MakGill Universiteti

MakQill Universiteti (ing. McGill University) — Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsidir. Universitet Kanadanın Kvebek əyalətinin Monreal şəhərində yerləşir.

MakGill Universiteti
McGill University
Xəritə
45°30′15″ şm. e. 73°34′28″ q. u.HGYO
Əsası qoyulub 1821
Tip Dövlət universiteti
Rektor Arnold Steynberq
Tələbə sayı 35300
Şəhər Monreal, Kvebek
Ölkə
Sayt mcgill.ca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MakQill Universitetinin adı tanınmış mesenat Ceyms MakQillin adı ilə bağlıdır. Ceyms MakQill 6 oktyabr 1744-cü ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub və sonralar Kvebekdə məşhur tacir kimi tanınıb. C.MakQill ingilis və fransız dillərini mükəmməl bilən savadlı şəxs kimi var-dövlətini təhsilin inkişafına sərf etmək istəyib. Bu məqsədlə o, 10000 funt məbləğində 19 hektarlıq ərazi əldə edir. Lakin C.MakQill 1813-cü ildə vəfat etdiyi üçün arzularını reallaşdıra bilmir. Təhsilin Yaxşılaşdırılması üzrə Kral İnstitutu onun istəyini həyata keçirmək üçün universitet yaratmaq qərarına gəlir. C.MakQillin vəsiyyətnaməsində onun aldığı ərazidə ölümündən sonra ən azı 10 il ərzində ayırdığı vəsait hesabına ali məktəb tikilməsi, həmin məktəbin onun adı ilə adlandırılması göstərilir, əks təqdirdə, vəsiyyətnamədə göstərilənlərin həyat yoldaşının varislərinə çatması qeyd olunurdu. Beləcə, Desrivieres ailəsi (Ceyms MakQillin həyat yoldaşının varisləri) ilə uzun məhkəmə çəkişməsindən sonra Kral İnstitutu qalib gəlir və nəticədə 31 mart 1821-ci ildə kral IV Georq MakQill Kollecinin yaradılması haqqında sənədi imzalayır. Lakin kollecin binası olmadığı üçün ilk dərslər 27 yanvar 1829-cu ildə Burnsayd Pleysdə – C.MakQillin şəhərkənarı evində keçilir. Bu ev 1840-cı ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir (MakQill Universitetinin ilk binası olan İncəsənət Korpusunun tikildiyi ilə qədər).

1855–1893-cü illərdə ali təhsil müəssisəsinə tanınmış geoloq Con Uilyam Douson rəhbərlik edir. MakQill Kollecinin universitet kimi fəaliyyəti onun rəhbərliyi dövrünə təsadüf edir. C.Douson Monrealın varlı şəxslərini təhsil müəssisəsinə yardım etməyə cəlb edir və kampusun ərazisində yerləşən binaların çoxu hazırda onların adlarını daşıyır – Redpet Muzeyi, Redpet Kitabxanası, MakDonald Fizika, Kimya, Mühəndislik binaları, Strathcona Anatomiya və Stomatologiya korpusu və s. 1885-ci ildə təhsil müəssisəsinə rəsmi olaraq MakQill Universiteti adı verilir. 1848-ci ildə universitetin nəzdində Kanadada ilk hüquq fakültəsi, 1896-cı ildə isə Memarlıq Məktəbi fəaliyyətə başlayır.

1884-cü ildə Lord Strathcona kimi tanınan, universitetin əsas xeyriyyəçilərindən olan mesenat Donald Smit qadınların MakQill Universitetində təhsil almaları üçün fond yaradır. Sonralar onun şərəfinə burada təhsil alan qız tələbələr "Donaldlar" ("Donalds") adlandırılır. Universitetin ilk qız məzunu 1890-cı ildə Kerri Derik olur. 1888-ci ildən başlayaraq qız tələbələrə elmi dərəcələr verilir. 1899-cu ildə universitetin nəzdində qızlar üçün Kral Viktoriya Kolleci yaradılır. Hazırda bu kollec qızlar yataqxanası kimi fəaliyyət göstərir.

1900-cü ildə universitetdə MakLennan Kitabxanası yaradılır. 1905-ci ildə Donald Smit Monrealın qərbində kampus yaratmaq üçün böyük ərazi alır. 1907-ci ildə yaradılmış bu şəhərcik hazırda MakDonald Kampusu adlandırılır.

MakQill Universiteti Britaniya Kolumbiyası əyalətinin Vankuver və Viktoriya kimi böyük şəhərlərində təhsil müəssisəsi açan ilk Kanada universitetidir. 1903-cü ildə Viktoriya şəhərində incəsənət və elmlər üzrə ixtisaslaşmış Viktoriya Kolleci (hazırkı Viktoriya Universiteti), 1908-ci ildə Vankuver şəhərində MakQill Universitetinin Britaniya Kolumbiyasında kolleci yaradılır. Bu ali təhsil müəssisəsi 1915-ci ildə müstəqillik əldə edir və Britaniya Kolumbiyası Universiteti adlandırılır.

1969-cu ildə MakQill Universitetində "Français" (fransız) hərəkatı başlayır. Hərəkata Ontariodan olan politoloq Stenli Qrey rəhbərlik edir. Qeyd edək ki, bu zamana qədər MakQill Universitetinin rəsmi dili ingilis dili hesab olunur, fransızdilli tələbələrə isə 1835-ci ildən bu dildə yalnız diplom işi yazmağa icazə verilir. Kanada ikidilli dövlət olduğundan, əhalinin fransızdilli hissəsi buna qarşı çıxaraq, universitetdə ingilis dili ilə yanaşı, fransız dilinin də eyni hüquqa malik olmasını tələb edir. Bu hərəkat böyüklüyünə görə Monrealda ikinci ən böyük nümayiş hesab olunur. Lakin yenə də MakQill Universiteti rəsmi ikidilli ali məktəbə çevrilmir. Hazırda universitet tələbələrinin yalnız 18 faizi fransızdillidir. Bu gün MakQill Universiteti Kvebekdə fəaliyyət göstərən üç ingilisdilli ali məktəbdən biridir, yalnız hüquq fakültəsində ingilis dili ilə birgə fransız dilini də bilmək tələb olunur.

Müasir vəziyyəti

redaktə

MakQill Universitetinin əsas kampusu Monreal şəhərinin mərkəzində Royal (Kral) dağının ətəyində 32 hektarlıq ərazidə Peel və MakQill metro stansiyalarının yanında yerləşir. Tələbə şəhərciyinin binalarının tikintisində birləşdirmə elementi kimi yerli boz əhəngdən istifadə olunub. Binalar parklarla əhatə edilib. Universitetin idman mərkəzləri və məşhur Molson stadionu Royal dağında yerləşir.

MakQill Universitetində də, başqa universitetlərdə olduğu kimi, tələbələr kampusun rezidensiyalarında yaşayırlar. Lakin universitet yalnız birinci kursları şəhərcik daxilində yataqxanalarla təmin edir. Qalan tələbələr kampusdan kənarda özlərinə yaşayış yerləri tapmalıdırlar. Birinci kursların əksəriyyəti Royal dağının ətəyində yerləşən MakKonnell, Molson, Hardner, Duqlas yataqxanalarından ibarət Yepiskop rezidensiyasında yaşayır. Universitetin ikinci ən böyük rezidensiyası qızlar üçün nəzərdə tutulmuş Viktoriya Kral Kollec yataqxanasıdır. Kampusun ən böyük yataqxanası 4 ulduzlu otelə malik "Nyu-Rez" rezidensiyasıdır. 2009-cu ilin aprelində MakQill Universiteti Qərbi Şerbruk, 475 küçəsində 4 ulduzlu Şeraton hoteli əldə edərək onu yataqxanaya çevirir və həmin ilin payızında tələbələrin istifadəsinə verir. Tələbələr binanı Şerbruk və ya "Nyu-Nyu-Rez" adlandırırlar. Yuxarı kurs tələbələrinin əksəriyyəti kampusdan şərqdə "MakQill Getto" (getto – orta əsrlərdə bəzi ölkələrin iri şəhərlərində yəhudilər üçün ayrılan xüsusi məhəllələr) adlanan ərazidə yaşayır. Kampusa yaxın ərazilərdə icarə haqqı qiymətləri baha olduğundan tələbələr qıraq rayonlara üstünlük verirlər.

MakQill Universitetinin ikinci şəhərciyi Monrealın qərbində 6,5 km2

ərazidə yerləşən MakDonald Kampusudur. Burada kənd təsərrüfatı və ətraf mühit haqqında elmlər fakültəsi, Dietologiya və İnsanın Qidalanması, Ətraf Mühitin Mühafizəsi məktəbləri, Parazitologiya İnstitutu, Morqan Dendarisi və J.S. Marşall Radar Rəsədxanası yerləşir. Morqan Dendarisi 1945-ci ildə yaradılıb və 2,5 km2
ərazidə yerləşir. Bu meşə qoruğunda növlərin yaradılması, qorunması, genişləndirilməsi, meşə təsərrüfatının inkişafı və s. üzrə müxtəlif tədqiqatlar, proqramlar həyata keçirilir.

MakQill Universitetində 11 fakültə və 10 məktəb fəaliyyət göstərir:

Kənd təsərrüfatı və ətraf mühit haqqında elmlər fakültəsinə Dietologiya və İnsanın Qidalanması, Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.

İncəsənət fakültəsinə İctimai Fəaliyyət və Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.

Stomatologiya fakültəsi əsas kampusun ərazisində yerləşir, Kanadanın ən yüksək ixtisaslaşmış stomatoloqlarını hazırlayır.

Pedaqogika fakültəsinə Kitabxana və İnformasiya Tədqiqatları Ali Məktəbi daxildir.

Mühəndislik fakültəsində Memarlıq və Şəhərsalma məktəbləri fəaliyyət göstərir.

Hüquq fakültəsi əsas kampusda, şəhərin mərkəzi hissəsində yerləşir, insan hüquqlarının qorunması üzrə mühüm layihələr həyata keçirir. Kanadada yaranan ilk hüquq fakültəsidir.

Dezotel menecment fakültəsi 1906-cı ildə yaradılıb və dünyanın aparıcı biznes məktəblərindən biridir.

Tibb fakültəsinə Kommunikasiya Elmləri və Pozulmalar, Tibb bacısı, Fiziki və Əmək Müalicəsi məktəbləri daxildir.

Şulix musiqi fakültəsi əsas kampusda yerləşir, dünyaya yüksək səviyyəli musiqi xadimləri bəxş edib.

İlahiyyat fakültəsi 1948-ci ildə yaradılıb və bütün dünya dinlərinin öyrənilməsi ilə məşğuldur.

Dəqiq elmlər fakültəsinə İnformasiya Texnologiyaları və Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.

Burada mövcud olan digər akademik bölmələrdən Təhsilin Davametdirilməsi Mərkəzini, Ali və Doktorantura Tədqiqatları Ofisini qeyd etmək olar.

Kanadada ilk tibb fakültəsi 1832-ci ildə MakQill Universitetində yaradılıb. Fakültə MakQill Universitetinin Sağlamlıq Mərkəzinə daxildir. Mərkəzdə 5 hospital – Monreal Uşaq, ümumi, Kral Viktoriya, Nevrologiya İnstitutu, çest (Sandıq) İnstitutu xəstəxanaları yerləşir. MakQill Universitetinin Sağlamlıq Mərkəzi ölkənin ən müasir xəstəxana-tədqiqat imkanlarına malik tibb müəssisəsidir. Burada 500-dən çox tədqiqatçı və həkim, 1000-ə yaxın diplomlu mütəxəssis və doktorant çalışır, mərkəzdə 100 milyon dollar dəyərində tədqiqatlar həyata keçirilir. Bundan başqa, universitetin nəzdində Ser Mortimer Devis – Yəhudi ümumi Xəstəxanası, Duqlas Psixi Sağlamlıq İnstitutu və Müqəddəs Məryəm Hospital Mərkəzi fəaliyyət göstərir.

MakQill Universitetinin kitabxana sisteminə Monreal Mərkəzi və MakDonald kampuslarında yerləşən 13 sahə kitabxanası daxildir. Kitabxana kolleksiyasına 6 milyon cilddən çox kitab, jurnal, val, mikroforma, audio – və videokaset, DVD, kompakt disk, onlayn verilənlər bazası və indekslər daxildir. Bu, böyüklüyünə görə Kanadanın dördüncü akademik kitabxanasıdır. Kitabxanada bütün sahələr üzrə ingilis və fransız dillərində onlayn kataloq mövcuddur. Humanitar və ictimai elmlər üzrə kitablar Maklennan və Redpet kitabxanalarında toplanıb. Nadir Kitablar və Xüsusi Kolleksiyalar Kitabxanasında incəsənət, memarlıq, tarix, ədəbiyyat və s., Osler Kitabxanasında tibb, həyat elmləri üzrə müxtəlif kitablar var.

MakQill Universiteti kitabxanası Kanada Elmi-Texniki Kitabxanalar, Tədqiqat Kitabxanaları assosiasiyalarının üzvüdür.

MakQill Universitetinin kansleri Arnold Steynberq, vitse-kansleri isə Hizer Manro-Blyumdur. Universitet həmçinin İdarəçilər Şurası tərəfindən idarə olunur. Şuranın sədri Robert Rabinoviçdir. Ali təhsil müəssisəsində 1616 nəfər akademik, 3457 nəfər inzibati heyət fəaliyyət göstərir. Akademik heyətin 135 nəfəri Kanada Kral Cəmiyyətinin üzvüdür. Universitetin hüquq üzrə professoru Paul-Andre Crepeau, biokimya üzrə professoru Filipp Qross və iqtisadiyyat üzrə professoru Jan-Mari Dyufura mükəmməl karyera əldə etmələri, mövcud əyalətin elmi, ictimai tərəqqisinə böyük töhfələr verdikləri üçün hər il Kvebek Prizinə layiq görülürlər. Psixoloq, MakQill Universitetinin fəxri professoru Ronald Melzak Kanada Tibbi Memorialının 76 üzvündən biridir.

Elmi nailiyyətləri

redaktə

MakQill Universiteti yarandığı gündən dünya elminə yeni nailiyyətlər verməyə başlayıb. Belə ki, 1899-cu ildə professor Ernest Rezerford radon adlanan radiaktiv qazı kəşf edir. Radon uzun illər xərçəng xəstəliyinin müalicəsində, şüa terapiyasında istifadə olunub. 1902-ci ildə E. Rezerford kimyaçı Frederik Soddi ilə birgə atomun parçalanması və transmutasiya üzrə nəzəriyyə irəli sürürlər. Onlar aşkar edirlər ki, atomlar bir-birlərindən müxtəlif materiya formalarında qopa bilərlər. Bu kəşf 1908-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülür.

1936-cı ildə universitetin tədqiqatçısı Moda Abbott "Anadangəlmə ürək qüsurları" atlasını nəşr etdirir. Kitab uzun illərin araşdırmalarının nəticəsi olaraq çox böyük uğur əldə edir və müəllif M. Abbott ürək xəstəlikləri üzrə aparıcı dünya ekspertinə çevrilir.

1940-cı ildə professor Herbert Henri Casperilk beyinin elektrik fəallığını öyrənmək üçün ilk dəfə olaraq elektroensefaloqrammadan (EEQ) istifadə edir. Elektroensefaloqrammanın köməyi ilə beyin xərçəngi, kəllə-beyin travmaları və s. xəstəliklərin müalicəsində istifadə olunur. Epilepsiyanın diaqnozunda elektroensefaloqramma ən vacib alət hesab edilir.

1952-ci ildə universitetin tədqiqatçısı Hayns Lemann şizofreniyanın müalicəsində "Xlorpromazin" adlı preparatdan istifadə edərək, müasir psixiatrik yardıma böyük töhfə edir. 1957-ci ildə tədqiqatçı Tomas çanq dünyada ilk süni özək yaradır. Universitetin professoru Robert Bell yeni radioaktivlik formasını kəşf edir. 1965-ci ildə Sem Fridman və Fil Qold insanın qanında mövcud olan və xərçəng xəstəliyini yaradan embrional antigen adlı zülal növünü aşkarlayırlar.

1980-ci ildə biotexnologiya üzrə professor Kelvin Oqilvi bir neçə saat ərzində DNK-nın ardıcıl düzülüşünü mümkün edən genlərin avtomatlaşdırılmış sintezatorunu kəşf edir. 1986-cı ildə Oqilvi yeni preparatların yaradılmasına gətirən RNK-nın sintezini, 1993-cü ildə isə tədqiqatçılar Denis Fiqreviç, Hay Yun Hoto və Aldis Krizus Lu Heriq adlanan irsi xəstəliyin səbəbkarı olan geni müəyyənləşdirirlər.

1998-ci ildə universitetin psixiatriya üzrə professoru Sonia Lyupien stress hormonlarını – yaddaşın itirilməsinə gətirən davamlı kartizolun dərəcəsini müəyyən edir. Bu kəşf bir çox irsi xəstəliklərin müalicəsində böyük rol oynayır. Eləcə də həmin il tədqiqatçılar Filipp Qros və Emil Skameni siçanlarda bir çox infeksion xəstəliklərə, xüsusilə vərəm və cüzam xəstəliklərinə səbəb olan gen aşkarlayırlar.

2005-ci ildə Ceremi Cas yoğun bağırsaqdakı xərçəng xəstəliyinin yaradıcısı olan geni müəyyən edir. Nəticədə inkişaf etmiş ölkələrdə xərçəngin çətin formaları müalicə edilir. Elə həmin il professor Viki Kaspi neytron ulduz – pulsarı kəşf edir. Onun tədqiqat qrupu Süd Yolu qalaktikasında 20-dən çox pulsar aşkarlayır.

2006-cı ildə həkim Renso Cecere başda olmaqla MakQill Universitetinin həkimləri 65 yaşlı Jerar Lenjevenin üzərində ürək inplantasiyası əməliyyatı həyata keçirirlər. Onların yaratdığı süni ürək 10 il fəaliyyət göstərmək qabiliyyətinə malik olur, bu da həmin ana qədər yaradılmış ən uzunömürlü mexaniki ürək olur. 2006-cı ildə universitetin paleontoloqu Hans Larsson Qütb dairəsinə ekspedisiyası zamanı nəhəng dəniz canlısı ixtiozavrın qalıqlarını aşkar edir. Tapıntı qədim dəniz həyatının miqrasiyasının öyrənilməsinə önəmli töhfə verir.

2007-ci ildə kardioloqlar Co Martucci və Adrian Dancea ilk qapalı ürək əməliyyatı (kəsiksiz) həyata keçirir və xəstə 48 saatdan sonra evə buraxılır. Bu təcrübə sayəsində açıq cərrahiyyədə və ürək qüsurları xəstəliklərinin müalicəsində böyük uğurlar əldə etmək mümkündür. Həmin il universitetin Onkologiya Mərkəzinin direktoru Mişel Trimblinin rəhbərliyi ilə süd vəzilərində xərçəngə səbəb olan PTP1B geni müəyyən edilir. Hazırda həmin genin ingibitorları süd vəzilərində xərçəng aşkarlanan xəstələrin üzərində təcrübədən keçirilir.

Büdcəsi

redaktə

2007–2008-ci illərin nəticələrinə əsasən MakQill Universitetinin ümumi gəlirlərinin məbləği 1 074 061 000 Kanada dolları təşkil edib. Bu gəlirin 318840000 dolları Kvebek hökumətinin qrantlarından, 19158000 dolları federal hökumətin tədqiqatlara ayırdığı vəsaitdən, 292411000 dolları tədqiqat qrantlarından, 160334000 dolları təhsil haqqından, 105713000 dolları ianə və yardımlardan, 87694000 dolları investisiya və faiz gəlirlərindən, 89881000 dolları isə əlavə gəlirlərdən ibarət olub.

Təhsil haqqı

redaktə

MakQill Universitetində 2009–2010-cu tədris ilində təhsil haqqı Kvebek sakinləri üçün 1868 dollar, Kanadanın müxtəlif bölgələrindən gələn tələbələr üçün 5378, əcnəbilər üçün isə 15000-dən başlayaraq seçilmiş proqram çərçivəsində artır.

MakQill Universiteti dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Qabaqcıl elmi-tədqiqat mərkəzi olaraq bu ali məktəb dünya elminin inkişafında böyük rol oynayır. Xüsusilə tibb elmi üzrə ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlər danılmazdır. Universitetin 8 məzunu Nobel mükafatına layiq görülüb.

Hazırda MakQill Universitetində ümumilikdə 35 300 tələbə təhsil alır. Onların 7 975-ni magistr və doktorant, qalanlarını isə bakalavrlar təşkil edirlər. Universitetdə oxuyan əcnəbi tələbələrin sayı 6829 nəfərdir.

Xarici əlaqələri

redaktə

"Universitas 21"-ə daxildir[2].

Reytinqi

redaktə
"QS World University Rankings"dəki yeri:
2015/16[3] 2014/15[4] 2013/14[5] 2012/13[6] 2011/12[7] 2010/11[8]
24 21 21 18 17 19
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[9] 2014/15[10] 2013/14[11] 2012/13[12] 2011/12[13] 2010/11[14]
38 39 35 34 28 35

Məşhur məzunları

redaktə

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Vike-Freyberq – Latviya Respublikasının 6-cı prezidenti;
  • Daniel Oduber Quiros – Kosta-Rikanın sabiq prezidenti;
  • Əhməd Nazif – Misirin Baş naziri;
  • Jonn Abbott – Kanadanın üçüncü Baş naziri;
  • Uilfrid Laurier – Kanadanın yeddinci Baş naziri;
  • Zbiqnev Bjezinski – ABŞ-nin sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi;
  • Ceyms Neysmit – basketbol oyununun yaradıcısı;
  • Ernest Rezerford – kimya üzrə Nobel mükafatı laureatı;
  • Frederik Soddi – kimya üzrə Nobel mükafatı laureatı;
  • Rudolf Markus – kimya üzrə Nobel mükafatı laureatı;
  • Uillard Boyl – fizika üzrə Nobel mükafatı laureatı;
  • Robert Mandell – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
  • Cek Szostak – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Endryu Viktor Şalli – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Devid Hanter Hyubel – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • J. Payette – Kanadanın tanınmış astronavtı;
  • D. Uilliams – Kanadanın tanınmış astronavtı;
  • R. Thirsk – Kanadanın tanınmış astronavtı.

Həmçinin bax

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Directory of Open Access Journals. 2003.
  2. "Universities 21 - Members". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  3. "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  4. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  5. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  6. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  7. "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  8. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  9. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  10. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  11. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  12. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  13. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  14. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

redaktə
  NODES