Mariya Tüdor (ing. Marie d'Angleterre) (18 mart 1496, Riçmond sarayı[d], Böyük London regionu[d]25 iyun 1533 və ya 1533[1]) — Fransa kralı XII Lüdovikin xanımı, Fransa kraliçası. O, İngiltərə kralı VII Henri və xanımı Yorklu Elizabetin ən kiçik qızıdır. İlk ərinin vəfatından sonra Suffolk hersoqu Karl Brandonla evləndi. Fransada gizlicə baş tutan bu evlilik üçün qardaşı VIII Henrinin icazəsini almadığı üçün cütlük bir müddət İngiltərəyə dönə bilmədi. Nəhayət, cütlük yüklü miqdarda cərimə ödəyərək bağışlandı və vətənə döndülər.

Mariya Tüdor
fr. Marie d'Angleterre
9 oktyabr 1514 – 1 yanvar 1515
ƏvvəlkiBretanlı Anna
SonrakıFransalı Klod
Şəxsi məlumatlar
Doğum tarixi 18 mart 1496
Doğum yeri
Vəfat tarixi 25 iyun 1533 (37 yaşında) və ya 1533[1]
Vəfat səbəbi İngilis təri, Stenokardiya, appendisit, vərəm
Atası VII Henri[2]
Anası Yorklu Elizabet[2]
Həyat yoldaşları
Ailəsi Tüdorlar
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mariya Tüdorun ikinci nigahından 4 övladı dünyaya gəldi. Bunlardan Fransiska Brandon, 1553-cü ilin iyulunda 9 günlük İngiltərə kraliçası olan Ceyn Qreyin anasıdır.

Həyatı

redaktə

Mariya İngiltərə kralı VII Henri Tüdor və xanımı Yorklu Elizabetin beşinci və yetkinlik yaşına çatan ən kiçik övladı idi. 18 mart 1496-cı ildə Riçmond sarayında dünyaya gəldi. Hələ 6 yaşında ikən anası Yorklu Elizabet vəfat etmiş, xüsusi xidmətçi heyəti tərtib olunmuş, sarayın ən kübar və zadəgan xanımlarından ibarət bu heyətin nəzarəti altında saray təlim-tərbiyəsi almışdır. Fransızlatın dilləri, musiqi, rəqs və naxış dərsləri aldı.

Uşaqlıq illərində qardaşı Şahzadə Henri ilə sıx münasibətləri vardı. Bu səbəblə VIII Henri doğulan ilk qızına (Mariya Tüdor) bacısının adını vermişdir. Uşaqlıq və ilk gənclik illərində Avropanın ən gözəl şahzadələrindən biri olaraq tanınırdı. 1506-cı ildə Kastiliyalı Filippin ziyarəti səbəbilə verilən saray ziyafətində 12 yaşlı Mariya rəqs etmiş, o dövrə məxsus bir neçə musiqi alətində ifa etmişdir. Həmin ilin sentyabrında Kastiliyalı Filippin vəfatının ardından Mariya 21 dekabr 1507-ci ildə onun oğlu gələcəkdəki imperator Karlla nişanlandı. Ancaq nişan 1513-cü ildə ləğv edildi.

Fransa ilə sülh müzakirələri aparan Kardinal Uolseyin səyləri nəticəsində, 9 oktyabr 1514-cü ildə Mariya Fransa kralı XII Lüdoviklə evləndirildi. Şimali Fransadakı Abvil şəhərində baş tutan nigah mərasimi əsnasında Mariya 18, XII Lüdovik isə 52 yaşında idi. Xidmətinə verilən 4 ingilis nədiməylə Fransaya göndərilən Mariya Tüdor bu evliliyində xoşbəxt deyildi. Daha öncə iki dəfə evlənməsinə baxmayaraq, XII Lüdovikin oğlu yox idi və özündən sonra geridə taxt varisi buraxmaq məqsədilə yenidən evlənmişdi. Ancaq bu evliliyindən 3 ay sonra - 1 yanvar 1515-ci ildə anidən vəfat etdi. Mariya Tüdorun bu evlilikdən övladı olmadı. Taxta çıxan Anqulemli Fransisk onu saray əyanlarından biriylə yenidən evləndirərək İngiltərəylə sülhü davam etdirmək istəsə də, bu cəhdləri uğursuzluqla nəticələndi.

Qardaşı VIII Henriyə Fransadan yazdığı məktublarında ilk evliliyində xoşbəxt olmadığını bildirən Mariya Tüdor bu dəfə özünün seçdiyi biriylə evlənmək istədiyini bildirdi. Hələ İngiltərədə ikən sevdiyi Suffolk hersoqu Karl Brandonla evlənmək istəsə də, VIII Henri və kral məclisi onun bu istəyini qəbul etmədi. Belə ki, 1515-ci ilin fevralında bacısını alıb İngiltərəyə gətirməsi üçün Fransaya göndərdiyi Karl Brandona bacısından uzaq durmasını tapşırmışdı. Bütün bu etirazlara baxmayaraq, cütlük 3 mart 1515-ci ildə yalnız 10 nəfərin iştirak etdiyi (bunlardan biri də yeni Fransa kralı I Fransisk idi) bir mərasimlə Parisdə gizlicə evləndi. Beləcə, İngiltərə kralının əmrindən çıxaraq açıq-aşkar vətənə xəyanətlə təqsirləndirilən Karl Brandonun ələ keçirilərək edam olunmasına, kral ailəsinə mənsub olması səbəbilə ilə ölümdən xials olan Mariya Tüdorun isə ələ keçirilərək Londona gətirilməsinə qərar verildi.

Ancaq kralın bacısı və ən yaxın silahdaşı Karl Brandona olan sevgisi və Tomas Uolseyin səyləri nəticəsində cütlük çox keçmədən bağışlandı. İllik hissə-hissə ödənilməsi şərtilə kral xəzinəsinə yüklü miqdarda xərac vermək şərtiylə bağışlanan cütlük İngiltərəyə qayıtdı. 13 may 1515-ci ildə Qrinviç sarayında VIII Henri və digər saray əyanlarının qatıldığı mərasimlə rəsmi şəkildə yenidən evlənən cütlüyün nigahı 1528-ci ildə alınan papa fərmanıyla təsdiqləndi.

Bu evlilik hersoqun üçüncü evliliyi idi və onun öncəki evliliklərindən Anna və Mariya adlı 2 qızı vardı. Bu səbəblə, Mariya Tüdor bu iki qızcığazı da öz övladlarıyla birlikdə böyütmüşdür. Rəsmi olaraq Suffolk hersoqinası ünvanı daşıyan Mariya Tüdor, qalan ömrü boyunca Fransanın dul kraliçası olaraq anılmağa davam etdi. 1520-ci illərin sonlarında Mariya Tüdorun qardaşı VIII Henriylə münasibətləri yenidən pisləşdi. Belə ki, kral ilk xanımı Araqonlu Ketrindən boşanmaq və uzun zamandır münasibət yaşadığı məşuqəsi Anna Boleynlə evlənmək niyyətində idi. Mariya Tüdor isə Fransaya gedərkən xidmətinə verilən nədimələrdən olan Anna Boleyni yaxşı tanıyırdı və onun İngiltərə kralına layiq görmürdü.

Mariya Tüdor ömrü boyunca müalicə aldığı bir neçə xəstəlikdən əziyyət çəkirdi. Səhhəti olduqca zəif idi. Nəticədə, 25 iyun 1533-cü ildə Mariya Tüdor Suffolkdakı malikanəsində hələ 37 yaşında ikən vəfat etdi. Ölüm səbəbi stenokardiya, vərəm, appendisit və ya ingilis təri olaraq qeyd olunur. İngilis şahzadəsi, kral qızı, kral bacısı və Fransanın dul kraliçası olaraq, Mariya Tüdor üçün Vestminster Abbatlığında nəhəng cənazə mərasimi tərtib edildi.

Övladları

redaktə
  • Henri Brandon (11 mart 1516 - 1522) — uşaq yaşlarında vəfat etmişdir.
  • Fransiska Brandon (16 iyul 1517 - 20 noyabr 1559) — Suffolk hersoqu Henri Qreylə evləndi. Gələcəkdə 9 günlük İngiltərə kraliçası olan Ceyn Qreyin anasıdır.
  • Eleonora Brandon (1519 - 27 sentyabr 1547) — Kumberland qrafı Henri Kliffordla evləndi. Kumberland qrafinyası elan edildi.
  • Henri Brandon (1523 - 1 mart 1534) — Linkoln qrafı elan olunmuş, uşaq yaşlarında vəfat etmişdir.

Qalereya

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  NODES