Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var.[1] Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Bəzəklik mağaraları | |
---|---|
Yerləşməsi | |
42°57′19″ şm. e. 89°32′23″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin sonu, XX əsrin əvvəllərində avropalı və yapon tədqiqatçıları qumda basdırılmış bütöv divar rəsmləri aşkar etmişdilər. Bu rəsmlərin bir çoxu qazılaraq bütün dünyaya yayıldı. Ən yaxşı qorunan divar rəsmlərindən bəziləri alman tədqiqatçısı Albert von Le Coq tərəfindən tapılaraq, Almaniyaya aparıldı. Prandihi səhnəsini təsvir edən böyük rəsmlər bir müddət Berlindəki Etnoqrafiya muzeyində sərgilənsə da, İkinci Dünya Müharibəsi zamanı müttəfiq dövlətlərinin Berlini bombalaması nəticəsində muzey dağıdıldı, bu rəsmlər isə məhv edildi.[2]
Bu gün rəsmlərin bəziləri Sankt-Peterburqdakı Ermitaj Muzeyi, Yaponiyadakı Tokio Milli Muzeyin, Londondakı Britaniya Muzeyi, Koreya və Hindistanın milli muzeyləri kimi dünyanın müxtəlif ölkələrinin muzeylərində nümayiş etdirilir.
Mağarada aparılan tədqiqatlar
redaktəBəzəklikdəki məbədlərin əhəmiyyətli bir hissəsi yumşaq qayaya oyulmuşdur. Bəzi strukturlar müstəqil olaraq daş və ya kərpicdən tikilmiş, digərləri isə qismən qayaya oyulmuş və xarici hörgü hissəsi ilə tamamlanmışdır. Burada ümumilikdə 77 mağara var.
Bu məbədlərin divarları çoxlu freskalarla bəzədilib. Bu rəsmlər VIII-XIII əsrlərdə uyğur klassik üslubunun ən əhəmiyyətli nümunələridir. Kompleksin adı bu sıx ornamentlərdən gəlir.[3]
Bu məbədləri ilk ziyarət edənlərdən biri olan və burada müxtəlif tədqiqatlar aparan A. Von Le Coq kitablarında burada həyata keçirdiyi fəaliyyətləri ətraflı təsvir edir. Le Coqun dediyinə görə, burada bir neçə yüz məbəd var ki, onlar yoldan keçən insanın diqqətini cəlb etməyəcək şəkildə tikilmişdir. Binalar qrupunun şimalına doğru uzanan əsas terrasın şimal ucunda rahiblər üçün ayrılmış hücrələri olan böyük bir monastır var. Le Coqa görə, bu monastıra bitişik və cənuba axan su yatağına paralel olan bir məbəd qrupu dağlardan gələn qum və palçıq təbəqəsi ilə örtülmüşdür. Bu məbədlərdən sığınacaq kimi istifadə edən çobanların yandırdıqları odlar nəticəsində məbəddəki şəkillərin hislə örtüldüyü də bildirilir. Əvvəlcə bu rəsmləri təmizləyən işçi qrupu daha sonra böyük məbəddə çalışmağa başladı. Le Coq bildirir ki, Cellonun qarşısındakı giriş salonundakı freskalar demək olar ki, tamamilə dağılıb və qeyri-müəyyən şəkildə görünürdü. Həmçinin, əsas məbəd və onu əhatə edən monastırlar qumla dolu idi. Qum qalaqlarını çətinliklə keçən heyət nəhayət əsas məbədi əhatə edən dəhlizə çata bilmişdi. Le Coq qeydlərində qəfildən divarlarda yenicə hazırlanmış kimi görünən freskalara rast gələndə necə sevindiyini dilə gətirib. Le Coq həmçinin öz əsərində bu freskaların bütöv olanlarını necə kəsib Berlindəki muzeyə apardıqlarında da bəhs edir.[4]
Buddist ikonoqrafiyasında dövrün tanınmış şəxslərindən biri olan alman alimi A. Qrünvedel də Bəzəklik mağaralarında geniş tədqiqatlar aparmışdır. Vaxtının böyük bir hissəsini məbədlərə sərf edən tədqiqatçı onların ümumi və müfəssəl planını cızmışdır. Məbədləri müəyyən etmək üçün günümüzdə istifadə edilən nömrələr Qrünvedel tərəfindən verilmişdir. Bundan əlavə, Qrünvedel məbədlərdə divar rəsmlərinin cizgilərini çəkmiş və bu rəsmləri “Çin Türküstanında qədim Buddist məbədləri” kitabında dərc etdirmişdir.
Qrünvedel, Le Coq ilə birlikdə buradakı bəzi divar rəsmlərinin Berlinə aparılmasına nail olmuşdur. 1900-cü illərin əvvəllərində Mərkəzi və Ön Asiyada müxtəlif tədqiqatlar aparan tədqiqatçılardan biri də ingilis M. A. Steyndir. Steyn əsasən Dun-huanq bölgəsində, eyni zamanda Bəzəklik mağara məbədlərində tədqiqatlar aparmışdır. Steyn “İç Asiya” və “Qədim İç Asiyanın yollarında” adlı kitablarında Bəzəklik mağara məbədlərinə səfərini və oradakı tədqiqatlarını qısaca təsvir etmişdir. Steynə görə, buradakı divar rəsmləri müsəlmanlar tərəfindən məhv edilmişdi və bu rəsmlər Avropalı turistlərə satılmaq üçün kiçik parçalara bölünmüşdü. Steyn, Qrünvedel və Le Coq kimi bu vəziyyəti bəhanə edərək Bəzəklikdəki bəzi divar rəsmlərini söküb Yeni Dehliyə apardı. Tədqiqatçı vaxt azlığı səbəbindən freskaların sökülərək daşınmasını istedadlı və təcrübəli kimi xarakterizə etdiyi köməkçisi Naik Şəmsuddinə tapşırmışdı.
Mərkəzi Asiyada 1800-cü illərin sonundan 1950-ci illərə qədər müxtəlif ölkələr, xüsusən də yuxarıda qeyd etdiyimiz kimi alman və ingilislər tərəfindən kəşfiyyat işləri aparılmış və bir çox sənət əsərləri bu ölkələrə aparılmışdır. Bu cərgəyə ruslar, italyanlar, amerikalılar, yaponlar və isveçlilər də daxil idi. Çinin Uyğur Muxtar Bölgəsində başda rəssamlıq olmaqla türk sənətinin bir çox şah əsərlərini ehtiva edən Bəzəklik mağara məbədləri bu gün mümkün qədər bərpa edilmiş vəziyyətdə ziyarətçilərin üzünə açıqdır. Ancaq sözü gedən şəkilləri görmək üçün Berlin, Yeni Dehli, Tokio, Peterburq və Honq Konq muzeylərini gəzmək lazımdır. Müxtəlif tədqiqatçılar tərəfindən də qəbul edilən ortaq fikirlərdən biri isə XIX əsrdə çinlilərin uyğur sənət əsərlərini mənimsəmək üçün uyğur yazılarını silərək onların yerinə Çin yazıları qoymasıdır.[5]
Divar rəsmləri
redaktəBəzəklik mağaralarının divar rəsmlərində müxtəlif mövzulara toxunulmuşdur. Onların əksəriyyətində dini mövzulu səhnələr təsvir edilmişdir. Buddanı, onun təlimlərini və həyatını əks etdirən şəkillər və Pranidhi səhnələri dini mövzulu şəkillər arasında əsas yer tutur. Dini mövzulu rəsmlərdən sayıla biləcək “qurban səhnələri” də Bəzəklik divar rəsmlərində geniş şəkildə araşdırılan bir kompozisiyalardandır.[6]
Həmçinin, müxtəlif tanrılar və alp-tanrılar, şeytan, cin və pis ruhlar, dastanlar və əfsanələr ,məbəd divarlarındakı cənnət və cəhənnəm təsvirləri, gündəlik həyatla bağlı səhnələr qarşımıza çıxan digər mövzulardır. Sözügedən rəsmlərdə müxtəlif kompozisiyalar daxilində memarlıq tikililəri, mənzərələr, heyvanlar, gündəlik istifadə olunan əşyaları, müxtəlif alətlər və musiqi alətləri də təsvir edilmişdir.
Budda təsvirləri
redaktəBezeklik divar rəsmlərində Buddanın zəngin ikonoqrafiyası var. Müxtəlif səhnələrdə Budda fiqurları bəzən çarpaz şəkildə, bəzən isə ayaq üstə və ya diz çökmüş halda təsvir edilib. Ona verilən mənəvi önəmə görə, Budda həmişə başının və bədəninin halqaları ilə, müxtəlif mudra mövqelərində əlləri ilə öz kompozisiyasında digər fiqurlardan daha böyük bir fiqur kimi təsvir edilmişdir.[7]
Buddanın geyimi diqqət çəkən plandadır və ayaqlarında sandallar var. Saçları yuxarıda topuz şəklində toplanılıb,qulaqlarından halqalar sallanır. Nazik bığları, nazik qaşları və iki qaşının arasında qızrmızı ləkə olan üzündə çox sakit bir ifadə var. Saç rəngi adətən mavi çalarlarda olur. Həmçinin paltarında mavi tonlardan istifadə olunub. Budda təsvirlərində mavi rəngdən istifadə edilməsi təsadüfi deyil. Çünki mavi rəng qədim türklərdə, qismən də uyğurlarda Göy Tanrıçasını simvolizə edir.[8]
Budda bəzən tək bir fiqur kimi, bəzən isə digər fiqurlarla birlikdə təsvir edilmişdir. Bəzəklik divarlarında rəsm edilən ən mühüm dini mövzulardan biri Pranidhi səhnələridir. Sanskrit dilində Pranidhi sözü "Buddanın təlimlərinə əməl etməklə maariflənən insanların andı" deməkdir. Bu səhnələr uyğurlar tərəfindən hazırlanmış kompozisiyalardır və ilk dəfə Bəzəklik məbədlərində qarşımıza çıxır. Bəzəklikdəki bir çox mağarada, xüsusilə 9-cu mağarada çoxlu Pranidhi səhnələri var. Bu səhnələrdə əsas fiqur mərkəzdədir və dünyanın qütbünü təmsil edir. Onun ətrafında isə digər fiqurlar qarşılıqlı və təvazökar simada təsvir edilmişdir. Mərkəzdəki əsas fiqur, iyerarxik anlayışla digər fiqurlarla müqayisədə kifayət qədər böyük ölçülərdədir. Əsas fiqur adətən ayaq üstə, bəzən isə bağdaş şəkildə oturmuş göstərilir və çox mülayim və sakit bir insan kimi təsvir edilir. Bu kompozisiyalarda əsas fiqurun ətrafındakı fiqurlar kifayət qədər sıxdır. Lakin bu fiqurlar kompozisiyada balanslaşdırılmış şəkildə yerləşdirilib.[9] Kompozisiyada müqəddəsliyə aid edilən fiqurlarda dairəvi halqalar mövcuddur. Digər fiqurlar uyğurlar, hindlilər, çinlilər, iranlılar kimi müxtəlif millətlərdən və zadəganlar, əsgərlər, tacirlər və ruhanilər eləcədə müxtəlif qruplardan olan insanlardır. Bu fiqurlar arasında kompozisiyanın aşağı sağ və sol hissələrində olanlar əllərində nimçə ilə mərkəzdəki Buddaya qurban təqdim edir, digər fiqurlar isə əllərini ancali-mudra mövqeyində tutaraq sitayiş edirlər. Qurban təqdim edən fiqurların yanında at, dəvə və eşşək kimi heyvanlar da görünür. Onlar tacirlərin ixtiyarında olan, üzərinə mal yüklənmiş və yerə yıxılmış heyvanlar kimi təsvir edilmişdir. Kompozisiya daxilində və xüsusilə kompozisiyanı çərçivələyən haşiyədə bitki mənşəli ornamentlər var. Rəsmlərin fonunda məbədlər, atçılıq fermaları kimi memarlıq elementləri də təsvir edilmişdir.
Budda ilə bağlı səhnələrdə onun ölümünü təsvir edən rəsmlər xüsusi əhəmiyyətə malikdir. Bu rəsmlərdə uyğur üz quruluşunda olan şəxslər, əsasən musiqiçi və din adamları, kədərli ifadədə göstərilir. Beləki bəzi fiqurlar yas tutmuş şəkildə, bəziləri əlləri ağızlarında, bəziləri isə əllərində asalarla təsvir olunur. 9, 12, 19-cu məbədlərdə Buddanın ölümünü təsvir edən divar rəsmləri mövcuddur.[10]
Alp tanrı, döyüşçü, şər ruh təsvirləri
redaktəUyğur rəssamlığında Lokapala təsvirləri qədim türklərdə Alp təxəyyülü ilə bağlı olduğu üçün çox əhəmiyyətlidir. Qoruyucu ruhlar olan Lokapalalara uyğur türkcəsində küzetkici (gözətçi) deyirdilər. Bunlar Buddist mifologiyasına alp tanrısı kimi daxil olan türk Alp anlayışının formasıdır.[11] Bəzəklik rəsmlərində ilk növbədə Budda fiqurları, ilahi şəxsiyyətlər və ruhanilər, bəylər və qadınlar həmişə mülayim və sakit şəkildə təsvir olunsa da, alp tanrıları bu şəkildə təsvir olunmamışdır. Onların gözləri yuvarlaq, burunları isə şişkin şəkildə təsvir edilmiş,üzlərində qorxulu ifadə var. Bəzən atları ilə təsvir edilən bu fiqurlar adətən silahlı və ağır zireh geyinirlər. Dörd yön gözətçiləri (Lokapala), Vajrapani (Buddanın mühafizəçisi hesab edilən ruh), pələng maskalı tonqa (pələng, alp) fiqurları kimi alp tanrıları həmişə qorxulu simada təsvir edilmişdir. Bundan əlavə, bəzi hökmdar fiqurları bu ikonoqrafiyaya uyğun olaraq qorxulu ifadə ilə, atları və özləri ağır zireh və maskalar geyinmiş şəkildə təsvir edilmişdir. Qorxulu tanrı Mahakala da yuxarıda adı çəkilən ifadə ilə dünyanın daşıyıcısı sayılan əfsanəvi öküzün üzərində rəsm edilmişdir. Mahakala qəddar tanrı idi və insanları təkərdə əzərək öldürən ölümlə əlaqəli tanrı hesab olunurdu.[12]
Uyğur sənətində şər ruh təsvirləri də öz klassik ifadəsindədir. Uyğur mətnlərində təsvir olunduğu kimi, Yekler (pis cin və s.) və İçkek (qan içən) kimi pis ruhlar belə təsvir edilmişdir: Dik və sərt qırmızı saçlı, dişli, iri gözləri dönür, alınlarının ortası üçüncü böyük göz parıldayıraq alov saçır. Erklik xanın və ya başqa bir Orunqutun (başbuğ) əmri altında insanlara hücum edib fəlakətlər törədirlər.
Hind mifologiyasında Qaraquş və ya Qaruda adlanan yırtıcı quş tanrısı da eyni üslubda təsvir edilmişdir. Qarudanın uşağı qaçırmaq istəyərkən Alp tanrısı tərəfindən kəməndi ilə vurulması səhnəsinə Bəzəklik rəsmlərində tez-tez rast gəlinir. Bu mənzərə məbəd 7 (Rəsm 9), məbəd 9 (Lövhə 23) və məbəd 26 (Rəsm 16D) tapılan divar rəsmlərində çox oxşar şəkildə təsvir edilmişdir.[13]
Uyğur əsilzadələrinin və din adamlarının təsviri
redaktəUyğur şah və şahzadələrini təsvir edən səhnələr uyğur rəssamlığının ən parlaq nümunələrindəndir. Bu rəsmlərdə zadəgan uyğur kişiləri uzun paltarlarda təsvir edilmişdir. Onların arasında orta yaşlı və ya yaşlı, arıq və ya möhkəm, düz və ya dairəvi saqqallı şəxslər diqqət çəkir. Bəzi rəsmlərdə daha qısa paltarlar geyinmiş, saçları olan gənclər nəzərə çarpır. Bu fiqurların hamısında çiçək ornamentləri və ya heyvan fiqurları olan ipək paltarlar var. Adətən bellərinə metal türk kəmərləri taxırlar. Kəmərdəki ilmələnmiş qayışlar aşağıdadır və onlara pul kisəsi, dəsmal və yeplik kimi şəxsi əşyalar asılır. Uyğur rəsmlərində qadınlara da tez-tez rast gəlinir. Uyğur qadınları üzlərini ağ rəngə boyayıb, qırmızı xallarla bəzəyiblər. Onların lakla vurğulanan saçları müxtəlif sancaqlar, çiçəklər və şəffaf örtüklərlə bəzədilmişdir. Paltarları qırmızı və ya qızılı naxışlı parçadandır. Nəzakət qaydalarına uyğun olaraq, əllər paltarın uzun qollarında gizlənir və sinə üzərində bükülürdü. İbadət edən bəylər, qadınlar və uşaqlar əllərində boyalı və zərli çiçəklərlə təsvir edilmişdir. Bu çiçəklər arxeoloji tədqiqatlar zamanı stupaların ətrafında da tapılmışdır. Ruhanilər uyğur cəmiyyətində başqa bir təbəqəni təşkil edir. Həmçinin rəsmlərdə mavi gözlü və sarı saçlı kimi təsvir edilən köhnə Buddist rahiblərinin gecə-gündüz ibadət etməkdən üzləri solğunlaşmış şəkildədir. Gənc uyğur müridlərinin üz ifadəsi onların dinlərinə ciddilik və bağlılığından xəbər verir. 19-cu məbəddəki divar rəsmində bir uyğur şahzadəsi təsvir edilmişdir. (Lövhə 26) Klassik uyğur rəsm üslubunun hakim rəngi olan qırmızı rəngin əsas rəng kimi istifadə edildiyi bu portretdə pərdələr üzərində fiqurun sarayın bir otağında olduğunu göstərir.Sarayda təsvir edilən şahzadə fiquru 2/3 profildən verilmişdir.Başında saray ornamentləri ilə bəzədilmiş iti uclu konus var.Köhnə türk adət-ənənələrinə uyğun olaraq uzun saçları çiynindən aşağı düşür və ortadan ayrılır.Yanağı dolğun,gözləri bir az maili olan fiqurun üzündə qövs əmələ gətirən dairəvi saqqalı və sallanan bığları var. Onun qədim Göytürk və Uyğur heykəllərinin bəzilərində rast gəldiyimiz sferik sırğaları ön plandadır.[14] Paltar üzərindəki naxışlar boyama texnikası ilə işlənmişdir. Bu tip paltarlara Mərkəzi Asiya ilə yanaşı Anadolu Səlçuqlu və Osmanlı dövründə də çox rast gəlinir. Əllərin duruşu qismən Göytürk heykəllərini xatırladır. Sağ əl sinənin altında yumruq şəklindədir, sol əldə isə gül var. Bu gül Buddaya və ya sitayiş olunan tanrıya təqdim edilən ibadət əşyasıdır. Bundan başqa rəsmlərdə Mərkəzi Asiyaya aid qrafik üslubunun istifadəsi diqqət çəkir. 9-cu məbəddə aşkar edilən divar rəsmində Uyğun şahzadəsi təsvir olunmuşdur. Yenə də qırmızı rəngin ön planda olduğu bu kompozisiyada fiqur ayaq üstə və qismən dönmüş vəziyyətdədir. Şahzadə Mərkəzi Asiyada geniş istifadə olunan keçə üzərində dayanmışdır. Paltarı ayaqaları ilə tapdalanacaq qədər uzundur. Rəngi sarıdır. Günümüzdə Mərkəzi Asiya qadınlarının geyimlərində olduğu kimi paltar ucları bitki ornamentləri ilə bəzədilmişdir. Çəkik gözlü və yumru üzlü, uyğur fenotipini xatırladan fiqurun qulaqlarında Lotus çiçəyi formasında sırğalar var. Başın təpə qismində yerləşən başlığın ucları da Lotus çiçəyi kimi qıvrımlıdır. Günümüz uyğurları tərəfindən çala adlandırılan baş bəzəyi yerə qədər dəyməkdədir. Yer qırmızı rəngə boyanıb. Fiqurun iki qolunu qarnında birləşdirərək əllərini geyimində gizlətməsi həm çin təsviri sənətində həm də Türk sənətində qarşımıza çıxan təsvir formasıdır. Fiqurun əlindəki çiçək yuxarı doğru uzanır. Rəsmdəki konturlar qırmızı və qara rəngdə ön plana çıxmışdır. Rəsmdə əsasən xətt üslubu hakimdir.[15]
Musiqiçi təsvirləri
redaktəBezeklik rəsmlərində diqqət çəkən mövzulardan biri də musiqiçilərin təsvir olunduğu səhnələrdir. Buddizmdə musiqiçilər, Buddanı tərifləyən və onun fəzilətlərini təsvir edən ilahilər və mahnılar oxuyur. Boddhisatvaların gözəl musiqi ilə insanların qəlblərini yumşaltdığına da inanılır. Lakin nağara kimi alətlər də pis ruhların təsvirində istifadə edilmişdir. Musiqiçiləri təsvir edən səhnələrin əhəmiyyətli nümunələrindən biri 31-ci məbədin freska parçasıdır. (34 nömrəli lövhə) Bu şəkildə müxtəlif alətlərdə ifa edən bir qrup musiqiçi təsvir edilmişdir. Xətti üslubun üstünlük təşkil etdiyi rəsmdə dominant rənglə yanaşı, qırmızı, yaşıl, qara və ağ rənglərdən də istifadə olunur.[16] Kompozisiyada sağ altdakı fiqur qopuz, digər fiqurlardan ikisi nəfəs alətlərində ifa edir. Yuxarı sağdakı fiqur bu gün də istifadə edilən iri metal disk formalı sincləri döyür, onun bir az altındakı fiqur isə əlində nağara toxmağı ilə təsvir edilmişdir. Yerin qırmızı rəngdə olduğu və boş yerlərdə nilufər çiçəklərinin təsvir olunduğu kompozisiyada fiqurların hamısının uyğur tipinə aid olduğu görünür. Saçlar ya topuz şəklində toplanır, ya da lotus şəklində yuxarıdan yığılmışdır. Sürətli musiqinin ritminə qapılan libaslı fiqurların hərəkətləri rəsmdə ifadə transferinin nə qədər güclü olduğunu sübut edir. Həmçinin 13-cü məbəddə tar, ud, qopuz, fleyta, nağara və müxtəlif zərb alətləri ilə yanaşı musiqi ifa edən böyük bir orkestr da təsvir edilmişdir. (43-cü lövhə) 12-ci məbəddə Buddanın ölüm səhnəsində ud və ya qopuz kimi alətdə ifa edən musiqiçi rəsm edilmişdir. (Lövhə 42) 7-ci məbəddəki divar rəsmində şər ruh timpani adlı böyük yarımkürə formalı nağara çalır. (Şəkil 8E) 26-cı məbəddəki başqa bir rəsmdə truba və nağara çalan şər ruhlar təsvir edilmişdir. [17](Rəsm 17C)
Heyvan təsvirləri
redaktəUyğur sənətində sürreal və ya real heyvan təsvirləri geniş şəkildə rastımıza çıxır. Bu heyvan təsvirlərini üslub xüsusiyyətlərinə görə iki əsas qrupa bölmək olar. Bunlardan birincisi türk çöl mədəniyyətinə uyğun rəsm edilən heyvan təsvirləridir. İkinci qrup müxtəlif Buddizm əfsanə və ya hekayələrində təsvir olunan heyvanlardan ibarətdir. Uyğur sənətində heyvan üslubu ənənəsindən uzaqlaşmaq adi hal olsa da, köhnə türk heyvan təsviri ənənəsinə uyğun gələn heyvan fiqurları da var. Köhnə heyvan üslubunu yeni sənət əsərlərinə daşıyan uyğurlar buddizmə xas simvolik heyvan təsvirlərini tətbiq etməkdən də çəkinməmişdilər. Bu təsvirlərdə bəzən buddist sənət ənənəsini köhnə türk ənənəsi ilə birləşdirərək yeni sintez əmələ gətirilmişdir. Heyvan təsvirləri arasında türk sənətində mühüm yer tutan at fiquruna tez-tez rast gəlinir. Bəzəkliyin 4-cü məbədindəki süvari təsvirində (Şəkil 6D) süvarilərin başında başlıq, üzərində zireh var. At fiquru isə qoşquları və düyünlü quyruğu ilə köhnə türk üslubuna uyğun gəlir. Atın düz yanında ov iti fiquru da var. Bu it fiqurunu bir çox rəsmdə qarşımıza çıxır. Türk mədəniyyət və incəsənətində mühüm yer tutan əjdaha obrazlarına Bəzəklik rəsmlərində də yer verilmişdir. Bunun ən məşhur nümunəsi 19-cu məbəddə tapılan freskada qanadları rumi şəklində qıvrılmış əjdahanın təsviridir. (Lövhə 28) Buynuzlu, pulcuqlu və qanadlı təsvir edilən bu əjdaha suyun altından çıxır və göy əjdahası kimi səmaya qalxır. Bununla o buludların arasında yerləşəcək və yağış yağdıracaq, yəni bolluq və bərəkət gətirəcəkdir. Qırmızı fonda yerləşdirilmiş səhnə daha böyük kompozisiyanın bir hissəsi kimi görünür. Qırmızı, yaşıl və mavi rənglərin üstünlük təşkil etdiyi tablonun aşağı və yuxarı planlarında qırmızı və yaşıl rənglərlə boyanmış sivri uclu üçbucaqlı dağlar görünür. Dağların arasındakı ağaclarla əhatə olunmuş gölü nəzərə çarpır. Ağacların arasında ceyran kimi heyvanlar təsvir edilmişdir. Suyun üzü bir qədər dalğalıdır və üzərində su bitkiləri ilə təsvir edilmişdir. Əjdahanın bədəninin əksəriyyəti su səviyyəsindən yuxarıdadır, pəncələrini qaldırılmış, ağzı açıqdır. Lakin onun siması qorxulu deyil, daha çox yaraşıqlı şəkildə təsvir edilmişdir.[18]
Qədim zamanlardan türk incəsənət və mədəniyyətində mühüm yer tutan pələng təsvirlərinə 10-cu Bəzəklik məbədindəki fiqurun geyim detalında da rast gəlmək mümkündür. (Şəkil 10C) Bu təsvir türk heyvan üslubu ənənəsinə uyğundur. Burada pələng rəsminin uzanması və qıvrılması və onu dairəyə sığdırmaq cəhdi heyvan üslubunun köhnə nümunələrini xatırladır. Bəzəklik rəsmlərində bəhs etdiyimiz heyvan fiqurları ilə yanaşı, türk və Buddist mədəniyyətlərində çox görülən mürəkkəb bədən quruluşlu mifik varlıq Qaruda, qartal, ov quşları, fil, maral və dəvə kimi fiqurlar da var. Bunlardan xüsusilə Qaruda və fil təsvirləri Buddist ikonoqrafiyasını əks etdirmək üçün istifadə edilmişdir.[19]
Qalereya
redaktə-
Vadiden görünüm
-
Yaxından görünüş
-
Budda freskoları
-
Budda freskoları
-
Uyğur şahzadəsi
-
Uyğur şahzadələri, mağara 9, Museum für Asiatische Kunst
-
Qəftan ve başlıq geyinmiş Uyğur şahzadələri, mağara 9
-
Praṇidhi səhnəsi, mağara 5
-
Praṇidhi səhnəsi
-
6 nömrəli Praṇidhi səhnəsi
-
Buddaya dua eden soqdlar
-
Brahman rəsmi Mağara 9, VIII-IX əsrlər
-
Divar rəsmi
-
Tacirlər
-
Dua eden Uyğur qadını
-
Uyğur əsilzadəsi
İstinadlar
redaktə- ↑ "Bizaklik Thousand Buddha Caves". travelchinaguide.com. 2019-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-21.
- ↑ Hopkirk, 2001. səh. 83
- ↑ Hopkirk, 2001. səh. 75
- ↑ "Arxivlənmiş surət". Archived from the original on 2016-12-04. İstifadə tarixi: 2023-01-12.
- ↑ Dillion. səh. 13
- ↑ "箜篌故事:凤首丝绸之路上的凤首箜篌" [Konghou Story: The Phoenix-headed Konghou on the Silk Road] (çin). 23 August 2016. 12 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2023.
图4 柏孜克里克第48窟中的凤首箜篌 公元十世纪 (translation: Figure 4 The phoenix-headed Konghou in Cave 48, Bezeklik, 10th century AD)
- ↑ "Bizaklik Thousand Buddha Caves". showcaves.com. 2018-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-21.
- ↑ Çoruhlu. səh. 261
- ↑ Millward, 2007. səh. 43
- ↑ Millward, 2007. səh. 44
- ↑ Hamilton, 1998. səh. 503
- ↑ Whitfield, 2010. səh. 124
- ↑ Gömeç, 1997. səh. 201
- ↑ Gömeç, 1997. səh. 204
- ↑ Gömeç, 1997. səh. 212
- ↑ Çoruhlu, 2002. səh. 18
- ↑ Bozcu, 2009. səh. 16
- ↑ Bozcu, 2009. səh. 17
- ↑ Bozcu, 2009. səh. 18
Həmçinin bax
redaktəƏlavə ədəbiyyat
redaktə- GRÜNWEDEL, A. Altbuddhistische Kultstätten in Chinesisch-Turkistan. Berlin. 1912.
- STEIN, M. A. The Thousand Buddhas. 1. London. 1921.
- LE COQ, A. von. Die Buddhistische Spätantike in Mittelasien. 3–4. Berlin. 1922–1926.
- LE COQ, A. von. Auf Hellas Spuren in Ostturkistan. Leypsiq. 1926.
Mənbə
redaktə- Millward, James A. Eurasian Crossroads: A History of Xinjiang (illustrated). Columbia University Press. 2007. səh. 43. ISBN 978-0231139243. İstifadə tarixi: 10 March 2014.
- Modern Chinese Religion I (2 vol.set): Song-Liao-Jin-Yuan (960-1368 AD). BRILL. 8 December 2014. 895–. ISBN 978-90-04-27164-7.
- Hamilton Alexander Rosskeen Gibb; Bernard Lewis; Johannes Hendrik Kramers; Charles Pellat; Joseph Schacht. The Encyclopaedia of Islam. Brill. 1998. səh. 677.
- Hopkirk, Peter. Foreign Devils on the Silk Road: The Search for the Lost Treasures of Central Asia. Oxford University Press. 2001. səh. 118. ISBN 978-0192802118.
- Michael Dillon. Xinjiang and the Expansion of Chinese Communist Power: Kashgar in the Early Twentieth Century. Routledge. 1 August 2014. 17–. ISBN 978-1-317-64721-8.
- Whitfield, Susan. A place of safekeeping? The vicissitudes of the Bezeklik murals // Agnew, Neville (redaktor). Conservation of ancient sites on the Silk Road: proceedings of the second International Conference on the Conservation of Grotto Sites, Mogao Grottoes, Dunhuang, People's Republic of China (PDF). Getty Publications. 2010. 95–106. ISBN 978-1-60606-013-1. 2012-10-30 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Saadettin Gömeç. Uygur Türkleri Tarihi ve Kültürü. Ankara. 1997.
- Yaşar Çoruhlu. Türk Mitolojisinin Anahatları. İstanbul. 2002.