Larican kurqanları

Larican kurqanları - İranın Şərqi Azərbaycan ostanında 2007-2010-cu illərdə aparılan qazıntılar nəticəsində aşkarlanan kurqan qəbirlər. İranda kurqan tipli hörgü daş və ya torpaq üzlü qəbir abidələrinə indiyədək ancaq Azərbaycan bölgəsində rast gəlinib. XIX və XX əsrin əvvəllərindən ətraf ərazilərdə kurqanlar və onların mədəniyyəti ilə bağlı çoxlu tədqiqatlar aparılmışdır. İranda bu cür dəfn abidələri və bu tip qəbirlərin yayılma arealı ilə bağlı ilk araşdırmalar Kleissin Urmiya gölünün şimal-qərbində aparılan tədqiqatlar zamanı verdiyi qısa məlumatlara, o cümlədən Se Girdandakı on bir tumuldan altısında aparılan tədqiqatlara əsaslanır. Bunlardan sonra 2007-2010-cu illərdə Xudafərin bəndinin altındakı ərazidə aparılan xilasetmə qazıntılarına qədər bu mövzuda başqa tədqiqatlar aparılmamışdır.[1]

Kurqan
Larican kurqanları
Ölkə İran
Yerləşdiyi yer Xudafərin, Larican
Əsası qoyulub e.ə III minillik

Haqqında

redaktə

İran Azərbaycanı coğrafi mövqeyi, hündür yaylaları və dağ yamaclarının rahatlığı səbəbindən qədim zamanlardan köçəri tayfaların davamlı köçünün əsas nöqtəsi və müxtəlif etnik-mədəni əlaqələrin mövcudluğunu əks etdirən ərazi olmuşdur. İran Azərbaycanında, xüsusilə Xudafərin bölgəsində Araz çayının vadilərində kurqan tipli kiçik və böyük qəbiristanlıqlar çoxdur. Bu qəbiristanlıqlar arasında Larican Kurqan qəbiristanlığı zəngin tapıntıları və iri ölçülü kurqanları ilə daha imtiyazlı mövqeyə malikdir və tədqiqatçıların diqqətini daha çox cəlb edir. Larican kurqanları coğrafi cəhətdən şimal-qərbi İranın Şərqi Azərbaycan vilayətində, Xudafərin Xumarlı şəhərindən təqribən 2 km şimal-qərbdə, Araz çayının cənub sahilində Larican kəndi sərhədləri daxilində yerləşir. XudafərinQızqalası bəndlərinin xilasetmə qazıntıları çərçivəsində 2007[2], 2008 və 2010-cu illərdə Əlirıza Həcəbri Nobərinin elmi rəhbərliyi altında mədəni sərvətlərin aşkara çıxarılması məqsədilə bölgədə qazıntılar aparılmışdır.[1]

Qəbiristanlıq 47° 0' 12" şimal eni və 39° 09' 39,2" şərq uzunluğu koordinatlarında yerləşir və dəniz səviyyəsindən təxminən 296 metr yüksəklikdədir.[1] Bu ərazidə çoxlu kurqan məzarları müəyyən edilsə də, onlardan yalnız 28-ində qazıntı işləri aparılıb və tarixi əsərlər aşkarlanıb.  Kurqanların ərazidə yerləşmə mövqeyi topoqrafiyanın verdiyi imkanlara görə dəyişir.  Laricanda kurqanlar bəzən bir-birinə çox yaxın on nəfərlik qruplar halında, bəzən isə bir neçə ayrı kurqandan ibarətdir.  Araz çayı yaxınlığında relyefə uyğun olaraq bir-birindən uzaqda və ayrı yerləşənlər də var.

Larican kurqanları coğrafi baxımdan qiymətləndirildikdə, onları Araz çayı vadisində tikilmiş irili-xırdalı qəbirlər silsiləsi kimi görmək olar. Lakin Larican kurqanları mədəniyyət baxımından qiymətləndirilərsə, bu ərazi təkcə Araz vadisi ilə məhdudlaşmır və geniş çöl coğrafiyasına yayıldığını göstərir.[3]

Xudafərin bölgəsində aparılan tədqiqatlar nəticəsində üzə çıxarılan materiallar bizə Larican kurqanları ilə eyni mədəniyyətə malik olan xalqın bölgədə nə qədər geniş yayıldığını sübut edir.  Bu bölgələrdə aparılan tədqiqatlar nəticəsində insan dəfnləri ilə yanaşı at, mal-qara, qoyun-keçi dəfnlərinin, habelə onlara məxsus zəngin materialların və eyni sənət nümunələrinin aşkarlanması bizə mədəni birliyin yayılması və davamlılığı haqqında məlumat verir.[3]

Kurqanlar

redaktə

Qazıntı illərinə görə kurqanların təsviri və ümumi xüsusiyyətləri aşağıdakı kimidir[4]:

86/1 №-li kurqan- Culfa yolundan təqribən 30 metr şimalda yerləşir. Kurqanın hörgü üstü dairəvi formadadır və üst təbəqələri təmizlənməmiş kiçik və orta ölçülü çay daşlarından, aşağı təbəqələri isə daha iri daş və torpaq qarışığından hörülmüşdür. Diametri 16,00 m olan qəbrin hündürlüyü  şimaldan 1,17 m, cənubdan 0,83 m, qərbdən 1,08 m və şərqdən 0,58 m ilə fərqlənir. Kurqanın mərkəz üstü altında 1,33 m dərinlikdə sadə torpaq qəbir vardır. Şərq-qərb istiqamətində oval planlı qəbir çuxurunun ölçüsü 6 x 130 m-dir. Kurqanın qərb hissəsindən xoker vəziyyətdə basdırılmış yetkin qadın skeleti, şərq hissəsindən isə bütöv at və parçalanmış qoyun-keçi skeletləri aşkar edilmişdir. İki dəfn arasından dəfn hədiyyəsi kimi 19 keramika qab, tuncdan hazırlanmış 3 silah, 23 bəzək əşyası, bir ədəd sümük alət və bir çox müxtəlif materiallardan hazırlanmış boyunbağılar aşkar edilmişdir. Burada 3-ü kasa, 11-i qazan və 5-i küp olmaqla 19 keramika qab basdırılmışdır. Orta kurqanlar sinfində qiymətləndirilən bu kurqanın ən mühüm xüsusiyyəti onun böyük dəfn kamerasına və zəngin tapıntılara malik olmasıdır. Bu kurqanda at cəsədinin bütövlükdə qoyun və keçi kimi müxtəlif qurbanlıq heyvanlarla birlikdə şərq-qərb istiqamətində basdırıldığı görünür. Qəbirin bir küncündə atın basdırılması xüsusilə skiflərdə və hunlarda sonrakı dövrlərdə daimi ənənə olub və ümumiyyətlə bütün kurqanlarda bu qaydaya əməl olunmuşdur.[5][6]

 
Kurqan məzar forması

86/2 №-li kurqan- Bu kurqan Larican ərazisi daxilində Parsabad-Culfa yolundan 200 metr şimalda təbii yüksəklikdə yerləşir.  Qısa məsafədə bu kurqandan şimalda mərkəzi kurqan, şərqdə 86/3 nömrəli kurqan, qərbdə əkinçi yolu cənubda isə iki kiçik kurqan (86/4 və 86/5) yerləşir. Kurqanın xovlu üstü dairəvi formada olub, digər kurqanlardan fərqli olaraq, əsasən torpaqdan hazırlanmışdır. Bu kurqanda daşdan çox az istifadə olunub. Diametri 12.00 m olan bu kurqanın hündürlüyü 1.33 m-dir. Kurqanın hündür zirvəsinin altında 0,93 m dərinlikdə 2,10 x 1,30 m ölçüdə düzbucaqlı planlı sadə torpaq qəbir vardır. Qəbrin qərb hissəsindən şərq-qərb istiqamətində xoker vəziyyətdə basdırılmış yetkin qadın skeleti, şərq hissəsindən isə qurbanlıq heyvan kimi qoyun və keçi sümükləri aşkar edilmişdir. İki qəbr arasında dəfn hədiyyəsi kimi 3 ədəd saxsı qab, 4 ədəd tuncdan silah, 4 ədəd tuncdan top , 27 ədəd bəzək əşyası, müxtəlif materiallardan hazırlanmış 123 iri muncuqlu boyunbağı aşkar edilib”. Skeletin baş ucunda (bir-birindən 25 sm məsafədə) qurbanlıq heyvan sümüklərindən əlavə, tısbağa qabığı da aşkar edilmişdir.[7][6]

86/3 №-li kurqan- Parsabad-Culfa yolundan təqribən 100 metr şimalda,86/2 nömrəli kurqandan 10 metr şərqdə yerləşir. Kurqanın üstü xırda və orta ölçülü yonulmamış çay daşları və torpaq qarışığından hazırlanmışdır. Dairəvi planlı kurqanın diametri 12.00 m, hündürlüyü isə bugünkü təbii yerdən təxminən 1.33 m-dir. Kurqanın mərkəzi üstü altında 1,58 m dərinlikdə oval formalı, 2,40 x 0,90 m ölçülü sadə torpaq qəbir vardır. Şərq-qərb istiqamətli qəbirin qərb hissəsindən hoker mövqeyində dəfn olunmuş yetkin qadın skeleti, şərq hissəsindən heyvan sümükləri basdırılmışdır. İki dəfn arasında suvenir kimi 5 ədəd keramika qab, tuncdan hazırlanmış 3 silah, 15 bəzək əşyası və müxtəlif materiallardan hazırlanmış 880 boyunbağı aşkar edilmişdir.[8][9]

86/4 №-li kurqan- Parsabad-Culfa yolundan təxminən 40 metr şimalda və 86/1 nömrəli kurqandan şimal-şərqdə yerləşir. Kurqan oval formasındadır. Hündürlüyü 1,70 m olan hörgü təpənin üst təbəqələri yonulmamış kiçik və orta ölçülü çay və söküntü daşlarından, aşağı təbəqələri isə daha iri daş və torpaq qarışığından hörülmüşdür. Təpənin altında 1,47 m dərinlikdə 3,20 x 1,00 m ölçülü düzbucaqlı sadə torpaq qəbir vardır. Çuxurun qərb hissəsində 1-ci istiqamətdə xoker vəziyyətdə basdırılmış yetkin kişi skeleti, şərq hissəsində isə qurbanlıq heyvan sümükləri var. Dəfn hədiyyəsi kimi iki dəfn arasından 5 ədəd keramika qab, tuncdan hazırlanmış silah, 10 ədəd bəzək əşyası və 4 ədəd obsidiandan hazırlanmış alət qalıqları aşkar edilmişdir.[1][10]

86/5 №-li kurqan- Araz çayının cənub sahilində, Larican kəndi hüdudlarında, Parsabad-Culfa yolundan təxminən 180 metr şimalda və 86/2 №-li kurqandan 17 metr cənubda yerləşir. Bu kurqanın ölçüsü və hündürlüyü yaxınlıqdakı kurqanlardan kiçikdir. Bundan başqa, kənd təsərrüfatı texnikasının fəaliyyəti nəticəsində kurqanın zirvəsini təşkil edən laylar dağılıb və qəbir çuxurunun yuxarı hissəsində yalnız 30-40 sm qalınlığında təbəqə qorunub saxlanılmışdır. Buna səbəb kurqanın hörgü üstünün daşdan deyil, torpaqdan hazırlanmasıdır. Sözügedən kurqanın qorunub saxlanmış hissəsinin diametri 5.00 m-dir. Kurqanın mərkəzi hissəsində 1,25 m dərinlikdə qərb-şərq istiqamətində 2,10 x 1,40 m ölçüdə düzbucaqlı planlı, sadə torpaq qəbir var. İki cərgə iri daş yan-yana qoyularaq qəbir çuxurunun ətrafı qorunub saxlanılmışdır. Sözügedən məzarın şərq hissəsində xoker üslubunda basdırılmış yetkin kişi skeleti, skeletin baş hissəsinin ətrafında heyvan sümükləri və 3 ədəd keramika qab o cümlədən ağ rəngli daşdan hazırlanmış muncuq aşkar edilmişdir.[11][4]

87/1 №-li kurqan- Parsabad-Culfa yolundan 3 metr şimalda, 86/1 və 87/4  №-li kurqanların yaxınlığında yerləşir. Kurqan oval planlıdır və ən yüksək nöqtəsi şimaldan 0,94 m, cənubdan 0,51 m, qərbdən 2,05 m və şərqdən 0,68 m səviyyə fərqinə malikdir. Hörgü üstü müxtəlif ölçülü çay və söküntü daşlarının qarışığından hazırlanmışdır. Sözügedən hörgü təpənin altında 1,77 m dərinlikdə ölçüsü 6,00 x 1,70 m olan oval formalı sadə torpaq qəbir var. Qəbirin qərb hissəsində şərq-qərb istiqamətində xoker üslubunda basdırılmış yetkin kişi skeleti , bütöv bir dəfn iribuynuzlu skeleti (mal-qara) və qoyun,şərq hissəsində isə keçi sümükləri aşkar edilmişdir. Qəbirdən tapılan dəfn hədiyyələri suvenir kimi 13 keramika qab və tuncdan hazırlanmış 2 silahdan ibarətdir.[12][13]

87/2 №-li kurqan- Larican kəndində, Parsabad-Culfa yolundan təxminən 200 metr şimaldadır. Bu kurqanın şərqində 87/3 saylı kurqan, şimal və cənubunda isə 86/2 və 86/5 saylı kurqanlar yerləşir.  Qəbiristanlıqdakı kiçik kurqanlar qrupuna daxil olan bu kurqan dairəvi planlıdır, diametri 6,00 m, hörgü qismi 0,95 m hündürlüyündədir.  Bu kurqanın tikintisində daşdan çox torpaqdan istifadə olunub. Kurqanın tikintisində daşlardan sürüşmənin qarşısını almaq üçün o cümlədən qəbir çuxurunun yuxarı hissəsini və kurqanın ətrafını örtmək üçün istifadə edilmişdir. Kurqanın hündür zirvəsinin altında dairəvi formalı, diametri 2,30 m sadə torpaq qəbir var. Dərinliyi 1,17 m olan qəbrin qərb hissəsində xoker vəziyyətdə basdırılmış qadın skeleti, şərq hissəsində isə qurbanlıq heyvan sümükləri aşkar edilib. İki dəfn arasından dəfn hədiyyəsi kimi 3 ədəd keramika qab, tuncdan hazırlanmış 15 bəzək əşyası, daş alət və 170 müxtəlif növ boyunbağı aşkar edilmişdir.[12][14]

87/3 №-li kurqan- Parsabad-Culfa yolundan təqribən 90 metr şimalda və 87/2 saylı kurqandan 130 metr şərqdə yerləşir  Bu kurqan ölçüsü və hündürlüyü baxımından yaxınlıqdakı kurqanlardan daha böyükdür və zəngin tapıntılara malikdir. Oval formalı kurqanın şimal-cənub oxu 21.00 m, şərq-qərb oxu isə 23.00 m-dir. Kurqanın hörgülü üstü müxtəlif ölçülü çay və söküntü daşları ilə torpağın qarışığından hazırlanmışdır. Kurqanın üst hissəsinin altında dərinliyi 1,35 m, ölçüsü 4,20 x 1,30 m olan oval formalı sadə torpaq qəbir var. Bu qəbrin üstü iri ölçülü sal daşları yan-yana düzülməklə örtülmüşdür. Şərq-qərb istiqamətindəki qəbirin qərb hissəsindən xoker vəziyyətdə basdırılmış yetkin kişi skeleti, şərq hissəsindən qurbanlıq heyvan kimi basdırılmış qoyun-keçi sümükləri aşkar edilmişdir. Dəfn hədiyyəsi kimi isə 10 ədəd keramika qab, suvenirlər, tuncdan hazırlanmış 2 silah və bir ədəd bəzək əşyası, habelə müxtəlif materiallardan hazırlanmış 71 boyunbağı tapılmışdır.[15][16]

87/4 №-li kurqan- Parsabad-Culfa yolundan təxminən 70 metr şimalda və birinci mövsümdə qazılmış kurqanların düz ortasında yerləşir. Dairəvi planlı kurqanın diametri 12.00 m, hörgü üstünün hündürlüyü 0.95 m-dir. Kurqan təpəsi təmizlənməmiş müxtəlif ölçülü çay daşları və torpaq qarışığı ilə örtülmüşdür. Kurqanın hündür zirvəsinin altında 1,10 m dərinlikdə 2,10 x 0,90 m ölçüdə oval formalı sadə torpaq qəbir vardır. Qəbrin qərb hissəsində xoker vəziyyətdə olan yetkin erkək skeleti, şərq hissəsində isə qurbanlıq buynuzlu heyvanların sümükləri basdırılmışdır. İki dəfn arasında 3 ədəd keramika qab, 2 tunc silah, 29 bəzək əşyası, sümükdən boyunbağı, kiçik obsidiyan parçası və 10 ədəd müxtəlif daşlardan hazırlanmış boyunbağılar tapılmışdır.[15][17]

87/5 №-li kurqan- Parsabad-Culfa yolundan təqribən 85 metr şimalda və qəbiristanlığın ən böyük və mərkəzi kurqanından təxminən 45 metr cənubda yerləşir. Dairəvi planlı kurqanın diametri 12.00 m, hündürlüyü isə təbii yerdən 1.43 m-dir. Kurqanın hörgü üstü müxtəlif ölçülü və qruntlu çay və söküntü daşlarının qarışığından hazırlanmışdır. Hörgü təpənin altında 1,72 m dərinlikdə ölçüsü 3,40 x 1,20 m olan oval formalı sadə torpaq qəbir vardır. Qəbrin qərb hissəsində xoker formasında yetkin kişi skeleti basdırılmışdır. Qəbrin şərq hissəsində bütövlükdə qurbanlıq heyvan kimi iki qoyun basdırılmışdır. İki dəfn arasında isə 3 keramika qab, tuncdan hazırlanmış 2 silah, suvenir kimi əqiq və fritdən hazırlanmış 5 bəzək əşyası, 7 boyunbağı aşkar edilmişdir.[18][19]

87/6 №-li kurqan- Parsabad-Culfa yolundan təqribən 85 metr şimalda və Kurqan № 87/5-dən 20 metr qərbdə yerləşir. Oval formalı kurqanın hörgü təpəsi müxtəlif ölçülü çay və söküntü daşlarının torpaqla qarışığından düzəldilmişdir. Kurqanın uc nöqtəsinin 1,05 m dərinliyində 2,40 x 0,70 m ölçüdə düzbucaqlı formalı sadə torpaq qəbir var. Qəbirdə insan skeletinə rast gəlinməmişdir.Sözügedən qəbirdən qurban kəsilmiş heyvanların sümükləri və onların yanında iki keramika qab, terakotadan hazırlanmış bir heyvan heykəlciyi, 3 ədəd tunc silah və 3 bəzək əşyası aşkarlanmışdır.[20][21]

 
Qazıntı aparılan Xudafərin SES bölgəsi

87/7 №-li kurqan- Larican kəndi hüdudlarında, Araz çayından 150 metr cənubda, Parsabad-Culfa yolundan təqribən 100 metr şimalda və digər kurqanlardan təxminən bir km aralıda yerləşir. Bu kurqan ölçüsü və hündürlüyünə görə Larican qəbiristanlığının ən böyük kurqanlarından biridir. Oval formalı kurqanın şimal-cənub ölçüsü 32.00 m, şərq-qərb ölçüsü isə 20.00 m-dir. Kurqanın hörgü üst hissəsində az miqdarda kiçik ölçülü çay daşlarından, tikintisində isə daha çox torpaqdan istifadə edilmişdir. Kurqanın altından üç müxtəlif sadə torpaq qəbir aşkar edilmişdir. Onlardan ikisi oval, digəri isə düzbucaqlıdır.[20][22]

  1. Sözügedən dəfndən 1,45 m dərinlikdə, oval formalı, şərq-qərb istiqamətində 2,50 x 1,80 m ölçülü qəbir və xoker vəziyyətdə basdırılmış iki yetkin kişi skeleti tapılmışdır.
  2. İkinci qəbir şərq-qərb istiqamətində 1,45 m dərinlikdə yerləşir və ölçüləri 2,40 x 1,00 m-dir. Bu çuxur qəbirindən xoker vəziyyətdə basdırılmış iki yetkin kişi və dişi skeleti və qurbanlıq heyvan sümükləri aşkar edilmişdir.[20][23]
  3. Sonuncu qəbrin dərinliyi 1,25 m, planı düzbucaqlı, ölçüləri 2,20 x 1,30 m-dir. Xoker vəziyyətdə basdırılmış yetkin qadın skeleti, 2 keramika qab, tuncdan hazırlanmış iki bəzək əşyası, daş gürz başı, 6 obsidian və fritdən hazırlanmış 6 ədəd halqa aşkar edilmişdir. Bu kurqanda üç müxtəlif qəbir çuxurunun tapılması və onlardan ikisindən birdən çox cəsədin tapılması Larican kurqanlarında çoxsaylı dəfnlərin edildiyini göstərir.[20][23]

87/8 №-li kurqan- Larican kəndi hüdudlarında, Parsabad-Culfa yolundan 5 metr şimalda yerləşir. Oval formalı kurqanın şimal-cənub oxu 15.00 m, şərq-qərb oxu isə 17.00 m-dir. Kurqan konstruksiyasını başqa kurqanların konstruksiyalarına bənzəyən müxtəlif ölçülü yonulmaməş çay və söküntü daşları ilə torpaq qarışığından hazırlanmışdır. Kurqanın hündür zirvəsinin altında 1,70 m dərinlikdə oval formalı, 6,00 x 1,40 m ölçüdə sadə torpaq qəbir var. Şərq-qərb istiqamətli qəbirin qərb hissəsindən xoker vəziyyətdə basdırılmış yetkin kişi skeleti, şərq hissəsindən isə çoxlu sayda qurbanlıq heyvan kimi qoyun və keçi sümükləri aşkar edilmişdir. Məzardakı iki dəfn arasında 12 keramika qab, tuncdan hazırlanmış silah, 11 bəzək əşyası, 6 dəlikli sümük əşyalar, 6 ədəd obsidian və müxtəlif materiallardan hazırlanmış 29 boyunbağı aşkar edilmişdir. [24]

87/9 №-li kurqan- Larican kəndi hüdudlarında, Parsabad-Culfa yolundan təxminən 185 metr şimalda yerləşir . Oval formalı kurqanın şimal-cənub oxu 11.00 m, şərq-qərb oxu isə 14.00 m-dir. Kurqanın üstü müxtəlif ölçülü çay daşları və az miqdarda torpağın qarışığından hazırlanmışdır. Kurqanın üst hissəsinin altında 1,15 m dərinlikdə oval formalı, 2,80 x 1,20 m ölçüdə sadə torpaq qəbir var. Şərq-qərb istiqamətli qəbirdə xoker vəziyyətdə basdırılmış yetkin kişi skeleti, qurbanlıq heyvan kimi qoyun və keçi sümükləri və suvenir kimi 3 ədəd keramika qab, tuncdan hazırlanmış silah və 12 ədə bəzək əşyası tqpılmışdır.[25]

87/10 №-li kurqan- Parsabad-Culfa yolundan təqribən 60 metr şimalda, 87/2 saylı kurqandan 5 m cənub-qərbdə yerləşir. Oval formalı kurqanın ölçüsü şimal-cənub oxu 6.00 m, şərq-qərb oxu 8.00 m, hündürlüyü isə təbii yerdən 0.90 m-dir. Kurqanın üzəri az miqdarda çay daşı və torpağın qarışığından hazırlanmışdır. Qəbir çuxuru iri sal daşları yan-yana düzülərək örtülmüşdür. Kurqanın üst hisssinin altında 0,95 m dərinlikdə 3,70 x 1,55 ölçülü düzbucaqlı formalı sadə torpaq qəbir var. Qəbrin daxilindən yetkin kişi skeleti , ətrafında az miqdarda qurbanlıq heyvan sümükləri, 3 ədəd keramika qab, tunc silah və sümük boyunbağı aşkar edilmişdir.[26]

Kurqanların memarlıq xüsusiyyətləri

redaktə

İran Azərbaycanında, xüsusən də Xudafərin bölgəsindəki kurqanlar arasında ümumi quruluş və daxili düzülüş baxımından bir-biri ilə harmoniya mövcuddur. Larican kurqanları Araz vadisində, Qafqazda və ya Zaqafqaziyada rast gəlinən digər kurqanların ümumi xarakterinə uyğun tikilmişdir.[27] Müxtəlif ölçülü kurqanların tikintisində bir neçə mərhələ müəyyən edilmişdir. Kurqanlar arasında plan baxımından oxşarlıqlar olsalar da, praktiki olaraq heç bir kurqan eyni deyildi və istər memarlıq, istərsə dəfn avadanlığı, hətta ölçülərinə görə də fərqlənirdi. Larican kurqanlarının struktur xüsusiyyətlərinə əsaslanaraq, iki əsas kurqan növünün mövcudluğuna işarə edə bilərik. Bunların hər biri də dəfn kamerasının formasına və quruluşuna görə yarımtiplərə bölünür. Larican Kurqanlarının ümumi görünüşü dəyirmi və ya ovaldır. Bu görünüş kurqanın ərazidə mövqeyi ilə bağlı idi. Kurqanların demək olar ki, hamısı daş və torpaq qarışığı ilə örtülmüş kiçik təpəciklərdən ibarətdir. Buna baxmayaraq onlar arasında iri və hündür kurqanlar da aşkar edilmişdir. Kurqan yığınlarının bir hissəsinin müxtəlif ölçülü çay və söküntü daşlarından, bir digər hissəsi isə torpaqdan hazırlanmışdır. Larican kurqanlarında ümumiyyətlə nizamsız daşlardan istifadə olunub. Kurqanların alt qatlarında əsasən irihəcmli daşlardan istifadə olunduğu halda, üst təbəqələrdə istifadə olunan daşlar kiçik və aşınmış çay daşlarından ibarətdir. Böyük daşlar arasındakı boşluqlar adətən torpaq və çay çınqılları ilə doldurulmuşdu. Larican kurqanlarının əksəriyyəti Araz çayının sahilində yerləşməsindən faydalanaraq daş və torpaq qarışığı ilə örtülmüşdü.[27]

Bu kurqançılıq ənənəsinin Şərqi Anadolu, QafqazZaqafqaziya bölgələrində, xüsusilə Trialeti kurqanlarında və bir çox kurqan qəbirlərində istifadə olunduğu görünür. [28]Kurqanlarda ölüm və dəfn ilə bağlı bəzi adət-ənənə və inancların kökləri daha əvvəlki dövrlərə gedib çıxır. Larican kurqanlarında dəfn otaqları əksərən kurqanın mərkəzində və təbii səthin altında yerləşsə də bəzi istisnalar var. Bəzi nümunələrdə dəfn kamerasının müxtəlif yerlərdə olması əl çatanlığını çətinləşdirmək üçün edilmişdir. Larican kurqanlarındakı əsas dəfn otaqları, əsasən düzbucaqlı, oval və ya dairəvi formalı sadə torpaq qəbir formasındadır və döşəmələri bərkidilmə ilə hazırlanmışdır. Bəzi kurqanlarda məzar çuxurları daşla örtülü otaq şəklindədir. Məzar çuxurlarının döşəmələrində xüsusi bir materialdan istifadə edilib-edilmədiyi bəlli deyil. Bununla belə, torpaqda düz bir zəmin əldə etmək üçün xüsusi diqqət yetirilmişdir.[27]

Ehtimal olunur ki, Herodotun təsvir etdiyi skif məzarlarının tikintisində istifadə edilən ot kimi üzvi materiallardan istifadə olunub və bunlar zamanla yoxa çıxdığından onlardan əsər-əlamət qalmayıb. Qəbir kameralarının damları uçmaması üçün mümkün qədər sağlam və uyğun texnika ilə tikilib. Bunun üçün material kimi bəzən ağac kötüklərindən, bəzən də qapaqlardan və ya sal daşlarından istifadə edilirdi. Qəbirlər bu materiallar yan-yana düzülərək örtülmüşdür. Məzar otaqlarının tavanında  ağaclar və daşlardan istifadə olunmuşdur.  Kurqanların üzərindəki hörgü təpənin güclü təzyiqi ağacların qırılmasına, qəbir kameralarındakı bu deformasiya isə yuxarı mərtəbələrdə çökmələrə səbəb olmuşdur. Bu isə yuxarı mərtəbələrdəki qəbirlərin aşkarlanmasını asanlaşdırmışdır. Larican kurqanları arasında yalnız bir nümunədə dəfn kamerasının böyük daş plitələrdən istifadə edilməklə superpozisiya texnikasında tikildiyi görünür. Orta Tunc dövrünə aid edilən bu məzarda daşlar hər cərgədə içəriyə doğru çıxacaq şəkildə yuxarıya istiqamətdə daralaraq düzülmüş və beləliklə bir növ tağlı günbəz əmələ gətirmək üçün dam görüntüsü hazırlanmışdır. Dromoslu bu xüsusi kurqanda qəbir kamerası dromosdan şaquli şəkildə yerləşdirilmiş daşla ayrılır.[29] Bu kurqan torpaq və daş qarışığından hazırlanmışdır. Larican kurqanlarında əsasən bir qəbir çuxuru olsa da, 89/2 saylı kurqanda iki müxtəlif qəbir çuxuru və 87/7 saylı kurqanda isə üç müxtəlif qəbir çuxuru aşkar edilmişdir. Qəbir kameralarının ölçüləri bir-birindən fərqlənir. Böyük kurqanların qəbir kameraları adətən kifayət qədər böyük olur. Düzbucaqlı və ya oval formalı qəbir çuxurlarının uzunluğu 1,90-6,00 m, eni isə 0,70-1,70 m-dir. Dəyirmi formalı qəbir kameralarının diametri 2,30 ilə 3,75 m arasında dəyişir. Hər iki çuxur növünün dərinliyi 0,70 ilə 1,92 m arasında dəyişməkdədir. Bu qəbir kameralarının ölçüsü kurqanların diametrindən və ölçülərindən asılı idi. Bununla belə, qəbir kamerası nə qədər böyük olarsa, çuxurdan daha çox torpağın çıxarılması ilə nəticələnəcəkdi ki, bu da çuxurun üst hissəsinin formalaşmasına və onun hündür olmasına kömək edirdi. Kurqanın hörgü üstü nə qədər böyükdürsə, otağın ölçüsü də bir o qədər böyük olur.[29]

Kurqan təpələrinin ölçüləri (hündürlüyü və diametrləri) həm də orada dəfn edilən şəxsin və ya şəxslərin sosial vəziyyətini əks etdirirdi. Bu amil qəbirdə qalan ölülərə məxsus geyim və silah zinət əşyalarının zənginliyi və keyfiyyətində də eyni vəziyyət müşahidə olunur. Larican qəbiristanlığında eyni tipli, lakin ölçüləri daha kiçik olan kurqanlara da rast gəlinmişdir. Bu kurqanları ölçülərinə görə kiçik, orta və iri ölçülü kurqanlar kimi qiymətləndirmək mümkündür. Bu qəbirlərdə meyitlə birlikdə kiçik əşyalar, bəzən də heyvanın bir hissəsi basdırılırdı. Larican kurqanlarında cəmi 10 kiçik ölçülü kurqan var. Orta ölçülü kurqanların diametri isə təxminən 10-20 metr arasında dəyişir. Larican kurqanlarının 15-ni təşkil edən bu kurqanlar ümumiyyətlə kiçik və iri kurqanlara oxşar quruluşa malik idilər. Böyük kurqanların diametri 20 metrdən çox və ya 20-35 metr arasında dəyişir. Larican qəbiristanlığında üç böyük kurqan qazılmışdır ki, onlarn hündürlüyü 0,55-1,76 m-dir. Nadir hallarda bu hündürlük 2,60-3,05 m, istisna hallarda isə 4-5 m-ə çatır. Kurqanların diametri hündürlüyündən təxminən on dəfə böyükdür. Larican kurqanlarında basdırılanların yanında müxtəlif maddi qruplardan hazırlanmış əşyalar qalmışdır. Bunlar arasında gündəlik işlərdə istifadə edilən qablar, tunc nizə ucları, ox ucları, balta, qılınc və xəncər kimi silahlar, sancaqlar, bilərziklər, üzüklər, sırğalar, saç bəzəkləri, boyunbağı muncuqları, sinə sancaqları kimi şəxsi bəzək əşyaları var. Sözügedən hədiyyələrdən başqa at, iribuynuzlu mal-qara, qoyun-keçi kimi heyvanların qurbanlıq kəsilərək bütöv və ya hissə-hissə basdırıldığı da bizə məlumdur. Bu tapıntılar kurqanlarda yatan fərdlərin o biri dünyaya olan inanclarını əks etdirmək baxımından əhəmiyyətlidir.[30]

Kurqanlardan aşkar edilən qalıqlar

redaktə

Gün işığına görə istiqamətləndirilərək tikilən sadə torpaq qəbirlərin ətrafına bəzən daşlar düzüldükdən sonra qəbir kamerası içinə cəsəd və hədiyyələr qoymaq üçün ağaclar və ya sal daşları ilə örtülürdü. Son dövrlərdə dəfn kameralarının üzəri qaraçaq kötükləri ilə örtüldükdən sonra otağın döşəməsi, divarı və tavanı keçə və xalçalarla bəzədilmişdir.[31] Larican kurqanlarındakı qəbir kameralarının  qərbində, əksərən, insan orta hissəsində keramika qab və tavalar, şərq hissəsində isə heyvan meyitləri basdırılırdı. Meyitin başının istiqaməti daha çox şərqə, bəzən isə qərbə yerləşdirilmişdir. Dəfn kamerası örtüldükdən sonra həmin təbəqədə qəbir çuxurunun ətrafında mühasirə divarı hörülmüşdü. Bu divar torpağın sürüşməsinin qarşısını alır və təpələrin yaranmasına kömək edirdi. Qəbirin üstü mühafizəni təmin etmək üçün torpaq və daşlar birlikdə örtülürək hörgü təpə formasını almışdı. Kurqanların hündür təpə formasında olmasının səbəbi isə böyük dəfn çuxurunun qazılması zamanı boşaldılan torpaqların yenidən tikilmiş türbənin üzərinə örtülməsi idi. Əvvəldə qeyd etdiyimiz kimi, daşlar süni təpənin üzərinə bəzən müntəzəm, bəzən də nizamsız şəkildə qoyulmuşdur. Kurqanların aşağı təbəqələrində irihəcmli daşlardan istifadə olunduğu halda, yuxarı təbəqələrdə istifadə olunan daşlar kiçik və aşınmış çay daşlarından ibarət olmuşdur. Böyük daşlar arasındakı boşluqlar adətən torpaq və çay çınqılları ilə doldurulurdu.[23]

Kurqandakı insan dəfnləri

Larican kurqan qəbiristanlığında çoxlu sayda kurqan qəbirləri müəyyən edilsə də, onlardan yalnız 28-i qazılıb və bu kurqanlardan ümumilikdə 27 insan skeleti aşkar edilib. Kurqan qəbirlərindəki dəfnlər sadə inqumasiya tiplidir. Sadacə 2 kurqanda birdən çox skelet aşkar edilsə də, onların əksəriyyətində tək meyit basdırılmışdır. 87/7  №-li kurqan qəbirində 3 müxtəlif qəbirdən 5 skelet və 89/2 №-li kurqan qəbirində iki müxtəlif qəbirdən 2 skelet aşkarlanmışdır.[32] Skeletlər cinsiyyət bölgüsü baxımından nəzərə alınarsa, 27 skeletdən 12-si (44,4%) qadın, 15 (55,6%) kişidir. Cəsədlər əksərn olur üfiqi istiqamətində dəfn olunmuşdur. Kurqanlarda dəfn olunan 16 skeletin başı şərq, 5-i qərb,4-ü şimal-şərq, 1-i cənub-şərq,1-i isə cənub-qərb tərəfə yatırılmışdır. Bu istiqamətlər arasındakı fərqliliklər mövsümi olaraq günəşin doğuş-qürub istiqamətlərinə görə yaranmışdır.[23]

Laricanda ən çox yayılmış (83%) dəfn tərzi xoker mövqeyidir. Qəbiristanlıqdakı bu tip dəfnlərdə ölülər 19 nümunədə sol tərəfə, 7 nümunədə isə sağ tərəfə qoyulmuş, ayaqları dizləri bükülmüş halda qarın nahiyəsinə çəkilmiş və qollar dirsəklərdən bükülərək sinə səviyyəsinə çatdırılmışdır. dirsəklər. Xoker dəfninin ana bətnindəki vəziyyəti təmsil edirdi. Bu tətbiq o biri dünyaya keçidi təmin etmək üçün inanılan ritualların bir hissəsi olaraq simvolik məna daşıyırdı. Larican kurqanlarında sayı az olsa da, dorsal mövqeyli dəfnlər cəmi 4 cəsəddə aşkar edilmişdir. Bu cür dəfnlərdə qollar hər iki tərəfə düz, ayaqlar isə sağa-sola əyilmədən düz uzadılır. Skeletlərin uzanma istiqamətində cinsiyyətə əsaslanan bir fərq olub olmadığını anlamaq üçün bir qiymətləndirmə aparıldıqda, cinsiyyətə əsaslanan əhəmiyyətli bir fərq olmadığı aşkarlanmışdır. Günəşin doğuşu və batması istiqamətləndirilərək tikilmiş düzbucaqlı və ya oval formalı qəbir kameraları, coğrafi mövqeyi və materialın bolluğundan asılı olaraq qaraşam ağacları, bəzən də daşlarla örtülmüş, otağın döşəməsi, divarı və tavanı isə keçə və xalçalarla bəzədilmişdir. Larican kurqan qəbrində insan və heyvan meyitləri, xüsusən də at və mal-qara meyitləri bütövlükdə eyni qəbirdə basdırılmışdır. Sonrakı dövrlərdə, adətən, insan cəsədinin tapıldığı qəbir kamerasından kənarda başqa bir bölmədə və ya çuxurda basdırılmışdır.[33][34]

Kurqanlarda heyvan qalıqları

Larican kurqan qəbirlərində zəngin inventar təşkil edən əşyalarla yanaşı, tapılan at, iribuynuzlu mal-qara, qoyun, keçi və digər sümüklər də onların dəfn mərasimlərində qurbanlıq heyvan kimi istifadə edildiyini göstərir. Kurqanlarda bəzən müxtəlif heyvanların bir yerdə basdırıldığı görünür. At, iribuynuzlu mal-qara, qoyun və ya keçi sümüklərinə həm dəfn kamerasının şərq hissəsində, bəzən bütöv və daha çox hissə-hissə, həm skeletin yanında, həm də çox vaxt keramika qabların içərisində və ya xaricində rast gəlmək olur. [23]Qəbirdə qurbanlıq heyvanların müxtəlif sümükləri, xüsusilə kəllə və ayaqları qrup halında tapılıb. Larican kurqan qəbirlərində at və bütövlükdə iribuynuzlu mal-qaraya daha az rast gəlinir. Əksər hallarda qurbanlıq heyvan kimi qoyun və keçilər seçilirdi. İribuynuzlu mal-qaralar qəbir istiqamətində basdırılarkən bəzən xırdabuynuzlu heyvanlar diaqonal olaraq uzadılırdı. Beləliklə, demək olar ki, cərgə sırası elə qurulmuşdu ki, qəbirdə at və mal-qara cəsədləri üçün kifayət qədər yer ayrılmışdı. Larican kurqanlarında dəfn hədiyyəsi kimi adətən heyvan və insan dəfnləri arasında keramika qablar yerləşdirilirdi. Bununla, insan və heyvan meyitlərini bir-birindən ayırırdılar. Buna baxmayaraq nadir də olsa, 86/2 saylı kurqan qəbirindən şimala doğru skeletin başının arxa hissəsindən 0,20 m aralıda tısbağa qalıqlarına rast gəlinmişdir.[35]

İstinadlar

redaktə
  1. 1 2 3 4 Hejeberi, 2007. səh. 12
  2. Hejeberi, 2007. səh. 1
  3. 1 2 Ghouchi, 2019. səh. 81
  4. 1 2 Ghouchi, 2019. səh. 83
  5. Hejeberi, 2007. səh. 4
  6. 1 2 Ghouchi, 2019. səh. 84
  7. Hejeberi, 2007. səh. 7
  8. Hejeberi, 2007. səh. 10
  9. Ghouchi, 2019. səh. 85
  10. Ghouchi, 2019. səh. 86
  11. Hejeberi, 2007. səh. 11
  12. 1 2 Ghouchi, 2019. səh. 87
  13. Hejeberi, 2008. səh. 3
  14. Hejeberi, 2008. səh. 5
  15. 1 2 Ghouchi, 2019. səh. 88
  16. Hejeberi, 2008. səh. 7
  17. Hejeberi, 2008. səh. 9
  18. Ghouchi, 2019. səh. 89
  19. Hejeberi, 2008. səh. 12
  20. 1 2 3 4 Ghouchi, 2019. səh. 90
  21. Hejeberi, 2008. səh. 14
  22. Hejeberi, 2008. səh. 16
  23. 1 2 3 4 5 Hejeberi, 2008. səh. 17
  24. Ghouchi, 2019. səh. 91
  25. Ghouchi, 2019. səh. 92
  26. Ghouchi, 2019. səh. 93
  27. 1 2 3 Ghouchi, 2019. səh. 102
  28. Özfırat, 2013. səh. 63
  29. 1 2 Ghouchi, 2019. səh. 103
  30. Ghouchi, 2019. səh. 104
  31. Danti, 2013
  32. Hejeberi, 2008. səh. 25
  33. Hejeberi, 2008. səh. 28
  34. Hejeberi, 2007. səh. 20
  35. Ghouchi, 2019. səh. 109

Mənbə

redaktə
  • KLEİSS, W. Bericht über zwei Erkundungsfahrten in Nordwest-Iran. Archäologische Mitteilungen aus Iran. 1969. səh. 7–119.
  • Ghouchi.A. Larican Kurganlarının Seramik Buluntuları Işığında İran Azerbaycanının Çevre Kültürlerle İlişkileri. Ankara. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Arkeoloji Anabilim Dalı. 2019.
  • Hejeberi.N, Ghouchi.A. Larican Kurgan Mezarlarından Ele Geçen Silahlar. Bornova, İzmir. Samsat'tan Acemhöyüke Eski Uygarlıkların İzinde Aliye Öztana Armağan Yazıları. 2017. səh. 137-156.
  • Hejeberi.N. Khudaferin Bölgesinde Birinci sezon Kazı Çalışmaları. Tehran. Kültürel Miras ve Terbiyet Müderris Üniversitesinin Ortak Araştırma Projesi. 2007.
  • Hejeberi.N. Khudaferin Bölgesinde İkinci sezon Kazı Çalışmaları. Tehran. Kültürel Miras ve Terbiyet Müderris Üniversitesinin Ortak Araştırma Projesi. 2008.
  • Diyarbekirli.N. Hun sanatı. İstanbul: Milli Eğitim Bakanlığı Kültür Yayınları. 1972.
  • Özfırat.A ve Coşkun.N. Bozkurt Kurgan Mezarlığı Kazısı 2012, XXXV. Kazı Sonuçları Toplantısı. Ankara. T.C. Kültür ve Turizm Bakanlığı, Kültür Varlıkları ve Müzeler Genel Müdürlüğü. 2013. səh. 146-158.
  • MUSCARELLA, O. W., (2013). , Boston. Archaeology, Artifacts and Antiquities of the Ancient Near East. Boston. Sites, Cultures, and Proveniences. 2013.
  • DANTİ, M. D. The Late Bronze And Early Iron Age In Northwestern Iran. D. Potts. İstanbul: Oxford University Press. The Oxford Handbook of Ancient Iran. 2013. səh. 327-376.
  • ÇORUHLU, Y. Eski Türklerin Kutsal Mezarları Kurganlar‖ Orta ve iç Asya‘nın Erken Devir Türk Mezar Mimarisi Üzerine Bir Deneme. İstanbul: Ötüken Nəşriyyat. 2016.
  NODES