Mariya Montessori
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mariya Montessori (it. Maria Montessori; 31 avqust 1870[1][2][…] – 6 may 1952[3][4][…]) — italyan həkim və pedaqoqu.
Mariya Montessori | |
---|---|
it. Maria Montessori | |
Doğum tarixi | 31 avqust 1870[1][2][…] |
Vəfat tarixi | 6 may 1952[3][4][…] (81 yaşında) |
Təhsili | |
Fəaliyyəti | həkim, pedaqoq, esseist |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMariya Montessori 1870-ci ilin 31 avqustunda Cənubi İtalyanın kiçik əyalət şəhəri olan Kiarvildə (Chiaravelle) dünyaya gəlmişdir. Mariyanın atası Alessandro Montessori yüksəkvəzifəli dövlət məmuru idi, anası Reynilde isə evdar xanım olsa da, yaxşı təhsil almışdı. O, ziyalı italyan keşiş və geoloq Antonio Stoppaninin qardaşı qızı idi. Alessandro Montessorinin işləri ilə əlaqədar ailə 1873-cü ildə Florensiyaya, 1875-ci ildə isə oradan Romaya köçür və 1876-cı ildə kiçik Mariya burada ibtidai məktəbə gedir. Valideynləri Mariyanın tərbiyəsinə ciddi yanaşırdılar və yaxşı təhsil alması üçün çalışırdılar. Bizim üçün adi görünsə də, bu o zamanın katolik İtaliyası üçün geniş yayılmış bir hal deyildi. Mariya özü də çalışqan şagird idi, xüsusilə riyaziyyat və dəqiq elmlərə onda maraq var idi. 12 yaşı olduqda Mariya gimnaziyaya daxil olmaq istəyini bildirir. O zaman gimnaziyanın qapıları yalnız oğlan tələbələr üçün açıq idi. Lakin Mariya əzmindən dönmür və 13 yaşında oğlanlar üçün olan texniki məktəbə qəbul olur (Regio Scuola Tecnico Michelangelo Buonarroti). 1886-cı ildə yaxşı nəticələrlə oranı bitirir və elə həmin il təhsilini texniki institutda (Regio Istituto Tecnico Leonardo da Vinci) davam etdirir. İlk olaraq Mariya mühəndis ixtisasına maraq göstərsə də, sonralar uşaq həkimi olmaq qərarına gəlir. Həmin dövrdə İtaliyada həkimlik yalnız kişilərə məxsus peşə idi. Bununla belə, Mariya maneələri dəf edərək Roma Universitetinin riyaziyyat və təbiət elmləri fakültəsinə qəbul olur və iki illik təhsildən sonra tibb üzrə ibtidai təhsil diplomu alır. İtalyanın ilk qadın həkimi olanda onun 26 yaşı var idi.
Mariya həmçinin, qadın haqlarının müdafiəsində fəal iştirak edir, qadın və uşaqlara həsr olunmuş sosial layihələrə dövlət dəstəyi axtarırdı. Bu cür aktiv fəaliyyətinə görə onu Berlində keçiriləcək Qadınların Beynəlxalq Konqresi üçün nümayəndə seçirlər. Konqresdə o özünün həyati, parlaq və tənqidi çıxışı ilə fərqlənir. Mariya Montessori yaddaşlarda qala bilir. Bu, ilk şöhrət idi.
1896-cı ildə Montessori universitet xəstəxanasında (San Giovanni Hospital) həkim asistenti kimi işləməyə başlayır. Məhz orada Mariya ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdılar, onların oyuncaq və kitabları yox idi və uşaqlarla demək olar ki, ünsiyyət qurulmurdu. Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: İstər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. Mariya Montessori pedaqogika, psixologiya və antropologiyanı tədqiq etməyə başlayır, fransız psixoloqları Qaspar İtard və Eduard Segenin əsərlərini oxuyur, Jan Piaje, Anna Freyd ilə müzakirələr edir, müşahidələr və təcrübələr aparır, nəticələrin üzərində düşünür. Tədqiqatları və mütaliyələri əsasında o belə qərara gəlir ki, əqli geriliyi olan uşaqlar tibbdən daha çox, pedaqogikanın problemidir, bu səbəbdən də onlarla xəstəxanada deyil, məktəbdə məşğul olmaq lazımdır.
1900-cü ildə o, Romada tibbi-pedoqoji institutun və onun nəzdində fəaliyyət göstərən əqli geriliyi olan uşaqlar üçün təşkil edilmiş Roma Ortofrenik Məktəbinin müdirəsi olur. Məktəbdə uşaqlar üçün xüsusi inkişaf etdirici mühit formalaşdırır. Üç aydan sonra bu məktəbə baş çəkən İtalyan Təhsil Nazirliyinin nümayəndələri öz heyrətlərini gizlədə bilmirlər: əqli geriliyi olan uşaqlar inkişaf baxımından öz həmyaşıdlarını geridə qoymuşdular. Beləliklə, Mariya Montessorinin metodikası öz sözünü deyir və 1907-ci ilin 6 yanvarında ilk Montessori məktəbi açılır, bu, Roma ətrafında San-Lorensoda fəaliyyətə başlayan Uşaq evi (Casa dei Bambini) olur. 1908-ci ilin payızında belə məktəblərin sayı 5-ə çatır, onlardan 4-ü Romada, 1-i Milanda fəaliyyət göstərirdi.
1909-cu ildən etibarən Mariya Montessorinin metodları geniş tətbiq edilməyə başlayır. Həmin il o, Amerika Birləşmiş Ştatlarına səfər edir, orada yaşayan italyan əsilli baron Leapold Frankettinin qonağı olur. Baron Mariya Montessorini öz pedaqoji metodu haqqında kitab yazmağa təşviq edir və Leapold Frankettinin İtaliyadakı villasında Montessori "Elmi pedaqogikanın əsasları" əsərini yazmağa başlayır. Baron həmçinin, onun üçün 100 müəllimdən ibarət kurs təşkil edir və beləliklə, Montessori öz metodikasını digər pedaqoqlara öyrətməyə başlayır. 1913-cü ildə o, ABŞ-yə ikinci dəfə səfər edir, bu dəfə Montessori Jon Dyui [5], Tomas Edison [6] və Helen Keller [7] ilə görüşür. 1917-ci ildə Montessori İspaniyaya köçür, oğlu və onun ailəsi ilə burada yaşamağa başlayır. 1922-ci ildə o, İtalyan Təhsil Nazirliyinin dəvəti ilə İtalyanın bütün uşaq bağçalarına inspektor təyin edilir. 1929-cu ildə Montessori oğlu ilə birlikdə Beynəlxalq Montessori Assosiasiyasını təşkil edir, Montessori özü assosiasiyanın prezidenti, oğlu Mario isə onun katibi olur. Həmin ilin vacib hadisələrindən biri də Danimarkada təşkil edilən Montessori-pedaqoqların I Beynəlxalq konqresi olur. Beləliklə, Montessori hərəkatı bütün dünyaya yayılır. Montessori İtalyanın ən məşhur memar və mühəndisləri ilə birlikdə xüsusi kollecin layihəsini hazırlayır və elə həmin ildə (1929) bazasında məktəb də olan bu kollec fəaliyyətə başlayır. Kollecin açılışında etdiyi çıxışda Mariya Montessori onu siyasətin maraqlandırmadığını və əsas məqsədinin uşaqların inkişafı üçün sərbəst mühitin formalaşması olduğunu qeyd edir. Bununla belə, kollec müəllimləri nə qədər çalışsalar da, siyasətdən uzaqlaşa bilmirlər. Tezliklə Montessori məktəbləri İspaniyada qadağan olunur, faşist Almaniyasında onun kitabları yandırılır, hətta vətəni İtaliyada Mussolininin [8] hakimiyyəti dövründə onun fəaliyyəti qadağan edilir. Doğrudur, əvvəllər Mussolini Montessorini və onun fəaliyyətini dəstəkləyirdi, lakin bu daha çox siyasi bir addım idi, İtaliya Montessorinin ABŞ və Britaniyadakı nüfuzunu başa düşürdü. Həm də Mussolininin özü də bir vaxtlar pedaqogika ilə məşğul olmuşdu. 1933–34-cü illərdə Mussolini Montessoridən faşist rejiminə tabe olmasını, Montessori məktəblərində "Hitler-Yugend" forması geyilməsini və faşist himninin oxunmasını tələb edir, təbii ki, bu tələb etirazla qarşılanır. Təqiblərdən qaçmaq üçün Mariya Montessori 1936-cı ilin yayında İngiltərəyə gedir, oradan isə Hollandiyaya köçür, 1939-cu ildə isə dəvətlə Hindistana gedir, ömrünün 7 ilini burada keçirir, həmin müddət ərzində mindən çox müəllimə öz metodikasını öyrədir. Montessori Avropaya ancaq müharibədən sonra, 76 yaşında qayıdır. Bununla belə, onun enerjisi insanı təəccübləndirir. 50-ci illərin əvvəllərində o özünün başlıca psixoloji-antropoloji əsərlərini yazır, yenə də çıxışlar edir, ən məsuliyyətli tədris kurslarını şəxsən özü aparırdı. Ölümünə bir il qalmış Londonda IX Beynəlxalq Konfransda Mariya Montessori "Tərbiyə – doğulandan universitetə qədər uşaq psixikasının təbii inkişafına kömək kimi" adlı mühazirə oxuyur.
Mariya Montessori ömrünün son illərini Hollandiyada keçirir. Bu ölkə onun ideyalarına həmişə xüsusi maraq göstərmişdi. O, 1952-ci ilin mayında Hollandiyada dünyasını dəyişir və Nordviyk (Noordwijk aan Zee) adlanan yerdə kiçik katolik qəbiristanlığında dəfn olunur.
Şəxsi həyatı
redaktəMariya Montessorinin şəxsi həyat səhifələri isə peşə həyatı qədər uğurlu olmamışdır. 1898-ci ildə onun Mario adlı oğlu dünyaya gəlir. Lakin kolleqası və oğlunun atası Cüzeppe Montesano ilə münasibətləri evliliklə nəticələnmir və Mariya katolik kilsəsinin tənqidlərindən çəkinərək oğlunu internata (başqa mənbələrdə isə Roma yaxınlığında yerləşən kənddə bir ailəyə) verir. Mariya oğlu ilə yalnız illər sonra, Marionun gəncliyində görüşür və onlar həyatlarının sonuna qədər ayrılmırlar.
Ədəbiyyat
redaktə- Анна Рапопорт. Энциклопедия методов раннего развития. Издательство: АСТ 2009 г.
- Важные события жизни Марии Монтессори. Документы и фотографии. Презентация подготовлена Е. А. Хилтунен.
- Дарья Орлова. Большая книга Монтессори. Прайм-Еврознак, 2008
- Елена Хилтунен. "О жизни Марии Монтессори – учительницы и ученой". Газета "Первое сентября", 17/1999, издательский дом "Первое сентября"
- http://montessori.org.au "A Biography of Dr. Maria Montessori"
Xarici keçidlər
redaktə- ↑ 1 2 Maria Montessori // FemBio database (alm.).
- ↑ 1 2 Maria Montessori // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Монтессори Мария // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.