Amazon çayı (port. Rio Amazonas, isp. Río Amazonas) — Cənubi Amerikada çay. Hövzəsinin sahəsinə, su sərfiyyatına görə dünyada birinci, uzunluğuna görə ikinci (Nildən sonra) yeri tutur.[3][4]

Amazon
port., isp. Rio Amazonas
Amazon çayı
Amazon çayı
Ölkələr
Mənbəyi And dağları, Maranyon və Ukayali
çaylarının qovuşması
 • Yüksəkliyi 110 m
Mənsəbi Atlantik okeanı
 • Yüksəkliyi 0 m
Uzunluğu 6516 ( 7004 )
Su sərfi 209.000 m³/s[1], 168.700 m³/s[1]
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 7.050.000 km²[2]
Amazon çayı (Cənubi Amerika)Ovalığı da var.
physical
mənbəyi
physical
mənsəbi
Amazon çayı Cənubi Amerikaın fiziki xəritəsində:

4°26′ c. e. 73°26′ q. u.HGYO

0°35′ c. e. 49°57′ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

redaktə

Mənbələrini And dağlarından götürən MaranyonUkayali çaylarının birləşməsindən yaranır və Şərqə doğru axaraq Atlantik Okeanına tökülür. Uzunluğu Maranyon çayının mənbəyindən 6516 km, Ukayali çayının mənbəyindən 7000 km-dən çoxdur. Hövzəsinin sahəsi 7045 min km2-dir. Hövzəsinin çox hissəsi Braziliyada, cənub-qərb və qərb hissələri Boliviyada, Peruda, Ekvadorda və Kolumbiyadadır. Mənsəbində su sərfiyyatı 220 min m3/san təşkil edir. Dənizə daşıdığı su saniyədə 120000 kubmetrdir.[4]

Amazon çayında müxtəlif ölçülü adalar vardır. Dünyanın ən böyük çay adası - Marajo (sah. 48 min km2) burada yerləşir. Çayın daşıdığı su Mississippi, Nil, və Yantszı çaylarının daşıdıqları suların ümumi həcmindən çoxdur.[3]

Rütubətli ekvatorial meşələrlə örtülü və çox yeri bataqlıq olan geniş ovalıqdan (əsasən, Amazon ovalığından) axıb Atlantik okeanına tökülür. Sahili alçaq, üçpilləlidir. Böyük daşqınlar zamanı suyun səviyyəsi ikinci pilləyə qədər qalxır. Yuxarı axınında (Ukayali çayı ilə birləşdikdən sonra) eni təqribən 2 km, orta axınında 5 km-ədək, aşağı axınında 20 km-ədək, mənsəbi yaxınlığında 80–150 km-dir; orta axınında dərinliyi təqribən 70 m, Obidus şəhəri yaxınlığında 135 m-ədək, mənsəbində 15–45 m-dir.[4]

Okeandan 350 km məsafədə dünyada ən iri (sah. 100 min km2-dən çox) delta yaradır. Amazonun 500-dən çox iri qolu var. Bunlardan 17-sinin uzunluğu 1600–3500 km-ə çatır. Ən əhəmiyyətli qolu Madeyra çayıdır (3500 km).[3] Böyük qolları: sağdan – Jurua, Purus, Tapajos, Şinqu, Tokantins, soldan – Napo, İsa, Japura, Riu-Neqru. Qollar Amazon çayına müxtəlif rəngli sular gətirir; belə ki, Riu-Neqru çayının suyu tünd, Jurua, Purus, Madeyranın suları bulanıq ağ, Tapajosun suyu isə yaşılımtıldır. Suları sarı, boz və hətta qırmızımtıl rəngə çalan qollar da var. Amazon dünyada bu qədər zəngin çalarlı suları olan yeganə çaydır. Amazon çayı, əsasən, Atlantika okeanından hava axınlarının gətirdiyi yağıntıları ilə qidalanır. Hövzəsinin rütubətli tropik meşələrlə örtülü hissəsində yağıntının illik miqdarı 2000 mm-ədək, mənsəbdə və hövzəsinin şimal-qərbində (And dağlarının ətəklərində) 3000 mm-dən çox, And dağlarında 6000 mm-ədəkdir.[4]

Amazon il boyu gursuludur: sol qollarında (Şimal yarımkürəsində) martdan sentyabra qədər, sağ qollarında (Cənub yarımkürəsində) oktyabrdan aprelə qədər yağış mövsümü olur. Ortaillik su sərfi mənsəbə yaxın hissədə təqribən 220 min m3/san. (maks. 300 min m3/san., minimum 63 min m3/san.), illik axım həcmi 7000 km3 (Yer kürəsi çaylarının ümumi axımının 17%-i). Amazonun gətirdiyi çox böyük su kütləsi mənsəbdən 400 km məsafədə okean sularını şirinləşdirir.[4]

Amazon ovalığı azmeyilli olduğundan okeanda baş verən qabarmalar çay yatağı boyunca 1000–1400 km məsafədə səviyyəni qaldırır. Mənsəb hissədə qabarma 4–5 m. hündürlükdə dalğalarla müşayiət olunur. Bu dalğalar böyük sürət və uğultu ilə çay yuxarı hərəkət edərək sahilləri dağıdır. Amazon adının da bununla əlaqədar olduğu (yerli hindi tayfalarından olan tepiquarani tayfasının dilində “amazunu” – böyük dalğa deməkdir) güman edilir. Amazon 4300 km məsafədə gəmiçiliyə yararlıdır. Okean gəmiləri Manaus şəhərinə qədər (mənsəbdən 1690 km) gedir.[4]

Limanları: Belen, Santaren, Obidus, Manaus (Braziliya), İkitos (Peru). Amazonda 2000-ə qədər balıq növü (Yer kürəsindəki şirin su balıqlarının 1/3-i), o cümlədən şirin su delfini, arapayma, lamantin, yırtıcı skatakula, timsah, sudonuzu, anakonda və s. var.[4]

Amazonun mənsəbini 1500-ci ildə ispaniyalı Visente Yanyes Pinson kəşf etmişdir. 1541-ci ildə digər ispaniyalı Fransisko de Orelyana çay yuxarı 6000 km üzmüşdür. Onun dəstəsi yol boyu döyüşkən hindu tayfaları ilə toqquşmuşdu. Trombetas çayının mənsəbi yaxınlığında, ön cərgələrdə yaylarla silahlanmış ucaboylu, yarıçılpaq qadınlar vuruşurdular. Onlar ispanlara amazon qadınları təsvir edən antik mifləri xatırladır. Ona görə də ehtimal olunur ki, Orelyana çayı Amazon adlandırmışdır.[4]

İstinadlar

redaktə
  1. 1 2 http://www.cprm.gov.br/pgagem/Manuscripts/seylerp.htm.
  2. Parsons J. J., Schultz A. R., Crist R. E., Bell A. Amazon River // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  3. 1 2 3 "Ən uzun çaylar". 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
  4. 1 2 3 4 5 6 7 8 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 411–412. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES