Oğlan (Şımpırlı Sevgili)

Oğlan
Müəllif: Şımpırlı Sevgili
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Məni xəcalətdə qoyub gedibsən,
Sidq ilə yolunu gözlərəm, oğlan.
Cənnəti-Rizvanı, huri-qılmanı,
Sən olmayan yerdə neylərəm, oğlan?

Xəstə əhvalımla qaldım zarıncı,
Dost-qohum danlağı, düşman gülüncü.
Sinəmin üstündə narı, turuncu,
Bir səndən ötəri bəslərəm, oğlan.

Sevgiliyəm, dərdə çara gəl, gətir,
Xar olan çəməndə gül-çiçək bitir.
Əgər gələsisən, bir xəbər yetir,
Çatan əcəlimi əylərəm, oğlan.

  NODES