Cenni fon Vestfalen

alman teatr tənqidçisi və siyasi aktivist

Yohanna Berta Jüli Cenni İdle fon Vestfalen və ya Cenni Marks (12 fevral 1814[1]2 dekabr 1881[1], London) — alman teatr tənqidçisi və siyasi aktivist; filosof və siyasi iqtisadçı Karl Marksın həyat yoldaşı (1843).

Cenni fon Vestfalen
alm. Jenny Marx
Doğum tarixi 12 fevral 1814(1814-02-12)[1]
Vəfat tarixi 2 dekabr 1881(1881-12-02)[1] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Atası Lüdviq fon Vestfalen[d][3]
Fəaliyyəti sosioloq, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Cenni fon Vestfalen Şimali Almaniyanın Zaltsvedel qəsəbəsində yenicə aristokratlığa yüksəlmiş ailədə anadan olub. Atası Lüdviq fon Vestfalen (1770–1842) Zaltsvedel və Trirdə hökumət müşaviri (alm. Regierungsrat‎) vəzifəsində işləyən dövlət qulluqçusu idi. Cenni Lüdviqin ikinci nikahından olan qızı idi və Cenninin özündən böyük dörd qardaş-bacısı vardı.

Cenninin ata tərəfdən babası, Blankenburqun poçt müdirinin oğlu Filip Vestfal hərbi xidmətlərinə görə Braunşveyq-Lüneburq hersoqu Ferdinand tərəfindən 1764-cü ildə Edler fon Vestfalen rütbəsinə layiq görülmüşdü.[4][5][6][7][8] O, Yeddiillik müharibə zamanı hersoqun faktiki qərargah rəisi vəzifəsində çalışmışdı.[9]

Onun ata tərəfdən nənəsi Cini Vişart (1742–1811) isə Şotlandiya zadəganı idi; belə ki, Cininin atası Corc Vişart IX Anqus qrafı Vilyam Duqlasın və III Marişal qrafının nəslindən idi. Sonuncunun isə öz növbəsində Stüartlar sülaləsindən olan Şotlandiya kralı I Ceyms ilə birbaşa qan qohumluğu vardı.[10] Corc Vişartın atası Vilyam Vişart Edinburq Universitetinin direktoru kimi fəaliyyət göstərmişdi. Cininin anası Enn Kempbell isə Şotlandiyanın Kempbellər nəslindən Con Kempbellin qızıdır. Con Kempbell IV Atoll qrafı Con Stüartın nəvəsidir. Onun bir tərəfi əsrlər boyu Şotlandiyanın ən güclü ailəsi olan Arqayl hersoqlarına gedib çıxır.[11] Bu fakt 1854-cü ildə Karl Marksın Cenniyə məxsus üzərində hersoq nişanı olan Arqayl gümüş məmulatlarının bir hissəsini lombarda qoymağa cəhd edərkən həbs olunduğu bir hadisəyə səbəb olacaqdı; bu zaman polis bir alman qaçqının Arqayla aid əmlakı qanuni yolla ala bilməyəcəyindən şübhələnmişdi.[12]

Cenninin anası Karolina Hyubelin (1780–1856) ailəsi orta təbəqədən idi. Karolinanın atası orduda istifadə olunan atlara qulluq edən təqaüdə çıxmış mütəxəssis idi.[13] Cenninin qardaşı Edqar fon Vestfalen (1819–1890) Karl Marksla eyni məktəbdə oxumuşdu və onunla dostluq edirdi. Digər qardaşı Ferdinand isə 1850–1858-ci illərdə Prussiyanın daxili işlər naziri vəzifəsini icra etmişdi. Ferdinand XIX əsr Prussiyasında aparıcı mühafizəkar qüvvələrdən biri olsa da, bu, onun Karl və Cenni Marksla mehriban münasibətinə təsir etməmişdi.[14]

Şəxsi həyatı

redaktə

Cenni fon Vestfalen və Karl Henrix Marks uşaqlıqdan müntəzəm olaraq bir-birləri ilə görüşürdülər. Cenni Karldan dörd yaş böyük idi. Onların hər ikisi də çox oxuyan və ədəbiyyata meyilli şəxslər idilər. Yeniyetmə çağlarında çox yaxın dost olan Cenni və Karlda tezliklə bir-birlərinə qarşı sevgi hisləri yaranır. Marksın fikrincə, Cenni Trir şəhərinin ən gözəl qızı idi.[12] Cenninin atası Lüdviq həm yeniyetmə Marksla, həm də onun atası ilə dostluq edir, tez-tez Marksla gəzintiyə çıxır və belə görüşlər zamanı fəlsəfə və ingilis ədəbiyyatını müzakirə edirdilər.[12]

Cenni və Karl 1836-cı ildə nişanlandılar və nəhayət, 19 iyun 1843-cü ildə Bad Kroytsnax şəhərində kilsədə evləndilər. Nikahdan sonra cütlük Parisə köçdü və burada alman şair Henrix Heyne ilə dostluq etməyə başladı.

Cenni və Karl Marksın yeddi övladı dünyaya gəlmişdi. Ən böyük qızları Cenni Karolin sosialist aktivist idi və 1872-ci ildə Şarl Longe ilə ailə həyatı qurmuşdu. O, 1860-cı illərdə Fransadakı sosialist mətbuatı üçün əsasən İrlandiyada ingilislərin feni inqilabçılarına qarşı rəftarını ifşa edən yazılar hazırlayırdı. Cenni Karolin 38 yaşında sidik kisəsi xərçəngindən vəfat edib.

Ailənin digər qızı Cenni Laura Belçikanın Brüssel şəhərində dünyaya göz açıb. 1868-ci ildə Pol Lafarqla evlənən Laura da sosialist aktivist idi. Laura həyat yoldaşı ilə birlikdə illərlə siyasi fəaliyyətdə olmuş, Marksın əsərini fransız dilinə tərcümə etmiş, Fransa və İspaniyada marksizmi yaymışdı. O, 66 yaşında ikən həyat yoldaşı ilə birlikdə intihar etmişdi.

Cenninin ən böyük oğlu Çarlz Lui Henri Edqar 8 yaşında vəfat etmişdi. Cenni ona qardaşının adını qoymuşdu. Onun digər oğlu Henri Edvard Qay Londonda doğulmuş və bir yaşında həmin şəhərdə vəfat etmişdi. Ailənin digər qız övladı Cenni Evelin Frensis də eyni taleyi yaşamış, bir yaşında dünyasını dəyişmişdi.

Cütlüyün ən kiçik qızı Eleonora Marks də sosialist aktivist olmuşdu. O, uzun müddət münasibətdə olduğu Eduard Evelinqin 1897-ci ilin iyun ayında Eva Fray adlı gənc aktrisa ilə evləndiyini öyrəndikdən sonra 43 yaşında sianid turşusu ilə özünü zəhərləyərək intihar etmişdi.

Marks ailəsinin sonuncu övladı 6 iyul 1857-ci ildə Londonda doğulmuş və həmin gün ölmüşdü.

Deportasiya edilməsi

redaktə
 
Cenni Marksın xatirə dəftərindən bir hissə (1865). Cenninin qeydlərinə görə onun üçün xoşbəxtlik sağlam olmaqdır, ən sevmədiyi şey isə borclardır.

1844-cü ildə Cenni anasına baş çəkmək məqsədilə körpə qızı Cenni Karolini də götürüb təkbaşına yola düşmüşdü. 1845-ci ildə Fransa siyasi polisi Karl Marksı və hamilə həyat yoldaşını ölkədən çıxarmış, bu səbəbdən qızları Laura Brüsseldə dünyaya gəlmişdi.

1848-ci ildə Brüssel polisi Cennini saxlamış və mühacirlərə qarşı deportasiya əmrini icra edərək ailəni ölkə sərhədindən çıxarmışdı. Marks ailəsi Parisə qayıtmış, ardınca da Kölnə köçmüşdü.

1848-ci ildə bir çox Avropa ölkələrində, o cümlədən alman dövlətlərində inqilab dalğası baş qaldırmışdı. Bu, həm də "Kommunist Manifesti" əsərinin yazıldığı ilə təsadüf edir. Bu səbəbdən Prussiya hakimiyyəti Karl Marksı Fransaya deportasiya etmişdi. Daha sonra Marks ailəsi ilə birlikdə Londona yola düşmüşdü.

Təxminən 1849–1850-ci illərdə Marks ailəsi Londonda məskunlaşmış, 1856-cı ildə Cenninin vəfat edən anasından qalmış pulun hesabına başqa evə köçmüşdü. Yeni ikimərtəbəli ev Londondan kənarda yerləşirdi və mətbəx daxil olmaqla yeddi otaqdan ibarət idi. Filosof Leşek Kolakovski Marks ailəsinin Londondakı həyatı ilə bağlı qeyd edirdi ki, "hamıya məlum olduğu kimi (Karl) Marks hesabını tuta bilmirdi, buna görə də Cenni London lombardlarının daimi müştərisinə çevrilmişdi".[15]

Ölümü

redaktə

Sonrakı illərdə Cenni Marks daxili ağrılardan əziyyət çəkməyə başladı. Ona qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Fransaya ailə səfərindən sonra o, 2 dekabr 1881-ci ildə 67 yaşında Londonda vəfat etdi. Cenni də Karl Marks kimi Londonun Haygeyt qəbiristanlığında dəfn edilib. 1954-cü ildə onun qalıqları əri və digər ailə üzvləri ilə birlikdə yeni məzara köçürülmüş və üzərində xatirə abidəsi tikilmişdi.

Əsərləri

redaktə
  • Short Sketch of an Eventful Life (1865–1866)[16]
  • Aus der Londoner Theaterwelt. In: Frankfurter Zeitung und Handelsblatt, Frankfurt am Main, No. 328, 21 November 1875
  • Londoner Saison. In: Frankfurter Zeitung und Handelsblatt, Frankfurt am Main, No. 95, 4 April 1876
  • Englische Shakespeare-Studien. In: Frankfurter Zeitung und Handelsblatt, Frankfurt am Main, No. 3, 3 January 1877
  • Shakespeares "Richard III" im Londoner Lyceum-Theater. In: Frankfurter Zeitung und Handelsblatt, Frankfurt am Main, No. 39, 8 February 1877
  • Vom Londoner Theater. In: Frankfurter Zeitung und Handelsblatt, Frankfurt am Main, No. 145, 25 may 1877
  • Die hervorragendesten Persönlichkeiten der englischen Salonwelt. In: Der Sprudel. Allgemeines deutsches Bade-Journal, Wien, IX. Jg., No. 3, 18 may 1879
  • Irving at home. In: Der Sprudel. Allgemeines deutsches Bade-Journal, Wien, IX. Jg., No. 7, 23 June 1879

İstinadlar

redaktə
  1. 1 2 3 4 Jenny Marx // GeneaStar.
  2. 1 2 3 A. A. P. Secret Re-burial of Karl Marx In London (ing.). // The Sydney Morning Herald Sydney: Fairfax Media, 1954. Iss. 36485 (late edition). P. 1. ISSN 0312-6315
  3. 1 2 3 4 Lundy D. R. The Peerage (ing.).
  4. Hotham-Thompson, Charles. Operations of the Allied Army Under the Duke of Brunswick: 1757 - 1766 (ingilis). Winged Hussar Publishing. 6 April 2018. ISBN 9781945430664.
  5. McLynn, Frank. 1759: The Year Britain Became Master of the World (ingilis). Random House. 31 December 2011. ISBN 9781446449271.
  6. "Internet-Portal 'Westfälische Geschichte'". www.lwl.org (alman). 25 March 2014. 28 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2019.
  7. Christian Heinrich Philipp Westphalen (Edler von), Ferdinand Otto Wilhelm Henning von Westphalen. Geschichte der Feldzüge des Herzogs Ferdinand von Braunschweig-Lüneberg ... (alman). Oxford University. Verlag der königlichen geheimen Ober-Hofbuchdruckerei (R. Decker), 1859. 1859.
  8. Klaus Gietinger, Karl Marx, die Liebe und das Kapital Arxivləşdirilib 2024-02-23 at the Wayback Machine
  9. Boris I Nicolaevsky; Otto Maenchen-Helfen. Karl Marx: man and fighter. Taylor & Francis. 1973. 22–7. GGKEY:JH1D3TU7F5Q. İstifadə tarixi: 9 May 2011.
  10. Burke's landed gentry of Great Britain (ingilis). səh. 617.
  11. Richard Norman Hunt. The Political Ideas of Marx and Engels: Marxism and Totalitarian Democracy, 1818-50 (ingilis). Springer. 2016. səh. 23.
  12. 1 2 3 Francis Wheen. Karl Marx: A Life. Fourth Estate. 1999. ISBN 1-85702-637-3.
  13. Jonathan Sperber. Karl Marx: A Nineteenth-Century Life (ingilis). 2013. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  14. Jürgen Reetz. Four Letters of Jenny Marx from the years 1856 - 1860th Trier 1970 (Schriften aus dem Karl-Marx-Haus Heft 3). Trier. 1970.
  15. Leszek Kołakowski. Main Currents of Marxism, Vol I: The Founders. Oxford: Clarendon Press. 1978. səh. 193-194.
  16. Marx and Engels through the eyes of their contemporaries. Progress Publishers, Moscow 1972, p. 131–142

Xarici keçidlər

redaktə
  NODES
Idea 1
idea 1
INTERN 1