərətrafı qəsəbəsində 38 hektar ərazidə yerləşir. Universitet məşhur Sidney çimərliklərindən cəmi 5 km məsafədədir. Universitetin Təsviri İncəsənət Kolleci Paddinqton şəhərətrafı qəsəbəsində, Avstraliya Müdafiə Qüvvələri Akademiyası isə Kanberra şəhərindədir. Ali məktəbin COFA, Randvik, Kudji, Botani, Litl-Bey, Di-Uay, Kouen, Manli-Veyl və Foulers-Qep ərazilərində əlavə kampusları mövcuddur.
Əsas kampus coğrafi mövqeyinə görə yuxarı və aşağı hissələrə bölünüb. Həmin iki yerə bölünmüş hissənin mərkəzində keçidi xatırladan qeyri-adi Jon Niland Scient tikilisi yerləşir. Tikilinin bir başından o biri başına piyada keçmək üçün 15 dəqiqəlik yol var. Universitet haqqında dərc olunan yazıların əksəriyyətində bu tikilinin şəkli göstərilir.
Yeni Cənubi Uels Universitetində tələbələrin məskunlaşması üçün Filipp Bakster, Basseru, Qoldşteyn, Yeni, Uorreyn, Beynəlxalq, Şalom, Kreston rezidensiya-kollecləri mövcuddur. Bu kolleclərin hər biri, öz növbəsində, bir neçə yataqxana binası, idman kompleksi və meydançaları, mağaza, bərbərxana, bank, restoran və kafelərdən ibarətdir. Yataqxanalarda tələbələr ən müasir şəraitə malik, mebel və avadanlıqlarla təchiz olunmuş otaqlarla təmin edilirlər. Burada tələbənin sağlamlığı, təhlükəsizliyi, daşınması üçün hər bir şərait yaradılıb.
Yeni Cənubi Uels Universitetində aşağıdakı fakültə və məktəblər fəaliyyət göstərir:
- İncəsənət və ictimai elmlər fakültəsi universitetin əsas hissəsindən biridir və Təhsil, İngilis dili, Media və İfaçılıq incəsənəti, Tarix və Fəlsəfə, Dillər və linqvistika, İctimai elmlər və Beynəlxalq tədqiqatlar məktəblərindən ibarətdir.
- Təsviri incəsənət fakültəsi İncəsənət, İncəsənət təhsili, Tarix və İncəsənət nəzəriyyəsi, Dizayn tədqiqatları, Media incəsənəti məktəblərindən, eləcə də COFA onlayn akademik bölməsindən ibarətdir.
- Ətraf mühit quruculuğu fakültəsi arxitektura hesablaması, arxitektura tədqiqatları, tikinti layihələrinin idarəolunması, sənaye dizaynı, interyer arxitekturası, planlaşdırma, landşaft arxitekturası ixtisasları üzrə bakalavr, memarlıq, daşınmaz əmlak/mülkiyyət və inkişaf, planlaşdırma ixtisasları üzrə magistratura və doktorantura proqramları təklif edir.
- Mühəndislik fakültəsində Biotibbi, Kimya, Vətəndaş və Ətraf mühit, Kompüter elmləri, Mexanika və Maşınqayırma, Neft işlənməsi, Fotoqalvanik və Yenilənə bilən enerji, Dağ-mədən, Araşdırma və Məkan informasiya sistemləri (əvvəllər Geodeziya) mühəndisliyi, Elektrotexnika və Telekommunikasiya məktəbləri mövcuddur. Bu, universitetin ən böyük fakültəsidir və mütəmadi olaraq kompüter elmləri üzrə keçirilən müxtəlif reytinqlərdə qabaqcıl yerlərdə dayanır. Bu fakültənin tələbələri dünya üzrə bir sıra məşhur layihələrdə iştirak edib ("RoboCup" standart platforma liqası ("rUNSWift" 2006 və 2010-cu illər), "Sunswift" günəş avtomobili, "SAE-Racing" formula avtomobilləri, "BLUEsat" peyki və s.). Yeni Cənubi Uels Universitetinin Mühəndislik fakültəsi Asiya-Sakit okean regionunun bu sahə üzrə ən nüfuzlu təhsil mərkəzidir.
- Dəqiq elmlər fakültəsi Aviasiya, Material elmlər və mühəndislik, Psixologiya, Biologiya, Yer və Ərtaf mühit elmləri, Riyaziyyat və Statistika, Risk və Təhlükəsizlik elmləri, Biotexnologiya və Biomolekulyar elmlər, Optometriya və Görmə elmi, Kimya, Fizika məktəblərindən ibarətdir və universitetin ikinci ən böyük fakültəsidir. Fizika məktəbinin nəzdində Kvant Kompüter Texnologiyaları Mərkəzi, Kimya məktəbinin yanında isə Analitik mərkəz fəaliyyət göstərir.
- Hüquq fakültəsi Hüquq və Vergilər məktəblərindən, Avstraliya Hüquq İnformasiyası İnstitutu, Kinqsford Hüquq, Qilbert-Tobin İctimai Hüquq, İnsan hüquqları, Yerli Xalqların Hüquqları, Hüquq təhsilinin davam etdirilməsi və s. mərkəzlərdən ibarətdir. Fakültənin Hüquq cəmiyyəti və Qanun Revyu Cəmiyyəti adlı tələbə təşkilatları mövcuddur.
- Tibb fakültəsinə Tibbi elmlər, Psixiatriya, Səhiyyə, Qadın və Uşaq Sağlamlığı, Şahzadə Uels Kliniki, Kənd rayonları Kliniki, Müqəddəs Georq, Müqəddəs Vinsent, Cənub-Qərbi Sidney Kliniki məktəbləri, eləcə də 4 xəstəxana daxildir.
- Biznes Məktəbinin nəzdində Mühasibatlıq, Sığorta tədqiqatları, Bank işi və Maliyyə, Biznes qanunu və Vergilər, İqtisadiyyat, İnformasiya sistemləri, Texnologiya və Menecment, Marketinq, Təşkilatçılıq və İdarəçilik, Strategiya və Sahibkarlıq məktəbləri, eləcə də 10 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Məktəb AGSM MBA, AGSM Executive (İcraedici), biznes və texnologiya üzrə magistr proqramları təklif edir və bu proqramlar Avstraliyada ən yaxşılardan hesab olunur.
Avstraliya Müdafiə Qüvvələri Akademiyasının kampusu Kanberra şəhərinin Kempbell şəhərətrafı qəsəbəsində yerləşir. Akademiya Avstraliyanın müdafiə, hərbi hava, hərbi dəniz qüvvələrinin kiçik zabitlərinə ali hərbi və akademik təhsil verir. Ali məktəbdə bakalavr, magistr və doktorluq dərəcələri təklif olunur. Avstraliya Müdafiə Qüvvələri Akademiyası 1967-ci ildə Avstraliya Müdafiə Nazirliyi və Yeni Cənubi Uels Universitetinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb. 1998-2006-cı illərdə akademiyanın tələbə və əməkdaşları bir sıra hadisələrə görə ictimaiyyətin ittihamları ilə üzləşmişdilər. Həmin andan ali məktəb əvvəlki etibarını qazanmağa səy göstərir.
Yeni Cənubi Uels Universitetində 69-dan çox elmi-tədqiqat mərkəzi mövcuddur. Onlardan ən nəhəngi 5 milli tədqiqat mərkəzidir (Kvant hesablaması, Milli İnformasiya və Kommunikasiya Texnologiyaları, Görmə üzrə, Fotoelektrik və Fotonika, Narkotik vasitələr və Alkoqolizm milli tədqiqat mərkəzləri). Həmçinin universitetdə 6 institut, 4 xəstəxana fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, bu ali məktəbdə YUNESKO Membran Elmi və Texnologiyası, Uzaqdan hissetmə və Coğrafi Sistemlər beynəlxalq elmi-tədqiqat müəssisələri yerləşir.
Yeni Cənubi Uels Universitetinin kitabxana sistemi 3 milyona yaxın kitab və digər materiallara malikdir.
Yeni Cənubi Uels Universitetinin prezidenti 2006-cı ildən bu vəzifədə çalışan professor Frederik Hilmerdir. Prezidentin 3 vitse-kansler müavini və 4 pro-vitse-kansler köməkçisi var. Fakültə və məktəblər dekanlar tərəfindən idarə olunur. Bu ali təhsil ocağında ümumilikdə 6014 nəfər işçi çalışır. Onların 2497 nəfərini akademik, qalanlarını isə inzibati heyət təşkil edir.
2009-2010-cu tədris ilində universitetdə tələbələrin ümumi sayı 46630 nəfər olub. Tələbələrin 25000-nə qədərini bakalavr, qalan hissəsini isə magistrant, doktorant və tədqiqatçılar təşkil ediblər. Ali məktəbdə dünyanın 177 ölkəsini təmsil edən 11686 gənc qeydə alınıb. Dünya üzrə universitetin 210200-dən çox məzunu var. Yeni Cənubi Uels Universiteti dünya təhsilindən təcrübələnməyə xüsusi diqqət ayırır. Bu məqsədlə burada dünyanın 32 ölkəsinin 190 universiteti ilə mübadilə proqramları təşkil olunub.
Yeni Cənubi Uels Universiteti tədrisin və innovativ tədqiqatların təşkilinə görə beynəlxalq elmi dairələrdə yüksək nüfuz əldə edib. Bu ali təhsil ocağında alim və tələbələr əməkdaşlıq edərək yeni-yeni elmi tədqiqatlar həyata keçirirlər. Bununla yanaşı, müəllim və tələbələr dərsdən sonra bir sıra təşkilat və tədbirlərdə bir araya gələrək cəmiyyət üçün yararlı olmağa çalışır, köməyə ehtiyacı olan ailə və şəxslərə hərtərəfli yardım göstərirlər (insan hüquqları, sağlamlığı, ətraf mühitin mühafizəsi, mədəni və maarifləndirici tədbirlər və s).
Simvolları
redaktəYeni Cənubi Uels Universitetinin şüarı belədir:
"Əl və ağılla elmǃ" |
Ali məktəb fəaliyyəti və nailiyyətləri ilə bu şüarı doğrultmaqdadır.
Xarici əlaqələri
redaktəYeni Cənubi Uels Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, "Universitas 21"[4] beynəlxalq elmi-tədqiqat assosiasiyasının üzvüdür.
Büdcəsi
redaktə2009-2010-cu tədris ilində Yeni Cənubi Uels Universitetinin gəlirləri 11344787 Avstraliya dolları olub. Bu məbləğin 5907210 dolları əmtəə satışları, 2130000 dolları maliyyə sazişləri, 437659 dolları sponsorların yardımı, 684996 dolları gildiya, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.
Həmin tədris ilində ali məktəbin xərcləri isə ümumilikdə 11817091 Avstraliya dollarına bərabər olub. Xərclərin 4460838 dollarını işçilərin əməkhaqqı, 3725967 dollarını satılmış əmtəə qiyməti, 1058136 dollarını amortizasiya, 320064 dollarını kommunal xidmətlər, 219681 dollarını mühafizə, qalanlarını isə başqa məsrəflər təşkil edib.
Təhsil haqqı
redaktəYeni Cənubi Uels Universitetində, dünyanın digər universitetlərində olduğu kimi, tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq dəyişir. Hər il burada təhsil haqqı artırılır. 2010-2011-ci tədris ilində əcnəbi tələbələrin təhsil haqqı təxminən 18800-35000 Avstraliya dolları arasında dəyişir.
Yeni Cənubi Uels Universitetinin hesablamasına əsasən, tələbəyə 1 il Sidneydə qalmaq üçün (təhsil haqqını çıxmaq şərti ilə) orta hesabla 18000-20000 Avstraliya dolları tələb olunur.
Yeni Cənubi Uels Universitetində müxtəlif təqaüdlər mövcuddur. Yeni Cənubi Uels Universiteti kooperativinin təklif etdiyi əsas təqaüdün məbləği ildə 15000 Avstraliya dolları təşkil edir. Burada 1000-25000 Avstraliya dollarına qədər məbləğdə təqaüd proqramları var (yerli əhali, əcnəbi ölkələrin təmsilçiləri, maliyyə durumu çətin olan tələbələr üçün və s.). Avstraliyanın bölgələrindən olan tələbələr üçün universitet 20-yə yaxın təqaüd proqramı təklif edir, təqaüdün orta məbləği isə 9500 Avstraliya dollarıdır.
Reytinqi
redaktə2015/16[5] | 2014/15[6] | 2013/14[7] | 2012/13[8] | 2011/12[9] | 2010/11[10] |
---|---|---|---|---|---|
46 | 48 | 52 | 52 | 39 | 39 |
2003[12] | 2004[13] | 2005[14] | 2006[15] | 2007[16] | 2008[17] | 2009[18] | 2010[19] | 2011[20] | 2012[21] | 2013[22] | 2014[23] | 2015[24] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
152-200 | 153-201 | 153-202 | 151-200 | 151-202 | 152-200 | 152-200 | 151-200 | 151-200 | 101-150 | 101-150 | 101-150 | 101-150 |
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Mah Bou Tan – Sinqapurun milli inkişaf naziri;
- Rodjer Korbett – Avstraliya Ehtiyat Bankının sədri;
- Lüsi Ternbull – Sidney şəhərinin sabiq meri;
- Monika Attard – Avstraliya Radioyayım Korporasiyasının sahibi;
- Duqlas Daft – "Coca-Cola" şirkətinin sabiq icraçı direktoru;
- Uol Kinq – "Leighton Holdings"in baş direktoru;
- Adam Kennedi – texnologiya üzrə alim, ixtiraçı proqramçı;
- Metyu Reyli – yazıçı;
- Druzilla Moceska – yazıçı;
- Maykl Venden – üzgüçülük üzrə olimpiya çempionu;
- Ceyn Sevill – qaçış üzrə olimpiya çempionu.
Mənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Yeni Cənubi Uels Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 01.10.2010, № 38. (az.)
İstinadlar
redaktə- ↑ "University of New South Wales". MyUniversity. Australian Government. 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-27.
- ↑ "UNSW: A portrait" O'Farrell, Patrick 1999 p33; ISBN 0868404179
- ↑ "The Baxter Years" Willis, Albert Henry 1983 p29 ISBN 0868400572
- ↑ "Universities 21 - Members". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ "QS World University Rankings (2015)". 2015-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "ARWU - The University of New South Wales". Shanghai Ranking Consultancy. 2015. 2020-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
Xarici keçidlər
redaktə- unsw.edu.au — Rəsmi saytı