Şahqulu ağa Təkəli üsyanı

Şahqulu ağa Təkəli üsyanı və ya Şahqulu baba üsyanı — 1511-ci ildə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş üsyan. Bu hərəkat Antalya, Manisa, İzmir, Qaraman, Mərsin, Konya, Qırşəhir, Tokat, Amasya, YozqatÇorumda məskunlaşmış ələvilər tərəfindən başlanmışdı. Şahqulu baba üsyanı Anadoluda osmanlılara qarşı dini zəmində baş vermiş ilk böyük üsyanlardan biridir. Şahqulu baba üsyanının baş verməsi ilk növbədə Səfəvi təriqətinin Osmanlı ərazisində məskunlaşmış şiələrə təsirləri ilə əlaqələndirilsə də, onun dərin ictimai kökləri də var idi.

Şahqulu baba üsyanı
Osmanlı İmperiyası
Tarix 1511-ci il
Yeri Antalya, Manisa, İzmir, Qaraman, Mərsin, Konya, Qırşəhir, Tokat, Amasya, Yozqat və Çorum
Səbəbi

Köçəri türkmən tayfalarının Osmanlı hakimiyyəti tərəfindən oturaq həyata keçirilməsi və Osmanlı məmurlarının sərt rəftarına məruz qalmaları Osmanlı daxilində hakimiyyətə qarşı baş verən narazılıqlar Osmanlı şahzadələri arasında baş verən hakimiyyət mübarizəsinin əhaliyə təsiri

Osmanlı torpaqlarında yaşayan sufiləri öz ətrafında birləşdirmək
Nəticəsi Nurəli Xəlifə tərəfindən üsyan dayandırılır.
Münaqişə tərəfləri

Osmanlılar

Qızılbaşlar

Komandan(lar)

Şahqulu
Xəlifə

Xadim Əli paşa
Həsən paşa
Qaragöz Əhməd paşa

İtkilər

bilinmir

200,000 Sivil

Belə ki, Şahqulu baba üsyanı Şah İsmayılın təhriki ilə başlayan bir üsyan deyil. Bu üsyan Şah İsmayıla rəğbət bəsləyən qrupların yaşadıqları ağır həyat şəraiti, Osmanlı şiələrinin məskunlaşdığı ərazilərdə vergi siyasətinin sadə insanların marağına cavab verməməsi nəticəsində qiyama qalxmasıdır. 1509-cu il zəlzələsi və II Bəyazidin ölüm xəbərləri üsyanın baş vermə səbəblərindən idi.

Şahqulu baba Təkəli haqqında

redaktə

Şahqulu babanın kimliyi haqqında istər Osmanlı qaynaqlarında istərsə də Səfəvi qaynaqlarında müxtəlif məlumatlar mövcuddur. Şahqulu baba üsyanının mərkəzi Kiçik Asiyanın cənub-qərbində, Aralıq dənizi sahillərində yerləşən Təkə eli idi. Bu üsyanın təşkilatçısı və rəhbəri olan Şahqulu baba bu bölgənin Qorqudeli qəzasının Yanlı (Yalınlı) kəndindən idi və Səfəvi təriqətinə inanclı olan bir ailəyə mənsub idi. Yalınlı kəndi, Antalya ilə Efesi bir-birinə bağlayan əski Roma ticarət yolu üzərindəydi. Bu yol Döşəməaltı civarındakı qışlaqlarıyla Qorqudelinin şimali-şərqində olan Bozmusa dağındakı yaylaqları arasında gedib gəlirlərkən köcəri təkəlilər tərəfindən də işlənilirdi.[1]Osmanlı mənbələrində onun doğum yeri haqqında müxtəlif fikirlər mövcuddur. Osmanlı tarixçisi Gelibolulu Mustafa Əli Şahqulunun doğum yerini Təkəli sancağının Almalı kəndi olduğunu bildirir. Anonim Osmanlı mənbəsi isə onu Təkə elinə bağlı Qızılqaya bölgəsində anadan olduğunu qeyd edir.[2]

Hər iki qaynaqlarda Şahqulunun atasının Qızılbaş Həsən xəlifə adlı şəxs olduğu qeyd olunmuşdur. Həsən xəlifə Səfəvilərin müridlərindən biri idi. O, bir dəfə Şeyx Cüneydin iki dəfə də Şeyx Heydərin xidmətində olmuşdur.[3] Rəvayətə görə, Şeyx Heydər onu qırx dərvişlə çilləxanaya göndərir və qırx günün axırında digər dərvişlər azuqələrini bitirsə də, Həsən xəlifə ərzaqlarına toxunmadan şeyxə qaytarır. Buna görə də Şeyx Heydər ona Təkə elini vermişdi. Həsən xəlifə Təkə elində böyük nüfuz qazanmış, ətrafına çoxlu müridlər toplamışdı.[4] Rumlu bu barədə yazır:

"Mürşidi-kamil ona rüxsət verib Təkkə-eli vilayətinə yolladı. Elə ki o diyara çatdı, öz mənzilində qərar tutdu. Sultan Heydərin sufilərindən biri olan Pirə Sinan məclisdə hazır olanlara dedi: — Həsən xəlifə gəldi, lakin özü ilə birlikdə Təkkə-eli vilayətinə yanar bir atəş də gətirdi. O zaman Allah-taala Şahqulu Babanı Həsən xəlifəyə bəxş etdi. Qış vaxtı təkə-yaxırlu camaatı arasında olurdu və yayı təkərmişlü icmasının arasında keçirirdi. Ondan kəramətlər baş verirdi və adamlar ona tabe olurdular. Qeyd edildiyi kimi, o, Rumda qiyam qaldırdı."[5]

Həsən xəlifə Təkə elindəki tərəkəmələr arasında səfəvi ocağının təbliğatını aparırdı. Bu barədə Oqtay Əfəndiyev yazır: "Sultan Heydərin bir qızılbaş mürşidi kimi fəaliyyətdə olduğu vaxtlarda Anadoludan Həsən xəlifə adlı bir şəxs iki dəfə İrana getmiş, Sultan Heydərdən "dəsturul-əməl" alaraq Təkə elinə qayıtmışdı. Deyilənə görə, o öz elinə qayıtdıqdan sonra Sultan Heydərin müridlərindən olan Pirə Sənan belə uzaqgörənlik etmişdi: "Həsən xəlifə gəldi, amma o, Təkə elinə yanar bir atəş gətirdi". Doğrudan da, Həsən xəlifənin Təkə elinə apardığı atəş və qan oldu. Onun sonrakı fəliyyəti bu sözlərin doğruluğunu təsdiq etdi".[6]

Atasının Ərdəbil səfərləri ilə əlaqədar olaraq Şahqulu da uzun müddət Səfəvi müridlərinin arasında olmuş və təriqət ruhunda tərbiyələnmişdi. Həsən baba ilə Şahqulu babada Səfəvi təriqətinə mənəvi bağlılıq çox güclü idi. Bunun nəticəsi idi ki, onlar hər ikisi yaşayışlarını tərk edərək bir mağaraya sığınmışdılar və vaxtlarını orada ibadətlə keçiridilər. Etiqad sahibi olmaları, maddi dünyadan uzaq düşmələri onlara qarşı yerli əhalinin hörmət və ehtiramını da artırmışdı. Osmanlı tarixçisi Aşıqpaşazadə yazır ki, hətta onların dərin etiqad sahibi olmaları Sultan II Bəyazidə də çatmış və o da hər il Həsən baba və onun oğluna 6–7 min ağca göndərməyə başlamışdı.[7]Lakin bu məlumata başqa qaynaqda rast gəlinmir. Digər bir türk tarixçi Firidun Əməcən isə bu faktı belə açıqlayır ki, Səfəvi dövlətinin Osmanlı daxilində dini təhdid ünsürü olmasından qabaq II Bəyazid bütün təriqətlərə maddi dəstək verirdi.[8]

Atasının ölümündən sonra onun yerini və məqamını Şahqulu baba tutdu. Əsil adı Qarabığ baba olan Şahqulu baba sonradan özünə bu adı Şah İsmayıla bağlılığının göstəricisi kimi götürmüşdü. Şahqulu baba — Şah İsmayılın qulu anlamında idi və bununla Qarabığ baba Şah İsmayıl ideyalarına necə sədaqətli olmasını göstərmək istəyirdi. Şahqulu və Həsən xəlifənin Səfəvi ordeninə bağlılıqlarına görə Osmanlı mənbələri ümumiyyətlə onlara qarşı mənfi və sərt mövqe nümayiş etdirirlər. Belə ki, Şahqulu Osmanlı qaynaqlarında və arxiv sənədlərində "Sofu, Şeytanqulu, Qarabığoğlu, Mülhid" adları ilə qarşımıza çıxır. Osmanlı tarixçilərindən Xoca Sadəddin , Cəlalzadə Mustafa ondan "Şeytanqulu", Gelibolulu Mustafa Əli "Qarabığoğlu", Münəccimbaşı isə "Mülhim" kimi bəhs edir. Üsyanın və onun iştirakçılarının miqyası nəzərə alındıqda, xüsusilə köçəri türkmən qruplarının nəzərində bu insanların "Şeyx, Sufi, Baba, Xəlifə" kimi mənəvi titullara sahib olması onların xarizmasını gücləndirir. Səfəvi dövrü tarixçisi Həsən bəy Rumlu isə "Əhsən ət-Təvarix" əsərində ondan Şahqulu baba kimi bəhs edir. Rumlunun Şahqulu üçün "ata" mənasını verən "baba" ifadəsindən istifadə etməsi onun tərəfdaşları nəzdində ata obrazı kimi güclü bir nüfuza malik olduğunu göstərir.[9]

Şahqulu baba atası kimi bir müddət mağara həyatını davam etdirdi və bununla o bir daha dünya malından uzaq olmasını nümayiş etdirdi. Mağara həyatının sürülməsi, günün əksər hissəsinin dua və ibadətdə keçirilməsi təriqət və etiqad əhlinin həyatında xüsusi yer tuturdu. Şahqulu baba da bu yolu davam etdirdi, etiqadı, həyat mövqeyi və savadı ilə ətrafına xeyli mürid toplaya bilmişdi. Şahqulu baba özünün sədaqətli xəlifələrini ətraf bölgələrə, o cümlədən qərbi AnadoluyaRumeliyə (Avropa ərazilərinə) göndərdi və onların vasitəsilə təriqət təbliğatını genişləndirdi. Bəzi tarixi ədəbiyyatda isə Şahqulu baba xəlifələrinin Osmanlı dövlətinin Avropa ərazislərinə və qərbi Anadoluya göndərilməsi Şah İsmayılın tələbi ilə baş vermişdi.[10]

Üsyanın səbəbləri

redaktə

Şahqulu baba üsyanının baş verməsi ilk növbədə Səfəvi təriqətinin Osmanlı ərazisində məskunlaşmış şiələrə təsirləri ilə əlaqələndirilsə də, onun dərin ictimai kökləri var idi.

Mərkəzi hakimiyyətin zəifləməsi

redaktə

Osmanlı qaynaqları Şahqulu üsyanı zamanı mövcud siyasi mühitə nəzər saldıqda, sözügedən qiyamın ortaya çıxmasında Osmanlı İmperiyasında hakimiyyət boşluğunun faktorlardan biri olduğunu yazır. Münəccimbaşı "Sahaifu’l- Ahbâr fi Vekayii’l-Asar" əsərində bu barədə yazır ki, şahzadələr arasında taxt döyüşləri, II Bəyazidin səhhətinin yaxşı olmaması səbəbindən, dövlət işləri vəzirlərin əlində idi. İdarəni əlində tutan vəzirlər və dövlət xadimləri təbəələrə qarşı haqsızlığa yol verirdilər. Belə ki, onların əhaliyə münasibəti, rüşvət alması və rüşvətlə timar paylaması nəticəsində mərkəzi hakimiyyət zəifləmiş və bu vəziyyət Şahqulu üsyanına yol açmışdı. Digər bir Osmanlı dövrü tarixçisi Gülibolu Mustafa Əli isə əsərində bu fikri belə izah edir ki, şahzadələrin sancaqlarını tərk etməsi və taxt tac mübahisələri Osmanlıda hakimiyyət boşluğuna səbəb olmuş və bu vəziyyət Şahzadə Qorqudun sancağını tərk etməsi ilə kuliminasiya nöqtəsinə çatmışdı.[11]

Sultanın dövlət işlərindən uzaqlaşması nəticəsində rüşvətxorluq və haqsızlıq get-gedə artmış, təbəələr canlarından bezmişdilər. Bu dövrdə insanların sosial həyatında davamlı tənəzzül müşahidə olunur. Timarların rüşvətlə verilməsi nəticəsində timar sahiblərinin çoxu torpaqsız qaldı və onlar qidalanmaq üçün başqa yollara əl atdılar. Necə ki, timarsız qalan sipahilər dərdlərini dövlətə izah edə bilməyəndə Şahqulu üsyanına qoşularaq qiyamın geniş ərazilərə yayılmasına və xaotik mühitin yaranmasına səbəb oldular.[11]

Sosial-iqtisadi səbəblər

redaktə

Təkə, İstanos və Almalu kimi bölgələrdən ibarət olan Təkə sancağında XVI əsrdə yarı köçəri türkmən əhalisinin bütün əhaliyə nisbəti %40–50 idi. Hələ XV əsrin II yarısında Osmanlı İmperiyasında yaşayan türkmən zümrələrində başlayan mərkəzləşmə prosesi ilə paralel sosial-iqtisadi problemlər meydana çıxmışdı. Bu barədə türk müəlliflər yazırlar ki, mərkəzi hakimiyyətin bu qrupları oturaq həyata keçməyə məcbur edərək daha çox vergi toplamaq cəhdləri və bu məqsədlə təyin edilmiş qismən devşirmə mənşəli yerli idarəçilərin barışmaz rəftarları, görünür, onlarla dövlət arasında uçurum yaratmaq üçün kifayət etmişdi. Bu idarəçilərin əksəriyyəti öz maraqlarını təmin etdikləri bu qrupların həyat tərzlərini, adət-ənənələrini və inanclarını xor görürdülər. Əli ibn Əbdülkərimin Xəlifə Yavuz Sultan Səlimə təqdim etdiyi və II Bəyazidin dövründə yaşanan problemlərin əsaslarına işarə edən hesabatda yazır ki, hakimlər yoxsulların haqqını əllərindən almağa başlayıb, mərhum bir adamın sərvəti hakimlər, naiblər, mütəseyidlər arasında talan edilir. Cəmiyyətdə tarazlıq pozulub, bir tərəfdən yoxsulluqdan əziyyət çəkən insanlar kütləsi, digər tərəfdən isə çox firavan bir təbəqə yaranıb. Əli ibn Əbdülkərim xəlifə öz hesabatında təbəələrin bu vəziyyətini belə izah etmişdir; "…biri toxluqdan ölür, o biri yoxluqdan…". Bundan əlavə o yazır ki, II Bəyazid yalnız İstanbul və Ədirnədəki alim və fikir sahiblərinə əhəmiyyət verirdi. Anadolu ilə maraqlanmadığı üçün orada yaranan sosial-iqtisadi problemlərdən xəbərsiz qalmışdı. Yenə hesabatda o, II Bəyazidi tənqid edərək, sanki yalnız İstanbulƏdirnə sultanı kimi davrandığını söyləyir.[12]

Dövrün qaynaqlarından da göründüyü kimi, sosial-iqtisadi problemlər səbəbindən mərkəzi hakimiyyətin etdiyi təzyiqlərə müqavimət göstərən qruplar təkcə Qızılbaş türkmənləri deyil, həm də sünni kəndliləri və timar sahibi sipahilər idi. O zaman demək olar ki, qızılbaşlarla sünniləri bu üsyanda bir araya gətirən ortaq səbəb sosial-iqtisadi amildir. Arxiv sənədlərində qeyd olunur ki, rəiyyət qızılbaşlardan deyil, torpaqsız qalan sipahilərdən zərər çəkmişdilər. Şahqulu üsyanının qısa müddətdə genişlənməsi və Anadolunu təhdid etməsində timarı əllərindən alınan təkəli sipahiləri böyük rol oynadılar. Təkəli sipahilərin Şahqulunun tərəfinə keçməsi Osmanlı arxiv sənədlərində belə öz əksini tapmışdır:[13]

"…hətta Təkkə əyalətinin süvarilərinin əksəriyyəti onlara tabe oldu və keçmişdə bir-iki min bədxah bir yerə toplaşdı və onların başçısı Şahqulu idi."[13]

Dini səbəblər

redaktə

Şahqulu baba üsyanının baş verməsində Səfəvi təriqəti təəssübkeşlərinin təbliğat təsiri sözsüz ki, istisna deyildi. Səfəvi təriqətinin təbliği yerlərə göndərilmiş Səfəvi xəlifələrinin qarşısında dayanan başlıca vəzifə idi. Bu təriqətin dəyərlərini təbliğ etməklə xəlifələr sufilərin saylarını artırmağa çalışırdılar. Sufilərin sayının artırılması, tərəfdaşların sıralarının genişləndirilməsi xəlifələrin həm də dini vəzifəsi idi. Eyni zamanda Şeyx Səfi xanəgahından da təriqət təbliğatçıları öz səfərləri zamanı təriqətin təbliğinə və onun sıralarının artırılmasına səy göstərirdilər. Əslində, təriqət daxilində təriqət dəyərlərinin təbliği və öyrədilməsi üçün işlək bir sistem yaradılmışdı və ona görə də Osmanlı şiələri və qeyri-şiələri, Səfəvi hərəkatı ilə sıx əlaqələri olan türk boyları arasında Şah İsmayılın mürşidi olduğu Səfəvi təriqət ideyalarının təbliği geniş xarakter almışdı. Lakin bu məqamın özünün də bir çaları odan ibarət idi ki, ağır dolanışıq şəraiti və mürəkkəb ictimai-siyasi vəziyyət Osmanlı şiələrini Şah İsmayıl hərəkatına çıxış yolu kimi baxmağa və Səfəvi təriqəti ətrafında daha sıx toplaşmağa sövq edirdi.[14]

Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasiya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyil edirdilər. O cümlədən, Şahzadə Qorqud hakimiyyət uğrunda mübarizə apararkən Şahqulu baba ilə görüşmüş və öz mübarizəsində onun da nüfuzundan istifadə etməyə çalışmışdı.[14] Səfəvi təriqət dəyərlərinin Osmanlı ərazisində özünə geniş tərəfdar tapmasının bir səbəbi kimi də bu təriqətin insanlara daha böyük sərbəstlik vəd etməsi idi. Bu sərbəstlik onların həyatını necə qurmasında, hərbi xarakterli işlərdə könüllü şəkildə iştirak edə bilməsində, təriqət dəyərlərinə könüllü bağlılığında tapmalı idi. Bunun əksinə olaraq, Osmanlı sultanlığı onun ərazisində yaşayan türkman boylarını oturaq həyata keçməyə məcbur edir, vergi toplanışlarının artırılması üçün onların sayını nəzarət altında saxlamaq istəyir, bu boyların iqtisadi fəaliyyətlərini müəyyən çərçivəyə salmağa çalışmaqla etnik hüquqlarına da biganə yanaşırdı. Bu isə mövcud vəziyyətə və hakimiyyətə qarşı narazılıqları artırmaqda idi.[1]

Lakin Şahqulu üsyanı tamamilə dini üsyan deyil, daha çox Osmanlı İmperatorluğunun öz inzibati və sosial-iqtisadi quruluşunda parçalanmağı və pozulmanı lazımi səviyyədə görə bilməməsinin, əyalət hakimlərinin zülmkar münasibətinin nəticəsidir. Arxiv mənbələri də göstərir ki, iki fərqli inanc olan sünni qızılbaş qruplarını bir araya gətirən ortaq ünsürlər ilahiyyatdan çox sosial-iqtisadi problemlərdir. Mənbələrdə həmçinin qiyamın teoloji mahiyyətinin sünni-qızılbaş qarşıdurması baxımından deyil, Mehdilik ideologiyası olduğu da görünür.[15]

Şahqulunun Mehdi ritorikası və xarizmatik liderlik keyfiyyətləri tərəfdarları arasında gözlənilən dəstəyi toplamağına gətirib çıxarmışdı. Şahqulu üsyanının teoloji ölçüsü baxımından üsyançılar arasında mehdilik ifadələrinin ön planda olduğunu söyləmək mümkündür. Lakin üsyanın başçısı Şahqulunun və türkmənlərin Qızılbaş olması, onların Şah İsmayıla sədaqəti də diqqətdən kənarda qalmamalıdır. Bu, mühüm dini istiqamətdir. Ərdəbil lojası ilə əlaqəsi olan Təkəli türkmənlərinin Şahqulu üsyanında iştirakını belə şərh etmək olar ki, Şahqulunun Ərdəbil lojasına bağlı Qızılbaş sufi olması Təkəli bölgəsindəki türkmənlərin ona tabe olmasına şərait yaratdı.[16]

Siyasi səbəblər. Osmanlı dövləti ilə Səfəvi dövləti arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb olmuş bu üsyana Şah İsmayılın münasibətilə bağlı elmi-tarixi ədəbiyyatda ikili münasibət vardır. Bəzi tədqiqatçılar və araşdırmaçılar Şah İsmayılın bu üsyandan xəbərsiz olmasını və onun bu üsyanın hazırlanmasına və alovlanmasına hər hansı mənəvi və maddi dəstəyi vermədiyini bildirirlər. Belə ki, Əhməd Yaşar Ocaq "Erkən müasir Anadoluda İslamın izləri — Osmanlı Dövrü Məqalələr və Araşdırmalar" adlı əsərində yazır ki, uzun müddət belə üsyanların Səfəvilərlə bağlı olduğu və hətta onlar tərəfindən dəstəkləndiyi düşünülürdü. Bu gün əldə edilən məlumatlarla bu cür hərəkatların və xüsusilə də Şahqulu üsyanının Səfəvilər tərəfindən başladığını iddia etmək kifayət deyil. Şahqulu əvvəlcə Şah İsmayılın adından çıxış etdiyini bildirsə də, sonrakı proseslərdə belə bir əlaqənin olmadığı və onun təkbaşına hərəkət etdiyi görünür. Şahqulu üsyanının birbaşa Səfəvilər tərəfindən başlaması ilə hadisələrin iştirakçılarının Səfəvi simpatiyasının olması iki fərqli şeydir.[17]

Firudun Əməcən "Şah Baba Təkəlu Üsyanı üerinə yeni yanaşmalar" adlı məqaləsində yazır ki, Şahqulunu hərəkətə keçməsində Səfəvilərin birbaşa rolu yoxidi. Onlarla eyni ideologiyadan yola çıxan Şahqulu öz müstəqil inqilabını Osmanlı paytaxtını ələ keçirərək gerçəkləşdirməyi düşünmüşdü.[18]

Ümumiyyətlə isə, Şah İsmayılın Şahqulu üsyanı ilə bağlılığını aydın şəkildə sübut edəcək məlumatlar mövcud deyildir. Şahqulu üsyançılarının Səfəvi sərhədlərini aşdıqdan sonra Şah İsmayılın yanına yollanması və onların Şah İsmayıla sığınmaq cəhdi də Şah İsmayılın bu üsyandan xəbərdar olması ehtimalı kimi irəli sürülür. Lakin məlumdur ki, Şah İsmayıl üsyançıları heç də xoşluqla qarşılamadı. Türküstan yürüşündən geri qayıdarkən Şah İsmayıl Reyin Şəhriyar məntəqəsində üsyançıların nümayəndələrini və rəhbərlərini qəbul etdi. Üsyançıların fəaliyyəti, xüsusilə Təbrizdən olan ticarət karvanının talanması Şah İsmayılın qəzəbi ilə qarşılaşdı. Mövcud olan bəzi məlumatlara görə, Şah İsmayıl üsyanın rəhbərlərindən iki nəfərin qaynar qazana salınaraq qətli barəsində hökm verdi. Bir çoxları öldürüldü, üsyançıların böyük bir hissəsi Səfəvi qoşunlarının tərkibinə daxil edildi. Üsyançılara qoşulanların müəyyən hissəsinin əsir edildiyi və onların əmlakının Səfəvi döyüşçüləri arasında paylandığı da tarixi araşdırmalarda öz əksini tapmışdır. O da bildirilir ki, üsyançılar qruplara bölüşdürüldü və hər qrupa nəzarət bir əmirə tapşırıldı. Bununla, onların yenidən birləşərək hər hansı birgə fəaliyyət imkanları aradan qaldırıldı.[19]

Mehriban Artan Osmanlı arxiv qaynaqları çərçivəsində Şahqulu üsyanının səbəbləri məqaləsində göstərdiyi TSMA, E6187 nömrəli arxiv sənədində Şahqulunun "Şah öldü, onun vəsiyyəti mənimdir, ölkə mənimdir." ifadələri ilə birbaşa Osmanlı sultanlığını hədəf aldığını bildirir.[20]

Çox keçmədən ağır həyat şəraitindən qurtulmaq ümidi, Şahqulu babaya inam onun ətrafında xeyli adamın birləşməsinə gətirib çıxardı. Mənbələrin verdiyi məlumata görə 1511-ci ildə üsyana başlamazdan əvvəl onun ətrafında 10 min silahlı dəstə toplanmışdı. Bu rəqəmlər bəzi mənbələrdə 15 min bəzilərində isə 30 min kimi qarşımıza çıxır.[21] Bu üsyanın başlanması üçün münasib vaxtın seçilməsi belə ehtimal etməyə imkan verir ki, Şahqulu baba bu hərəkat üçün əvvəlcədən hazırlıq görmüşdü. Çünki qısa müddət ərzində böyük bir dəstənin təşkilatlandırılması və onun silahlandırılması mümkün ola bilməzdi. Hərəkatının başlanğıcında həyata keçirdiyi bir tədbirlə isə Şahqulu baba bu hərəkat üçün əlavə maliyyə ehtiyatları təmin etmişdi.[1]

Təkə tərəkəmələri, qışı Antalya şəhərinin şimalındakı Döşəməaltı ovasında keçirirdi. Döşəməaltı öz adını Antalyanı Qərbi və Orta Anadoluya bağlamaq üçün qurulan daş döşəli Roma yolundan alır. Döşəmə Dərbəndi, Roma yolunun Döşəmə bölgəsini tərk etdiyi nöqtədə tapır və bölgənin ən önəmli çoxsoylu mərkəzini birləşdirir. Şahqulu ağa tərəkəmə camaatını bir yerə yığıb hələ qışlaqda olduğu zamanda, 1511-ci ilin baharında Döşəmə Dərbəndində Novruz şənliklərində bir sıra gizli görüşlər keçirdi və nəticədə əhali Osmanlı idarəsinə qarşı ayağa qalxdı. Bu zaman Şahzadə Qorqud II Bəyazid ilə yaşadığı problemlərə görə Misirə qaçmışdı. Şahzadə atası ilə barışıb Antalya sancağını idarə etmək üçün geri qayıtdıqda Şahqulu üsyanından xəbər tutdu. O öz adamlarından Həsən bəyi Şahqulunun üzərinə göndərsə də, Şahqulu bu gəlişdən xəbər tutub dərhal öz yerini tərk etdi.[22]

Şahqulu baba üsyana qalxdığı zaman şahzadələrin hakimiyyət mübarizəsinin ən gərgin dövrü idi. Sultan Bəyazidin səhhəti pisləşmişdi. Şahzadələr Sultan Əhməd və Sultan Səlim arasındakı mübarizə isə kəskinləşmişdi. Sultan Qorqud da sultanlıq uğrunda daha qətiyyətli mübarizəyə qoşulmağı qərarlaşdırdı və bu məqsədlə İstanbula daha yaxın olmaq üçün Manisa, Saruxana doğru hərəkətə başladı. Üsyançılar onun bu ani gedişini belə yozdular ki, II Bəyazid vəfat edib. O özü ətrafındakı dəstəsi ilə tələsik yola düşdü və arxada qalan başqa bir dəstəyə onun xəzinəsini, var-dövlətini gətirməyi tapşırdı. Şahqulu baba bu zaman Qapalu qayda məskən tutub onu gözləyirdi. O, Şahzadə Qorqudun xəzinəni ələ keçirməyə qərar vermişdi. 1511-ci ilin mart ayında onun göndərdiyi dəstə Sultan Qorqudun xəzinəsini daşıyan bölüyə hücum etdi və şahzadənin xəzinəsini ələ keçirməyə müvəffəq oldu. Bu hadisə üsyanın genişlənməsinə bir təkan oldu.[23]

Bundan sonra Şahqulu baba öz qüvvələrini Antalyaya istiqamətləndirdi, onu ələ keçirdi və hətta Antalya hakimini də qətlə yetirdi. İstər farsdilli, istərsə də türkdilli mənbə və tarixi ədəbiyyatda Şahqulu babanun bu üsyanının böyük talanlarla, soyğunçuluqla müşayiət edildiyi bildirilirdi. Qızılcaqaya, İstanos, Almalı, Burdur, Keçibolu məntəqələri də bir-birinin ardınca Şahqulu baba üsyançılarının nəzarəti altına keçdi. Burdurda onun qoşununu Osmanlı bölükləri qarşıladı. Baş verən qarşıdurmada Osmanlı qoşunu məğlub edildi. Bununla, Şahqulu baba üsyanı səltənət üçün böyük təhlükə kəsb etməyə başladı və Sultan sarayı tərəfindən bu üsyanın qarşısının alınması üçün müəyyən tədbirlər görülməyə başlandı. Bəzi məlumatlara görə, əvvəlcə Sultan Qorqud üsyançılara qarşı dəstə göndərdi. Başqa bir məlumata görə isə, Şahqulu baba üsyançıları Qaramanı ələ keçirmək istərkən Anadolu bəylərbəyi Qaragöz Əhməd paşa onun qarşısına qşun çıxardı. Amma Qaragöz Əhməd paşa ehtiyatsızlıq etdiyi üçün uğursuzluğa düçar oldu və geri çəkildi. Üsyançıların Sultan Qorqudla qarşılaşmasına gəlincə isə bildirilir ki, Sparta yaxınlığında Osmanlı şahzadəsi məğlub oldu və döyüş meydanını tərk etdi. Sonra Konya əyalət qüvvətləri Şahqulu baba üzərinə göndərildi. Üsyançılar bu qüvvələrə də üstün gəldilər. Üsyançılar Buşehiri, ardınca isə Qaramanı da ələ keçirdilər. Bundan sonra onlar Bursanı ələ keçirmək qərarına gəldilər. Bursaya getməzdən əvvəl Kütahyanı nəzarət altına almaq lazım idi.[23]Nəticədə Şahqulu babanın dəstəsi Anadolu bəylərbəyliyinin mərkəzi olan Kütahya şəhərinə çatdı. Anadolu bəylərbəyi Qaragöz Əhməd paşa qoşun dəstəsi ilə onları Anadoluya aparan yol üzərində qarşıladı. Qaragöz Əhməd paşa göstərdiyi cəhdlərə baxmayaraq, Şahqulu baba üsyançılarına üstün gələ bilmədi və döyüşün gedişində özü də üsyançılara əsir düşdü. Osmanlı qoşun dəstəsi geri çəkilmək məcburiyyətində aldı və bu qoşun dəstəsinin əmlakı üsyançıların əlinə keçdi. Bu döyüşün ardınca Şahqulu baba və onun dəstəsi Kütahyaya daxil olmaq istədi. Ancaq yerli əhali şəhəri təslim etməkdən imtina etdi. Belə olanda Şahqulu baba əvvəlcə Qaragöz Əhməd paşanı qətlə yetirdi və ardınca da öz qüvvələrindən bir dəstəni Təki baba adlı müridinin rəhbərliyi altında Kütahyanın mühasirəsinə göndərdi.[24]

Osmanlı sarayı baş verən hadisələrdən narahat olub hərəkətə keçməyə məcbur oldu. Bu zaman II Bəyazid xəstə idi. Buna baxmayaraq. Şahqulu baba üzərinə qoşun dəstəsi göndərməyi qərara aldı. Göndərilən qoşun dəstəsi Şahqulu babanın qüvvələrini məğlub etdi. Onlar Bursa ətrafı meşələrə dağılıb gizləndilər. Digər tərəfdən Osmanlı vəzirlərindən Heydər paşa isə Kütahya ətrafına göndərildi. Onun qoşun dəstəsi isə Kütahyanı mühasirəyə alan üsyançıları məğlub edib qaçmağa məcbur etdi.[25]

Şahqulu baba Kütayadakı hadisələrdən xəbər tutub Heydər paşa üzərinə yeni qoşun dəstəsi göndərdi. Kütahya boğazı adlanan yerdə onların qoşunları qarşı-qarşıya gəldi. Bu döyüş üsyançıların qələbəsi ilə nəticələndi.[26] Heydər paşa öldürüldü. Heydər paşanın qətli xəbəri Osmanlı sarayına çatdıqda onlar daha ciddi tədbir görmək qərarına gəldilər. Bu dəfə sədr-əzəm Xadim Əli paşanın rəhbərliyi ilə üsyançılar üzərinə 50 min nəfərlik qoşun göndərildi. Mənbələrin verdiyi məlumata görə bu zaman Şahqulu baba Ankaraya doğru yola düşmüşdü. Xadim Əli paşanın rəhbərliyində Osmanlı qoşunu onların qarşısını Çubuk obası adlanan yerdə kəsdilər. Şahqulu baba bu qarşıdurmaya daha öncədən hazırlıq görmüşdü.[24] O, tabeliyində olan 1000 nəfərlik həbəş dəstəsini üsyançıların ön xəttində yerləşdirdi. Sonra qüvvələrini sağ və sol cinahlara ayırdı və onlara təcrübəli müridləri rəhbər təyin etdi. Osmanlı qoşunları döyüş meydanına daxil olan kimi üsyançıların mərkəzini hədəf götürdülər və qısa zaman ərzində üsyançılardan 500 nəfəri qətlə yetirdilər. Şahqulu baba vəziyyəti belə görəndə cinahlardan mərkəzə kömək göndərdi.[21] Xolde bərin müəllifinin verdiyi məlumata görə Şahqulu baba öz qüvvələrinin zərbəsinin əsas ağırlığını Osmanlı qoşunlarının mərkəzinə yönəltdi və nəticədə Osmanlı qoşununun geri çəkilməsinə səbəb oldu. Onlar döyüş meydanın tərk edərək qaçdılar. Xadim Əli paşa isə bu döyüşdə öldürüldü. Mənbədə bildirilir ki, Şahqulu baba da döyüş zamanı öldürülür. Çubuk obasında baş verən qarşıdurma Həsən bəy Rumlunun Əhsən ət-Təvarix əsərində belə təsvir edilib:[9]

"Bu məğlubiyyət xəbəri Sultan Bayəzidə çatdıqda böyük vəzir (vəziri-əzəm) olan Xadim Əli paşanı əlli min süvari ilə Babaya qarşı vuruşmağa göndərdi. Adı çəkilən paşa qaranlıq gecədə nizənin ucu ilə ayın üzündən ləkəni aparan bir ordu tayfası ilə sufilərin üzərinə hərəkət etdi. Düşmənlərin gəlişindən agah olan Şahqulu Baba qoşununu tərtib etməklə məşğul oldu və yanında olan min həbəş qulamını qoşunun önündə yerləşdirdi. O tərəfdən Əli paşa öz qoşununun sol və sağ cinahlarını tərtib edib savaş meydanına gəldi. Rum qoşununun hamısı birdən qazilərin qoşununun önündə olan piyadalara həmlə edib təxminən beş yüz nəfəri qətlə yetirdilər. Qılıncdan qurtulanlar mərkəzə çəkildilər. Baba iki cinahı mərkəzdə birləşdirib, fədaicəsinə Əli paşaya həmlə etdi.

Hücum etdilər o dəmir papaqlı igidlər,

Hamısı birdən ordunun mərkəzinə".

İlahi imdad mehi əsməyə və düşmənlərin ürəkləri titrəməyə başladı. Əli paşa məğlub olub geri çəkildi.

"Rum süvariləri o qiyamətdən,

Üz tutdular qaçış yoluna".

Təkəlülər onları təqib edib kəsici qılınc və can alan nizə zərbəsi ilə Əli paşanı bir sıra rumilərlə birlikdə qətlə yetirdilər. Baba da şəhidlik şərbətini içdi. "'[9]

Başqa bir Osmanlı mənbəsi yazır ki, Şahqulu baba döyüş zamanı qalib gəldikdən sonra qüvvələrini Sivasda yerləşən Hafiq qalasına yönləndirir. Burada Hacı Mustafa adlı bir şəxs ətrafında bir az adam toplayıb onun izinə düşür. Yenidən tərəflər arasında döyüş başlamış və Şahqulu baba məhz bu döyüşdə öldürülmüşdü.[27]

Şahqulu babanın öldürülməsindən sonra onun dəstəkçiləri Xəlifə baba adlı bir şəxsi özlərinə rəhbər seçib Ərzincana buradan isə Təbrizə yollandılar. Mənbələrin verdiyi məlumata görə Şah İsmayıla sığınanların sayı 15 min nəfərə qədər idi.[27] Onların arasında Şahqulunun seçdiyi vəzirlər, bəylərbəyi və sultanlar varidi. Üsyançılar Təbrizə gələrkən yolda böyük bir karvanla qarşılaşır və bu karvanı talayaraq 1000 nəfərə qədər taciri qətlə yetirir. İsmayıl Haqqı Uzunçarşılı yazır ki, Şah İsmayıl bu səbəbdən üsyançıların rəhbərlərini edam etdirir.[28]

Üsyanın nəticəsi

redaktə

İtkilər

redaktə

Üsyan haqqında müzakirələrə səbəb olan məsələlərdən biri də üsyanda ölənlərin sayıdır. Üsyan zamanı həm Osmanlı qoşunları, həm də Şahqulu tərəfdən çoxlu insan həlak olsa da, bu rəqəmin 50.000 olması mümkün görünmür. İdris-i Bidlisinin verdiyi bu rəqəmə özündən sonra başqa tarixçilər tərəfindən istinad edilməsi bu faktı digər bir mənbədə təsdiq etməyi mümkünsüz edir. Digər tərəfdən 50 min kimi yüksək bir rəqəmin Səfəvi dövrü tarixçilərinin verdiyi məlumatlarda öz əksini tapmaması da faktın doğruluğunu şübhə altında qoyur. Hətta Səfəvi tarixçilərindən Həsən bəy Rumlu da bu mövzuda heç bir rəqəm verməmişdir. Türk tarixçi Ümid Ərkan "XVI əsrdə Osmanlıda Qızılbaş qiyamları" adlı əsərində Osmanlı arxiv sənədlərinə istinadən bu rəqəmin təxminən 5–6000 olduğunu bildirir.[29] Müəllif yazır ki, dövrün əhali və vergi uçotlarından anlaşılır ki, 50 min rəqəmi mübaliğədir. Üsyanın başladığı və hər iki tərəfdən çoxlu sayda insanın həyatını itirdiyi Təkə elinin əhalisinin sayı ilə bağlı araşdırmalara nəzər saldıqda, XVI əsrin birinci yarısında bölgənin əhalisinin sayı 3600 nəfər idisə, ikinci yarısında artaraq 5000 nəfərə çatdığını görmək mümkündür. Təhrir kitabları əsasında verilən bu demoqrafik məlumat XVI əsrdə Antalyanın Anadoluda orta ölçülü bir şəhər olduğunu göstərir. Həmçinin XIX əsrdə şəhəri ziyarət edən məşhur səyyahlardan biri olan Frensis Bofort əsrin əvvəllərində şəhər əhalisini 8000 olaraq qeyd edib. Əsrin ortalarına doğru bu bölgəyə gələn səyyahlardan biri olan Charles Texier əhalinin sayını15–18000 olaraq vermişdir.[30]

Digər tərəfdən bəhs edilən dövrə aid vergi sənədləri 1455-ci ildə alınan vergi məbləği ilə 1530-cu ildə aparılan siyahıyaalınma nəticəsində əldə edilən vergi məbləğlərinin nisbətində böyük bir fərq nəzərə çarpmır. Üsyanın yayılması zamanı Həmid sancağında bir çox insan həyatını itirmişdi. Buna baxmayaraq sancağın əhali və vergi dərəcələrinə baxdığımızda azalma yox, artım müşahidə olunur. 50.000 insanın həyatını itirdiyini nəzərə alsaq, əhalinin sayı və kitablarda qeyd olunan vergi dərəcələrində əhəmiyyətli dərəcədə azalma olması ehtimaldır. Beləliklə siyahıyaalmalardan əldə edilən əhali və vergi dərəcələri İdris-i Bidlisinin verdiyi əlli min rəqəminin mübaliğə olduğunu göstərir.[29]

Bu üsyandan sonra II Bəyazid Qızılbaş camaatını Həmid vilayətindən və Təkəli bölgəsindən sürgün etdi. Anadoluda minlərlə insanın ölümünə səbəb olan bu üsyan və Səfəvi imperiyasına köçlər və məcburi sürgünlər nəticəsində Təkə Sancağının əhalisi azaldı. Xüsusilə Təkə eli bölgəsində 15.000 nəfərin könüllü olaraq Səfəvi imperiyasına getməsi bəzi qəsəbələrin kiçilməsinə, bəzilərinin isə boşalmasına səbəb olmuşdu.[31]

Bu üsyan nəticəsində Şahqulu Antalyadan Sivasa qədər olan yerlərdə uğur qazanmış və o dövrdə müxtəlif səbəblərdən zəif olan Osmanlı hakimiyyətini az qala məhv etmişdi. Üsyan nəticəsində kənd təsərrüfatı və iqtisadi həyatda sarsıntılar daha da artdı. Şahzadə Əhmədin üsyanı yatırmaması və ona tabe olmayan yeniçərilərə qarşı pis rəftarı xalqın və ordunun gözündən düşməsinə səbəb oldu. Şahzadə Əhməd ən böyük dəstəkçisi olan vəzir Xadim Əli paşanı itirdikdə tamamilə tək qaldı. Şahzadə Səlimə Avropada sancaq verildiyini eşidəndə isə qəzəbi daha da artdı. Şahzadə Əhməd Anadoludakı üsyançıları təmizləmək əvəzinə Afyonda oturub vəziyyəti seyr edirdi. Onun bu laqeyd münasibəti xalqın və əsgərlərin Şahzadə Səlimə olan marağını və sevgisini artırdı. Nəticə etibarilə bu üsyan Şahzadə Səlimin taxt uğrunda mübarizədə uğur qazanmamasının səbəblərindən biri olduğunu söyləmək olar.[32]

İstinadlar

redaktə
  1. 1 2 3 Süleymanov, 2018. səh. 369
  2. Artan, 2022. səh. 118
  3. Glassen, 1971. səh. 66
  4. Artan, 2022. səh. 117
  5. Rumlu, 2017. səh. 414
  6. Əfəndiyev, 1961. səh. 108
  7. Süleymanov, 2018. səh. 370
  8. Emecen, 2015. səh. 523
  9. 1 2 3 Rumlu, 2017. səh. 412
  10. Artan, 2022. səh. 119
  11. 1 2 Artan, 2019. səh. 295
  12. Artan, 2019. səh. 297
  13. 1 2 Artan, 2019. səh. 298
  14. 1 2 Süleymanov, 2018. səh. 368
  15. Artan, 2019. səh. 301
  16. Artan, 2019. səh. 302
  17. Ocak, 1990. səh. 822
  18. Emecen, 2015. səh. 524
  19. Süleymanov, 2018. səh. 374
  20. Artan, 2019. səh. 305
  21. 1 2 Qəniyev, 2019. səh. 148
  22. Çingizoğlu, 2009. səh. 26
  23. 1 2 Süleymanov, 2018. səh. 371
  24. 1 2 Süleymanov, 2018. səh. 372
  25. Çingizoğlu, 2009. səh. 29
  26. Çingizoğlu, 2009. səh. 30
  27. 1 2 Öz, 1992. səh. 172
  28. Uzunçarşılı, 2011. səh. 231
  29. 1 2 Erkan, 2014. səh. 127
  30. Karaca, 2002. səh. 102
  31. Sümer, 1999. səh. 33
  32. Artan, 2019. səh. 306

Mənbə

redaktə
  • Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.
  • Süleymanov, Mehman. Şah İsmayıl Səfəvi (az.). Bakı: Elm. 2018. ISBN 978-9952-8176-9-0.
  • Çingizoğlu, Ənvər. Şahqulu ağa Təkəli üsyanı (az.). 10 (30). Bakı: Soy dərgisi. 2009.
  • Emecen, Feridun M. Şahkulu Baba Tekeli İsyanı Üzerine Yeni Yaklaşımlar (türk) (1-ci nəşr). İstanbul: Timaş Yayınları, Tarih İnceleme Araştırma Dizisi. 2015. 521–534. ISBN 978-605-08-1952-6.
  • Artan, Mihriban. ŞAHKULU AYAKLANMASINDA MEHDÎ SÖYLEMİ VE HİCRÎ 1000 YILI ÜZERİNDE BİR DEĞERLENDİRME (türk). Alevilik-Bektaşilik Araştırmaları Dergisi. 2022. 103–136.
  • Artan, Mihriban. Osmanlı Arşiv Kaynakları Çerçevesinde Şahkulu Ayaklanması’nın Sebepleri (türk). Alevilik-Bektaşilik Araştırmaları Dergisi. 2019. 285–310.
  • Erkan, Ümit. 16. YÜZYILDA OSMANLI’DA KIZILBAŞ AYAKLANMALARI (türk). Samsun: ONDOKUZ MAYIS ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ ANABİLİM DALI. 2014.
  • Karaca, Behset. XV. ve XVI. Yüzyıllarda Teke Sancağı (türk). Isparta: Fakülte Kitapevi. 2002.
  • Glassen, Erika. Schah Ismāʿil, Ein Mahdī Der Anatolischen Turkmenen? (alman). 1. Zeitschrift Der Deutschen Morgenländischen Gesellschaf. 1971. 61–69.
  • Əfəndiyev, Oqtay. Образавание Азербайджанского государства Сефевидов в начале XVI века (rus). Bakı. 1961.
  • Öz, Baki. Osmanlı’da Alevi Ayaklanmaları (türk). İstanbul: Ant yayınları. 1992.
  • Sümer, Faruk. Safevi Devleti’nin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü (türk). Ankara: Türk Tarih Kurumu Basımevi. 1999.

Əlavə ədəbiyyat

redaktə

Həmçinin bax

redaktə
  NODES