I İmadəddin Zəngi

I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, ZenkiZanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, HəmaEdessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır.

I İmadəddin Zəngi
ərəb. عماد الدین زنكي
1127 – 1146
ƏvvəlkiII Mahmud (Səlcuqlu)
SonrakıI Seyfəddin Qazi (Mosulda); Nurəddin Mahmud Zəngi (Hələbdə)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Caber qalası, Suriya
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Fəaliyyəti hərbi lider[d], suveren[d]
Atası Ağsunqur bəy
Uşaqları
Dini islam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi.

İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu. Atası edam olunan zaman İmadəddin təxminən 10 yaşında idi və bu hadisədən sonra o, Mosul valisi Kürbuğa tərəfindən böyüdülmüşdür.

Zəngi Dəməşqə qarşı

redaktə

1128-ci ildə Dəməşqin (Şam) atabəyi olan Tuğtəkinin ölümündən sonra zəifləyən Suriya üçün yenidən Səlib yürüşləri təhlükə yaratmağa başladı.[1] Zəngi 1127-ci ildə Mosul və 1128-ci ildə Hələbin atabəyi oldu, iki şəhəri öz hakimiyyəti altında birləşdirdi və ona rəsmi olaraq Böyük Səlcuq İmperatoru II Mahmud tərəfindən bu torpaqları idarə etmək üçün səlahiyyət verildi. Zəngi gənc sultanı rəqibi Xəlifə əl-Müstərşidə qarşı dəstəkləmişdi.

1130-cu ildə İmadəddin xaçlı yürüşlərinə qarşı Dəməşqdən olan Tacülmülk Börü ilə müttəfiq oldu, lakin bu, Zəngi tərəfindən yalnız hakimiyyət gücünü atırmaq üçün edilmiş bir strategiya idi; O, Börünün oğlunu əsir götürmüş və Həmanı əlindən almışdı. Zəngi eyni zamanda qubernatoru olduğu Hümsü mühasirəyə aldı, lakin tuta bilmədi və daha sonra Börünün oğlu və Dəməşqdən olan digər məhbusların 50.000 dinar qarşılığında girovdan azad edildiyi şəhər olan Mosula qayıtdı. Növbəti il Zəngi Börüyə şərt qoydu ki, əgər Əl-Mustarşidi xilas etmək üçün Dəməşqə qaçan İraqdakı əl-Hillə əmiri Dubais ibn Sədəqəni ona təhvil versə, 50.000 dinarı qaytaracaq. Xilafətdən bir elçi Dubaisi geri qaytarmaq üçün gələndə Zəngi ona hücum etdi və adamlarının bir qismini öldürdü. Beləliklə, elçi Bağdada Dubaissiz qayıtdı.

II Mahmud 1131-ci ildə varislik hüququ üçün müharibə başlatdı. İranda Səlcuq şahzadələri bir-biri ilə vuruşduqları zaman Zəngi Bağdad üzərinə yürüş etdi və onu da öz hakimiyyəti altına aldı. Lakin daha sonra xəlifə qoşunları tərəfindən məğlub edildi və yalnız Səlahəddinin gələcək atası, Tikrit valisi Nəcməddin Əyyubinin köməyi ilə xilas oldu. Bir neçə il sonra isə qubernatoru ordusunda yüksək bir mövqe ilə mükafatlandıracaq və bu, sonralar Səlahəddinin böyük nailiyyətlərinin olmasına yol açacaqdı. 1134-cü ildə Zəngi əmir Timurdaşla (Elqazi oğlu) Artuqluların işlərinə qarışmaq üçün Timurdaşın əmisi oğlu Davuda qarşı müttəfiq oldu. Zənginin əsas istəkləri isə cənubda — Şamda idi. 1135-ci ildə atası Börüyə qalib gələrək Dəməşq əmiri olmağa müvəffəq olmuş və vətəndaşları tərəfindən qəddar, zalım hesab edilən İsmayıl Zəngidən kömək istədi. Sülhü bərpa etmək üçün İsmayıl şəhəri Zəngiyə təslim etmək istədi. İsmayılın həm ailəsi, həm də müşavirləri bunu istəmədilər və daha sonra o, şəhərin Zənginin əlinə keçməsinin qarşısını almaq istəyən anası Zümrüd tərəfindən öldürüldü. İsmayılın yerinə hakimiyyətə qardaşı Şihabəddin Mahmud gəldi.

Zəngi bu dövrdə hadisələrin gedişinə görə ruhdan düşmədi və yenə də ələ keçirmək niyyətilə Dəməşqə gəldi. Mühasirə bir müddət Zənginin heç bir uğuru olmadan davam etdi. Beləliklə, bir barışıq əldə edildi və Şihabəddinin qardaşı Bəhram şah girov olaraq verildi. Eyni zamanda mühasirə xəbəri həm xəlifəyə, həm də Bağdada çatdı və Zənginin Dəməşqdən çıxması və İraqda hakimiyyəti ələ alması barədə əmr ilə bir elçi göndərildi. Elçi rədd edildi, amma buna baxmayaraq Zəngi Şihabəddinlə barışıq şərtlərinə görə mühasirədən imtina etdi. Hələbə geri dönərkən Zəngi Hüms şəhərini mühasirəyə aldı və buna cavab olaraq Şihabəddin şəhərin kömək çağırışına cavab verdi və Müinəddin Unuru şəhəri idarə etmək üçün göndərdi.

Səlibçilər və Bizanslılarla qarşıdurma

redaktə

1137-ci ildə Zəngi yenidən Hümsü mühasirəyə aldı, lakin Müinəddin şəhəri müvəffəqiyyətlə müdafiə etdi. Buna cavab olaraq Dəməşq şəhəri Yerusəlim krallığı (birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət) ilə müttəfiq oldu. Zəngi yürüş edərək səlibçilərin Baarindəki qalasını mühasirəyə aldı və tezliklə Qüds ordusunu darmadağın etdi. Yerusəlim kralı Fulk təslim olmağa razı oldu və ona sağ qalan qoşunları ilə qaçmağa icazə verildi. Dəməşqə qarşı bu yeni ekspedisiyanın uğursuz olduğunu başa düşən Zəngi Bizans İmperatoru II İoann Komninin göndərdiyi ordu ilə Hələbdə vuruşmaq üçün tez bir zamanda Şihabəddinlə barışdı. İmperator isə bu dövrlərdə Antioxa Knyazlığını Bizansın hakimiyyəti altına almış, Edessa hökmdarı II Yoskelin və Antioxiya hökmdarı Raymund ilə müttəfiqlik yaratdı. Birləşmiş Bizans-Səlibçilər təhlükəsi ilə qarşılaşan Zəngi qüvvələrini səfərbər etdi və həmçinin digər müsəlman liderlərdən də kömək istədi. 1138-ci ilin aprelində Bizans imperatoru və səlib knyazlarının birləşmiş qouşunları Şayzarı mühasirəyə aldı, lakin bir ay sonra Zənginin qüvvələri tərəfindən geri qaytarıldılar.

1138-ci ilin mayında Zəngi Dəməşqlə razılığa gəldi. O, oğlu İsmayılı öldürən Zümrüdlə evləndi və Hümsü cehiz olaraq qəbul etdi. 1139-cu ilin iyulunda Zümrüdün sağ qalmış tək oğlu Şihabəddin öldürüldü və Zəngi Dəməşqi ələ keçirmək üçün şəhərə yürüş etdi. Dəməşqlilər Şihabəddinin xələfi olan Cəmalədinin köməkçisi Müinəddin Unur altında birləşdi və Zəngini geri qaytarmaq üçün bir daha Yerusəlimlə saziş bağladılar. Zəngi Cəmaləddinin əvvəlki mülkü olan Bəəlbəki də mühasirəyə almışdı və buranın müdafiəsinə də, həmçinin Müinəddin cavabdeh idi. Zəngi təhlükəsiz keçid vədi qarşılığında geri çəkildi, amma bu onun əsas istəyi deyildi. O, ərazini müavini — Səlahəddinin atası Nəcməddin Əyyubiyə verdi. Zəngi Dəməşqin mühasirəsini tərk etdikdən sonra Cəmaləddin ağır xəstəlikdən öldü və onun yerinə oğlu Müjirəddin gəldi, Müinəddin isə yenə də hökmdarın əsas köməkçisi olaraq qaldı.

Müinəddin Zəngiyə qarşı qarşılıqlı müdafiə üçün Yerusəlim ilə yeni sülh müqaviləsi imzaladı. Müinəddin və səlibçilər 1140-cı ildə Baniyası mühasirəyə almaq üçün bir araya gəldikdə Zəngi bir daha Dəməşqi mühasirəyə aldı, ancaq tezliklə tərk etdi. Səlibçilər, Dəməşq və Zəngi arasında növbəti bir neçə il ərzində heç bir güclü qarşıdurma olmadı, ancaq Zəngi bu vaxt şimala yürüş etdi. Bu zaman o, Aşibi və ermənilərə məxsus qala olan Hizanı ələ keçirdi. 1144-cü ildə Zəngi ən zəif və ən az latınlaşmış səlibçi dövləti olan Edessanı mühasirəyə aldı və dörd aylıq mühasirədən sonra 24 dekabr 1144-cü ildə ələ keçirdi. Bu hadisə İkinci Səlib yürüşünə səbəb olmuşdur və sonradan müsəlman salnaməçilər bunu Səlib yürüşü dövlətlərinə qarşı cihadın başlanğıcı kimi qeyd etmişlər.

Ölüm və irsi

redaktə

Zəngi 1145-ci ildə Dəməşqi ələ keçirmək cəhdlərini davam etdirdi, lakin 1146-cı ilin sentyabrında atabəy sərxoş olarkən onun qədəhindən içki içdiyi üçün əslən Frank olan Yarankaş adlı bir qulu ölümlə təhdid etdiyinə görə həmin qul tərəfindən öldürüldü.[2] Onun xələfləri Mosulda I Seyfəddin Qazi, Hələbdə isə Nurəddin Mahmud Zəngi olmuşdur.

Səlibçi əfsanələrinə görə Zənginin anası avstriyalı İda (Avstriya hökümdarı III Leopoldun anası) idi və guya 1101-ci ildəki Səlib yürüşü zamanı tutulmuş, hərəmxanaya salınmışdı. İda 1101-ci ildə 46 yaşında idi, Zəngi 1085-ci ildə anadan olub və atası isə 1094-cü ildə vəfat edib ki, bu da fərziyyənin ağlabatan olmadığını göstərir.

Zəngi öz dövrünün bütün müsəlman salnamələrinə görə cəsarətli, yüksək liderlik qabiliyyətlərinə malik və çox bacarıqlı bir döyüşçü idi.

1187-ci ildə Yerusəlimdə Səlahəddinin etdiyindən fərqli olaraq Zəngi 1139-cu ildə Bəəlbəkdəki əsirlərini qorumaq barədə verdiyi vədə əməl etmədi. İbn əl-Ədim deyirdi ki: "Zəngi qala əhlinə çoxlu vədlər vermiş və Qurana and içmişdi. Halbuki qaladan endikdən sonra o, xəyanət etdi, hökmdarın dərisini soydurdu və qalanlarını isə asmağı əmr etdi".[3]

Daha sonra İbn əl-Ədim əlavə etmişdir: "Atabəy coşğun, güclü, heyrətləndirici idi və qəfildən hücuma keçməyə vərdiş etmişdi… Zəngi at minəndə qoşunlar onun arxasıca iki cərgə sap kimi getməyə çalışar, qorxaraq məhsulların yanıyla hərəkət edər və qorxudan heç kim onları tapdalamağa və ya atına minməməyə cəsarət etməzdi… Hər kim həddini aşsa, çarmıxa çəkilərdi. O (Zəngi) deyirdi: "Eyni zamanda birdən çox zalımın olması mümkün deyil"".[4]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Francesco Gabrieli. Arab Historians of the Crusades (Səlibçilərin ərəb tarixçiləri). Routledge. 2009. səh. 41.
  2. Amin Maalouf. The Crusades Through Arab Eyes (Ərəblərin gözündən səlibçilər). Schocken Books. 1984. səh. 138. ISBN 9780805208986.
  3. İbid və Məhəmməd ibn Səlim İbn Vasil. Mufarrij al-kurub. Wizarat al-Thaqafah wa-al-Irshad al-Qawmi. 1953. səh. 86.
  4. İbn əl-Ədim. Zubda. cild 2. səh. 471.
  NODES