Azərbaycan xalçaları

Azərbaycan xalçaları — Şərq xalçaçılıq sənətinin bir qolu. 2010-cu ilin noyabr ayında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmışdır.[1][2]

Azərbaycan xalçaçılıq tarixi

redaktə

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III–VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI–XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, ŞamaxıBərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulanala"zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.[3]

 
Təbriz xalçaçılıq məktəbinə məxsus "Azərbaycan" adlı xalça

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palaz və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi Dədə Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.

Azərbaycan xalçalarının dünya mədəniyyətinə təsiri

redaktə

XIII–XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə xeyli sayda xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

XVIII əsrin II yarısında Azərbaycanın Şimalı kiçik feodal – Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan, Təbriz, Ərdəbil və s. xanlıqlara bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada "Moskva – Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.

Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: – Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax[3].

Azərbaycan xalçaçılıq məktəbləri

redaktə
Toxuculuq alətləri

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

XX əsrdə xalçaçılığın inkişafı

redaktə
 
"Azərbaycan xalçaçılıq mərkəzi" xalçası. 1984-cü il. Lətif Kərimov adına xalça müzeyi. Bakı.

Sovetlər dövründə Azərbaycan xalçası beynəlxalq bazarda olan mövqelərini itirdi. 19-cu əsrin əvvəllərinə, 1920-ci ilə qədər isə dünya bazarında Azərbaycan xalçası əhəmiyyətli mövqeyə malik olub. Quba xalçası öz texnologiyası və kompozisiyasına görə dünyada birinci olub. Bu xalçalar ayaq altında əsrlərdən də çox yaşayıb. Bu texnologiya iynəvari ilmə adlandırılır ki, bu da ilməsi çıxmayan xalçadır. Bu texnologiyada xovun hündürlüyü digərləri ilə müqayisədə yüksək olub" — deyən, mütəxəssis qeyd etdi ki, Azərbaycan xalçalarının ən aşağı xov hündürlüyü 6 mm olub ki, bu da xalçanın ömrünün uzun olmasına əsasdır.

Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çox cəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış sücetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça" nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.

Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə. Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.

Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906–1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L. Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L. Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə SSRI Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983), "Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L. Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında

redaktə

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalça sənəti və müasir dövrün tələbləri: mühafizə məsələləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalça sənətinin tunc dövründən başlayaraq inkişaf etdiyini və bu günümüzə qədər gəlib çatdığını deyib: "Bizim xalçalar Nyu-Yorkun "Metropoliten", Londonun "Viktoriya və Albert", Parisin "Luvr", İstanbulun "Topqapı", Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilir. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox halda bəzi muzeylərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə deyil, "İran xalçası", "Qafqaz xalçası" və digər adlarla təqdim olunur. Ancaq bununla bağlı müvafiq qurumlar tərəfindən işlər aparılır".

Dəyirmi masada çıxış edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bu gün Azərbaycanda xalça sənətinin inkişafı üçün bir sıra işlərin aparıldığını deyib.

Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək. Bu barədə də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib. Onun sözlərinə görə, artıq bu sahədə iş başlanıb və yaxın vaxtlarda lazımi sənədlər hazırlanacaq. Bu sahədə uğur qazanacağımıza şübhə etmədiyini bildirən nazir müavini müsbət nəticə əldə etmək üçün durmadan işləməyin lazım olduğunu vurğulayıb.

Qayıdış xalçası

redaktə

Xalçanın hündürlüyü 3, eni isə 2 metrdir. Ona 40 min ilmə vurulub. Tarixi məqam və şəxsiyyətlərin əks etdirildiyi süjet xəttinə, texniki icrasına görə xalça yüksək sənət əsəri kimi dəyərləndirilməlidir.

Rəssam Tahir Məcidov Milli Qurtuluş günü barədə ürək sözünü yaratdığı əsərdir.[4]

Azərbaycan xalçaları digər xalqların xalçası kimi nümayiş etdirilir

redaktə

Bu günədək Kiyev incəsənət muzeyində erməni xalısı kimi nümayiş olunan "Dağkəsəmən" Qazax xalısının 18-ci əsr Qazax mədəniyyətinə aid olduğu sübuta yetirilib. Bu səhv Kiyev İncəsənət Muzeyində baş tutan sərgidə düzəldilib. Muzeydə Ukrayna, Azərbaycan, Rusiya və Polşadan olan ekspertlərin iştirakı ilə keçirilən elmi-praktik konfrans zamanı Azərbaycan xalçaçıları əsər üzərində olan ornametlər vasitəsilə xalının həqiqətən də Azərbaycan xalçaçılıq məktəbinə aid olduğunu sübuta yetiriblər.[5]

Azərbaycan xalçaları xarici rəssamların əsərlərində

redaktə

XIV əsrdə nəfis Azərbaycanın naxışlı çoxlu xalça məmulatları Avropaya ixrac edilməyə başladı. Tez bir zamanda incə ornamentləri ilə Avropa rəssamlarının diqqətini cəlb etdi və onların yaratdığı əsərlər öz əksini tapdı. Buna görə də, orta əsrlərə aid italyan, niderland və ya alman rəssamlarının əsərlərində şərq xalçalarını bu gün də görmək olar.[6]

Azərbaycan xalçları rəsm əsərlərində
     
Qazax xalçaçılıq məktəbinə aid Borçalı xalçası Carlo Crivellonun "Annunciation with St Emidius" rəsm əsərində. Quba xalçaçılıq məktəbinə aid Zeyvə xalçası (Madonnanın ayağı altında) Jan van Eyckın "The Madonna with Canon van der Paele" əsərində Qarabağ xalçaçılıq məktəbinə aid Zili xalçası Hans Memlingin "Still Life with a Jug with Flowers" əsərində.
   
Qarabağ xalçaçılıq məktəbinə aid Muğan xalçası Qarabağ xalçaçılıq məktəbinə aid Zili xalçası.

Bu cür əsərlərdən aşağıdakıları göstərmək olar:

  1. Niderland rəssamı Hans Memlinqin "Məryəm öz körpəsi ilə" əsərində Məryəmin ayağının altında Qubanın "Zeyvə xalçası" təsvir olunmuşdur.
  2. Niderland rəssamı An Van Ekin "Ruhani və Məryəm" əsərində "Zeyvə"; "Mehrab" əsərində "Şirvan"; "Madonna Van der Pole" əsərində isə fon olaraq Azərbaycanın "Quba xalçası" təsvir edilmişdir.
  3. Venesiyalı rəssam Karlo Krivello (XVI) "Müjdə" əsərində Talış-Muğan zonasına aid xalçalardan istifadə etmişdir.
  4. İtaliyalı rəssamlar (XV) Domeniko Morolenin "Vinsenzo fererio", "Müqəddəs Romanın təvəllüdü" əsərlərində və Dominiko de Bortolokun (XV) "Findlikqin toyu" əsərində Təbrizdə və Şirvanda toxunmuş "Əjdaha" və "Simurq" motivli xalçalar zövqlə çəkilmişdir.
  5. Hans Holbenin (XV) "Səfirlər" əsərində "Şirvan xalçası"nı təsvir etmişdir.
  6. İtaliyalı rəssam (XVI əsr) Lorenso Lotto "Ailə" adlı tablosunda Quba-Şirvan tipli xalçalarda tez-tez təsadüf olunan "kaşı" adlı bəzək ünsüründən istifadə etmişdir.
  7. Rəssam Atonello de Mesina özünün "Müqəddəs Sebastian" əsərinin sağ və sol küncündə Quba xalçasını təsvir etmişdir.
  8. "Eşitmə alleqoriyası" (XVI) adlı, müəllifi məlum olmayan qobelendə Mərəzə və Qobustan xalçalarına aid olan "bənde-rumi" kompozisiyası təsvir edilmişdir.
  9. İtaliya rəssamı Pinturikkonun (XVI əsr) "Silvio Pikolomini Elein həyatından bir səhnə" əsərində "Borçalı xalçası" təsvir olunmuşdur[7].

Filmoqrafiya

redaktə
  1. Hədiyyə xalçası (film, 1949)
  2. Qızıl əllər (film, 1967)
  3. Etibarlı əllər (film, 1973)
  4. Xalça haqqında dastan (film, 1985)
  5. Çətən (film, 1995)
  6. Sirli salnamələr (film, 1995)
  7. Xalça nəğməsi (film, 1998)
  8. Çiçi xalçaları (film, 2002)
  9. İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007)
  10. Azərbaycan xalçaları (film, 2010)

İstinadlar

redaktə
  1. "Traditional art of Azerbaijani carpet weaving in the Republic of Azerbaijan" (ingilis). ich.unesco.org. 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  2. "Azerbaijani carpet entered UNESCO List of Intangible Cultural Heritage". 2012-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-28.
  3. 1 2 "Xalçaçılıq tarixi". 2011-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-19.
  4. Qayıdış xalçası [ölü keçid]
  5. Dağkəsəmən Qazax xalısı [ölü keçid]
  6. "Xalçalar haqqında". 2012-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.
  7. "AZƏRBAYCAN XALÇASI" (PDF) (az.). anl.az. 2022-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyun 2021.

Mənbə

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES
mac 1
os 5