Bilal Həbəşi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin.
Bilal Həbəşi | |
---|---|
ərəb. بلال بن رباح | |
Doğum tarixi | 581 |
Doğum yeri | |
Vəfat tarixi | 642 və ya 641[1] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | Səhabə |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur.
Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin əsarətindən qurtulmağa çalışırdı.
Məhəmməd peyğəmbər (s) peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O, Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi.
Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi. Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz axtardığını tapmışdı.
Bundan sonra ağalarının gözündən yayınıb, demək olar ki, hər gecə məxfi şəkildə Peyğəmbərin (s) görüşünə gedərdi.
Bir gün Məscidül-Həramda Kəbəni təvaf edirdi. Bütlərin yanına çatarkən onları nifrətlə süzdü və bir bütü təhqir etdi. Bu vaxt müşriklərdən biri məxfi şəkildə Bilalı izləyirdi. Həmin şəxs gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verdi.
Üməyyə, İslamın və Peyğəmbərin (s) qatı düşmənlərindən olan bu şəxs heç cür inana bilmirdi ki, onun qullarından biri müsəlman olub. O çox qəzəbləndi və dedi: "Ona bir divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz."
Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.
Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.
Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlmanlığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.
Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: "Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!"
Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzab-əziyyətindən ləzzət alır, şadlanırdılar.
Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə "əhəd, əhəd" pıçıldadığını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.
Onu yaraları sağalanadək işgəncə məqsədilə azad etdilər.
Həmin günün səhəri Bilalı iplə sarıyıb bir neçə nəfər var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar. Bununla belə, o, müqəddəs tövhid şüarını, "əhəd-əhəd" kəlmələrini təkrarlayırdı.
Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.
Bir çox tanınmış şairlər Bilalın işgəncə səhnəsini nəzmə çəkmiş, öz əsərlərində onu yad etmişlər. Bu şerlərdən birində deyilir:
Bilalın azadlığı
redaktəXalqla daim həmdərd olan həzrət Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat olurdu. O, işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib, çətinliyə düçar olanları behiştlə müjdələyərdi.
Bilalın işgəncələri nəhayət həddə çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər (s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla alıb, Allah yolunda azad etmək lazımdır.
Üməyyə ibn Xələf də Bilalın müqavimətindən cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.
Bilal sağaldıqdan sonra ciddi dini fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi. O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı. Bilal "Şibe-Əbu-Talib" mühasirəsi dövründə də müsəlmanlarla oldu. Bilalın iman və səbri ona misilsiz əzəmət bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ edib, yayırdı.
Mədinəyə hicrət
redaktəBilal, Peyğəmbərin (s) hicrətindən qabaq Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s) yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah rəsulunu (s) qarşılayır.
Müsəlmanlar arasında bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu.
İlk müəzzin
redaktəMədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə tapşırdı ki, Bilala azan öyrətsin. Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.
Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.
Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: "Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir." Həzrət Peyğəmbər (s) Bilala deyərdi: "Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq."
Bilalın ailə qurması
redaktəBilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O, elçilik zamanı özünü belə təqdim etdi: "Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi. Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd olsun. Əgər verməsəniz, Allah böyükdür."
Qız adamları qəti cavab verməzdən əvvəl Peyğəmbərdən (s) bu işə münasibətini soruşdular. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: "Ondan yaxşı kimi istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır…"
Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami meyarları çox aşkar şəkildə bəyan edir.
Bilal döyüş meydanlarında
redaktəBilalın müxtəlif sahələrdə, eləcə də, cihad meydanlarında iştirakı onun İslamı hərtərəfli tanıyıb, dəqiq əməl etməsinin göstəricisidir. Bilalın işi təkcə namaz və azan deyildi. O, savaş qəhrəmanı, əsil hərb adamı idi. Bilal, demək olar ki, bütün döyüşlərdə iştirak etmişdir. İslamın qələbəsi və müşriklərin məğlubiyyəti ilə nəticələnən Bədr döyüşündə əsirlər arasında Üməyyə və oğlu da vardı. Bilal İslamın qədim düşməni olan Üməyyəni görüb, ənsari haraylayaraq dedi: "Bu Üməyyədir, küfrün rəisidir. And olsun Allaha, səni nicat tapmağa qoysam, özüm nicat tapmaram!"
Üməyyəni tanıyan, onun Məkkədə müsəlmanlara verdiyi işgəncədən xəbərdar olan ənsar Bilalın səsini eşidib, onun köməyinə tələsdi. Beləcə Üməyyə və onun oğlunun həyatına son qoyuldu. Bəli, küfr və zülm başçısı Üməyyə qara qulun əli ilə gözlərini dünyaya qapadı. Bilal iştirak etdiyi digər müharibələrdə həzrət Peyğəmbərin (s) göstərişi ilə nəticələn-miş Ühüd döyüşündə Bilal orduya həzrət Peyğəmbərin (s) düşməni təqib etmək göstəri-şini elan etdi. Bəni-qərizə yəhudiləri ilə döyüşdə də savaş elanını Bilal öz öhdəsinə götürdü. Bilalın digər sahələrdə də fəaliyyətləri, xüsusi ilə insanları azan deməklə ibadətə səsləməsi onun pak və uca ruhundan danışırdı. Həzrət Peyğəmbər (s) Bilalı qəlbən sevməsinə baxmayaraq, ona səhvlərini də xatırladardı. Xeybər döyüşündə Bilal Həyy ibn Əxtəbin qızı Səfiyyəni əsir götürüb, onu yaxınlarının cəsədləri arasından keçirib gətirdiyi üçün qadın üzünü cırmış, başına torpaq tökmüşdü. Səfiyyənin üzücü iztirabını görən Peyğəmbər (s) Bilala buyurdu: "Qəlbinin mərhəmətini itirmisənmi ki, əsir qadını cəsədlərin arasından keçirib gətirirsən?!" Bu, Bilalın məzəmmət olunduğu yeganə hal idi. Uyğun hadisə əslində hamı üçün yetərli bir ibrət dərsi idi. Hətta müharibə meydanlarında əsirlərə qarşı insani davranış zəruridir.
Peyğəmbərin (s) xəzinədarı
redaktəMüsəlmanların beytül-malını, büdcəsini öhdəyə götürmək və xətaya yol verməmək, ondan sui-istifadə etməmək insanın maddi cəhətdən təqvasının, vəfadarlıq və allahpərəstliyinin dəlilidir. Bilal Mədinədə həm də peyğəmbərin xəzinədarı idi. Peyğəmbərin (s) ixtiyarına verilən malların xümsü, döyüş qənimətləri və digər pullar Bilala tapşırılırdı. Həzrət (s) ona müraciət edən fəqir və ehtiyaclıları Bilala tapşırırdı ki, onlar üçün yemək və geyim tədarük etsin. Bilal heç vaxt möhtacları rədd etmirdi. Hətta xəzinədə pul olmadıqda başqalarından borc olıb, fəqirləri yola salırdı. Bilal heç vaxt bir fəqirə "yox" deməmişdi. Bilal Peyğəmbərin göstərişinə əməl edərək, heç vaxt sərvət toplamırdı. İmkan düşdükcə xalqın ehtiyaclarını aradan qaldırırdı. Bir dəfə peyğəmbər Bilalın yanına gəldiyi vaxt orada bir xurma kisəsi görür və soruşur: "Bu nədir?" Bilal cavab verir: "Bunu sizin üçün və sizin qonaqlarınız üçün saxlamışam." Həzrət (s) buyurur: "Qorxmursanmı ki, bunlar alov şölələrinə çevrilə? Onları Allah yolunda infaq et və qorxma. Allah-təala az bir şeyə bərəkət verib artırar və böyük mükafat verər."
Peyğəmbərin (s) evi üçün bazarlıq Bilala tapşırıldığından o tez-tez həzrətin evinə gedib-gələrdi. Bilalın Peyğəmbərin qızı həzrət Zəhraya (s) (Fatimə (s)) xüsusi ehtiramı vardı. Bir dəfə Peyğəmbər (s) və namaza toplaşmış müsəlmanlar Bilalın azanı intizarında olduqları vaxt Bilal yubanır. Bilal məscidə daxil olduqda həzrət (s) ondan yubanmasının səbəbini soruşur. Bilal cavab verir: "Fatimənin (s) evinə getmişdim. O, buğda üyüdür, Həsən isə ağlayırdı. Dedim ki, ey Peyğəmbər qızı, icazə ver, ya buğdanı üyüdüm, ya da Həsəni saxlayım. Zəhra (s) buyurdu ki, övladımı saxlamaq üçün mən daha münasibəm. O, Həsəni götürdü, mən isə buğda üyütməyə məşğul oldum. Bu səbəbdən də yubandım." Həzrət Peyğəmbər (s) buyurdu: "Sən onunla mehribanlıq etdin, Allah da sənə mehriban olsun."
Məkkənin fəthi
redaktəMüsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular. Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət etdilər.
Bu karvana yolda qoşulanlar da çox oldu. Nəhayət, müsəlmanlar Peyğəmbərin rəhbərliyi altda qalib halda Məkkəyə daxil oldular. Məkkə heç bir qan axıdılmadan təslim edildi.
Müsəlmanlar Kəbə ətrafında toplandılar. Bilal həzrət Peyğəmbərin (s) göstərişi ilə Kəbənin açarlarını Osman ibn Təlhədən aldı və Kəbənin qapısı açıldı. Peyğəmbər (s) və Əli Kəbəyə daxil olub, bütləri birbəbir aşırmağa başladılar. Bütlərin bu vəziyyətə düşdüyünü görən müşriklər heyrətlənib, qorxuya düşdülər. Onlar bütlərin acizliyini seyr edirdilər… La ilahə illəllah… Əllahu əkbər…
Böyük fəth şüarı Məkkəni ağuşuna aldı. Allahın qüdrəti bütün qüdrətləri üstələdi. Allahın rəsulu (s) Bilala buyurdu: "Kəbəyə qalx və azan de." Bilal bir anda Kəbənin üstünə qalxdı. Müşriklər Bilalın cürətindən heyrətə gəlmişdilər. Bilalın könül oxşayan "Əllahu əkbər" fəryadı göyə ucaldıqca nigarançılıqlara son qoyulurdu. "Allah" adı və İslam azanı məkkəlilər üçün yeni bir şey idi. Bu ilahi çağırışın cazibəsi onları sehrləmişdi. Bilal, bu qara qul Peyğəmbər və ümmət tərəfindən bir nümayəndə olaraq, Kəbənin üstündən boylanırdı. "Əllahu əkbər, əşhədu ənnə Muhəmmədər-rəsulillah"
Peyğəmbərin (s) vəfatı astanasında
redaktəMəkkə fəth olundu və müsəlmanlar Mədinəyə qayıtdılar. Peyğəmbər (s) həyatının son ilində yüz mindən artıq müsəlman Allah evinin ziyarətinə getdi. "Vida həcci" adlanan bu həcdən qayıdarkən Peyğəmbərə əmr olundu ki, xəlifəlik, imamlıq məsələsini bəyan etsin və Əlinin canişinliyini xalqa çatdırsın. Sözsüz ki, xilafət və canişinlik məsələsi təzə bir məsələ deyildi. Həzrət (s) öz peyğəmbər-liyinin ilk illərindən başlayaraq müxtəlif münasibətlərlə ümmətə öz canişini Əli haqqında məlumat vermişdi. Amma bu dəfə Allahın təkidli fərmanı aşkar şəkildə bəyan olunmalı idi. Bilalın sədası həmin vadidə hamının diqqətini özünə cəlb etdi. Məlum oldu ki, Peyğəmbər (s) öz ümmətinə hansısa mühüm bir xəbəri çatdırmaq istəyir. Bilal peyğəmbərin göstərişi ilə nida etdi və hamı toplandı. "Qədir-Xum" adlanan vadidə saysız-hesabsız, müxtəlif ölkələrdən gəlmiş müsəlmanlar Peyğəmbərin (s) elanı intizarındadılar. Həzrət (s) onların intizarına son qoyaraq, Əlini öz xəlifəsi və canişini kimi xalqa təqdim etdi. Həcc səfərindən qayıtdıqdan sonra Peyğəmbər (s) Mədinədə xəstələndi və yatağa düşdü. Onun vəziyyəti gündən-günə ağırlaşırdı. Eyni zamanda Bilalın azanı və Peyğəmbərin (s) camaat namazında iştirakı Mədinəni isidir, məscidə səfa verirdi. Bilal, adətən, azan dedikdən sonra həzrət Peyğəmbərin (s) hüzuruna tələsir və onunla birlikdə namaza gələrdi. Həzrətin (s) xəstəlik dövründə də bu qayda davam edirdi. Bir gün Bilal adəti üzrə azan verdikdən sonra həzrətin (s) mənzilinə tələsdi. Amma məlum oldu ki, Peyğəmbərin (s) vəziyyəti ağırdır və o, namazda iştirak edə bilməyəcək. Bu vaxt Əbu Bəkr peyğəmbərdən xəbərsiz məscidə gedib, Peyğəmbərin (s) yerində imam durdu. Bu məsələdən xəbərdar olan Peyğəmbər (s) vəziyyətinin ağırlığına baxmayaraq, yataqdan qalxıb, məscidə gəldi. Həzrət (s) Əbu-Bəkri kənarlaşdırıb, namaza durdu. Sünnə əhlinin bəzi alimləri Əbu-Bəkrin belə bir hərəkət etmədiyini bildirsələr də, əksər alimlər uzun tədqiqatlardan sonra belə bir nəticəyə gəlmişlər ki, belə bir hadisə baş vermişdir.
Bilal Peyğəmbər (s) vəfatından sonra
redaktəİmam Sadiq buyurmuşdur: "Allah Bilala rəhmət etsin, o Əhli-beyt dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi. Bilal o zaman azan verirdi ki, müsəlmanların rəhbəri həzrət Peyğəmbər (s) idi və xalq camaat namazında ona iqtida edirdi. Bilal Peyğəmbər məqamının paklığı keşiyində durdu, peyğəmbərin azançısı olmaq iftixarını dünya-tələblərin siyasi hakimiyyətində çirkləndir-mədi. Bəli, bu səbəbdən də Peyğəmbərin (s) vəfatından sonra Bilal bir daha azan demədi. Ümmət Bilalın könül oxşayan tövhid avazının intizarında qaldı.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra bir gün Zəhra atasının azançısının səsini eşitmək istədi. Bundan xəbər tutan Bilal məscidin damına çıxıb azan dedi: "Əllahu əkbər, əllahu əkbər".. Bilalın səsini eşidən camaat həzrət Peyğəmbərin dövrünü xatırladı. Onlar o şirin dövrü yada salaraq ağladılar. Atasını xatırlayan Fatimə də ağlamağa başladı.: "Əşhədu ənnə Muhəmmədər-rəsulullah…" Azanın bu sözləri Mədinəni qəm-qüssəyə batırdı. Hələ ki, Mədinədə bu sayaq ah-nalə eşidilməmişdi. Atasının əziz xatirəsindən həyəcanlanan Zəhra bihuş olub yerə yıxıldı. Bilala dedilər: "Bilal sus, Peyğəmbərin qızı dünyasını dəyişdi." Zəhraya görə narahat olan Bilal azanı yarımçıq saxladı və məscidin damından düşüb ona yaxınlaşdı. Zəhra özünə gəlib buyurur: "Azanı tamamla." Bilal dedi: "Ey Peyğəmbər qızı, məni üzürlü bil. Sənin həlak olmağından qorxuram."
Bilalın sürgünü
redaktəPeyğəmbərin vəfatından sonra Bilalın azan deməməsi növbəti xilafəti rəsmi şəkildə tanımaması kimi qəbul olundu. Bilal mövcud hakimiyyəti öz azanı ilə təsdiq etmək istəmədi. O, əhd etmişdi ki, yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli üçün azan deyəcək. Bilalın azan deməkdən imtina etməsi xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün sonunadək orada qaldı. Bilal Şamda olduğu dövrdə bir dəfə həzrət Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər (s) Bilala buyurdu: "Bilal! Mənə münasibətdə necə də cəfa edirsən! Nə üçün mənim ziyarətimə gəlmirsən?" Bilal yuxudan oyanıb, çox qəmgin oldu. Qərara gəldi ki, həzrət Peyğəmbərin ziyarətinə getsin. Mədinəyə yola düşdü. Şəhərə daxil olan kimi Peyğəmbərin (s) qəbrinə üz tutdu. Ağlar halda həzrətin (s) məzarına sarıldı. İmam Həsən və imam Hüseyn Bilalın gəlməsini eşidib, xoşhal oldular, onun görüşünə gəldilər. Bilal həzrət Peyğəmbərin bu iki yadigarını görüb, onları ağuşuna aldı və öpdü. Peyğəmbərin bu iki körpəni qucağına alması səhnəsini xatırladı. Bilal Peyğəmbərdən sonra onun Əhli-beytinin necə tənha qaldığına şahid oldu. Əhli-beyt ümmətin biganəliyi ilə qarşılaşmışdı. Bilal Mədinədə bir neçə gün qaldı. Peyğəmbərin qəbrini ziyarət etdikdən sonra Əhli-beyt ilə görüşə getdi və təkrar öz sürgün yerinə, Şama qayıtdı.
Peyğəmbər buyuruqlarının rəvayətçisi
redaktəBilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.
Bilalın vəfatı
redaktəBilal Şama hicrət etdikdən sonra hər il Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı ziyarət edər, Peyğəmbər Əhli-beyti ilə görüşərdi.
Hicri 19-cu ildə Bilal taun xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı "Babus-səğir" adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu.
Hazırda onun məzarı üzərində qübbə tikilmişdir və bu yer mərifət əhlinin ziyarətgahıdır. Şam müsafirləri öz ehtiramlarını bildirmək üçün Bilalın qəbrini ziyarət edirlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Али-заде А. Билал аль-Хабаши (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 164.
Xarici keçidlər
redaktə- Cavad Mühəddisi. "Bilal Həbəşi kimdir?" ( (az.)). islamazeri.com. 2020-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.