Astronomiya tarixi

Astronomiya tarixi (ing. History of astronomy)

Nebra səma diski (Almaniya, 1600)

N. Tusiyə qədərki dövr

redaktə

Tarixi araşdırmalardan aydın olur ki, Qədim Yunanıstan, Çin, Hindistan, Misir və başqa ölkələrin alimlərinin Kainatın quruluşu haqqında elmi əsasları olan fikirləri formalaşmış və astronomiyaya aid olan bir sıra kitablar tərtib olunmuşdur. Həmin dövrün məşhur alimlərindən Hipparx, Ptolomey, Aristotel və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Göy sferi-nin ilk qlobusunu b.e.ə. II-ci əsrdə yaşamış Hipparx hazırlamışdır.

Deyilənlərə əsasən aydın olur ki, ilk dəfə Hipparx ulduzları öz parlaqlığına görə ayırmış və Armilar dairəsi adlanan müşahidə cihazını kəşf etmişdir. Aristotel Kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdır. Ptolomey isə Planetlərin Geosentrik sisteminin (mərkəzdə Yer olmaqla) yaradıcısı olmuşdur. Onun əsas elmi işi "Almagest" və ya "Məcəsti" adlanan astronomik əsərdir. Bu kitabın adının belə bir şəklə düşməsi əsrlər boyu ondan istfadə olunması ilə əlaqədardır. Ptolomeyin "Geosentrik sistem" adlanan məşhur əsəri 1400 il hakimi- mütləq olmuş və yalnız Kopernikin heliosntrik sisteminin kəşfindən sonra iflasa uğramışdır.[1]

Ptolomeydən sonra, şərq alimləri tərəfindən onun dünyagörüşünün doğru olmadığını subut edən dəlillər toplanmışdır. Onlardan Əlbəttanini, Əbul Vəfanı, Əl Sufuni və s. göstərmək olar. Tarixi araşdırmalar X əsrdə Şərqdə üç böyük elmi mərkəzin oldugunu göstərir: Misirdə Qahirə Rəsədxanası, İranda Rey rəsədxanası, Orta Asiyada Məmun Akademiyası. X əsrdəki Qahirə rəsədxanasının banisi və elmi rəhbəri İbn Yunis olmuşdur (1009-cu ildə vəfat etmişdir). Rey şəhərindəki rəsədxananı Əbdürrahman ben Ömər Əbül Hüseyin Əl Sufi (903–986) təsis etmişdir. Nəsirəddin Tusidən əvvəl yaşamış və səmərəli elmi fəaliyyət göstərmiş alimlərdən bəhs etdikdə mütləq Ömər ibn Ibrahim Əl Xəyyam, Qiyasəddin Əbül Fəth qeyd edilməlidir. 1074-cü ildə Xəyyam Nizamül Mülk tərəfindən Cəlaləddin Məlik Şah Səlcuqinin sarayında dəvət edilmişdir. Məlik şah İsfahan şəhərini özünə paytaxt seçdikdən sonra orada rəsədxana təsis etmiş və həmin rəsədxananın baş astronomu Ömər Xəyyam, astronomları isə Əbu Müzəffər Sfaranı və Məmun ben Əl Həcəb əl Vəsiti təyin edilmişdir. Bu rəsədxananın qarşısına astronomiya təqviminin islahatı məsələsi əsas məsələ kimi qoyulmuş və müvəffəqiyyətlə həll olunmuşdur. Nəsirəddinin sələflərinin elmi əsərlərinin kiçik xülasəsi göstərir ki, Nəsirəddinə qədər şərq alimləri dünya elm xəzinəsinə böyük hədiyyələr bəxş etmişlər. Nəsirəddin Tusi bunları möhkəm mənimsəməli və bu əsaslar üzərində səmərəli yaradacılıq işləri aparmalı olmuşdur.[1]

Asronomiya tarixində Nəsirəddin Tusi dövrü

redaktə

Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olmuşdur. İlk təhsilini atasından alan Nəsirəddin sonralar dövrünün ən şöhrətli müəllim və müdərrisi hesab edilən Fəridəddin Damadin yaninda oxumağa başlamışdır. O, İbn Sina məktəbinin yetişdirməsi idi və bu xətt Tusinin yaradıcılığında öz izlərini qoymuşdur.

Alimlərin çoxunun fikri belədir ki, Tusi ləqəbini Nəsirəddin gəncliyini Xorasanın ən böyük mədəniyyət mərkəzlərindən biri sayılan Tus şəhərində keçirilməsi ilə əlaqədar olaraq götürmüşdür.

N. Tusi otuz yaşina çatan zaman Qəhistan hakimi (Qəhistan ismaillərinin başçısı) Nəsirəddin Möhtəşəm tərəfindən fəxri qonaq kimi qəbul olunmuşdur. Burada N. Tusiyə Məmun Akademiyasının alimi (özündən iki əsr əvvəl yaşamış) Əbu Əli Miskaihin "Təkzibül-əxlaq " ("Əxlaqın təmizliyi") əsərini ərəbcədən fars dilinə tərcümə etmək təklif edilmişdir. N. Tusi bu təklifdən müdrikliklə imtina etmiş və 1235-ci ildə bütün şərqdə tezliklə şöhrət qazanmış, özünün "Əxlaqi Nasiri" əsərini yaradaraq ona ithaf etmişdir.[1]

Bu əsər yazılandan bir qədər sonra Nəsirəddin həşşaşilər tərəfindən həbs edilərək Əlamut qalasına göndərilir.

Hərçənd ki, N. Tusinin həbs olunması səbəbləri də ziddiyyətli şərh olunur. Şərhlərdən birinə görə, guya Nəsirəddin Qəhistanda qonaq olduğu zaman Bağdad xəlifəsinə bir qəsidə ithaf edib ona göndərir. Bu isə Bağdad xəlifəsinin baş vəziri olan İbn Əlqəminin adamlarının əlinə düşür. Həmin qəsidə ilə tanış olan Əlqəmi Nəsirəddini təhlükəli rəqib hesab edərək Möhtəşəm Nasirə onun həbs edilməsi əmrini göndərir. Diğər şərhə görə , bu həbsə səbəb onun "Əxlaqi Nasiri" əsərində mütərəqqi fikirləri müsəlman ruhanilərini qəzəbləndirə bilərdi.

Ələmut qalasında Nəsirəddin sürgün edilmlş adam halında yaşayırdı və qalanı öz arzusu ilə tərk etməyə onun ixtiyarı yox idi. O, burada 1256-cı ilə qədər (20 ildən artıq) saxlanılmışdır. Bu dövrdə N. Tusi "Şərhül işarət", "Təhriri məcəsti (Almagest)" "Təhriri Öqlidis"(Evklidin şərhi) kimi qiymətli əsərlərini yaratmışdır. "Təhriri Öqlidis" əsəri həndəsi fikrin inkişafına çox böyük təsir göstərmiş gələcəkdə qeyri-evklid və Lobaçevski həndəsəsinin kəşfinə zəmin yaratmışdir. Bunlar Evklidin "Əsaslar" kitabındakı paralel xətlər nəzəriyyəsinin (postulatın) tənqidi nəticəsində alınmışdır. Nəsirəddin bu əsərində Evklidin beşinsi postulatının əvəzinə yeni postulat təklif etmiş və nisbətlər nəzəriyyəsini inkişaf etdirmişdir. "Təhriri Öqlidis" iki variantda yazılmış 13 və 15 kitabdan ibarətdir.

1256-cı ilin noyabr ayında Ələmut qalası Hülaku xan tərəfindən alındıqdan sonra N. Tusi azad edilir və xan onu özünə məsləhətçi təyin edir. 500 il müddətində müsəlman dünyasına ağalıq edən Abbasilər hökmranlığına son qoyulduqdan sonra Nəsirəddin Hülaku xandan Marağa rəsədxanasının təsisi üçün razılıq alır. Dərin biliyə və yüksək insani xüsüsiyyətlərə malik N. Tusi astronomiyanın faydasını bilməyən Hülaku xana rəsədxana tikilməsinin vacibliyini böyük ustalıqla anlada bilir.

Marağa şəhərinin ətrafı təbii ehtiyatlarla zəngindir və havası isə saf, şəffafdır. Bu cəhətdən Marağa şəhəri astronomik müşahidələr üçün çox əlverişli idi. Marağa rəsədxanasından 200 il əvvəl də Ürgəncdə, Reydə rəsədxanalar olmuşdur. Bu rəsədxanalarda aparılan müşahidələr müntəzəm deyildir və vahid proqramı yox idi. Nəsirəddin bir çox astronomik kəmiyyətlərin qiymətlərinin yenidən təyin olunmasını üçün vahid proqramı, müntəzəm müşahidə aparılan və daha yüksək dəqiqliyə malik olan rəsədxana yaratmağı qarşısına məqsəd qoymuşdur.

Rəsədxananın tikintisinə 1259-cu ildə başlanmış və inşaat işləri 12 il davam etmişdir. Bütün tikinti işlərinə Nəsirəddin özü rəhbərlik etmişdir. Tarixi materiallara , tədqiqatçıların və orta əsr tarixçilərinin qənaətinə görə N. Tusi təkcə rəsədxananın banisi və orada aparılmış müşahidələrin rəhbəri deyil, həmçinin rəsədxananın özünün memarlıq inşaat layihəsinin müəllifi olmuşdur. Bu onu göstərir ki, hələ orta əsr Azərbaycanında riyazi elmlərlə memarlıq arasında sıx əlaqə olmuşdur.

N. Tusi tikinti işlərinə başlayanda rəsədxanada böyük və zəngin kitabxana yaratmaq məqsədilə Hələb, Bağdad, Dəməşq və bir sıra başqa şəhərlərə adamlar göndərmişdir. Orada toplanmış kitabların dəqiq miqdarı haqqında hələlik məlumat yoxdur, lakin böyük kitabxananın təşkili haqqında Tusinin öz qeydi vardır

Nəsirəddin Tusi 15 il müxtəlif millətlərin nümayəndələrinin çalışdığı Marağa rəsədxanasının rəhbəri olmuş və bu dövrdə çox mühüm elmi əsərlər yaratmışdır. Bunların sırasında astronomiya, triqonotmetriya və hesabın inkişafı tarixində çox dəyərli sayılan " Zic Elxani", "Şəklül- qita" və "Cəme-ül-hesab" əsərləri xüsusi yer tutur.

Qeyd edək ki, " Zic Elxani" ("Elxan cədvəlləri") əsəri Marağa rəsədxanası kollektivinin 12 illik gərgin əməyi nəticəsində tərtib edilmiş astronomik kataloqdur. Bu, Uluqbəyin rəsədxanası tikilənədək 200 il ərzində yeganə astronomik kataloq olmuşdur. Astronomlar efemerid tərtib edərkən lazım olan bütün astronomik məlumatı bu kataloqdan almışlar.

"Şəklül-qita" ("Tam dördtərəfli haqqında əsər") əsəri sayəsində müstəvi və sferik triqonometriya müstəqil riyaziyyat fənni olmuşdur. Bu əsərdə ilk dəfə olaraq N. Tusi sferik polyar üçbucaq haqqında anlayış verir və Biruniyə mənsub olan bir çox toeremlərin isbatını vermişdir . O , məhz bu əsərində tangenslər teoreminin və bir dərəcəlik bucagın sinusunun hesablanması düsturlarının Əbül Vəfa Buzcani tərəfindən yazıldığini göstərmişdir. Braunmühlün(Regiomonton) bir məqaləsi araşdırılarkən aşkar edilmişdir ki, Nəsirəddinin triqonometriya sahəsində çox mühüm kəşflərini və aldığı düsturları 300 il sonra alman astronomu və riyaziyyatçısı Regiomontan eynilə " təkrar etmişdir".

Ay, Günəş və başqa planetlərin (o vaxtlar geosentrik sistemdə Ay və Günəş planet hesab edilirdi) cazibəsi nəticəsində Yerin presessiyasının dəqiq qiyməti , Günəşin zahiri sutkalıq sürüşməsi , Ay və Günəş tutulmalarının cədvəlləri , 256 yaşayış məntəqələrinin coğrafi koordinatlarını müəyyən etmək, yeni torpaqların olması haqqında dəyərli elmi məlumatlar N. Tusi və onun rəhbərlik etdiyi Marağa rəsədxanasının əməkdaşlarının nailiyyətləridir. N. Tusi yüz il ərzində yaz bərabərliyi nöqtəsinin, göy sferində əsas nöqtələrin 1º23'.4 dərəcə sürüşdüyünü göstərmiş və təqvimin quruluşunu tədqiq etmişdir. Nəsirəddin Tusi yalnız təbiətşünaslıq sahəsində deyil, həmçinin humanitar elmlər, fəlsəfə və iqtisadiyyat sahəsində də zəngin irs qoyub getmişdir. Onun əsərləri sırasında "Maliyyət barəsində " adlı qiymətli və orijinal bir əsəri zəmanəmizə qədər gəlib çatmışdır. Bu əsərin ilk fəsillərində hər dövlətin normal yaşaya bilməsi və müvəffəqiyyət qazanması şərtlərindən bəhs edilir. Bu fəsillərin təhlilindən görünür ki, Nəsirəddin dövlətin təşkilindəki bütün incəlikləri yaxşı dərk edirmiş. O, burada hökmdardan hansı davranış və xüsusiyyətlər tələb edildiyindən bəhs edir. Nəsirəddinin fikrincə, hökmdar düşüncəli , ədalətli, uzaqgörən və sayıq olmalıdır. O , dincliyi sevməli və müharibəsiz keçinmək mümkün olan yerdə qan axıdılmasına yol verməməlidir. Əgər mövcüd şərait müharibəyə girişməyə vadar edərsə, onda hökmdar hər cür ehtiyat tədbirləri görməlidir ki, düşmən qalib gəldikdə belə mümkün qədər az qurban verilsin. Onun dediyinə görə " düşmənə qalib gəldikdə amansız olmaq lazım deyildir". Onun bu sözləri qaniçiciliyə qarşı insanpərvərliyə bir çağırışdır. Bununla belə, Nəsirəddin Tusi əsərdə dövlətin maliyyə təsərrüfatının təşkili sistemində feodal cəmiyyətinin ictimai- iqtisadi münasibətlərinə əsaslanan vergi və resumlardan bəhs edərək öz ideyalarını bildirir. Onun fikrinə görə, istər pul və istərsə də natura ilə alınan gəlirin onda bir hissəsi xəzinəyə verilməlidir ki, bu da yoxsullara, dul qadınlara, əlillərə və s. dövlət yardımının verilməsinə sərf edilsin.

Bəzi mənbələrdə təsadüf edilən "Saqinamə", rübai, qitə və s. şerləri onun ədəbiyyat və poeziya aləmində böyük istedada malik olduğunu göstərir. Maraqlıdır ki, məhz "Şərhi-təqvim " və " İxtiyarati-Seyrul Qəmər " kimi astronomiyaya dair iki mühüm əsərini N. Tusi nəzm ilə yazmışdır. O, öz elmi fikirlərini ustad , şair kimi səlis və bədii ifadə edə bilmişdir. O da Ömər Xəyyam kimi yeri gəldikcə dərin və fəlsəfi rübailər demişdir. Buna görə də bəzi ədəbiyyatşünaslar Nəsirəddininn rübailərini Xəyyamın rübailəri ilə qarışdırmışlar.

Nəsirəddinin əsərləri sırasında " Cəvahirnamə " və ya "Təşəvvuqnamə" adı ilə məlum olan bir kitab da diqqəti cəlb edir. Kitab qiymətli daşlardan , bəzi başqa daşlardan , ətirli üzvi birləşmələrdən və hətta dərman əhəmiyyətli bitkilərdən bəhs edən 26 fəsildən ibarətdir. Burada qiymətli daşların tapıldığı yerlər, onların emal edilməsi üsulları, nöqsanları və saxlanilması qaydaları haqqında qısaca danışılır. Bununla yanaşı , N. Tusinin " Hesablama məcmusu" , "Təqvimlər haqqında " , "Astrolyabiya haqqında", "Astronomiya xatirələri" ," Apolloninin konus kəsikləri" , "Həndəsə qaydaları", "İşarələrin şərhi", "Şerlər ölçüsü ", "Kainatın əbədiliyi və sonsuzluğu " və s. kitabları da vardır.

Nəsirəddin Tusinin qabaqcıl və layaqətli tədqiqatçısı , Şamaxı Astrofizika rəsədxanasının yaranmasında , Azərbaycanda astronomiyanın inkişafinda və astronomik kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş fizika-riyaziyyat elmləri doktoru, mərhum H. C. Məmmədbəyli göstərmişdir ki, Marağa rəsədxanası öz dövründə ona görə çox məşhur idi ki, orada son dərəcə dəqiq ölçmələr aparılırdı. N. Tusi irsini tədqiq edən H. C. Məmmədbəyli bu araşdirmalarla o səviyyəyə yüksəlmişdir ki, onun özünün yaradıcılığını geniş şəkildə işıqlandırmaq ehtiyacı yaranmışdır.

N. Tusinin əsərlərindən Qərb alimləri sonralar öz tədqiqat işlərində çox yüksək səviyyədə bəhrələnmişlər. Qeyd edək ki, N. Kopernik öz heiliosentrik nəzəriyyəsini yaradarkən Nəsirəddinin isbat etdiyi dairələr haqqında teoremdən daha çox istifadə etmişdir. Yeni yaşayış yerləri aşkar etmək arzusu ilə cəyahətə çıxan X. Kolumbun gündəliyində səyahətçinin N. Tusinin 256 məntəqə üçün tərtib etdiyi coğrafi koordinatlardan ibarət cədvəlindən çox ustalıqla istifadə etdiyi məlum olur. Bu cədvəl hələ X. Kolumbdan 200 il əvvəl Avropada çox məşhur idi.

Danimarkalı Tixo Brahenin rəsədxanasında olan bir neçə cihazın eynilə Marağa rəsədxanasındakı cihazlar olması sübut edilmişdir. Bu günə kimi Drezden qalareyasında saxlanılanulan ulduz qlobusu Marağa rəsədxanasının cihazıdır və bunların hansı yollarla Qərbə daşınması ciddi tədqiqat tələb edir.

Çində rəsədxana tikilməsi məsələsi ortaya çıxarkən N. Tusinin oraya aparılması üçün Hülaku xana müraciət olunur. Sonralar çinli astronom Fao Mün-çi və Cəmaləddin əz Zeydi Buxari adlı astronom da Pekinə yollanır. Bununla belə, Rəsədxananın tikintisində istifadə etmək üçün Marağa rəsədxanasındakı cihazların model və sxemləri Pekinə aparılır.

N. Tusinin riyaziyyata dair kitabları , xüsusilə, "Təhriri Öqlidis" Qərbi Avropada məşhur alimlərin, o cümlədən , İ. Nyutonun müəllimi Con Vallisin Oksford Universitetində uzun müddət mühazirə kitabı olmuşdur.

Şimali Azərbaycan Sovetlər birliyinə qatıldıqdan sonra −1927-ci ildə Leninqrad Astronomiya institutunun (LAİ) Cənub reqional müşahidə məntəqəsinin seçilməsi məqsədilə respublikamızda astronomik ekspedisiyalar aparılması məsələsi qərara alınmışdı . Bu məqsədlə 1930-cu ilin iyul-avqust aylarında həmin institutun əməkdaşları A. V. Markov və V. B. Nikonov Azərbaycan elm cəmiyyətinin əməkdaşı İ. A. Benaşvili ilə birlikdə Xankəndi , ŞuşaLaçın rayonları ərazisində astroiqlimi öyrənmiş , lakin buludsuz gecələrin sayının kifayət qədər olmaması onları bu fikirdən daşındırmışdır. Qərara alınir ki, astronomik müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycanın digər dağlıq rayonlarında müşahidələr davam etdirilsin. Lakin yerli kadrların olmaması uzunmüddətli müşahidə işini təşkil etmək imkan vermir.

Qısamüddətli ekspedisiya zamanı aparilan tədqiqatın nəticələri 1932-ci ildə Moskvada Astronomiya İnstitutunun bülletenində dərc olunmuşdur.

  1. 1 2 3 shao.az
  NODES