Bantular (a-ba-ntu – “adamlar”) – Tropik Afrikada bantu dillərində danışan xalqlar qrupu.

Bantular
Ümumi sayı
təqribən 300 mln.
Dili

Bantu dilləri

İrqi
zənci
Dini

müsəlman, xristian

Məlumat

redaktə

Ümumi sayları təqribən 300 milyon nəfərdir (2004). Ekvatorial, Cənubi və Şərqi Afrikanın tarixi-etnoqrafik vilayətlərinin əsas əhalisini təşkil edirlər. Dindarları müsəlman və xristianlardır. Ənənəvi etiqadlarını saxlayanlar da var. Bantuların əksəriyyəti Böyük zənci irqinə mənsubdurlar. Bantuların yaşayış məskənləri müxtəlif planlı iri və kiçik kəndlər, ənənəvi yaşayış ev tipi isə, əsasən, gillə suvanmış hörmə divarları olan dairəvi evlərdir. Bantuların ənənəvi geyimi bel sarğısı, yaxud dəridən və ya otdan hörülmüş önlükdür. 19-cu əsrin sonlarından avropasayağı geyim yayılmışdır. Zəngin folklorları (etnogenetik rəvayətlər, heyvanlar haqqında nağıllar və s.) var. Müasir dövlətlərin hüdudları çərçivəsində Bantuların kiçik qruplarının daha iri birliklərə etnik konsolidasiyasının fəal prosesi baş verir, ən çox inkişaf etmiş xalqlarda (məs., kikuyyularda) millət tipli birliklərin formalaşması müşahidə olunur.

Məşkunlaşdıqları ərazilər

redaktə

Şimal en dairəsindən 6°Cənubunda (Bantuların Afrikası adlandırılan ərazi) yaşayırlar və Bantular Ekvatorial Afrikanın Ekvatorial Qvineyasında, Qabonda, Konqo Xalq Respublikasında, MAR-ın cənub-qərb ərazilərində, Kamerunun qərb və cənub rayonlarında, həmçinin Konqo Demokratik Respublikası, AnqolaZambiyanın böyük hissəsində məskunlaşmışlar;

Ən iri qrupları

redaktə

Banduların ən iri qrupları dualalar, bubelər (fernandlar), fanqlar (fangilər, panqvelər), tekelər (batekelər), nqalalar (banqalalar), monqolar, tetelalar (batetelalar), kubalar (bakubalar), lubalar (balubalar), lundalar (balundalar), konqolar (bakonqolar), ambundular (bambundular), ovimbundular (mbundular), çokvelər (vaçokvelər), luenalar (valuenalar), lozilər (balozilər), tonqalar (batonqalar), bembalardır (bavembalar).

Bantudilli xalqlar

redaktə

Cənubi Afrikanın əsas hissəsində (Anqolanın cənubu, Namibiyanın şimalı, CAR-ın cənubu, mərkəzi, şərqi və şimal-şərqi, Esvatini, Lesoto, Zimbabve, Botsvananın cənubu və şərqi, Mozambikin cənubu və mərkəzi rayonları) bantudilli xalqlar: zulular (amazulular, zuluslar), kosalar (amakosalar, kafrlar), svazilər (amasvazilər), ndebelelər (aman debelelər), matabelelər, tsvanalar (svanalar, beçuanlar), sutolar (basutolar), pedilər (bapedilər), tsonqalar (batsonqalar), vendalar (bavendalar), şonalar (maşonalar), gererolar (ovagererolar), ovambolar və başqaları məskunlaşmışlar. Şərqi Afrikanın (Uqandanın qərbi və cənubu, Keniya və Tanzaniyanın böyük hissəsi, Somalinin cənubu, Komor adaları, Ruanda, Burundi, Zambiyanın və Konqo Demokratik Respublikanın şərqi) ən iri bantudilli xalqları kikuyyular, merular, kambalar (akambalar), luhyalar/luyyalar (baluhyalar/baluyyalar), ruandalar (banyaruandalar), rundilər (barundilər), qandalar (baqandalar), soqalar (basoqalar), nyorolar (banyorolar), gişular/gisular (bagisular), çiqalar/kiqalar (baçiqalar/bakiqalar), nyankolelər (banyankolelər/banyankorelər), qusiilər (bakisiilər), caqqalar/çaqqalar (vaçaqqalar), nyamvezilər (vanyamvezilər), sukumalar (vasukumalar), şambalalar (vasambalalar), zaramolar (vazaramolar), qoqolar (vaqoqolar), hehelər (vahehelər), benalar (vabenalar), kinqalar (vakinqalar), fipalar (vafipalar), yaolar (vayaolar), makualar (vamakualar), malavilər (maravilər, nyancalar), makondelər, nqonilər (anqonilər) və suahililərdir (vasuahililər); sonuncuların danışdığı kisuahili dili Tropik Afrikada ümum danışıq dilidir (təqribən 70 milyon nəfər istifadə edir).

Bantuların bütün etnonimləri insanların xüsusi zümrə göstəricilərini bildirən ba-, va-(ova-), ma-(ama-) ön şəkilçiləri vasitəsilə yaranır, eyni zamanda linqvonimlər üçün ki-, çi-, lu-, ru-, i-, isi-, se-, toponimlər və politonomlar üçün isə u-, bu-, bo, le- lokativ ön şəkilçiləri istifadə olunur (məs.; baqandalar – luqandalar – Buqanda; basutolar – sesutolar – Lesoto). Dilləri Konqo-Kordofan ailəsinin Niger-Konqo qrupunun Benue-Konqo yarımqrupuna aiddir.

Elmi və soraq ədəbiyyatda prefikslərin qeyd olunmaması etnos, dil və ölkə adlarının üst-üstə düşməsinə gətirib çıxarır. Bantu dillərində danışan xalqlar mənşəyinə və mədəniyyətinə görə vahid bir qrup təşkil etmirlər. Bu xalqlardan bəziləri erkən siyasi qurumlar yaratmışlar: nyorolarda Kitara, şonalarda Monomotapa, Suahili şəhər-dövlətləri (Kilva, Pate, Mombasa, Lamu, Malindi, Sofala və s.) və Zənzibar sultanlığı; konqolarda Konqo, qandalarda Buqanda, ruandalarda Ruanda, lundalarda Lunda və s. Lakin Bantuların əksəriyyəti müstəmləkəyə qədər ki dövrdə ibtidai cəmiyyətin dağılmasının müxtəlif mərhələlərində olmuşlar. Əsas istehsalat və sosial özəyi əkinçi icma, hakimiyyətin quruluşunun əsas forması – tayfa-icma birliyi və tayfa ittifaqı qalmaq da idi. Dilçilik və arxeoloji məlumatlar müasir Bantuların e.ə. 1-ci minillikdə dəmirlə tanış olan əcdadlarının erkən əkinçilər olduğunu ehtimal etməyə əsas verir. Onlar indiki Kamerun ərazisindən cənuba –tropik meşələr zonasına və bu zonanı dolanaraq cənub-şərqə irəliləməyə başlamışlar. Miqrasiya zamanı Bantular yerli əhalini– ovçuları və yığıcıları (meşə zonasında piqmeylər, Şərqi və Cənub-Şərqi Afrika savannalarında müasir koysan xalqlarının əcdadları) sıxışdırır və assimiliyasiya edirdilər.

Təsərrüfat

redaktə

Bantu xalqları, əsasən, rütubətli tropik meşənin periferiyasında yerləşən seyrək meşəlik zonada məskunlaşaraq burada dəmir metallurgiyası təsərrüfatı və istehsalını yaymışlar; Bantular Konqo çayı hövzəsində müstəqil mis metallurgiya ocaqlarını yaratmışlar. Bantuların ayrı-ayrı qruplarının miqrasiyası 19-cu əsrin ortalarınadək davam etmişdir. Bantuların ənənəvi mədəniyyətləri Tropik Afrika xalqları üçün səciyyəvidir. 19-cu əsrin sonlarında Bantular üçün qırılıb yandırılmış ərazilərdə toxa əkinçiliyi səciyyəvi idi. Bir çox xalqlarda əkinçi-maldar (sukumalar, tonqalar və b.), yaxud, əsasən, maldar (sutolar, kosalar və b.) təsərrüfat mövcud olmuşdur. Meşə arıçılığı və ovçuluq fəaliyyətlərində mühüm yer tuturdu. Ağac və sümükdən yüksəkkeyfiyyətli məmulat hazırlayırdılar.[1]

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 186–187. ISBN 978-9952-441-07-9.
  NODES