Romen Rollan

fransız yazıçı, ictimai xadim

Romen Rollan (fr. Romain Rolland, 29 yanvar 1866[1][2][…]30 dekabr 1944[3][1][…]) — fransız yazıçı, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915). Birinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1914-cü ildə heç bir sahədə Nobel mükafatı verilməmişdi. Növbəti ilin ədəbi laureatı isə Romen Rollan olmuşdu.

Romen Rollan
fr. Romain Rolland
Doğum tarixi 29 yanvar 1866(1866-01-29)[1][2][…]
Vəfat tarixi 30 dekabr 1944(1944-12-30)[3][1][…] (78 yaşında)
Vəfat səbəbi vərəm
Təhsili
Fəaliyyəti yazıçı, dramaturq, esseist, tarixçi, romançı, musiqişünas, nasir, bioqraf, musiqiçi, müəllim
Fəaliyyət illəri 1888-ci ildən
Əsərlərinin dili fransız dili
İstiqamət azad düşüncə
Üzvlüyü
İmza
Vikimənbənin loqosu Romen Rollan Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Romen Rollan Fransanın cənubundakı Klamsi şəhərində, zəngin burjua ailəsində doğulmuşdu. Atası populyar və ünsiyyətə açıq adam idi. Vəkillik fəaliyyəti ilə məşğul olurdu. Anası isə qapalı həyat tərzinə üstünlük verən dindar qadın kimi tanınırdı. Antuanetta Mari Kupo oğlunun musiqi təhsili ilə özü məşğul olurdu. Kiçik yaşlarından ona Bethoven musiqisinə böyük məhəbbət aşılamışdı. Sonralar Romen Rollanın sevimli bəstəkarları sırasına Vaqner də əlavə edilmişdi.

Ananın təkidi ilə ailə Romenin daha yaxşı təhsil alması üçün 1885-ci ildə Parisə köçmüşdü. Rollan burada Böyük Lüdovik litseyini bitirmiş və təhsilini Ekol Normalda davam etdirməyə başlamışdı. Yenə anasının istəyi ilə o, gələcəkdə universitet professoru olmaq üçün sənət tarixini də öyrənirdi.

Ekol Normalın diplomunu aldıqdan sonra Romen Rollan iki il İtaliyada yaşamışdı. Burada o, həm gözəl sənətlər tarixi, həm də italyan bəstəkarlarının yaradıcılığı ilə bağlı tədqiqatlar aparmışdı. Fransaya qayıtdıqdan sonra Sorbonnada "Müasir opera teatrının mənşəyi. Avropada Lyulli və Skarlattiyə qədər operanın tarixi" (1895) adlı dissertasiya müdafiə etmişdi. Sorbonna universiteti Ekol Normalda işləyən Romen Rollan üçün məxsusi musiqişünaslıq kafedrası açmışdı. Musiqişünas-professor "Keçmiş dövr musiqiçiləri" (1908), "Müasir musiqiçilər" (1908), "Gendel" (1910) kimi spesifik tədqiqat əsərlərini bu kafedranın fəaliyyətinə rəhbərlik etdiyi dövrdə yazmışdı.

İtaliya Romen Rollan üçün tək musiqi deyil, söz sənətinin də ilham qaynağı olmuşdu. Müəllif sənət tarixi, daha çox da onun "qəhrəmanlıq mərhələləri" ilə bağlı silsilə əsərlər yazmaq qərarına da ilk dəfə bu ölkədə gəlmişdi. Onlardan italyan İntibahına həsr edilən birinci silsilə yalnız eskizlər və qeydlər şəklində qalmışdı. "İnamın faciəsi" adlı ikinci silsilədən "Müqəddəs Lüdovik" (1897), "Aert" (1898) və "Zəkanın təntənəsi" (1899) dramları yazılmışdı. Sonrakı illərdə müəllif silsilələrə yalnız dramları deyil, nəsr əsərlərini də əlavə etmişdi.

Romen Rollan teatr vasitəsi ilə həmvətənlərinə yüksək hisslər aşılamaq, onlarda mərdlik, nəciblik, cəsarət kimi keyfiyyətlər tərbiyə etmək istəyirdi, lakin dövrün fransız teatrlarına meşşan melodramlar hakim kəsildiyindən yeni tipli xalq teatrı yaratmaq üzərində düşünmək lazım gəlmişdi. Rollanın fikrincə, insanlar qəhrəmanlıq nümunələri əsasında tərbiyə olunmalı idilər. Bunun üçün tarixə, kütləni ruhlandıra biləcək hadisə və şəxsiyyətlərə üz tutmaq zərurəti yaranırdı.

Bu məqsədlə Rollan Böyük fransız inqilabı tarixindən Şekspir xronikaları tipli pyeslər silsiləsi yaratmaq qərarına gəlmişdi. "Canavarlar" (1898), "Danton" (1898), "14 iyul" (1899) dramlarını qələmə alsa da, bu əsərlər diqqəti cəlb etməmişdi. Müəllif silsiləyə "Robespyer" pyesi ilə (1939) yekun vurmuşdu. Həmin səhnə əsərlərinin təntənə saatı 30-cu illərdə Almaniya və Fransada olmuşdu.

Fransız yazıçısının başqa sevimli janrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı bioqrafik romanlar idi. 1903-cü ildə bu silsilədən "Bethovenin həyatı" əsəri tamamlanmışdı. Sonrakı illərdə "Mikelancelo" (1905), "Gendel" (1910), "Lev Tolstoy" (1911), "Qandi" (1924), "Ramakrişna" (1930) kitabları nəşr olunmuşdu.

Rollanın 1904–1912-ci illərdə çapdan çıxan əsas əsərinin — on cildlik "Jan Kristofun həyatı" epopeyasının mərkəzində də sevimli sənətkarının – Bethovenin proobrazı və ömür yolu dayanırdı. Jan Kristofun timsalında Rollan hakimiyyətin despotizmi və satqın burjua əxlaqı mühitində formalaşan və bu ictimai bəlalara qarşı çıxmağa özündə mənəvi qüvvə tapan ziyalı obrazı yaratmışdı. Epopeya Romen Rollana böyük şöhrət qazandırmış, adını Avropa klassikləri sırasına çıxarmışdı.

 
Romen Rollan ahıl çağlarında

"Ədəbi əsərlərinin yüksək idealizminə, müxtəlif insan tipajlarının təsvirində həqiqətə bağlılığına və sədaqətinə görə" fransız yazıçısı 1915-ci ildə ədəbiyyat sahəsində Nobel laureatı oldu, lakin mükafat ona yalnız növbəti ildə təqdim edildi. Bunun da səbəbi müharibə əleyhdarı kimi tanınan və Dünya savaşından bir qədər əvvəl İsveçrəyə köçən Rollanın "Döyüş fövqündə" adlı kitabının çapı idi. Həmin kitabda toplanmış məqalələrdə müəllif əvvəllər pasifist kimi tanınan, dünyanın yenidən bölünməsi uğrunda savaş başlayanda isə qatı millətçilərə çevrilən bir sıra tanınmış şəxslər haqqında kəskin tənqidi mülahizələr söyləmişdi. Müharibə vəziyyətinə görə hər hansı təqdimat mərasimi keçirilməmiş, Akademiyanın toplantısında sadəcə yeni laureatın adı açıqlanmışdı.

İki Dünya müharibəsi arasındakı dövrdə Romen Rollan başqa bir monumental nəsr əsərini — yeddi cildlik "Vurğun qəlb" romanını (1922–1933) yazıb tamamlamışdı. Bu romanda öz mənəvi imkanlarını gerçəkləşdirməyə çalışan qadının — Annet Rivyerin əzablı daxili mübarizəsi psixoloji dəqiqlik və epik genişliklə təsvir olunmuşdu. "Ölümlə həyat arasında" (1925), "Leonida" (1927) pyesləri də eyni dövrün yaradıcılıq məhsulları idi. Nəhayət, həyəcanlı 30-cu illərdə Romen Rollan publisist kimi özünün çoxsaylı esse və məqalələrində dünyada baş verən mühüm proseslərə münasibətini bildirmişdi.

1934-cü ildə Romen Rollan ikinci dəfə nikaha girmiş və rus ədəbiyyatının fransız dilinə tanınmış tərcüməçisi Mariya Kudaşeva ilə evlənmişdi. O, uzun müddət məşhur rus yazıçıları Lev Tolstoy və Maksim Qorki ilə, sonralar isə Boris Pasternakla məktublaşmışdı. 1935-ci ildə Qorkinin dəvəti əsasında SSRİ-də olmuş, "öz dövrünün ən böyük şəxsiyyəti" adlandırdığı Stalinlə görüşmüş, sovet rejimini müdafiə edən məqalələr yazmışdı.

Almaniyada baş qaldıran faşizmə qarşı intellektual cəbhənin yaradılmasında Romen Rollanın mühüm xidmətləri olmuşdu. Əgər Birinci Dünya müharibəsi illərində o, öz pasifist mövqeyini "döyüşlər fövqündə" durması ilə əlaqələndirirdisə, bu dəfə yeni müharibə təhlükəsinə qarşı mübarizədə əməli fəaliyyəti və barışmaz mövqeyi ilə seçilirdi. Onun Ziqmund Freyd, Albert Eynşteyn, Albert Şveytser kimi görkəmli şəxsiyyətlərlə çoxillik yazışma və fikir mübadilələrinin əsasında da ilk növbədə insanları yeni fəlakət və sarsıntılardan xilas etmək istəyi dayanırdı. Məhz bu mənada Stefan Sveyq qələm dostunu "Avropanın vicdan səsi" adlandırmışdı. Yaradıcılığının tədqiqatçısı R. Starr isə yazırdı ki, "Romen Rollanı insan azadlıq və ləyaqətinin ən fəal, qətiyyətli müdafiəçilərindən biri kimi, ədalətli və humanist ictimai quruluş uğrunda ehtiraslı mübariz kimi həmişə xatırlayacaqlar".

Həyatının son illərini almanların işğalı altındakı Fransada keçirən Romen Rollan sonuncu əsərini – xatirələrini müharibə dövründə yazıb tamamlamışdı.

Əsərləri

redaktə
  • "İnamım faciəsi" pyeslər sislsiləsi:
    • "Müqəddəs Lüdovik" (1897)
    • "Aert" (1898)
    • "Şüurun təntənəsi" (1899)
    • "Vaxt gələcək" (1903)
  • "İnqilab teatrı" pyeslər silsiləsi:
    • "Canavarlar" (1898)
    • "Şüurun təntənəsi" (1899)
    • "Danton" (1899)
    • "On dörd iyul" (1902)
  • "Xalq teatrı" kitabı (1903)
  • Qəhrəman həyatları:
    • "Betxovenin həyatı" (1903)
    • "Mikelancelonun həyatı" (1907)
    • "Tolstoyun həyatı" (1911)
  • "Keçmiş dövrün müsiqiçiləri" (1908)
  • "Bizim dövrün müsiqiçiləri" (1908)
  • "Gendel" (1910)
  • "Jan-Kristof" — roman-epopeya (1904–1912)
  • "Kola Brünyon" (1914–1918)
  • "Lilyuli" (1919)
  • "Pyer və Lyus" (1920)
  • "Klerambo" (1920)
  • "Maxatma Qandi" (1924)
  • "Asiyanın Tolstoya cavabı" (1928)
  • "Ramakrişnanın həyatı" (1929)
  • "Vivekanandanın həyatı" (1930)
  • "Vivekanandanın bəşəri incili"
  • "İnqilab teatrı" pyesləe silsiləsi:
    • "Sevgi və ölüm oyunu" (1924)
    • "Leonidlər" (1928)
    • "Robespyer" (1939)
  • "Bethoven" (1927)
  • "Bethoven və Höte" (1932)
  • "Pegi" (1944)

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Romain Rolland // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Роллан Ромен // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 5 6 https://www.association-romainrolland.org/bibliographie.htm.

Mənbə

redaktə
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES
Association 2
Idea 1
idea 1