Manfred fon Rixthofen

Manfred Albrext Freyherr fon Rixthofen (2 may 1892[1][2][…], Vrotslav, Almaniya Reyxi[d][3]21 aprel 1918[1][2][…], Vo-sur-Somm[d], Fransa) – Birinci Dünya müharibəsində iştirak etmiş alman pilot. "Qırmızı baron" ləqəbi ilə tanınır. Müharibənin as-pilotlarından olan Rixthofen 80 hava döyüşü qələbəsi qazanmışdır.

Manfred fon Rixthofen
alm. Manfred von Richthofen
Doğum tarixi 2 may 1892(1892-05-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 aprel 1918(1918-04-21)[1][2][…] (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güm. döyüşdə ölüm
Dəfn yeri
  • Cənub Veysbaden qəbiristanlığı[d]
Fəaliyyəti zabit
Fəaliyyət illəri 1911-ci ildən
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslində süvari olsa da, 1915-ci ildə Hava Xidmətinə transfer olunmuş və 1916-cı ildə Jagdstaffel 2 eskadrasının ilk üzvlərindən biri olmuşdur. Tezliklə tanınmış döyüş pilotuna çevrilmiş və 1917-ci ildə Jasta 11-in lideri olmuşdur. Daha sonra "Uçan sirk" və ya "Rixthofenin sirki" kimi də tanınan daha böyük qol olan Jagdgeschwader 1-in lideri təyin olunmuşdur. Belə adlanmasının səbəbi təyyarələrinin parlaq rənglərə malik olması, birliyin sirk kimi bir yerdən digər yerə köçürülməsi və tez-tez çadırlardan istifadə etməsidir. 1918-ci ildə Rixthofen Almaniyada milli qəhrəman elan edilmiş və düşmənləri tərəfindən hörmət bəslənilmişdir.

Rixthofen 21 aprel 1918-ci ildə Vo-su-Somm yaxınlığında vurulmuş və öldürülmüşdür. Onun karyerası və ölümünün aspektləri haqqında müzakirələr və debatlar aparılır. O, bütün dövrlərin ən tanınmış döyüş pilotuna çevrilmiş, bir çox kitab və filmin mövzusu olmuşdur.

Rixthofen "baron" kimi tərcümə olunan freyherr ("azad lord") tituluna malik idi. Ailəsinin üzvləri də bu titulun daşıyıcıları idilər. Rixthofen öz təyyarəsini qırmızı rəngə boyamışdır və tituluna görə də "Qırmızı baron" ləqəbi ilə məşhurlaşmışdır. Həyatda ikən Almaniyada daha çox "Qırmızı döyüş pilotu" (alm. Der Rote Kampfflieger‎) ləqəbi ilə tanınırdı. Bu ad Rixthofenin 1917-ci ilə aid avtobioqrafiyasında başlıq kimi istifadə olunmuşdur.

İlk illəri

redaktə

Manfred Freyherr fon Rixthofen 2 may 1892-ci ildə Aşağı Sileziyanın Kleynburq şəhərində prussiyalı zadəgan ailədə anadan olmuşdur. Atası mayor Albrext Filipp Karl Yulius Freyherr fon Rixthofen, anası Kuniqunde fon Şikfuss und Neydorffdur. Özündən böyük bacısı (İlza) və kiçik iki qardaşı vardı.

Dörd yaşında ikən Manfred ailəsi ilə Şveydnits yaxınlığına köçmüşdür. At minmək, ov etmək və məktəbdə gimnastika ilə məşğul olmağı sevirdi. Paralel çubuqlar idmanında ustalaşmış və məktəbdə bir neçə mükafat qazanmışdır. O və qardaşları (Lotar və Bolko) qaban, birdirçin, quşlar və maral ovlayırdılar.

Ev təhsili aldıqdan sonra Şveydnitsdəki bir məktəbə daxil olan Manfred 11 yaşında hərbi biliklərə yiyələnməyə başlamışdır. 1911-ci ildə hərbi təhsilini başa vurduqdan sonra Ulan süvari dəstəsi olan "Russiyalı III Aleksandrın birinci ulan süvari dəstəsinə (birinci Qərbi Prussiya)" qoşulmuş və dəstənin üçüncü eskadrasına göndərilmişdir.

Birinci Dünya müharibəsi başlayanda Rixthofen Şərq və Qərb cəbhələrində süvari kimi xidmət göstərmiş, Rusiya, Fransa və Belçikada döyüşmüşdür. Lakin siper müharibəsinin yayılmasından sonra süvari dəstələrinin əhəmmiyyəti azalmış və Rixthofenin dəstəsi ləğv olunmuşdur. Buna görə də bir müddət sahə telefon operatoru kimi xidmət göstərmişdir. Döyüşdə birbaşa iştirak etməməsindən narazı qalan və sıxılan Rixthofenə ordunun tədarük şöbəsinə transferinin əmr olunması onu daha da narazı salmışdır. Onun hava qüvvələrinə marağı Almaniya təyyarələrini təftiş edərkən yaranmışdı və İmperial Almaniya Ordu Hava Xidmətinə müraciət etmişdir. O, transfer müraciətində bu sözləri yazmışdır: "Mən müharibəyə pendir və yumurta yığmaq üçün yox, başqa məqsədlə gəlmişəm". Rixthofenin tələbi qəbul olunmuşdur və o, 1915-ci ilin may ayının sonunda hava xidmətinə qoşulmuşdur.

1915-ci ilin iyun-avqust aylarında Rixthofen 39-cu Uçan eskadra ilə birlikdə Şərq cəbhəsi üzərində kəşfiyyat xarakterli missiyalarda iştirak etmişdir. Şampanyaya tranfer olunarkən ona hücum edən fransız Farman təyyarəsini Fransa xətti üzərində vurduğu güman olunur, lakin təyyarə Müttəfiqlərin ərazisinə düşdüyündən bunu təsdiqləmək mümkün olmayıb.

Pilot karyerası

redaktə

Manfred fon Rixthofenin alman as pilotu Osvald Bölke ilə görüşmə fürsəti olmuşdur. Bölke ona 1915-ci ilin dekabrında pilot kimi məşq etməsinə başçılıq etmişdir. 1916-cı ilin dekabrında Manfred qardaşı Lotarı Lubendəki yeni qoşunların təlimindən "xilas etmiş" və onu hava qüvvələrinə qoşulmağa təşviq etmişdir. Növbəti ay Manfred 2-ci bombardımançı eskadraya qoşulmuş və iki oturacaqlı Albatros C.III təyyarəsi ilə uçmağa başlamışdır. Əvvəlcə o, orta səviyyəli pilotlardan belə geri qalırdı. O, təyyarəsini kontrol etməkdə çətinlik çəkmiş və ilk uçuşunda qəzaya uğramışdır. Pis başlamasına baxmayaraq, o tezliklə təyyarəsinə öyrəşmişdir. 26 aprel 1916-cı ildə Verden üzərində ikən Fransaya məxsus Nieuport təyyarəsinə atəş açmış və Duomon qəsri üzərində vurmuşdur. Lakin rəsmi şəkildə vurduğu açıqlanmamışdır. Bir həftə sonra təcrübəli pilotların qasırğaya qarşı uçma məsləhətinə məhəl qoymamağa qərar vermişdir. Daha sonra bu cür havadan qurtulduğu üçün bəxtəvər olduğunu və əmr edilmədiyi müddətcə bir daha bu cür şəraitdə uçmamağa and içdiyini qeyd etmişdir.

Rixthofen Şərq cəbhəsi üzərindəki iki nəfərlik uçuşundan sonra 1916-cı ilin avqustunda Osvald Bölke ilə bir daha görüşmüşdür. Bölke yenicə yaradılmış, Almaniyanın ilk döyüşçü eskadralarından biri olan Jasta 2 üçün namizədlər tapmaq üçün şərqi ziyarət edirdi və Rixthofeni birliyə qatılmaq üçün seçmişdir. Bölke 28 oktyabr 1916-cı ildə dost təyyarəsi ilə toqquşduqdan sonra ölmüşdür və Rixthofen bu hadisəyə şahidlik etmişdir.

Rixthofen öz ilk rəsmi hava döyüşü qələbəsini 17 sentyabr 1916-cı ildə Fransanın Kambre səmalarında əldə etmişdir. Avtobioqrafiyasında yazırdı ki, "düşən düşmənimin gözəl qəbrinə bir daş yerləşdirdiyim üçün şərəf hissi keçirdim". O, Berlində bir zərgərlə əlaqə saxlamış və üzərində tarix və düşmən təyyarəsinin tipi qeyd olunan gümüş qədəh sifariş etmişdir. O, 60 qədəhə çatana qədər hər qələbəsini bu cür qeyd etməyə davam etmişdir. Blokadaya düşmüş Almaniyada gümüş ehtiyatının tükənməsindən sonra o, gümüş qədəh ala bilməmişdir. Başqa metaldan qədəh sifariş etməkdənsə, bir daha qədəh sifariş etməməyi seçmişdir.

Qardaşı Lotar (40 qələbə) riskli, aqresiv taktikalardan istifadə edirdi, lakin Manfred həm eskadrasının, həm pilotlarının uğurunu təmin etmək üçün "Dicta Boelcke" adlı taktikalar sistemi tətbiq etmişdir. O, qardaşı və ya Verner Foss kimi görkəmli və ya aerobatik pilot deyildi, lakin taktikaçı, lider və sərrast döyüş pilotu idi. Hücum edərkən yuxarıdan enərək hücum etməyi seçirdi və günəşi arxasına alırdı. Digər pilotlar isə onu yandan qoruyurdular.

23 noyabr 1916-cı ildə Rixthofen ən böyük düşməni britaniyalı as mayor Leno Houkeri vurmuşdur. Rixthofen onu "britaniyalı Bölke" kimi təsvir etmişdir. Qələbə zamanı Rixthofen Albatros D.II, Houker isə köhnə DH.2 ilə uçurdu. Uzun döyüşdən sonra Houker başının arxasından vurulmuş və düşmən xətlərindən qaçmağa çalışmışdır. Bu döyüşdən sonra Rixthofen sürəti az olsa belə daha yaxşı manevr qabiliyyətinə malik döyüş təyyarəsinə ehtiyacı olduğuna qərar vermişdir. 1917-ci ilin yanvarında Albatros D.III-ə keçmişdir və 24 yanvarda arxa qanadının dirəyindəki problemə qədər bu təyyarə ilə iki qələbə qazanmışdır. Buna görə də növbəti 5 həftə ərzində yenə Albatros D.II və ya Halberstadt D.II təyyarələrindən istifadə etmişdir.

6 martda Rixthofen Halberstadt təyyarəsi ilə Britaniyanın 40-cı Krallıq Hava Qüvvələri Eskadrasının F.E.8 təyyarələri ilə döyüşən zaman təyyarəsinin yanacaq çəni vurulmuşdur (çox güman ki, bu döyüşün qələbə qazanan pilotu kimi göstərilən Edvin Benbou tərəfindən). Rixthofen təyyarəsi alov almadan endirməyi bacarmışdır. Daha sonra Albatros D.II ilə 9 martda bir qələbə daha qazanmış, lakin Albatros D.III ayın qalan hissəsi üçün yararsız vəziyyətə düşdüyündən yenə Halberstadt D.II-yə qayıtmışdır. 2 aprel 1917-ci ildə Albatros D.III-ə qayıtmışdır və iyun ayında Albatros D.V-ə keçənə qədər bu təyyarə ilə 22 qələbə qazanmışdır.

Rixthofen 1917-ci ilin iyulundan etibarən Fokker Dr.I ilə uçmağa başlamışdır. Bu üçqanadlı təyyarə Rixthofen ilə birlikdə xatırlanan ən populyar təyyarə olmuşdur. Buna baxmayaraq, noyabr ayında gücləndirilmiş qanadlarla təchiz edilənə qədər ondan istifadə etməmişdir. Populyarlığına baxmayaraq o, bu təyyarə ilə cəmi 19 qələbə qazanmışdır. Ləqəbini və reputasiyasını qazandığı əsl təyyarə 1917-ci ilin yanvarında qırmızı rəngə boyadığı Albatros D.III (seriya nömrəsi 789/16) idi.

Rixthofen Almaniya hava qüvvələrinin çatışmazlıqlarını aradan qaldırmaq üçün Fokker D.VIII modelinin inkişaf etdirilməsinə təklifləri ilə dəstək olmuşdur. O, yeni modellə döyüşdə iştirak etməmişdir, çünki hərbi xidmətlər üçün istifadəyə verilməsindən qabaq öldürülmüşdür.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Manfred, baron von Richthofen // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118600575 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  NODES