Posttravmatik stress pozuntusu

Posttravmatik stress pozuntusu (PTSP)[1] — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi ümumi disstress situasiyalar nəticəsində, adətən, inkişaf etmir. PTSP- istənilən yaş qrupuna daxil olan şəxsdə rast gəlinə bilər.

Epidemiologiya

redaktə

Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik faktorlara ağır somatik travmalar (9,4%), fiziki təzyiq (8,3%), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1%), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7%), seksual zorakılıq (2%) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1%, qadınlarda 20,4%-dir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13%, qadınlar üçün 30,2%. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxmışdır.

  • yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha az travmatik hadisə ilə üzləşirlər
  • cinslərarası müxtəlif travmatik hadisələrin müqayisəli analizi göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol-nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər

Etiologiya

redaktə

Tarix boyu PTSP daim mübahisələr mövzusu olmuşdur. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər. Başqaları ümumiyyətlə, simptomların həqiqiliyini şübhə altına alır və simulyasiya yaxud kompensasiya axtarışını (kompensasiya nevrozu) bir çox hallarda səbəb kimi göstərirdilər. Nəticədə bir müddət belə fikir hakim oldu ki, travmatik hadisə ötəridir və yalnız emosional davamsız şəxsiyyət tipinə malik olan, premorbid nevrotik konflikt və psixi xəstəliyi olan şəxslərdə davamlı simptomlar yarana bilər. Lakin müharibə veteranı, təcavüz, işgəncə, zorlama qurbanı olmuş bir çox insanlarda mövcud uzunmüddətli psixoloji problemlərin olması bu nəticəni dəyişdi. Bu gün artıq qəbul olunur ki, psixotravmatik hadisə PTSP-nin başlıca səbəbidir. Tədqiqatçılar əmin oldular ki, hətta psixoloji cəhətdən sağlam olan şəxslər belə dəhşətli, fəlakət stressorlarla üzləşdikdə onlarda nəzərə çarpacaq PTSP-yə uyğun olan simptomlar yaranır12. DST-IV-ə görə stressor yalnız əsas meyarlara uyğun gəldikdə travmatik stressor hesab oluna bilər. Travmatik stressor üçün əsas meyar isə şəxsin özünün və ya yaxınının üzləşdiyi təhlükə və ona qarşı olan subyektiv cavab hesab olunur. Bu zaman şəxs müstəsna qorxu, köməksizlik və dəhşət hissi keçirməlidir . XBT-10 isə hadisənin “müstəsna təhlükəli və fəlakət təbiətli” olmasını vurğulayır.

PTSP-nin klinik simptomları

redaktə

Travmatik hadisənin təkraryaşanması:

  • yaşanmış hadisə ilə bağlı arzu olunmayan davamlı xatirələr
  • “flashback”lər (hadisələrin sanki gerçəklikdə baş verməsinə

bənzəyən parlaq təəssüratlar)

  • dəhşətli (qorxulu, kabuslu) yuxugörmələr
  • yaşanmış hadisəni xatırladan obyekt, yaxud situasiyalara qarşı

güclü emosional və ya fiziki reaksiyalar (yaşanmış hadisənin xatırlanması zamanı baş verən neqativ reaksiyalar, kədərlilik kimi emosional; tərləmə, taxikardiya kimi fiziki reaksiyalar) Təkraryaşama simptomları posttravmatik stressin ən mühüm xüsusiyyəti kimi qiymətləndirilir. Bu simptomlara travmatik hadisə ilə əlaqəli arzuolunmayan fikirlər, xəyallar (fantaziyalar) və dəhşətli (qorxulu, kabuslu) yuxugörmələr daxildir. Buraya, həmçinin “flashback”lər (zərərçəkənin ətraf mühitə bələdliyinin itməsi və tamamilə baş vermiş hadisə ilə bağlı xatirələrə dalması) aid edilir. “Flashback”lər o qədər canlı ola bilər ki, zərərçəkənə elə gəlir ki, o travmatik hadisəni yenidən yaşayır. İnsanlar özündən asılı olmadan baş vermiş hadisəni xatırlayanda məyus ola, həddən artıq kədərlənə bilər və eyni zamanda tərləmə, taxikardiya kimi fiziki reaksiyalar verə bilərlər.

Çəkinmə və emosional donma:  travma ilə assosiasiya olunan fəaliyyətdən, yerlərdən, fikirlərdən, hiss və danışıqlardan (söhbətlərdən) güclü, aşkar, düşünülmüş şəkildə çəkinmə  əvvəllər zövq verən fəaliyyətlərə qarşı marağın itməsi  digər insanlardan uzaqlaşma, özünütəcrid  emosiyaların ifadə edilməsində çətinliklər Çəkinmə və emosional donma simptomları müxtəlif mexanizmlərlə inkişaf edir. Çəkinmə – travmatik hadisə ilə bağlı xatirələri düşüncədən kənarda saxlamaq üçün edilən məqsədyönlü cəhdlərdir. Disstressə səbəb olan xatirələri oyada biləcək insanlar, məkanlar və fəaliyyətlərdən uzaq olmaq üçün pasiyentlər öz həyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Donma simptomları əvvəllər zövq verən fəaliyyətlərə marağın itməsi, ətrafdakı insanlardan təcrid olunma, emosional kasadlaşma (məsələn, həzz və sevgi hissi keçirə bilməmək), gələcəyə ümidsizliklə xarakterizə olunur. Çəkinmə simptomları pasiyent üçün böyük enerji sərfi tələb edir, emosional donma simptomları isə qeyri-iradi baş verir. Emosional donma simptomları əsasən PTSP-nin ağır və xronik formalarına aid edilir və mənfi proqnostik əhəmiyyət daşıyır.

Yüksək oyanıqlıq:  hərəkətlərin tormozlanması və ya ajitasiya  yuxuya getmənin, yaxud yuxuda qalmanın çətinləşməsi  tez qıcıqlanma, yaxud hiddətlənmə  diqqətin cəmlənməsində çətinliklər  oyaq qalma (ayıqlıq) səviyyəsinin artması  qorxu hissinin artması  psixotravmatik hadisənin unudulması (amneziyası)

Təbii gediş və proqnoz

redaktə

Simptomlar, adətən, travmatik hadisənin birinci ayında yaranır, çox az hallarda simptomların meydana çıxmasında aylarla, hətta illərlə gecikmə müşahidə oluna bilər. Travmatik hadisənin ilkin ay və ya illərində PTSP təbii davamlı sağalma göstərə bilər. Həmçinin ilk vaxtlarda xəstəlik simptomları inkişaf edən zərərçəkənlərin çox böyük qismində belə növbəti illər ərzində təbii sağalma müşahidə olunur. Bununla yanaşı, başlanğıcda xəstəlik simptomları meydana çıxan fərdlərin 1/3-də növbəti 3 il ərzində bu simptomlar qalır və onlarda maddə (narkotik, psixoaktiv, alkoqol) sui-istifadəsi kimi ikincili problemlər yarada bilər. Bu vəziyyət travmatik hadisənin hansı dövründə müalicə təklif olunmalı və spontan sağalma baş verməyən şəxslər necə müəyyən olunmalıdırlar kimi suallar doğurur. Bu suallar travmadan sonra ilkin müdaxilə və PTSP üçün skrininq bölmələrində cavablandırılmışdır. Travmadan sonrakı ilk 2-4 həftə boyunca kəskin PTSP əlamətlərinin olması müalicənin başlanılması üçün vacib göstəricilərdən biridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, travmadan sonrakı ilk 1 həftəyə qədər olan müddətdə simptomatikanın ağırlığı xronik PTSP üçün göstərici sayıla bilməz. Dəlillər sübut edir ki, PTSP-dən əziyyət çəkənlərdə travmatik hadisədən keçən vaxt müalicənin effektivliyini azaltmır.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət" (PDF). 2022-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-09-25.
  NODES
Done 1