FalunqunÇində yayılmış müasir dini cərəyan.

Dini cərəyanın adı iki hissədən ibarətdir: Buddist terminologiyasında "falun" "qanunlar çarxı", "qun" isə "nailiyyət", "fədakarlıq" mənasını ifadə edir.

Yaranması

redaktə

1992-ci ildə meydana gəlmiş bu cərəyanın qurucusu Li Hunçji 1952-ci il iyul ayının 7-də Çinin Qunçjilin şəhərciyində dünyaya gəlmişdir. İnsanların rəğbətini qazanmaq üçün sonralar doğulduğu tarixi Buddanın anadan olduğu günlə üst-üstə düşsün deyə dəyişdirmişdir. Xüsusi istedadı olmayan Li Hunçji orta məktəbi bitirdikdən sonra bir müddət meşə polisində işləmiş, 1982-1991-ci illərdə isə Çançunya şəhərində ərzaq satışı ilə məşğul olan şirkətlərin təhlükəsizlik xidmətində çalışmışdır. Bir müddət sonra məşhurlaşmaq xülyasına düşmüşdür. Bu məqsədlə 1992-ci ilin mayında uzun müddət dao və buddist müəllimlərindən bəhrələndiyini iddia etmiş və sonra öz təliminin təbliğinə başlamışdır.

Yayılması

redaktə

"Falunqun"un tez müddətdə sadə Çin vətəndaşları arasında rəğbətlə qarşılanmasının səbəbi keçən əsrin 90-cı illərin əvvəllərində ölkədəki sosial vəziyyətin qənaətbəxş olmaması idi. Bölgələrin inkişafında yaranmış tənasübsüzlük, ictimaiyyətdə narazılıq hallarının güclənməsi rəsmi ideologiyanın dəyərini itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə hakimiyyətin güclü nəzarəti altında fəaliyyət göstərən bir neçə dini təşkilat olsa da, onlar əhalinin böyük əksəriyyətinin mənəvi narahatlığının qarşısını ala bilmirdilər.

Belə şəraitdə "Falunqun"un təqaüdçü, fəhlə və kəndlilər üçün cəlbedici olmasının müəyyən səbəbləri vardı: kommunist partiyasının cəmiyyətdə nüfuzunu itirməsi bu insanları paternalist (hər üzvün ehtiyaclarına atalıq hissi ilə yanaşan) təşkilatlara qoşulmağa təşviq edirdi; cərəyanın mənəvi sağlamlığı təbliğ etməsi və struktur baxımdan qapalı olması insanların gözündə ona təhlükəsizlik donu geyindirmişdi; cəmiyyətdə zahirən elmə oxşar arqument və miflərə əsaslanan dini təlimə güclü ehtiyacın yaranması.

Beləliklə, gözlənilmədən Çinin siyasi arenasında totalitar rejimə qarşı güclü təşkilatlanmış yeni qüvvə yaranmışdı. Li Hunçji təlimini qələmə aldığı kitablar, səsyazısı köçürülmüş audiokasset və disklər vasitəsilə yayırdı. Bununla belə, "Falunqun" üzvləri hakimiyyəti inandırmağa çalışırdılar ki, onlar heç kimin əmrlərindən asılı deyil, sadəcə mənəvi sağlamlığı təmin etmək üçün dini ayinlər həyata keçirilən meditasiya kursları aparırlar. Şübhəsiz ki, bu ictimai fikri aldatmaq məqsədi güdürdü. Çünki Li Hunçji müəllifi olduğu "Çjuan Falun" adlı kitabında özünü misilsiz və təkrarolunmaz rəhbər kimi qələmə verərək qeyd edirdi: "Məndən başqa heç kəs ilahi qanunları tam təfsilatı ilə izah edə bilməz. Mən hamıya kömək etmək gücündəyəm. Mənim vücudum ilahi qanunlar toplusudur. Əgər sən səsyazılarıma qulaq assan, xüsusilə kitablarımı müntəzəm oxusan bu qanunların mövcudluğu haqqında yeni təsəvvürlər əldə edərsən". Həmin kitabda o, ideyalarının mənbəyinin Budda qanunları, Dao sistemi və Çin sinkretik ənənələri olduğunu vurğulayırdı.

İdeyaları

redaktə
 

"Flanqun"un təbliğ etdiyi əsas prinsip "həqiqət, mərhəmət və səbir"dir (çjen, şan, jen). Hər kəs həqiqətə nail olmaq istəyirsə, bu prinsiplərlə yaşamalıdır. Li Hunçjiyə görə, dünyanın bir çox yerlərində yüz milyon il bundan əvvəlki sivilizasiyanın qalıqları hələ də qalmaqdadır. O, iddia edirdi: "Mən ətraflı araşdırmışam və belə qənaətə gəlmişəm ki, bəşəriyyət səksən bir dəfə məhvə məhkum olmuşdur. Yerdən başqa kosmosda minlərlə belə planet mövcuddur ki, onların dünyadakı inkişaf haqqında müxtəlif baxışları mövcuddur. Elmə münasibətləri fərqli olduğundan müasir bəşəriyyət onları dərk etməkdə acizdir ".

Cərəyan nümayəndələri belə hesab edirdilər ki, insanlar yaşadığı əvvəlki dövrlərdə yol verdiyi şər əməllər ucbatından həyatları boyu əzab-əziyyətlərlə qarşılaşırlar. Yoxsulluq və digər problemlərdən xilas olmaq üçün insan özünü daim təkmilləşdirməli – "həyatın mənbəyinə qayıtmaq" (Daosizmin əsas ideyası) və "həqiqi oyanışa nail olmaq" (Buddizmin təbliğ etdiyi əsas prinsip) lazımdır. Bunun üçün əvvəlcə bütünlüklə bədəni sağlamlaşdıran, sonradan "bədəni maddi enerji ilə əvəzləməyə" xidmət edən "Falunqun"un təcrübəsindən yararlanılmalıdır. Onlara görə, məhvdən xilas olmaq üçün xüsusi psixofiziki məşqlərlə məşğul olmaq vacibdir. Li Hunçji ardıcıllarını inandırmışdı ki, onun şəklinə baxmaqla, hətta Buddanın surətini xəyalən təsvir etmək mümkündür.

Təqibi

redaktə

1999-cu ilin iyulun 22-də Çində "Falunqun" milli maraqlara zidd, dələduzluq və ictimaiyyətdə qeyri-stabillik yaratmaq məqsədilə saxta fəaliyyətlə məşğul olmaqda günahlandırıldıqdan sonra üzvlərinə qarşı kütləvi təqiblər gücləndirilmişdir. Li Hunçjinin dünya ölkələrinin və beynəlxalq təşkilatların diqqətini yönəltməyə cəhd etməsinə baxmayaraq, iyulun 29-da ona qarşı həbs qətimkan tədbiri seçilmişdir. Nəticədə, Li Hunçji ABŞ-a qaçmış və Nyu-Yorkda yaşayaraq, qurduğu cərəyanın AvropaAsiyadakı mərkəzlərinin fəaliyyətinə nəzarəti davam etdirmişdir.

Çin hökuməti ilə yanaşı, dünyanın bir çox dövlətlərinin dini dairələri "Falunqu"nu insanlar üçün təhlükəli qeyri-ənənəvi cərəyanlar sırasına daxil etmişlər.

  NODES
os 4