Ofiolitlər

redaktə

Müxtəlif tərkibli maqmatik süxurların (diabaz və spilitlər, peridotit və serpentinitlər və b.) assosiasiyasıdır. Evgeosinklinalları, yaxud okean mənşəli strukturları səciyyələndirən əsas göstəricilərdən sayılır. Qırışıqlıq zonalarının, yaxud sistemlərinin ilkin mərhələlərində yaranır. Rus ədəbiyyatında bu termini işlətmək məsləhət görülməsə də (çünki assosiasiya müxtəlif mənşəli maqmatik formasiyalar daxildir), geniş (xüsusilə xarici ədəbiyyatda) istifadə olunur. Ofiolitlər kəsilişində, süxurların aşağıdakı əmələgəlmə və ya yaranma ardıcılığı müşahidə olunur (aşağıdan yuxarı): 1) serpentinləşmiş dunit və peridotitlər, yaxud hiperbazit və qabbro-amfibolit parçalarından ibarət olan tektonik melanj; 2) qabbro, qabbro-amfibolitlər, qabbro-miqmatitlər (bəzən diorit və plaqioqranit ilə); 3) çoxsaylı diabaz daykaları ilə yarılmış amfibolitlər; 4) diabaz və spilitlər, pillou lavalar və onlarla növbələşən kvarsit layları və b. İlk dəfə ofiolit süxur assosiasiya təsvir edən Lotti (1886) və b. hesab edirdi ki, onlar ultraəsasi və əsasi maqmanın qırışıqlıq zonalarının (geosinklinallar) orogendən əvvəlki etapında yer qabığının yuxarı təbəqələrinə soxulması nəticəsində yaranmışdır. De Rover (De Rover, 1956) hesab edir ki, mantiya mənşəli maqma, böyuk dərinliklərdə kristallaşaraq yer qabığının yuxarı təbəqələrinə süxur şəklində sıxışdırılmışdır, yəni protruziya olunmuşdur. Sonralar Hess (Hess, 1964), Peyve (1969) və b. ofiolit assosiasiya okean qabığı kimi qəbul etmiş və qitələrin qırışıqlıq zonalarının ofiolit assosiasiyanı qədim okean qalıqları hesab edərək onların müasir okean ofiolit assosiasiya ilə uyğun olduğunu göstərmişlər. Son illərin tədqiqatları qitələrdə müşahidə olunan germanotip ofiolitlər ilə okean ofiolitlər arasına müəyyən fərqin olduğunu göstərir. Ofiolitlər müxtəlif geodinamik şəraitdə: okeanların aralıq okean sıra dağları istisna olmaqla, adalar qövsündə, qitəkənarı hövzələrdə, subduksiya zonalarında da yarana bilərlər.

Ofiolit kompleksi

redaktə

Effuziv və intruziv süxurların assosiyasiyası kimi işlədilir. Geniş petroqrafik diapazonu əhatə edir və diabaz porfiritləri və spilitlərdən kvarslı keratofirlərə, peridotit və serpentinitlərdən diorit və kvarslı dioritlərə qədər süxurları birləşdirir. Vaxtilə təklif olunmuş bu məfhumun hazırda işlədilməsi tövsiyə olunmur, çünki ofiolit kompleksi müxtəlif sərbəst maqmatik formasiyaları (qabbro- diorit-diabaz, spilit-diabaz, qabbro-peridotit) özündə cəmləşdirir.

Ofiolit assosiasiyası

redaktə

Geoloji keçmişin okean qabığı kimi anlaşılan, məkanca yanaşı yerləşən metomorfikləşmiş ultraəsasi və əsasi süxurlar və dərin su çöküntüləri. Ofiolit assosiasiyası müxtəlif xarakterli və müxtəlif formasiyalara mənsub olan maqmatik süxurları (dunit-harsburgit massivlərinin ultramafitləri, zolaqlı komplekslərin ultramafit-mafitləri, qabbroidlər, diabaz tərkibli paralel daykalar kompleksi və yastıqvari toleit lavaları) birləşdirir. Deməli "ofiolit" termini petroqrafik mənadan daha çox geoloji məna daşıyır. Ofiolit assosiasiyası alt hissəsi, daha geniş yayılmış təsəvvürlərə görə, formalaşmaqda olan geosinklinal çökəyin bünövrəsini təşkil edir. Digər nöqteyi-nəzərdən ofiolit assosiasiyası aralıq okean sıra dağlarında və ya kənar hövzələrdə spredinq nəticəsində formalaşan okean qabığının fraqmenti kimi qəbul olunur və qitələrdə "ofiolit"-lərin meydana çıxması plitələrin hərəkəti ilə əlaqələndirilir. Plitələrin qarşılıqlı təsiri orogenezə səbəb olur və bir çox cavan qırışıqlıq qurşaqlarında "ofiolitlər" plitələrin təmas zonasına müvafiq gəlir. Okean qabığının çox kiçik bir hissəsi orogendə iştirak edir, əsas kütləsi isə subduksiya zamanı astenosferdə udulur. Qalın (12 km-dək) ofiolit lövhələrinin qitə qabığına soxulmasını aydınlaşdırmaq üçün xüsusi tektonik mexanizm — obduksiya təklif olunmuşdur. Obduksiya nəticəsində mantiyada gömülən okean plitəsindən qəlpələnən ofiolit "pulcuqları" müxtəlif yollarla qitə kənarının üzərinə gətirilir. Ofiolit assosiasiyası xarakterik xüsusiyyəti onun bütün üzvlərinin inkişaf etmiş metomorfizmə uğramasıdır. Ona görə də çox zaman "ofiolitlərin" ilkin təbiətini araşdırmaq çətinlik törədir. Sırf "ofiolitlərin" metomorfizmi və onların soxulması nəticəsində baş verən ətraf süxurların metamorfizmi fərqləndirilir. Ofiolit assosiasiyası ultraəsasi üzvlərinin dəyişilməsinin adi tipi serpentinləşmədir. Sonuncu 25–3000 C-də lizardit + klinoxrizotil + brusit+maqnetit pragenezisinin əmələ gəlməsi ilə nəticələnir. Ofiolit kəsilişinin əsas üzvlərinin mineral assosiasiyaları göstərir ki, onların metamorfizləşmə dərəcəsi kəsilişin aşağı hissəsinə doğru getdikcə artır: yastıqvari lavalar, adətən, seolitləşməyə uğrayır, dayka kompleksi yaşılşist fatsiyası şəraitində, qabbroidlər isə amfibolit fatsiyasının aşağı pilləsi şəraitində dəyişir. "Ofiolit"lərin metamorfizləşməsində əsas amil dəniz suyudur. Ətraf süxur qatlarının metamorfizləşməsinin adi tipinə, əsasən, bir sıra ofiolit lövhələrinnin ensiz zolaqları, metamorfizmin digər tipinə isə qlaukofan-şist dəyişilməsi aid edilir. Sonuncu ofiolit lövhəciklərinin örtdüyü süxurlarda inkişaf edir. Sinonim: Ofiolit seriyası, Ofiolit kompleksi.

Mənbə

redaktə

Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

  NODES
os 19