Diqqət — psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi.

Diqqət idrak proseslərindən fərqlidir[1]. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəqqətiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisimhadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir.

Diqqətin funksiyaları

redaktə

Diqqət mürəkkəb psixi hadisə kimi xarakterizə olunur.

Seçmək funksiyası

redaktə

Mövcud fəaliyyətə uyğun gələn təsirlər seçilir, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət verilmir.

Saxlama funksiyası

redaktə

İdrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyət həmin obyekt üzərində mərkəzləşdirilir.

Nəzarət etmə funksiyası

redaktə

Fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edilir.

  • Diqqətin gərginliyi müəyyən xarici ifadələrə malik olur. Gərgin diqqət zamanı orqanizm müəyyən uyğunlaşma vəziyyəti alır. Gərgin diqqət zamanı artıq hərəkətlər dayandırılır, tam sakitlik halı yaradılır. Deməli, insanın diqqəti onun fəaliyyəti strukturu ilə təyin edilir, həmin fəaliyyətin gedişini əks etdirir və ona nəzarət mexanizmi kimi xidmət edir.
  • Diqqətin fizioloji əsasını başa düşmək — İ. P. Pavlovun kəşf etdiyi sinir proseslərinin induksiyası qanuna görə baş beyin qabığının bir sahəsində yaranan oyanma prosesləri başqa sahələrdə ləngimə yaradır və ya əksinə, qabığın bir sahəsində yaranan ləngimə başqa sahələrdə oyanmanın baş verməsinə səbəb olur. Deməli, müəyyən an ərzində beyin qabığında yüksək oyanma ocağı (optimal oyanma) mövcud olur. Pavlov belə sahəni beyin qabığının yaradıcı şöbəsi adlandırmışdır.
  • Diqqətin fizioloji əsasını aydınlaşdırmaq — A. A. Uxotnomskinin irəli sürdüyü dominatlıq prinsipinə görə, beyində həmişə üstün oyanma ocağı (dominant oyanma) olur ki, o, beyinə gələn bütün oyanmaları sanki özünə doğru çəkir və bunun sayəsində həmin oyanmalar üzərində daha çox hakim olur. Üstün oyanma ocağı yüksək oyanma ocağından özünün yüksək davamlılığı ilə fərqlənir.

Diqqətin növləri

redaktə

Diqqət insan fəaliyyətinin bütün sahələrina xidmət edir.

İxtiyari diqqət

redaktə

Qarşıya qoyulmuş şüurlu məqsədlə əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. İxtiyari diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədilə bağlıdır[2]. İxtiyari diqqət fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim edilməsinə yönəlmiş olur. İxtiyari diqqət obyekti müəyyən sistem üzrə, həm də ətraflı öyrənməyə imkan verir. İxtiyari diqqətdə cisim və hadisələr insan üzərində deyil, əksinə, insan onların üzərində hakim olur. İnkişaf prosesində ixtiyari diqqət ən əvvəl uşaqların böyüklərlə ünsiyyəti vasitəsilə ifadə olunur. Uşaq inkişaf etdikcə tədricən davranışını öz şəxsi əmrlərinə əsasən müstəqil olaraq qarşıya məqsəd qoymaq yolu ilə qurur. Fəaliyyətin bütün növlərində davamlı ixtiyari diqqətin əmələ gəlməsi bir sıra şərtlərdən asılıdır.

  1. Borc və məsuliyyəti aydın dərk etmək.
  2. Məqsədi aydın dərk etmək.
  3. İş şəraitinin olması.
  4. Əlavə maraqların yaranması.

Qeyri-ixtiyari diqqət

redaktə

Heç bir xüsusi məqsədlə, niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə qeyri—ixtiyari diqqət deyilir. Qeyri—ixtiyari diqqət heyvanlarda da vardır. Çünki qeyri—ixtiyari diqqət bilavasitə cisim və hadisələrin təsiri nəticəsində əmələ gəlir. Qeyri—ixtiyari diqqət cisim və hadisələrin bilavasitə təsirindən asılı olsa da, onu heç də ətrafda baş verən hər bir qıcıqlandırıcı əmələ gətirmir. Qeyri—ixtiyari diqqətin əmələ gəlməsi üçün təsir edən qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdır.

Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri

redaktə

Qüvvətli səs, güclü işıq, kəskin iy diqqəti qeyri—ixtiyari olaraq cəlb edir. Onların təsiri bilavasitə qıcıqlayıcının mütləq qüvvəsindən deyil, nisbi qüvvəsindən asılıdır. İki qıcıqlayıcıdan hansı daha qüvvətlidirsə, diqqəti o cəlb edəcək. Əgər qıcıqlayıcıların qüvvəsi bərabərdirsə, onda diqqət gah bu, gah da başqa qıcıqlayıcıya yönəlir.

Qıcıqlayıcının yeniliyi

redaktə

Yeni əyani vəsait, yeni maşın modeli, sinifdə yeni şagirdin olması və s. qeyri—ixtiyari sürətdə diqqəti cəlb edir. Ətraf aləmdə baş verən yeniliklər dərhal bələdləşmə refleksi əmələ gətirir.

Obyektin hərəkətdə olması

redaktə

Hərəkətsiz cisimlər, adətən diqqəti ya cəlb etmir, ya da xüsusi məqsəd olduqda diqqəti həmin obyekt üzərinə yönəlir. Hərəkətin başlanması və ya kəsilməsi də diqqəti cəlb edir. Qeyri—ixtiyari diqqət həm də insanın emosional vəziyyətindən asılı olaraq əmələ gəlir. Buraya insanın sağlamlıq dərəcəsi, əhvalı, təlabatı, maraqları və s. aiddir.

İxtiyaridən sonrakı diqqət

redaktə

İxtiyaridən sonrakı diqqət şüurlu məqsədlərlə bağlıdır, yəni niyyətli olaraq baş verdiyinə görə həmin diqqəti qeyri—ixtiyari diqqətlə eyniləşdirmək olmaz. Digər tərəfdən, onu ixtiyari diqqətlə də eyniləşdirmək olmaz, çünki artıq burada diqqəti saxlamaq üçün sonrakı proseslərdə iradi cəhd tələb olunmur. İxtiyaridən sonrakı diqqət ixtiyari olaraq baş verir və qeyri—ixtiyari davam edir.

Diqqətin xüsusiyyətləri

redaktə

Diqqətin hər bir xüsusiyyəti ayrı-ayrı adamlarda özünəməxsus şəkildə təzahür edir.

Diqqətin mərkəzləşməsi

redaktə

Yalnız bir obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur. Diqqətin mərkəzləşməsi hər hansı bir fəaliyyətə, işə, obyektə dərin və fəal maraqla bağlıdır. Müəyyən bir obyekt, bir fəaliyyət üzərində diqqət nə qədər qüvvətli mərkəzləşsə, onu daha aydın dərk etmək və fəaliyyəti müvəqqətiyyətlə icra etmək olar.

Diqqətin həcmi

redaktə

Diqqətin həcmi eyni zamanda əhatə olunan, aydın dərk edilən obyektlərin miqdarı ilə müəyyən edilir. Diqqətin həcmi obyektlərin düzülüşündən, formasından, rəngindən və s. asılıdır. Diqqətin həcmi diqqətin gərginlik dərəcəsini xarakterizə etməyə imkan verir.

Diqqətin paylanması

redaktə

Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Diqqətin paylanması icra olunan işlərin bir-birilə nə dərəcədə sıx əlaqədə olmasından da asılıdır. Əgər görülən işlər eyni bir fəaliyyətin tərkibinə daxil olub bir sistem əmələ gətirirsə, diqqətin paylanması asanlaşır. Diqqətin paylanması yaşdan da asılıdır.

Diqqətin davamlılığı

redaktə

Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanmasında ifadə olunur. Diqqət müəyyən fəaliyyətin ümumi istiqamətindən kənara çıxmırsa, davamlı diqqət sayılır. Diqqətin davamlılığı təsir edən obyektlərin və icra olunan işlərin rəngarəngliyindən, yeniliyindən, zənginliyindən, dinamikliyindən asılıdır. Diqqətin davamlılığı fəaliyyət prosesində insanın fəallığından asılıdır. Diqqətin davamlılığına insanın marağı, yorğunluq dərəcəsi və s. təsir edir.

Diqqətin tərəddüdü

redaktə

Diqqətin tərəddüdü insan şüurunun əsas obyektdən kənar obyektə keçməsi və yenə də əsas obyektə qayıtmasında ifadə olunur. Diqqətin tərəddüdü adətən, hər 2–3 saniyədən bir baş verir. Diqqətin nəzərə çarpan tərəddüdü olmadan 20–25 dəqiqə, bəzən daha artıq müddətə gərgin diqqətlə eyni bir iş üzərində çalışmaq olar.

Diqqətin keçirilməsi

redaktə

Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya fəaliyyətdən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır.

Diqqətin yayınması

redaktə

Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqəsi olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur.

İstinadlar

redaktə
  1. Qulam Əzizov. . Bakı: Mütərcim. 2016. səh. 49.
  2. Qulam Əzizov. . Bakı: Mütərcim. 2016. səh. 53.

Xarici keçidlər

redaktə
  NODES