Cina Vardhamanacaynizmin yaradıcısı. Ardıcılları onu "Mahavira" (böyük pəhləvan) adlandırırlar.

Mahavira

Mahavira e.ə. 599-cu ildə kşatri təbəqəsinə aid "racelər" ailəsində, Bihar bölgəsində Pavada anadan olmuşdur. Bu gün Pava caynistlərin həcc yeridir. Hər yeni il həcc ayı ilə eyni zamana təsadüf edir. Buddanın çağdaşı olan Vardhamana dünyadan üz çevirmiş, zahidçə yaşamağa üstünlük vermiş və 12 yaşından çox ciddi bir pəhrizə riayət etməyə başlamışdı. Vardhamana 30 yaşında evini, xanımını və uşağını tərk edərək, rahiblik libası geymiş və rahiblik əlaməti olaraq saçından bir pərçəm qopartmışdır. Bir müddət sonra çılpaq gəzməyə başlamış və dilənmişdir. 30 il vaazlar verdikdən sonra aydınlanmaya çatmışdır. Bundan sonra onu Mahavira (böyük qəhrəman) və ya Cina (qalib) adlandırmağa başlamışlar.

Sinfi mənsubiyyətinə görə öz inkişaf dövrünü rifah, var-dövlət, əmin-amanlıq içində keçirmişdir. Caynizmin müqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir:

Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına ötürülürdü.

Mahaviranın gənclik dövrü atasının sarayında naz-nemət içərisində keçmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla ailə qurmuşdur. O, şahlara xas həyat tərzini xoşlamır, zahidlik və rahiblik həyatına üstünlük verirdi. Ata-anası sağ ikən onun rahiblərlə münasibətinə imkan vermirdilər. Valideynləri dünyasını dəyişdikdən sonra o, kübar həyata son qoyub, ona miras qalan var-dövlətin hamısını yoxsullar arasında bölüşdürərək şəhər kənarındakı monastırda yaşamağa başladı. Bir müddət sonra rahiblərin monastırını tərk etdi. Əbasını çiynindən götürdü, çılpaq şəkildə səhralara üz qoydu, evsiz-eşiksiz didərginlər kimi özünün asketik həyat dövrünü başladı.

O, öz səyahəti zamanı qaldığı yerə ürək bağlamasın deyə, bir kənddə bir gün, şəhər və ya qəsəbədə isə beş gündən artıq qalmamışdır. Yalnız yağışlar mövsümündə qalmaq üçün bir yer seçir və orada mütləq sükunətə dalırdı.

Mahavira e.ə. 527-ci ildə Biharda vəfat etmişdir.

  NODES