Manyerizm
Manyerizm (ing. Mannerism) və yaSon İntibah[1] (ing. Late Renaissance) — Avropa incəsənətində İtaliya Yüksək intibah dövrünün son mərhələsinə verilən ad. Manyerizm dövrü 1520-ci illərdən başlamaqla XVI əsrdə barokko dövrü ilə əvəz olunana kimi davam etmişdir. Şimal manyerizmi XVII əsrin əvvəllərinə kimi davam etmişdir.[2]
Stilistik baxımdan Manyerizm özündə Leonardo da Vinçi, Rafael və Mikelancelonun erkən yaradıcılıq dövrünün çoxsaylı yanaşmalarını və harmonik ideallarını birləşdirir. Yüksək İntibah incəsənəti nisbət, tarazlıq və ideal gözəlliyi vurğuladığı halda, Manyerizm bu xüsusiyyətləri asimmetrik və qeyri-təbii eleqant hala qədər çoxaldır.[3] Bu stil yüksək intellektual dəqiqliyi və süni (naturalizmin əksinə olaraq) keyfiyyətləri ilə fərqlənir.[4] Erkən intibah rəsmlərindən fərqli olaraq, bu xüsusiyyət Manyerizm əsərlərində balans və aydınlıq əvəzinə kompozisiya gərginliyi və qeyri-stabilliyin yaranmasını təşviq edir. Ədəbiyyat və musiqidə Manyerizm yüksək tərəqqi etmiş stil və intellektual dəqiqliyi ilə seçilir.[5]
Manyerizmin xüsusiyyətləri və onun fazaları incəsənət tarixçiləri arasında hələ də müzakirələrə səbəb olmaqdadır. Məsələn, bəzi alimlər XVI–XVII əsrlər ədəbiyyatının (xüsusilə poeziyanın) erkən formalarının müəyyən edilməsini də Manyerizmə aid edirlər. Termin həm də, 1500–1530-cu illərdə Şimali Avropada çalışmış bəzi qotik rəssamların yaradıcılığını, xüsusilə İtaliyadakı hərəkatla əlaqəsi olmayan Antverpen manyeristlərinin işlərini müəyyənləşdirmək üçün istifadə edilir. Manyerizm həm də, Gümüş dövrü Latın ədəbiyyatının analogiyası kimi istifadə edilir.[6]
Termin
redaktəing. Mannerism (azərb. Manyerizm) sözü italyan dilində stil və manera anlamına gələn it. maniera sözündən törəmişdir. "Stil" (ing. Style) sözü kimi "maniera" sözü də həm sfesifik stil tipi (məsələn, gözəl stil, aşındırıcı stil mənalarında), həm də, ixtisasa ehtiyacı olmayan mütləqlik (bir nəfər "stilə malikdir") anlamlarını ifadə edir.[7] Corco Vazari özünün "Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı" (1568) adlı əsərinin ikinci nəşrində "maniera" sözünü üç müxtəlif kontekstdə istifadə edir: sənətkarın iş manerası və metodunu ifadə etmək üçün; şəxsi və ya qrup stilini təsvir etmək üçün: məsələn Bizans stilini ifadə etmək üçün o, it. maniera greca ifadəsini, Mikelancelonun iş stilini ifadə etmək üçün isə Şablon:Dil-ir ifadəsini işlədir; bədii keyfiyyətin müsbət təsbitini təsdiq etmək üçün.[8] Özü də Manyerist sənətkar olan Vazari çalışdığı dövrü "la maniera moderna" və ya "modern stil" adlandırır.[9] Ceyms Mirollo "bella maniera" şairlərinin necə Petrarka sonetlərinin mükəmməlliyini keçməyə çalışmalarından danışır. "Bella maniera" anlayışı bu stildə işləyən sənətkarların birbaşa təbiətə qarşı surmaq əvəzinə sələflərinin işlərinin kopyalanması və təkmilləşdirilməsinə üstünlük verirlər.[10] Faktiki olaraq "bella maniera" sənətkarları sələflərinin işlərində ən yaxşı xüsusiyyətləri birləşdirərək yeni stil yaradırdılar.[10]
Stilistik baxımdan Manyerizmi müəyyənləşdirmək asan deyil. O, İsveç tarixçisi Yakob Burkhardt tərəfindən istifadə edilmiş, daha sonra isə XVI əsr İtaliya incəsənətinin kateqoriyalaşdırılmayan, Yüksək İntibah incəsənəti əsərləri kimi harmoniya və rasionallığın vurğulanmadığı əsərlərini kateqoriyalaşdırmaq üçün XX əsr Almaniya incəsənət tarixçiləri tərəfindən məşhurlaşdırılmışdır. "Yüksək İntibah" incəsənəti harmoniya, monumentallıq və antik incəsənət ənənələrini dirçəltməsi ilə seçilirdi. Manyerizm termini, 1965-ci ildə Fritz Qrossmann tərəfindən Mançestr Sənət Qalereyasında manyerist rəssamların əsərlərindən ibarət sərginin təşkil edilməsindən sonra[11], 1967-ci ildə Con Şerman tərəfindən yenidən müəyyənləşdirilmişdir.[12] Manyerizm termini XVI əsrdə sosial hərəkatı ifadə etmək, zərif virtuoz keyfiyyətini çatdırmaq və ya müəyyən bir texnikanı təsvir etmək üçün istifadə edilmişdir, lakin sonrakı dövrlərdə, məsələn XVII əsrdə Covanni Pyetro Bellori "la maniera" sözünü Rafaeldən sonrakı, xüsusən 1530–1540-cı illərin incəsənətini ifadə etmək üçün istifadə edir.[13] XIX əsrdən etibarən termin İntibahdan sonrakı və barokkodan əvvəlki dövr incəsənərini ifadə etmək üçün istifadə olunur,
lakin Manyerizmin stil, hərəkat və ya inncəsənət dövrü olması haqqında tarixçilərin fikirləri müxtəlifdir; termin mübahisəli olmasına baxmayaraq, XVI əsr Avropa incəsənətinin müəyyənləşdirilməsi üçün geniş istifadə olunur.[14]
Tarixi
redaktəYüksək İntibah dövrünün sonlarında gənc səntkarlar yaradıcılıq böhranı yaşayırdılar[3]: həmin dövrdə mümkün olan hər şeyin əldə olunduğu hesab edilirdi. Texniki və ya digər baxımdan hansısa çətinliklər qalmamışdı. Anatomiya, işıq, fizioqnomiya və insanların hisslərini üz ifadələri və jetlərdə göstərmək bacarığının fiqurativ kompozisiya çərçivəsində insan formalarının novator istifadəsi, incə rəng tonlarının tətbiqi ilə təsviri demək olar mükəmməllik səviyyəsinə çatmışdı. Gənc sənətkarlar yeni məqsədə ehtiyac duyurdular və yeni yanaşmalar axtarırdılar.[3] Məhz belə bir mühitdə Manyerizm meydana gəlir. Yeni stil 1510–1520-ci illərdə ya Florensiyada[15], ya Romada, ya da hər iki şəhərdə eyni vaxtda formalaşır.[16]
Mənşəyi
redaktəManyerizmin yarandığı dövr Andrea del Sarto, Mikelancelo və Rafaelin incəsənətinin "təbii genişlənmə" dövrü adlandırılır.[5] Mikelancelo hələ gənc yaşlarında ikən öz orijinal stilini yaratmış, çox bəyənilən həmin stil dövrün başqa rəssamları tərəfindən də kopyalanmağa və təkrarlanmağa başlamışdır.[5] Onun stilinin müasirləri tərəfindən ən çox bəyənilən xüsusiyyətlərindən biri "terribilità" – böyüklüyün vəhmə salması xüsusiyyəti idi və xələfləri onun yaradıcılığının bu xüsusiyyətini təkrarlamağa can atırdılar.[5] Digər sənətkarlar isə onun rəsm və heykəllərini kopyalayaraq Mikelanceloya məxsus ehtiraslı və çox şəxsi stili öyrənmişdilər. Onun Sikstin kapellasının tavanındakı işləri xüsusilə iqnudi adlandırılan fiqurlar və Libiya sibiri rəsmi, Laurentian kitabxanasının vestibülü, Medici türbəsindəki fiqurlar və ən əsası Böyük məhkəmə freskosundakı obrazlar onlarıın müşahidə nümunələrinə çevrilmişdi. Sonradan, Mikelanclo Manyerizmin ən böyük rol modellərindən birinə çevrilmişdir.[5] Gənc rəssamlar onun evinə soxularaq təsvirlərini oğurlayırdılar.[17] Corco Vazari özünün "Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı" adlı kitabında qeyd edir ki, Mikelancelo bir dəfə deyir: "İzləyici olanlar, heç vaxt izlədiklərinin yanından keçib gedə bilməzlər."[17]
Rəqabət ruhu
redaktəSənətkarlar arasında rəqabət ruhunun yaranmasına səbəb onları himayə edən və əsər sifariş edən patronların hər dəfə digər sifarişçi üçün yaradılmış əsərdən daha təkmil əsər yaratmağı tələb etmələri idi. Bu tələblər sənətkarları yeni yanaşmalar və parlaq səhnələr axtarmağa, geyim və kompoxisiyları daha yaxşı işləməyə, uzun nisbətlər yaratmağa, stilləşdirilmiş pozalar və aydın prespektivlərdən imtinaya gətirib çıxarırdı. Pyero Soderini Leonardo da Vinçi və Mikelanceloya Florensiyadakı Beşyüzlər zalının divarlarının rəsmlərlə bəzədilməsini sifari etmişdi. Bu iki sənətkar yanvayan işləməyə və rəqabət aparmağa məcbur edilərək işlərini mümkün qədər təkmilləşdirmişdilər.
Erkən Manyerizm
redaktəFlorensiyanın erkən manyeristləri, xüsusilə Andrea del Sartonun Yakopo da Pontoromo və Rosso Fiorentino kimi tələbələri uzun bədən formaları, qeyri-sabit balanslaşdırma, dağınıq prespektivlər, irrasional parametrlər və teatr işıqlandırması ilə məşhur idilər. Parmicanino (Korreconun tələbəsi) və Culio Romano (Rafaelin əsas köməkçisi) oxşar stilləşdirilmiş estetik istiqaməti Romaya gətirmişdilər. Bu sənətkarlar Yüksək İntibahın təsiri ilə formalaşmışdılar və onların stili ona reaksiya və ya onun inkişaf etdirilməsi kimi xarakterizə edilirdi. Gənc sənətkarlar təbiəti öyrənmək yerinə Ellinizm dövrü heykəltəraşlığını və sələflərinin rəsm əsərlərini araşdırmağa başlamışdılar. Buna görə də Manyerizm stilini bəzən "anti-klassik"[15] də adlandırır, buna baxmayaraq, onun Yüksək İntibahın təbii inkişafı olmasını qəbul edirdilər. Manyerizmin "anti-klassik" formaları ilə məşhur olan ən erkən – eksperimental dövrü 1540–1550-ci illəri əhatə edir.[16] Templ Universitetinin incəsənət tarixi professoru Marsiya Holl "Rafaeldən sonra" (ing. After Raphael) adlı kitabında qeyd edir ki, Rafaelin tez vəfatı Romada Manyerizmin başlaması ilə nəticələndi.
Tədqiqatçılar qeyd edirdilər ki, Manyerizm, sosial, elmi və dini hərəkatlar olan Kopernik modeli, Romanın yağmalanması və Katolik kilsəsi üçün təhlükəyə çevrilmiş Protestant Reformasiyası kimi XVI əsrin əvvəllərində meydana gəlmişdir.[18] Buna görə də, o zaman stilin uzun və əyri formaları Yüksək İntibah incəsənətinin ideal keyfiyyətlərinə reaksiya kimi təfsir edilirdi. 1520-ci illərdən sonra bu radiakl təfsir elmi ədəbiyyatdan uzaqlaşsa da, erkən manyeristlərin yaradıcılığı Yüksək intibahın uğurları ilə tərs mütənasib təşkil edir; Rafaelin "Afina məktəbi"ndə yaratdığı əlçatanlıq və tarazlıq artıq gənc rəssamları maraqlandırmırdı.
Yüksək manyerizm
redaktəManyerizmin ikinci dövrü, adətən, onun "anti-klassik" adlanan ikinci dövründən fərqləndirilir. Bu dövrün manyeristləri intellektual qabiliyyət və bədii virtuozluğu xüsusi vurğulayırdılar ki, bu da, onların sonradan tənqidçilər tərəfindən qeyri-təbii və süni manerada işləməkdə günahlandırılmalarına səbəb olmuşdur. Manyerist rəssamlar böyük sələfləri olan Mikelanceloya əsas rol modeli kimi baxırdılar; onların incəsənəti təbiəti yox, incəsənəti kopyalayırdı. İncəsənət tarixçisi Sidni Cozef Fridberq razılaşır ki, manyerist incəsənətin intellektuallaşdırılmış aspekti ona hesablanmışdır ki, auditoriya bu vizual ismarıcı görəcək və qiymətləndirəcək – tanış fiqur naməlum şəraitdə "görünməyən, lakin hiss edilən sitat dırnaqları arasında" verilirdi.[19] Manyerist rəssamın əsas tələbi mövzu ilə tanış olan izləyicinin əsərə diqqətlə yanaşması idi. Anolo Bronzino və Corco Vazarinin yaradıcılığı Manyerizmin 1530 – 1580-ci illərdə davam edən bu dövrünü əks etdirir. O dövrdə, əsasən Avropanın intellektual mərkəzlərində özünə yer tapan Manyerizm incəsənəti özündə şişirdilmiş eleqantlıq və görünüş və detallara xüsusi diqqəti birləşdirirdi. Farfor kimi şimal dərili personajlar, izləyiciyə soyuq baxış təsiri bəxş edən güclü işıqlandırma bu stildə yaradılmış rəsmlərin əsas xarakterik xüsusiyyətləri idi. Manyerist əsərlərdə nadir hallarda ciddi emosional təsvirə rast gəlinir və buna görə də bu tendensiyanı əks etdirən əsərlər bəzən "soyuq" və ya "yad" da adlandırılır. Bu, Manyerizmin yekun və ya yüksək dövrü üçün xarakterik olan xüsusiyyətdir.[20]
Manyerizmin yayılması
redaktəİtaliyada Roma, Florensiya və Mantuya şəhərləri Manyerizmin mərkəzləri idi. Venesiya rəssamlığı isə başqa yolla inkişaf etmiş və Tisian uzunmüddətli yaradıcılığı boyu həmin məktəbi təmsil etmişdir. 1520-ci illərin əvvəllərində Romada işləməyə başlamış bir çox manyerist sənətkarlar 1527-ci ildə şəhərin yağmalanmasından sonra şəhərdən köçmüşdülər. Onlar yeni sifarişçi və himayədar axtarışında İtaliyaya o cümlədən Şimali Avropaya yayıldıqlarına görə daşıyıcısı olduqları stili də özləri ilə aparmışdılar.[21] Nəticədə Qotikadan sonra Avropada ikinci beynəlmiləl stil yaranmışdır.[22] Şimali Avropanın digər hissələrində İtaliya sənətkarları ilə birbaşa əlaqə olmasa da, printlər və rəsmli kitablarda manyeristlərin stili hiss edilirdi. Səyahət edən Şimali Avropa sənətkarları Manyerizmin yayılmasına kömək etdiyi müddətdə, Avropa hökmdarları İtaliya sənətkarlarının əsərlərini almağa davam edirdilər. Şimalda yaşayan və çalışan fərdi İtaliya sənətkarları sonradan Şimal Manyerizmi kimi tanınan sənət hərəkatının doğulmasına səbəb olmuşlar. Məsələn, Bronzinonun "Venera, Kupid, Folli və Zaman" əsəri Fransa kralı I Fransiskə təqdim olunmuşdu. 1580-ci illərdən etibarən Manyerizm İtaliyada zəifləməyə başlayır, Karraççi qardaşları, Karavacco və Çiqoli daxil olmaqla yeni sənətkarlar nəsli naturalizm adlı yeni hərəkatı inkişaf etdirmişlər. Volter Fridlander həmin dövrü "anti-manyerizm" adlandırır, ilk manyerislərin Yüksək İntibah ənənələrini qəbul etməyən "anti-klassik" sənətkarlar olduğu kimi, ilk naturalistlərin də Manyerizmin ənənələrini qəbul etmədiklərini deyir.[23]
İtaliyadan kənarda isə XVII əsrə kimi Manyerizm davam etmişdir. Rosso İtaliyadan köçərək Fransadakı Fontenblo sarayında çalışmağa başlamışdır və onun bu ölkədə yaydığı Manyerizm II Henri stili adı ilə məşhurlaşaraq, xüsusilə memarlığa ciddi təsir etmişdir. Avropada Şimal Manyerizminin digər önəmli mərkəzləri isə Müqəddəs Roma imperiyasının imperatoru II Rudolfun Praqadakı sarayı, həmçinin Haarlem və Antverpen şəhərləri olmuşdur. Elizabetan və Yakovian incəsənətinin güclü olduğu İngiltərədə isə Manyerizm daha az təsirli olmuşdur. XVII əsrin Sənət Manyerizmi memarlıqda tətbiq edilən stillər arasında istisna təşkil etməklə kontinental Avropada formalaşan inşaat ənənələrinə deyil, kitablarda yazılmış şablonlara istinad edirdi.[24]
Özündə fransız stilinin erotisizmini və yerli əhalinin erkən ənənələrini birləşdirən, XVII əsrdə flamand və holland sənətkarlar arasında dominanta çevrilmiş Flamand stili də Fontenblo məktəbinə xüsusi təsir göstərmişdir. Həmin dövrdə "pittore vago" adlandırılan Şimal sənətkarları Fransa və İtaliya emalatxanalarında çalışmağa başlayaraq beynəlmiləl stilin yaranmasına səbəb olmuşdular.
Rəssamlıqda
redaktəErkən manyerist rəssamları öz üslub və fərqləndirici xüsusiyyətlərini axtarır və sələflərinin nailiyyətlərindən bəhrələnməyə çalışırdılar ki, bu da təbii olaraq Yüksək İntibah incəsənəti nailiyyətlərinin daha da inkişaf etdirilməsi anlamına gəlirdi, lakin onlar heç də kor-koranə təkrarçılıqla məşğul olmur, təcrübələr aparmağa davam edirdilər. Məslən, həmin dövrün ən mühüm sənətkarlarından olan Yakopo da Pontoromonun "İosif Misirdə" adlı əsərində İntibah sənətkarlarının məqbul saymadıqları rəng uyğunlaşdırmaları, həmçinin zaman və məkan həllinə yer vermişdir. Onun tələbəsi olan və Andrea del Sartonun studiyasında çalışmış Rosso Fiorentino 1530-cu ildə Fontenbloya köçərək özü ilə Florensiya Manyerizmini Fransaya gətirmiş, burada, Fontenblo məktəbi kimi məşhur olan XVI əsr fransız Manyerizminin əsasını qoymuşdur.
Zəngin və narahat görünüşlü stil Fontenblo məktəbi vasitəsiylə daha da geniş yayılaraq Antverpenə, oradan isə bütün Şimali Avropaya, Londona və Polşaya kimi çatmışdır. Manyerist dizayn ipək və oymalı mebellər kimi lüks məhsullara da tətbiq edilməyə başlamışdır. Mürəkkəb simvolika və alleqoriya vasitəsiylə uzadılmış nisbətlərə malik qadın gözəlliyi vasitəsiylə ifadə edilən gərgin, nəzarət edilən hisslər bu stilin əsas xüsusiyyətidir. Həmin dövrdə Anolo Bronzinonun manyerist portretləri səliqəli eleqantlığı və detallara xüsusi diqqət yetirilməsi ilə diqqət çəkməyə başlayır. Onun modelləri üçün oxucuya yad görünüş və məsafəli baxışlar xarakterikdir. Həmçinin onun əsərlərində naxışlar və parçaların rəng çalarlarının dəqiq əks etdirilməsi diqqət çəkir.
Bronzino ilə eyni dövrdə fəaliyyət göstərmiş başqa bir manyerist rəssam Alessandro Allorinin (1535–1607) "Süzanna və böyüklər" adlı əsəri latent erotisizmi və detalların parlaq elementləri ilə diqqət çəkir. Dövrün Manyerizn stilində çalışan ən mühüm rəssamlarından biri Tintoretto olmuşdur. O, "Sonuncu şam yeməyi" adlı əsərində işıq və hərəkətə fokuslanaraq rəsmə dramatik həyat bəxş etmişdir. Sonuncu şam yeməyi mövzusuna ənənəvi yanaşmalardan fərqli olaraq Tintorettonun əsərinin arxa fonunda açıq cənnət və mələklər təsvir edilmişdir.
Daha çox dini mövzuda çəkilmiş əsərləri ilə məşhur olan El Qreko İspaniya İntibahının ən mühüm nümayəndələrindən biridir. Müasir tədqiqatçılar qeyd edirlər ki, özünəməxsus stilə malik olan El Qrekonun yaradıcılığı o qədər individualdır ki, onu konkret olaraq hansısa bir məktəbə və ya stilə aid etmək doğru deyildir.[5] Buna baxmayaraq onun əsərlərində üstünlük təşkil edən sərt rənglər, uzun və əyri anatomiya, irrasional prespektiv və işıq, o cümlədən aydın olmayan mürəkkəb ikonoqrafiya Manyerizmə xas elementlərdir.[25][26]
Şimal Manyerizminin ən məşhur nümunələrindən biri olan holland rəssamı İoahim Yutteval (1566–1638) yaradıcılığının sonlarında barokkoya meyl etməsinə baxmayaraq, Manyerizmin sonuncu ən böyük rəssamlarından biri kimi dəyərləndirir. O, əsasən Piter Arsten stilində böyük natrümotlar və çılpaq insan fiqurları ilə zəngin mifoloji mövzularda işlənmiş kiçik kabinet rəsmləri işləmişdir. Manyerizmin sön təmsilçilərindən olan Cüzeppe Arçimboldo isə natrümot stilində portretlər işləməsi ilə məşhurlaşmışdır.
-
Yakopo da Pontoromo - İosif Misirdə, 1515-1518, London milli qalereyası
-
Alessandro Allori - Süzanna və böyüklər, 1561, Manyen muzeyi
-
İoahim Yutteval - "Perseyin Andromedanı xilas etməsi", 1611, Luvr muzeyi
-
Cüzeppe Arçimboldo - "Dörd fəsil bir başda", təxm. 1590, Milli Sənət Qalereyası
Heykəltəraşlıqda
redaktəRəssamlar kimi erkən italyan manyerist heykəltəraşları da Yüksək İntibah incəsənətinin uğurlarını inkişaf etdirərək orijinal stil axtarışında idilər, onlar Mikelancelonun "David"inin yerləşdiyi Pyaçça della Sinyoriya meydanındakı boş yerləri doldurmaq uğrunda mübarizə aparırdılar. Baçço Bandinelli "Herkules və Kakus" layihəsini öz öhdəsinə götürmüşdü; o zaman çox məşhur olan Bandinelli Benvenuto Çellini ilə rəqabət aparmış və onun heykəlin pyedestalına yerləşdirdiyi relyef panelləri diqqət cəlb etmişdir. Digər manyeristlər kimi, o da Mikelancelonun orijinal blokundan daha massivli daşdan istifadə etmişdir.[27] Benvenuto Çellininin bürünc "Persey Meduzanın başı ilə" adlı heykəli sözsüz ki, şah əsər olmaqla səkkiz baxış bucağı üçün dizayn edilmişdir; bu Manyerizmin digər xüsusiyyətlərindən biridir və Mikelancelo və Donatellonun "David"lərindən fərqləndiririci xüsusiyyətdir.[28] Zərgər olan və daha çox "Çellini duz qabı" (1543) ilə tanınan sənətkarın ilk heykəltəraşlıq işi olan bu əsər onun istedadını nümayiş etdirir.[29]
Əslən Flandriyadan olan, lakin Florensiyada yaşamış və çalışmış Cambolonya İntibah dövründə olduğu kimi kolleksiyaçı kabinetləri üçün əsasən mifoloji mövzuda olan və çılpaq insanları əks etdirən kiçik bürünc fiqurlar hazırlayırdı. O, həm də tam ölçülü heykəllər hazırlamışdır ki, onlardan da ikisi Pyaçça della Sinyoriya kolleksiyasına daxil edilmişdir. O və onun davamçıları "figura serpentinata" adlı uzun və incə bədənli fiqur kompozisiyası işləmişdirlər: adətən iki və daha çox bir-birinə dolanmış insan fiqurundan əmələ gələn bu kompozisiyalara bütün bucaqlardan baxmaq maraqlıdır.[30]
-
Benvenuto Çellini - "Apollon", 1594-1598, Metropoliten muzeyi
Memarlıqda
redaktəManyerizm memarlığı vizual aldatmalar və gözlənilməz elementləri ilə intibah normalarına qarşı çıxması ilə xarakterizə edilir.[31] İtaliyaya səfər edən flamand sənətkarlar burada manyerizm stilini öyrəndikdən sonra onu Alpın şimallarına, daha sonra isə bütün Avropaya yaymışlar.[32] Həmin dövrdə memarlar möhkəm və geniş əlaqələri vurğulamaq üçün memarlıq formaları ilə təcrübə edirdilər. İntibahın ideal harmoniyası daha azad və yaradıcı ritmlərə yol açırdı. Manyerizmlə əlaqələndirilən və bu stildə memarlığın pioneri hesab edilən ən tanınmış memar Mikelancelodur (1475–1564); onun Laurentian kitabxanasındakı işlərində bu təsir hiss edilməkdədir.[33] Nəhəng orderlər və fasadın aşağısından zirvəsinə kimi uzanan böyük pilyastrın kəşfi ona aid edilir.[34] O, bu memarlıq elementlərini Kapitolinin dizaynında istifadə etmişdir.
XX əsrə kimi Manyerizm termini neqativ anlamda istifadə edilsə də, müasir dövrdə bu termin tarixi dövrü ifadə etmək üçün istifadə edilir.[35] Manyerizm memarlığı anlayışı həm də 1960–1970-ci illlərin modernist memarlığın normalarını sındıran, lakin onun mükəmməlliyini qəbul edən memarlığa aid edilirdi.[36] Manyerizm anlayışını izah edən nəzəriyyəçi və memar Robert Venturi yazır: "Bizim dövrün memarlığı üçün Manyerizm, orijinal özünüifadədən daha çox ənənəvi orderi qəbul edən, lakin mürəkkəblik və ziddiyyət üçün ənənəvi qaydanı pozan, bununla da qeyri-müəyyənlik sərgiləyən memarlıqdır."[36]
İntibah dövrü Manyerizm memarlığının ən mühüm nümunələrindən biri Kaprarolada yerləşən Farneze villasıdır.[37] XVI əsrdə Manyerizmin digər stillərdən daha sürətli yayılması həmin dövrdə qravür sənətinin inkişaf etməsi və bütün avropada yayılması ilə əlaqədar idi.
1560-cı illərdən Maltanın yeni paytaxtı Valletta şəhərində memar Cirolamo Kassar tərəfindən Manyerizm memarlığı üslubunda çoxlu sayda binalar inşa edilmişdir. Həmin binalar sırasına Müqəddəs İohann kafedralı və Böyük Ustad sarayı da daxildir, lakin Kassarın binalarının bir çoxu sonrakı dövrlərdə, xüsusilə barokkonun təsiri ilə yenidən qurulmuşdur, lakin Araqon uberji və Müqəddəs İohann kafedralının interyerində Kassarın orijinal manyerist stilini görmək mümkündür.[38]
Ədəbiyyat və musiqidə
redaktəİngilis dilli ədəbiyyatda Manyerizm daha çox özünü Metafiziki ədəbiyyat şəklində büruzə verir ki, həmin stilin də ən məşhur nümayəndəsi Con Donndur. Barokko yazıçısı Con Draydenin Donna yazdığı məzhəkəli ifadə barokko və manyerist incəsənət üslubları arasındakı fərqi yazşı əks etdirir:
O, yalnız satiralarında deyil, təbiətin hakim olması gərəkən sevgi şerlərində də metafizikaya təsir edir; sevginin incəliyi ilə gözəl cinsin qəlbini əyləndirməli olduğu halda, o, fəlsəfə haqqında fikirləri ilə beyinləri işləməyə məcbur edir.[39] |
XVI–XVII ərlər poeziyasının zəngin musiqi imkanları madriqal musiqi janrını o zamanın ən məşhur musiqi formasına çevirmişdir. Musiqişünas Tim Karter bu haqqda yazır:
Madriqal, xüsusilə özünün zadəgan formasında Manyerizm stili üçün vasitəyə çevrilmişdir: şairlər və musiqiçilər bliciləri sevindirmək üçün maraqlı işlər ortaya çıxarırdılar.[40] |
Manyerizm termini həm də XIV əsrdə Fransada yayılmış olduqca qaranlıq və mübahisəsiz kompleks polifonik musiqiyə aid edilir.[41] Həmin düvr müasir musiqişünaslıqda daha çox ars subtilior adlandırılır.
Teatr sənətində
redaktəPol Kastano "The Early Commedia dell'Arte (1550–1621): The Mannerist Context" adlı əsərində Manyerizmin müasir peşəkar teatra təsirini müzakirə edir.[42] Kastano Manyerizm lüğətini tipləşdirmə, genişləndirmə və "comici dell'arte"nin "effetto meraviglioso"su üçün istifadə edərək Manyerizm teatrı formasını izah edən ilk araşdırmaçı olmuşdur. Əhəmiyyətli dərəcədə ikonoqrafik olan araşdırmada kommedia təsvirləri çəkən və ya çap edən sənətkarların faktiki olaraq manyerizm stilində çalışan emalatxanalarda yetişmələrinə dair sübutlar təqdim edilir.[43]
Erkən nəzəriyyəçilər
redaktəCorco Vazari
redaktəCorco Vazari incəsənət və ayrı-ayrı kolleqaları haqqında fikirlərini "Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı" adlı əsərində ifadə etmişdir: o, inanır ki, rəsmdə mükəmməllik zəriflik, ixtiraçılıq zənginliyi (invenzione), virtuoz texnika vasitəsiylə ifadə etmə bacarığı (maniera), həmçinin yekun işin öyrənilmiş olmasını tələb edir, bütün bunlar rəssamın intellektini və sifarişçinin hissiyyatlığını göstərir.
Rəssam artıq yalnız yerli Müqəddəs Luka gildiyasına üzv olmur, həm də, məhkəmədə alimlər, şairlər, humanistlərlə birlikdə yer tutaraq eleqantlıq və mürəkkəbliyin qəbul edilməsinə kömək edirdi. Vazarinin himayədarları olan Mediçilərin ailə gerbi sanki sənətkarın öz gerbi kimi onun portretinin yuxarısında yerləşir. Vazarinin "Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı" nümunəvi taxta yonma nüsxəsi ingilis dilli cəmiyyətdə Yakovian adlandırılmışdır. Orada Mikelancelonun Mediçi türbəsinin yuxarı ucalan xəttləri və təməlində yerləşən çılpaq satirlər ilə "anti-memarlıq" memarlıq xəttlərinə ilhamlandırmasından bəhs edilir. Kiçik çərçivədə bu ekstravaqantdır: qısacası Manyerizmdir.
Covanni Paolo Lomaçço
redaktəHəmin dövrlərin digər ədəbiyyat fiqurlarından biri Covanni Paolo Lomaçço biri praktiki, digəri metafiziki olan iki mühüm əsər yazmışdır və bu əsərlər manyerist sənətkarların özünə və incəsənətə münasibətini anlamağa kömək etmişdir. Onun "Trattato dell'arte della pittura, scoltura et architettura" (Milan, 1584) adlı əsəri İntibahın Antik incəsənətdən mənimsədiyi, Manyerizmin ondan götürərək inkişaf etdirdiyi müasir decorun nəzəriyyələrinə bələdçidir. Lomaççonun XVI əsrin sonlarına aid xarakterik formal və akademik ripləşdirilmiş sistematik estetika kodifikasiyası interyerlərin funksiyaları, divar rəsmləri və heykəl dekorlarının onlara uyğunlaşdırılmasını qeyd edir. Adətən kobud və qəriə olan ikonoqrafiya Manyerizm üçün daha çox diqqətə çatan element hesab edilir. Onun daha az praktiki və daha çox metafiziki olan "Idea del tempio della pittura" (İdeal rəssamlıq məbədi, Milan, 1590) əsərində insan təbiətinin "dörd temperament"i nəzəriyyəsinə uyğun olaraq individuallığın bədii ixtirada oynadığı yol şərh edilir.
Neo-Manyerizm
redaktəSənətşünas Cerri Saltz qeyd edir ki, Neo-Manyerizm "həyatı incəsənət dünyasından sıxışdıran" bir neçə klişedən biridir.[44] Onun fikrincə Neo-Manyerizm akademist müəllimləri tərəfindən "axmaq, təqlidi və adi olmaqla qorxudulmuş" tələbələrin işləridir.[44]
İstinadlar
redaktə- ↑ A World history of architecture Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine and Mannerism: the painting and style of the Late Renaissance Arxivləşdirilib 2017-12-10 at the Wayback Machine
- ↑ Freedberg 1971, 483.
- ↑ 1 2 3 4 Gombrich 1995.
- ↑ "Mannerism: Bronzino (1503–1572) and his Contemporaries". Metropolitan Museum of Art. 2018-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2018.
- ↑ 1 2 3 4 5 6 Art and Illusion, E. H. Gombrich, ISBN 9780691070001
- ↑ "The Mannerist Style and the Lamentation" (PDF). www.artsconnected.org. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 iyul 2018.
- ↑ John Shearman, "Maniera as an Aesthetic Ideal", in Cheney 2004, 37.
- ↑ Cheney 1997, 17.
- ↑ Briganti 1961, 6.
- ↑ 1 2 Mirollo 1984
- ↑ Grossmann 1965.
- ↑ Shearman 1967.
- ↑ Smyth 1962, 1–2.
- ↑ Cheney, "Preface", xxv–xxxii, and Manfred Wundram, "Mannerism," Grove Art Online. Oxford University Press, Yoxlanılıb: 3 iyul 2018.
- ↑ 1 2 Friedländer 1965
- ↑ 1 2 Freedberg 1993, 175–77.
- ↑ 1 2 Giorgio Vasari, Lives of the Most Eminent Painters, Sculptors, and Architects
- ↑ Manfred Wundram, "Mannerism," Grove Art Online. Oxford University Press.
- ↑ Freedberg 1965.
- ↑ Shearman 1967, p. 19
- ↑ Briganti 1961, 32–33
- ↑ Briganti 1961, 13.
- ↑ Friedländer 1957.
- ↑ Summerson 1983, 157–72.
- ↑ "National Gallery of Art – El Greco". Nga.gov. 2006-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-19.
- ↑ "Metropolitan Museum of Art El Greco (Domenikos Theotokopoulos) (1541–1614)". Metmuseum.org. 2007-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2018.
- ↑ Olson, 179–182
- ↑ Olson, 183–187
- ↑ Olson, 182–183
- ↑ Olson, 194–202
- ↑ "Style Guide: Mannerism". Victoria and Albert. 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2018.
- ↑ Wundram, Manfred. Dictionary of Art. Grove. 1996. 281.
- ↑ https://books.google.ca/books?id=vSfOCwAAQBAJ&pg=PT2&dq=michelangelo+pioneered+mannerist+style&hl=en&sa=X&redir_esc=y#v=onepage&q=michelangelo%20pioneered%20mannerist%20style&f=false, p=Foreward
- ↑ Mark Jarzombek, "Pilaster Play" (PDF), Thresholds, 28 (Winter 2005): 34–41, 2012-10-26 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2018-07-05
- ↑ Arnold Hauser. Mannerism: The Crisis of the Renaissance and the Origins of Modern Art. (Cambridge: Harvard University Press,1965).
- ↑ 1 2 Venturi, Robert. "Architecture as Signs and Systems" (PDF). 2021-10-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 iyul 2018.
- ↑ Coffin David, The Villa in the Life of Renaissance Rome, Princeton University Press, 1979: 281–85
- ↑ Ellul, Michael. "In search of Girolamo Cassar: An unpublished manuscript at the State Archives of Lucca" (PDF). Melita Historica. XIV (1). 2004: 37. ISSN 1021-6952. 13 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Gardner, Helen. Metaphysical Poets. Oxford University Press, London. 1957. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2018.
- ↑ Carter 1991, 128.
- ↑ Apel 1946–47, 20.
- ↑ Castagno 1992.
- ↑ Castagno 1994.
- ↑ 1 2 Saltz, Jerry. "Jerry Saltz on Art's Insidious New Cliché: Neo-Mannerism". Vulture. 10 October 2013. 5 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2018.
Ədəbiyyat
redaktə- Apel, Willi. 1946–47. "The French Secular Music of the Late Fourteenth Century". Acta Musicologica 18: 17–29.
- Briganti, Giuliano. 1962. Italian Mannerism, translated from the Italian by Margaret Kunzle. London: Thames and Hudson; Princeton: Van Nostrand; Leipzig: VEB Edition. (Originally published in Italian, as La maniera italiana, La pittura italiana 10. Rome: Editori Riuniti, 1961).
- Carter, Tim. 1991. Music in Late Renaissance and Early Baroque Italy. London: Amadeus Press. ISBN 0-9313-4053-5
- Castagno, Paul C. 1994. The Early Commedia Dell'arte (1550–1621): The Mannerist Context. New York: P. Lang. ISBN 0-8204-1794-7.
- Cheney, Liana de Girolami (ed.). 2004. Readings in Italian Mannerism, second printing, with a foreword by Craig Hugh Smyth. New York: Peter Lang. ISBN 0-8204-7063-5. (Previous edition, without the forward by Smyth, New York: Peter Lang, 1997. ISBN 0-8204-2483-8).
- Freedberg, Sidney J. 1965. "Observations on the Painting of the Maniera". Reprinted in Cheney 2004, 116–23.
- Freedberg, Sidney J. 1971. Painting in Italy, 1500–1600, first edition. The Pelican History of Art. Harmondsworth and Baltimore: Penguin Books. ISBN 0-14-056035-1
- Freedberg, Sidney J. 1993. Painting in Italy, 1500–1600, 3rd edition, New Haven and London: Yale University Press. ISBN 0-300-05586-2 (cloth) ISBN 0-300-05587-0 (pbk)
- Friedländer, Walter. 1965. Mannerism and Anti-Mannerism in Italian Painting. New York: Schocken. LOC 578295 (First edition, New York: Columbia University Press, 1958.)
- Gombrich, E[rnst] H[ans]. 1995. The Story of Art, sixteenth edition. London: Phaidon Press. ISBN 0-7148-3247-2.
- Mirollo, James V. 1984. Mannerism and Renaissance Poetry: Concept, Mode, Inner Design. New Haven: Yale University Press. ISBN 0-300-03227-7.
- Shearman, John K. G. 1967. Mannerism. Style and Civilization. Harmondsworth: Penguin. Reprinted, London and New York: Penguin, 1990. ISBN 0-14-013759-9
- Olson, Roberta J. M., Italian Renaissance Sculpture, 1992, Thames & Hudson (World of Art), ISBN 9780500202531
- Smyth, Craig Hugh. 1992. Mannerism and Maniera, with an introduction by Elizabeth Cropper. Vienna: IRSA. ISBN 3-900731-33-0.
- Summerson, John. 1983. Architecture in Britain 1530–1830, 7th revised and enlarged (3rd integrated) edition. The Pelican History of Art. Harmondsworth and New York: Penguin. ISBN 0-14-056003-3 (cased) ISBN 0-14-056103-X (pbk) [Reprinted with corrections, 1986; 8th edition, Harmondsworth and New York: Penguin, 1991.]
Əlavə oxu
redaktə- Gardner, Helen Louise. 1972. The Metaphysical Poets, Selected and Edited, revised edition. Introduction. Harmondsworth, England; New York: Penguin Books. ISBN 0-14-042038-X.
- Grossmann F. 1965. Between Renaissance and Baroque: European Art: 1520–1600. Manchester City Art Gallery
- Hall, Marcia B . 2001. After Raphael: Painting in Central Italy in the Sixteenth Century, Cambridge University Press. ISBN 0-521-48397-2.
- Pinelli, Antonio. 1993. La bella maniera: artisti del Cinquecento tra regola e licenza. Turin: Piccola biblioteca Einaudi. ISBN 88-06-13137-0
- Sypher, Wylie. 1955. Four Stages of Renaissance Style: Transformations in Art and Literature, 1400–1700. Garden City, N. Y.: Doubleday. A classic analysis of Renaissance, Mannerism, Baroque, and Late Baroque.
- Würtenberger, Franzsepp. 1963. Mannerism: The European Style of the Sixteenth Century. New York: Holt, Rinehart and Winston (Originally published in German, as Der Manierismus; der europäische Stil des sechzehnten Jahrhunderts. Vienna: A. Schroll, 1962).