Konstitusiya hüququ

Konstitusiya hüququ — elminin predmeti konstitusiya qanunvericiliyi, obyekti isə konstitusiya hüquq münasibətləri olmaqla şəxsiyyətin, dövlətin və cəmiyyətin qarşılıqlı əlaqələrini tənzimləyir. Konstitusiya hüquqi dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), təşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir.

Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır.

Konstitusiya (dövlət) hüququ hüquqşünaslıqda üç aspektdə nəzərdən keçirilir: konkret dövlətlərin hüquq sahəsi kimi, elm kimi və ali təhsil sistemində tədris fənni kimi.

"Konstitusiya hüququ" və "Dövlət hüququ" terminləri

redaktə

Bəzən bu terminlər sinonim sözlər kimi qəbul olunsa da, nəzəriyyədə bu ifadələrə münasibət birmənalı deyil. Məsələn, almaniyalı konstitusionalist Konrad Hessenin fikrincə, konstitusiya dövlət quruluşunun müəyyən edilməsi ilə məhdudlaşmayıb, qeyri-dövlət həyat quruluşunun əsaslarını (nikah, mülkiyyət və s.) da əhatə etdiyi üçün "Konstitusiya hüququ" "Dövlət hüququ"ndan daha geniş məfhumdur. Digər tərəfdən konstitusiya hüququ dövlət hüququ ilə müqayisədə məhduddur, yəni "dövlət hüququ", məsələn, inzibati hüquq və prosessual hüququ da əhatə edir. Başqa sözlə, konstitusiya normalarının hüdudlarından kənara çıxan, dövlət idarəçiliyinin, inzibati və maliyyə hüququnun bir çox məsələlərinin daxil olduğu dövlət hüququnun obyekt dairəsi daha genişdir.

"Konstitusiya hüququ" və "Dövlət hüququ" terminlərindən hansının işlədilməsi doğrudur? Bu terminlərdən hansının doğru olması məsələsinə konkret cavab vermək olmur. Həmin terminlərdən hansının seçilməsi məsələsi adətən onların işlədilməsində milli ənənə ilə bağlıdır. Məsələn, Anqlo-saks və Roma hüquq sistemlərində ənənəyə görə "konstitusiya hüququ" terminindən istifadə edildiyi halda, german sistemi üçün "dövlət hüququ" termininin işlədilməsi səciyyəvidir. İsveçrənin alman dilli əhalisinin üstünlük təşkil etdiyi hissədə "dövlət hüququ" termini, bu ölkənin roman dilli qalan ərazilərində isə "Konstitusiya hüququ" terminindən istifadə edilir. Hazırda Almaniyada məhdud mənada da olsa, "konstitusiya hüququ" termininə müraciət olunur. Lakin ölkənin ali hüquq məktəblərində tədris fənninin adı kimi "ümumi hüquq" və ya geniş mənada "dövlət hüququ" terminlərindən istifadə olunur. Bu fənlər inzibati hüququ, məhkəmə hüququnu və hüququn bəzi başqa sahələrini əhatə edir. Məhdud mənada dövlət hüququ isə konstitusiya hüququnun analoqu olub, ümumi hüququn əsas hissəsi hesab edilir. Məsələn, Almaniyada doktor Katsın (A. Katz) dəfələrlə çap edilmiş dərsliyi belə adlanır: "Dövlət hüququ. Ümumi hüquqda əsas kurs". Digər alman müəlliflərindən Klaus Ştern (K. Stern) özünün beş cildlik fundamental əsərində qeyd edir ki, konstitusiya hüququ dövlət hüququnun mərkəzi sferasını təşkil edir və onu məhdud mənada dövlət hüququ kimi səciyyələndirmək olar. Keçmiş SSRİ-də "Dövlət hüququ" terminindən istifadə olunurdu. Ümumiyyətlə, sosialist ölkələrində "dövlət hüququ" terminindən istifadə edilirdi. Bu ölkələrdən yalnız Kuba istisna idi. Bu ölkədə hətta konstitusion quruluşun olmadığı dövrlərdə də "konstitusiya hüququ" termininin də daxil olduğu ənənəvi roman hüquq terminologiyası əsasən qorunub saxlanmışdır. Müasir dövrdə "Dövlət hüququ" terminindən istifadə edən ölkələr çox azdır.

"Konstitusiya hüququ" terminin tənqidi və bu ifadənin müdafiəsi haqqında

redaktə

Türk konstitusionalisti Ali Fuat Başgil "konstitusiya hüququ" terminini tənqid etmişdir. Ona görə "konstitusiya" "ana qanun" demək olduğuna görə "konstitusiya hüququ" da "ana qanun hüququ" demək olur. Bu isə hüququn sırf qanundan ibarət olduğu fikrini verir. Həqiqətdə isə hüquq qanundan ibarət olan bir şey deyil. Qanun hüququn özü yox, mövzusudur. Necə ki, "cinayət hüququ"na "cinayət qanunu hüququ" demək yanlışdırsa, bu hüquq sahəsinə də "konstitusiya hüququ" demək eyni şəkildə yanlışdır. Lakin günümüzdə "konstitusiya hüququ" ifadəsi hüquq leksikonuna elə möhkəm daxil olub özünə yer etmişdir ki, bu ifadə yanlış da olsa, onu işlətməkdən başqa çarə qalmamışdır. Türk konstitusionalistlərindən Bülent Nuri Esen və İlhan Arselə görə isə "konstitusiya hüququ" terminini işlətmək doğru yanaşmadır. Onlara görə bu termin dilə asan gəlir və məqsədi izah etməyə əlverişlidir. Professor İlhan Arselə görə "anayasa" terminini Ali Fuat Başgil kimi "ana" və "yasa" şəklində iki ayrı sözdən meydana gələn bir tərkib olaraq deyil, hər iki kəlmənin yaratdığı tək bir tərkib söz kimi yəni "əsas təşkilat" mənasına gələn "anayasa" şəklində qəbuletmək lazımdır. Belə olduqda isə "konstitusiya hüququ" "ana qanun hüququ" deyil, "əsas təşkilat hüququ" kimi başa düşülür.

Konstitusiya hüququnun hissələri

redaktə

Konstitusiya hüququnu iki hissəyə bölmək olar: 1. Konstitusiya hüququnun ümumi nəzəriyyəsi, 2. Azərbaycan konstitusiya hüququ. Azərbaycan Respublikasının hüquq elmində konstitusiya hüququnun konstitusiya hüququnun ümumi nəzəriyyəsi adlı hissəsindən bəhs olunmur. Bunun yerinə xarici ölkələrin konstitusiya hüququ adlı fənn mövcuddur ki, bu fənnin ümumi hissəsi demək olar ki, konstitusiya hüququnun ümumi nəzəriyyəsinin predmetinə daxil olan məsələləri araşdırır. Konstitusiya hüququnun ümumi nəzəriyyəsi konkret bir ölkənin konstitusiyasından və konstitusion normalarından asılı olmayaraq müstəqil şəkildə ümumi nəzəri məsələlər tədqiq edir. Bu zaman bütün ölkələrin milli konstitusiya hüququ sahələri, onların konstitusiyaları üçün keçərli ola biləcək ümumi nəzəri institutlar tədqiq edilir. Azərbaycan konstitusiya hüququ isə ölkəmizdə konstitusiya quruculuğunun qısa tarixinə nəzər saldıqdan sonra AR Konstitusiyası müstəvisində olan konstitusion institutları tədqiq edir.

Elm kimi konstitusiya hüququnun mənbələri

redaktə

Hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə formaları başa düşülür. Konstitusiya hüquq elminin mənbələri aşağıdakılardır: 1. Konstitusiya və qanunlar; 2. Beynəlxalq və dövlətdaxili müqavilələr a. beynəlxalq müqavilələr o hallarda konstitusiya hüququnun mənbələri olurlar ki, onlar konstitusiya problemlərini tənzimləsinlər və bu müqavilələrin birbaşa tətbiq edilməsi nəzərdə tutulmuş olsun. AR Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Res-publikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi sənədlərə aşağıdakıları nümunə göstərə bilərik: — İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya (21 dekabr 1965-ci il) (qoşulma haqqında AR-ın 95-IQ saylı 31 may 1996-cı il tarixli Qanunu); — Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya (30 noyabr 1973-cü il) (qoşulma haqqında AR-ın 96-IQ saylı 31 may 1996-cı il tarixli Qanunu); — Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya (9 dekabr 1948-ci il) (qoşulma haqqında AR-ın 97-IQ saylı 31 may 1996-cı il tarixli Qanunu) — İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasını (1950-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 2001-ci il tarixdə qoşulub və s. b. dövlətdaxili müqavilələr o halda konstitusiya hüququnun mənbələri hesab edilirlər ki, konstitusiya problemlərinə aid olsunlar. Bu müqavilələrə nümunə: Livanda ali dövlət vəzi-fələrinin müxtəlif dinlərin nümayəndələri arasında bölünməsi haqqında 1943-cü il milli paktı, Çexoslovakiyanın 1 yanvar 1993-cü ildən Çexiya və Slovakiyaya ayrılması haqqında saziş, Dnestryanı respublikanın Moldova tərkibində respublika qalması haqqında Moldova və Dnestryanı respublika arasında bağlanmış 1996-cı il tarixli Konstitusiya müqaviləsi. 3. Parlament reqlamentləri – Parlamentin daxili təşkilini və iş qaydasını müəyyən edir. Məsələn, AR-də AR Milli Məclisinin və Naxçıvan MR Ali Məclisinin Daxili nizam-namələrini buna misal göstərmək olar; 4. Dövlət başçısının və hökumətin aktları (fərman və sərəncamlar); 5. Məhkəmə presedentləri – Məhkəmələr tərəfindən qəbul edilən oxşar işlər üzrə analoji qərarlar; 6. Konstitusiya adəti – Rəsmi nəşrlərdə davranış qaydası kimi təsbit edilməmiş, lakin uzun müddət ərzində tətbiq edilən və dövlət tərəfindən sanksiyalaşdırılmış kimi qəbul edilən davranış qaydalarıdır. Məsələn, Böyük Britaniyada bir sıra konstitusion adətlər (konstitusion razılaşmalar) mövcuddur: "Kral parlamentin hər iki palatasından keçmiş bill (qanun layihəsi) ilə razılaşmalıdır", "Çoxluq təşkil edən partiyanın lideri – baş nazirdir", "Əgər nazirlər İcmalar Palatasının etimadını itirərlərsə, onlar istefaya çıxırlar", "Lordlar Palatası maliyyə billəri təşəbbüsü irəli sürə bilməz" və s.); 7. Dini mənbələr – İran İslam Respublikasında hüququn ən ali mənbəyi – Qurani-Kərim və müsəlman hüquq normalarının toplusu olan şəriətdir; 8. Hüquqi doktrina – Hüquqşünas alimlərin əsərləri: məsələn, Böyük Britaniya hüquqşünasları U. Blekston və A. Daysinin əsərləri). Bəzi ölkələrdə hərbi çevrilişdən sonra yaradılmış müvəqqəti hakimiyyət orqanlarının – hərbi və inqilabi şuralarının aktları (dekretlər, bəyannamələr) prinsipial məsələləri (məsələn, Nigeriyada federasiyanın yenidən təşkili, Efiopiyada idadəretmə formasının dəyişdirilməsi) tənzim edən aktlar olmuşdur. Bəzən milli xartiyalar (Əlcəzair), inqilabi xartiyalar (Madaqaskar) və hakim (yeganə) partiyaların aktları (Zair) mühüm konstitusion (hətta konstitusiyadan yüksək) əhəmiyyətə malik olmuşlar.

Konstitusiya hüququnun hüquq sahəsi kimi mənbələri

redaktə

Hüququn mənbələri dedikdə, hüquq normalarının təsbiti üsulları, ifadə formaları başa düşülür. Konstitusiya qanunvericiliyi hüquq sahəsi kimi konstitusiya hüququnun mənbəyidir. Konstitusiya qanunvericiliyi nədir? Konstitusiya qanunvericiliyi daha çox imperativ normalardan təşkil olunan və şəxsiyyət, cəmiyyət və dövlət arasında yaranan hüquq münasibətlərinin əsaslarını tənzimləyən qanunvericilik sahəsidir. Konstitusiya qanunvericiliyinə nələr daxildir? 1) Konstitusiya — ən yüksək hüquqi qüvvəyə malikdir. 2) Referendumda qəbul edilmiş aktlar; 3) Qanunlar – Ali qanunvericilik orqanı (AR Milli Məclisi) tərəfindən qəbul edilir. Növləri – a. adi, b. üzvi; c. fövqəladə; d. Orqanik; e. konstitusiya qanunları. a. Adi qanunlar – ayrı-ayrı məsələləri tənzimləyir (məsələn, "Hərbi qulluqçuların statusu haqqında" AR qanunu, "Dövlət qulluğu haqqında" AR qanunu və s.); b. Üzvü qanunlar – Mürəkkəbləşdirilmiş qaydada qəbul edilir və adətən konstitusiya hüququnun müəyyən bir institutunu bütövlükdə tənzim edir (məsələn, AR Seçki Məcəlləsi 83 səs çoxluğu ilə qəbul edilir və bütövlükdə seçki münasibətlərini tənzimləyir); c. Fövqəladə qanunlar – Fövqəladə vəziyyət elan olunduqda qəbul edilir və onlar qısa müddət ərzində qüvvədə olurlar; d. Orqanik qanunlar – Dövlət orqanlarının statusunu müəyyən edirlər (məsələn, "Prokurorluq haqqında" AR qanunu, "Konstitusiya Məhkəməsi haqqında" AR qanunu və s.). Bəzən hüquq ədəbiyyatında konstitusiyadan istinad edilən bütün qanunlara orqanik qanunlar deyilir; e. Konstitusiya qanunları – Konstitusiyaya dəyişikliklər və əlavələr edir. 4) Fərmanlar; 5) AR Nazirlər Kabinetinin qərarları; 6) Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Konstitusiya hüququnun əhəmiyyəti həm də onunla xarakterizə olunur ki, burada demokratiya institutları (bərabərlik hüququ, seçki hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ və s.) ifadəsini tapmışdır. Konstitusiya hüququnun köməyi ilə demokratiya cəmiyyətin və dövlətin rəsmi və ümumi prinsipinə çevrilir.

Konstitusiya hüququnun əsas növləri normativ – hüquqi aktlar, məhkəmə presedentləri və adət hüququ, habelə bəzi hallarda beynəlxalq və dövlətdaxili müqavilələrdir.

Konstitusiya hüququnun normativ – hüquqi aktları qanunlara, icra hakimiyyətinin normativ aktlarına, konstitusiya nəzarəti orqanının normativ aktları, parlament reqlamentləri, yerli özünüidarənin (bələdiyyənin) aktları sayılır.

Konstitusiya hüququ elminin metodları

redaktə

Analiz – Obyekt şərti olaraq bir-birindən təcrid edilmiş hissələrə ayrılır və onların hər biri ayrılıqda tədqiq edilir. Hissələr arasındakı əlaqələrin səbəbləri araşdırılır. Nümunə: Prezidentlik institutu hissələrə ayrılır: Prezident – Prezident seçkiləri – Prezidentin səlahiyyətləri – Prezidentin digər orqanlarla əlaqəsi və s. Sintez – Analizin əksidir. Sintez zamanı öyrənilən predmetin, materialın oxşar əlamət-ləri ümumiləşdirilir. Məsələn, dövlət orqanı anlayışı hər bir dövlət orqanına ayrı-ayrılıqda xas olan əlamətlərin ümumiləşdirilməsi əsasında yaranmışdır. Deduksiya – Bu metod ümumidən xüsusiyə getməyi nəzərdə tutur. Məsələn, bütün hüquq pozuntuları (inzibati xəta, cinayət və s.) müəyyən ümumi əlamətlərə malikdir. Bu metodu tətbiq edərək ümumidən xüsusiyə gedərək belə nəticəyə gəlirik ki, konstitusiya hüquq pozuntusu da hüquq pozuntusunun bir növü olduğundan ümumi hüquq pozun-tusunun strukturu onda da vardır. İnduksiya – Deduksiyanın əksidir. Bu metod xüsusidən ümumiyə getməyi nəzərdə tutur. Bu zaman müxtəlif növ xüsusi faktların əsasında gəldiyimiz nəticəni həmin növdən olan bütün hadisə və predmetlərə şamil edirik. Məsələn, bir neçə konstitusion hüquq və azadlığın tədqiqindən belə nəticəyə gəlirik ki, bütün hüquq və azadlıqlar əsasdır və ümumidir. Analogiya – Oxşarlığa əsaslanır. Analogiya zamanı məlum olanın əsasında məlum olmayan barədə müəyyən nəticə əldə olunur. Məsələn, ABŞ-də prezidenti xalq seçir və o, qanunverici orqana hesabat vermir. Buna görə də ABŞ prezidentli respublikadır. Azərbaycanda da prezidenti xalq seçir və o da qanunverici orqana hesabat vermir. Deməli, Azərbaycan da prezidentli respublikadır. Müqayisə – Bu metod müxtəlif konstitusion reallıqların, normaların oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsinə əsaslanır. Məsələn, Türkiyə Cumhuriyyətinin Nazirlər Kabineti ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinin və dövlət orqanları sistemindəki yerinin müqayisəsi bu iki ölkənin yuxarı icra hakimiyyəti orqanları barədə konkret nəticələrə gəlməyə kömək edir. Tarixi yanaşma – Bu metod baş verən hadisələrin xronoloji ardıcıllığını izləməyə və onların baş vermə səbəbindəki qanunauyğunluqları aşkara çıxarmağa əsaslanır. Məsələn, bu metodun tətbiqi nəticəsində müəyyənləşdirilmişdir ki, məhz qeyri-demokratik, totalitar dövlətlərin konstitusiyaları diktator və ya despot hakimiyyətin ideologiyası əsasında hazırlanıb qəbul edilir. Sistemli yanaşma və ya sistemli analiz metodu – Sistemli analiz aparılarkən öz strukturu daxilində obyektin bütövlüyünü şərtləndirən əsaslar, obyektin elementləri arasında olan əlaqələr öyrənilir və onların mahiyyəti, keyfiyyət xüsusiyyətləri aşkarlanır. Misal üçün, dövlət mexanizmi və hüquqi sistem analiz olunarkən dövlət orqanları, hüquqi sistemin elementləri arasında iyerarxik xarakterli bağlılıqlar, müxtəlif növ funksional əlaqələr nəzərə alınaraq tədqiq edilir.

Konstitusiya hüquq normaları

redaktə

Konstitusiya hüquq normalarının aşağıdakı xüsusiyyətləri və növləri vardır:

  1. Konstitusiya hüquq normaları təsisedici normadır-təsisedici normalar xalq və dövlət arasındakı münasibətlərin əsaslarını tənzimləyir, şəxsiyyətin əsas hüquqlarını müəyyən edir.
  2. Konstitusiya hüquq normaları özünün hüquqi qüvvəsinə görə fərqlənir – ən yüksək hüquqi qüvvəyə malik normalar konstitusiyada əks olunur və s.

Konstitusiya hüquq normaları müəyyən qruplarda birləşirlər. Bu cür qrupda birləşdirilən normaların məcmusu hüquq institutu adlanır. Həmin Konstitusiya hüquq institutları aşağıdakılardır:

  1. Konstitusiya quruluşunun əsasları;
  2. Şəxsiyyətin hüquqi statusunun əsasları;
  3. Dövlət hakimiyyətinin təşkili;
  4. Özünüidarəetmənin təşkili;
  5. Qanunvericilik sistemi.

Konstitusiya hüquq elminin tarixi

redaktə

Konstitusiya hüquq elmi uzun inkişaf yolu keçmişdir. Meydana gəldiyi vaxtlar o, fəlsəfə, sosiologiya, politologiya və digər elmlərlə əlaqədə olmuşdur (indi də əlaqədədir). Onun müstəqil elm sahəsinə çevrilməsi bəzi digər hüquq elmlərindən (məsələn, mülki və cinayət hüququ) sonra baş vermişdir. Konstitusiya əhəmiyyətli bəzi ideyalar (cəmiyyət və dövlət haqqında) ilkin olaraq qədim dünya mütəfəkkirlərinin (Platon, Aristotel, Siseron və s.) əsərlərində söylənilmişdir. Konstitusiya hüququnun əsas ideyalarının təşəkkülü Spinoza, Monteskyo, Lokk, Russo, Hrotski və digər maarifçilərin adı ilə bağlıdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində konstitusiya hüququnun inkişafını fransızlar L. Dügi (solidariz konsepsiyası) və M. Oriu (institusionalizm), italiyalılar – V. Orlando (ministerializm), V. Pareto və Q. Moska (elitar nəzəriyyəsi, korporativizm), amerikalılar – C. Brays və S. Lou (demokratikləşmə nəzəriyyələri), almanlar – H. Ellinek (hüquq məktəbi), M. Veber (hakimiyyətin legitimləşməsi) xeyli zənginləşdirmişlər.

Konstitusiya hüququ tədris fənni kimi

redaktə

Tədris fənninin vəzifəsi tələbələrə konkret elm sahəsinin artıq formalaşmış, sabit elmi anlayışları ilə bağlı zəruri minimum informasiyanı verməkdir. Tədris fənnində, bir qayda olaraq, mübahisəli məsələlər araşdırılmır. Belə məsələlər yalnız zərurət olduqda tədqiq edilir. Konstitusiya hüququ təhsil müəssisələrində hüquq fənləri içərisində fundamental profilli fənlərdən biri kimi tədris olunur. Bu fənnin tədris olunmasında əsas məqsəd tələbələrdə dövlətin hüquqi əsasları, şəxsiyyət, cəmiyyət və dövlətin qarşılıqlı əlaqələri haqqında təsəvvürlərin formalaşdırılmasından ibarətdir. Dövlət quruculuğu və ali hakimiyyətin təşkili ilə birbaşa bağlı olan konstitusiya hüququ tədris fənni kimi tələbələrdə dövlət, demokratiya, insan hüquq və azadlıqları kimi dövlətçiliklə birbaşa bağlı olan müasir elmi təsəvvürləri inkişaf etdirir. Beləliklə: konstitusiya hüquq elmi ən fundamental elm sahələrindən biridir. Bu elm digər hüquq elmlərinin bazisi hesab olunur. Konstitusiya hüququ digər hüquq elmlərinin əsas prinsiplərini ehtiva edən "nüvə" rolunu oynayır.

Mənbə

redaktə
  • İsmayılov İ. AR – nın Konstitusiyası və hüququnun əsasları Bakı qanun 2002
  • Əsgərov Z. A Konstitusiya hüququ Bakı Universiteti 2002
  • Əsgərov Z. A "Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır" Azərbaycan qəzeti 25.10.92
  NODES
os 7