Rusların Xəzər yürüşləri

Rusların Xəzər yürüşləriqədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır.[1] Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.

Rusların Xəzər yürüşləri
Yeri
Rus Varyaqları və onların gəmiləri Qardarikidə, Rəssam: Nikolay Rerix.

944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsinə səbəb oldu. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi.

Arxa plan və ilk basqınlar

redaktə
 
Əsas Varyaq ticarət yollarını göstərən xəritə: Volqa ticarət yolu (qırmızı) və Dnepr ticarət yolu (bənövşəyi). VIII–XI əsr ticarət yolları narıncı rəngdə göstərilib.

Ruslar ilk olaraq tacir kimi Xəzər dənizinə bitişik müsəlman ərazilərini ziyarət etdilər. IX əsrin əvvəllərinə qədər qədim skandinavlar şimal-şərqi Rusiyada məskunlaşdılar. Burada onlar Volxov çayının Ladoqa gölünə girişindən təqribən 6 mil (9.7 km) cənubda Aldeyqya (slavyanca: Ladoqa) adlanan koloniya qurdular. Buradan onlar Dnepr ticarət yoluyla Bizans imperiyasıylaVolqa ticarət yoluyla Xəzər dənizi ətrafı müsəlman əraziləri ilə ticarət etməyə başladılar.[2] IX əsrin axırlarında ibn Xordadbeh təsvir edir ki, aşağı Volqadakı ticarət bölgəsində ruslar xəzərlərdən mal alır və onları Xəzər şəhərlərindəki bazarlarda satırdılar;[3] bu tacirlər xəz, bal və kölə gətirirdilər.[2] Hətta rusların kiçik qrupları öz mallarını satmaq üçün dəvə üzərində Bağdad qədər uzaq yerlərə gedirdi; onların avropalı kölələri onlar üçün tərcümə edirdi.[3]

Tomas Nunen təklif edib ki, ruslar 800-cü il kimi erkən bir vaxtda Bağdada çatmışdılar; bu fikri Sankt-Peterburq yaxınlığındakı Peterhofda 804–805-ci ildən əvvələ məxsus olan sasani, ərəb və sasani-ərəb dirhəmlərinin tapılması dəstəkləyir.[4] İbn Xordadbehin təsvirində ruslar "Sakalibanın bir növü"dür. Bu termin, əsasən, slavyanlar üçün istifadə edilir və qədim skandinav əleyhdarı alimlər bunu rusların skandinav yox, slavyan olmasının göstəricisi kimi izah edirlər. Qədim skandinav tərəfdarı alimlərin izahında Sakaliba sözü Mərkəzi, Şərqi, Şimal-şərqi Avropanın sarı saçlı, qırmızı sifətli bütün əhalilərinə aid edilir. Beləliklə, İbn Xordadbehin sözləri müəmmalıdır.[5]

Rusların ilk Xəzər basqınları 864–884-cü illərdə Təbəristan hakimi olmuş Həsən ibn Zeydin dövründə baş verib. Ruslar Xəzər dənizində yelkən açdılar və onun şərq sahilinə, Abeskuna uğursuz hücum etdilər.[6] Bu basqın böyük ehtimalla kiçik miqyaslı idi.[1] İkinci basqın 909-cu il və ya 910-cu ildə baş verdi[7] və əvvəlki hücum kimi hədəf Abaskun idi;[5] bu ekspediyada yalnız 16 gəmi iştirak edirdi və kiçik miqyaslı idi.[1] Üçüncü kiçik basqın 911-ci il və ya 912-ci ildə baş verdi.[5]

914-cü il basqını

redaktə
 
IX əsrin ortalarından XI əsrin ortalarına qədər Xəzər dənizi ətrafında baş verəm rus basqınlarının yerləri. Mavi rəngdəki tarixlər əsas rus basqınlarının baş verdiyi tarixlərdir. Bənövşəyi kontur 913-cü il Xəzər işğalının təsir etdiyi əraziləri təyin edir. Dövlət adları təqribən 950-ci ili təsvir edir.

Rusların ilk böyük miqyaslı ekspedisiyaları 914-cü ildə baş verdi. 500 gəmidən ibarət donanma xəzərlərin ölkəsindən Xəzər dənizinin cənub sahillərinə çatdı. Xəzərlərin torpağından sakitçiliklə keçmək üçün ruslar qənimətlərinin yarısını xəzərlərə söz verdilər. Onlar dəniz vasitəsilə Dnepr çayından Qara dənizə, sonra Azov dənizinə, ordan Don çayına keçdilər. Sonra yolla (bir-birinə yaxın iki çay arasında zolaqla) Volqaya, ordan da Xəzər dənizinə keçdilər.[1]

Ruslar Abaskun ətrafındakı Qorqan regionuna hücum etdilər və getdikləri kəndləri qarət etdilər. Ruslar Xəzər dənizinin cənub-qərbi hissəsindəki adalara yaxın yerdə lövbər salanda onları məğlub etmə cəhdi alınmadı və onlar daha sonra istədikləri kimi hərəkət etmək və basqınlar həyata keçirməyə qadir oldular. Dəniz boyunca ruslar Bakıya basqın etdilər, üç günlük məsafədəki yerlərə qədər dolaşdılar.[1] Onlar Arran, BeyləqanŞirvan ərazilərini qarət etdilər.[5] Bacardıqları qədər hər yeri soydular, qadın və uşaqları qul olaraq apardılar. Ruslar evə qayıdarkən onların etdiyi işlərin sədası onlardan qabaq gəlib çatdı.[1] Volqa deltasında Xəzər xaqanlığının müsəlmanları və həmçinin bəzi xristianları onlara hücum etdi. Görünür, Xəzər xaqanı da bu hücumun edilməsinə razı idi. Məsudiyə görə qaçanlar Bərtaşİdil bulqarları tərəfindən məğlub edildi.[5]

944-cü il basqını

redaktə

İlkin salnaməyə görə ikinci böyük miqyaslı basqın 944-cü ildə I İqor rusların ali lideri olduğu zaman baş verdi. 944-cü il ekspedisiyasında ruslar Kür çayında Qafqazın dərinliyinə doğru hərəkət etdilər, Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdilər[8]Aranın paytaxtı Bərdəni ələ keçirdilər.[9] Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər.[10] İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular. Ruslar sakinlərdən şəhəri tərk etmələrini tələb etdi. Bu ultimatum rədd edildi və ruslar insanları öldürməyə və fidyə üçün çoxunu əllərində saxlamağa başladılar. Bu qırğın danışıqlar üçün qısa da olsa dayandırıldı. Ancaq danışıqlar da pozuldu.[11] Ruslar Bərdə də bir neçə ay qaldılar[12] və şəhəri qonşu əraziləri talan etmək və əhəmiyyətli dərəcədə qənimət toplamaq üçün mərkəz olaraq istifadə etdilər.[13]

 
943–944-cü illərdə Bərdə şəhərinin alınması, N. M Koçerqin, 1947-ci il.

Ruslar arasında xəstəliyin yayılmasına görə Bərdə şəhəri xilas oldu.[14] İbn Miskəveyh yazır ki, ruslar "həddindən artıq burada bir çox növü olan meyvəyə mübtəla olmuşdular. Bu onlar arasında epidemiyaya səbəb oldu . . . və beləcə onların sayı azalmağa başladı." Ruslar arasında yayılan epidemiyadan ürəklənən müsəlmanlar şəhərə yaxınlaşdılar. Başçıları uzunqulaq sürən ruslar uğursuz həmlə etdilər. 700 döyüşçülərini itirdikdən sonra ruslar mühasirəyə düşməkdən qorxdular və Bərdə qalasına sığındılar. Burada onlar müsəlmanlar tərəfindən mühasirəyə alındılar. Xəstəlikdən və mühasirədən yorulan ruslar "öz məhəllərini qurduqları qalanı gecə vaxtı tərk etdilər, götürə biləcəkləri qədər xəzinə, daş-qaş və gözəl paltarları öz arxalarında daşıdılar, istədikləri oğlanları və qızları götürdülər və Kür çayına doğru hərəkət etdilər. Burada öz ekipajları ilə hazır şəkildə onları evlərindən bura qədər gətirən gəmilər və onların qənimətin bir hissəsini verdikləri 300 rus gözləyirdi."[13] Bundan sonra müsəlmanlar rusların qəbirlərindən basdırılarkən yanlarında olan silahları çıxaltdılar.[14]

Georgi Vernadskiy təklif edib ki, Oleq Veşiy Bərdəyə hücum edən rusların uzunqulaq sürən başçısıdır. Vernadskiy Oleqi Kembric sənədində adı çəkilən Helqu ilə eyniləşdirir. Sənədə görə Helqu gəmi ilə İrana gedib və 941-ci ildə uğursuz Konstantinopol hücumundan sonra orada ölüb.[15] Ancaq Lev Qumilyov rusların lideri haqqında danışarkən fərziyyə yürüdür ki, bu lider 945-ci ildə İlkin salnamədə var-dövləti qeydə alınan, Varyaqlardan olan ataman Svenelddir.[16]

Xəzər xaqanlığının dağıdılması

redaktə
 
Sarkeldə Xəzər qalasının yeri. I Svyatoslav tərəfindən təqribən 965-ci ildə dağıdılıb. 1930-cu illərdə Mixail Artamonovun rəhbərlik etdiyi ekskavasiyalar zamanı havadan şəkilmiş şəkil.

Xəzərlər və ruslar arasındakı konfliktin kökləri haqqında mənbələr aydın məlumat vermir. Beləliklə, bir çox ehtimallar irəli sürülür. Ruslar Volqa ticarət yoluna nəzarəti xəzərlərdən almaqda maraqlı idilər, ona görə ki xəzərlər Volqa ilə daşınan mallardan vergi alırdılar. Eyni zamanda Bizansın təhriki də əhəmiyyətli rol oynadı. Xəzərlər erməni mənşəli Bizans imperatoru Roman I Lakapinin hakimiyyətinə qədər müttəfiq idilər. Roman I Lakapin imperiyasının yəhudilərini təqib etdirdi. Kembric sənədinə görə, Xəzər xaqanlığının hökmdarı İosif "çoxlu xristianları öldürərək" yəhudilərin təqib edilməsinə cavab verdi və Roman I Lakapin Oleq Veşiyi (Kembric sənədində Helqu adlanır) Xəzər xaqanlığı əleyhinə qızışdıraraq intiqam aldı.[5]

Konfliktin qızışma səbəbi 913-cü il basqınına cavab olaraq xəzərlərin Volqa boyu keçidi bağlaması da ola bilər. Təqribən 950–960-cı illərdə yazılmış Xəzər yazışmalarında Xəzər xaqanı İosif özünün rus basqınlarına qarşı Xəzər regionundakı müsəlman xalqlarının müdafiəçisi kimi rolunu qeyd edir: "Mən onlara (ruslara) qarşı müharibə etməliyəm. Çünki əgər mən hər hansı bir şəkildə onlara fürsət versəm, onlar Bağdada qədər olan bütün müsəlman torpaqlarını viran qoyacaqlar."[17] Təqribən 912-ci ildə Xəzər ordusunun müsəlman ünsürləri və rus talançıları arasında baş verən erkən konflikt rusların xəzərlərlə düşmənçilik etməsinə səbəb ola bilər.[18]

965-ci ildə I Svyatoslav Xəzər xaqanlığına qarşı müharibəyə başladı. O, oğuzlarıpeçeneqləri bu yürüş üçün, bəlkə də Xəzər ordusunun güclü süvarilərinə qarşı durmaları üçün orduya aldı.[19] Svyatoslav təqribən 965-ci ildə xəzərlərin Sarkel şəhərini dağıtdı və Krımdakı Kerç şəhərini soydu.[20] O, sonra (böyük ehtimalla 968-ci il və ya 969-cu ildə) Xəzər xaqanlığının paytaxtı İdili də dağıtdı.[21] Svyatoslavun yürüşündən sonra İdilə gələn qonaq yazırdı: "Ruslar hücum etdilər və nə üzüm, nə kişmiş qaldı, nə də budaqda yarpaq."[14] İbn Havqəl Səməndərin talanmasını qeyd edən yeganə müəllifdir. Bundan sonra ruslar "Rum və əl-Əndəlus" üçün yola çıxdılar.[22]

Svyatoslavun yürüşü Xəzər xaqanlığının tərəqqisini və müstəqilliyini gözlənilmədən sona gətirdi. Xəzərlərin imperiya gücünün məhv edilməsi Kiyev ruslarının çöllər və Qara dəniz boyunca davam edən şimal-cənub ticarət yollarında ağalıq etməsinə səbəb oldu. Bu ticarət yolları əvvəllər Xəzər xaqanlığının əsas gəlir mənbəyi idi. Svyatoslavunun yürüşləri meşə və çöl arasındakı keçici ərazidə demoqrafiya və mədəniyyəti böyük miqdarda dəyişərək Saltovo-Mayaki mədəniyyəti regionunda slavyanların məskunlaşmasını artırdı.[20]

Sonrakı ekspedisiyalar

redaktə
 
Qripsholm rünik daşları Səyyak İnqvarın ekspedisiyasında ölən skandinaviyalıları yad edir.

987-ci ildə Dərbənd əmiri Maymun yerli hakimlərə qarşı mübarizə aparmaq üçün ruslardan kömək istədi. Çoxu, ehtimal ki, təcrübəli əsgər olan ruslar 18 gəmidə gəldilər. Necə qəbul olunacaqlarını bilmədiklərinə görə onlar vəziyyəti öyrənmək üçün yalnız bir gəmi göndərdilər. Gəmi ekipajı yerli insanlar tərəfindən qətlə yetiriləndə ruslar Məsqət şəhərini soymaq üçün getdilər. 989-cu ildə eyni Maymunun rus tacirləri islama döndərmək və ya öldürmək üçün ona verməsini tələb edən yerli xətibin təklifini rədd etdiyi qeyd edilmişdir. Sonrakı mübarizədə Maymun şəhərdən çıxardıldı və rus əsgərlərini təslim etməyə məcbur edildi. Ancaq 992-ci ildə Maymun şəhər qayıtdı.[5]

1030-cu ildə ruslar Şirvan ərazisinə yürüş etdilər. Gəncə hakimi Beyləqandakı üsyanı yatırmağa kömək etmələri üçün onlara çoxlu pul ödədi. Sonra ruslar evlərinə qayıtdılar. Bir mənbəyə görə, 1031-ci ildə ruslar qayıtdılar. Ancaq Bakı yaxınlığında məğlub edildilər və qovuldular. 1032-ci ildə ruslar yenə Şirvana yürüş etdilər; bu yürüşdə onların müttəfiqi alanlarsərirlər idi. Yerli müsəlmanlar 1033-cü ildə rusları məğlub etdi. Bu basqınçıların hansı qrupa aid olması aydın deyil. Omelyan Priçak təklif edir ki, onlar Terekin estuarisi yaxınlığındakı mərkəzdən idarə edilirdilər və əsas evləri Tmutarakanda idi. Priçak həmçinin fərz edir ki, Xəzər hövzəsindən idarə edilən ruslar qısa müddət sonra Xarəzmdəki güc mübarizəsində oğuzlara kömək etdilər.[5]

Səyyah İnqvarın saqası 1041-ci ildə vikinqlərin Xəzərə son ekspedisiyasını təsvir edir və böyük ehtimalla təqribən eyni vaxtda Bizans imperiyasıGürcüstan krallığı arasında baş verən Sasireti döyüşü ilə bağlıdır. Bu döyüşdə varyaqlar da iştirak etmişdi; saqada əfsanə tarixi faktlarla birləşib. Bu ekspedisiya Səyyah İnqvar tərəfindən İsveçdən başlayıb. Səyyah İnqvar Volqa üzərindən sarazenlərin torpağına (qədim skandinav dilində Serkland) getdi. Bu yürüşlə bağlı olaraq sayı iyirmi altıdan az olmayan İnqvar rünik daşları var. Onlardan iyirmi üçü İsveçdəki Applandın Melaren gölü ərazisindədir. Bu rünik daşlar sarazen torpaqlarına İnqvarla birlikdə gedən isveçli döyüşçülərə aiddir. Bu ekspedisiyasının məqsədi, böyük ehtimalla, bulqarlarınxəzərlərin artıq mane olmadığı qədim ticarət yollarını bərpa etmək idi. İnqvarın qardaşına həsr edilmiş daş göstərir ki, o, qızıl üçün şərqə gedib, ancaq sarazen torpaqlarında ölüb. Bundan sonra skandinaviyalılar BaltikXəzər dənizləri arasındakı yolu bərpa etmək üçün heç bir cəhd etmədilər.[14]

Xaqani Şirvani 1173-cü il və ya 1174-cü ildə Şirvan işğalından bəhs edir. Xaqani qəsidələrində rusları və xəzərləri, rusları və alanları, rusları və sərirləri işğalçı olaraq adlandırır. Piter Qolden iddia edir ki, Xaqaninin adını çəkdiyi ruslar 73 gəmidə gələn Volqa piratlarıdır. Yevgeni Paxomov və Vladimir Minorski fikirləşir ki, işğal Dərbənd hökmdarı Bək-Bars b. Müzəffər tərəfindən başladılıb. Minorskiyə görə, Bek-Barsın təşəbbüsü Kiyevdən müstəqil idi və o, gələcək kazakların prototipi olan, cənubda dolaşan muzdlu dəstələrini istifadə etmiş olmalıydı.[23] Şirvanşah I Axsitan Gürcüstan çarı III Georgiyə kömək və birləşmiş ordu üçün müraciət etdi. Bu orduda Axsitanın xalası oğlu, gələcək Bizans imperatoru Andronik Komnen də iştirak edirdi.[23] Onlar işğalçıları məğlub etdilər və Şabran qalasını ələ keçirdilər. Gürcü mənbələri bu hadisə ilə bağlı rusların yox, xəzərlərin adını çəkir.[5]

Nəticə

redaktə

IX əsrin sonundan başlayan slavyan basqınları ilə Azərbaycan xalqı tarixdə ilk dəfə Xəzər dənizindən hücuma məruz qaldı. Azərbaycanda vahid dövlətin olmaması, daxili çəkişmələr, həmçinin Xəzərdə hərbi donanmanın yoxluğu bu hücumların qarşısını almağa imkan vermədi.[24]

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 Logan (1992), p. 201
  2. 1 2 Brøndsted (1965), pp. 64–65
  3. 1 2 Logan (1992), p. 200
  4. Noonan (1987–1991)
  5. 1 2 3 4 5 6 7 8 9 "Rus". Encyclopaedia of Islam
  6. Abaskun, first recorded by Ptolemy as Socanaa, was documented in Arab sources as "the most famous port of the Khazarian Sea". It was situated within three days' journey from Gorgan. The southern part of the Caspian Sea was known as the "Sea of Abaskun". See: B. N. Zakhoder (1898–1960). The Caspian Compilation of Records about Eastern Europe (online version Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine).
  7. Information about the Rus' raids comes largely from Muslim sources, which use the Islamic calendar. Because the years of the Islamic calendar do not map exactly to the years of the Gregorian calendar, an event dated to a certain year of the Islamic calendar may have occurred in either of the two consecutive years of the Gregorian calendar.
  8. "Bardha'a". Encyclopaedia of Islam
  9. Tarix. — Azərbaycan 7-ci əsrin ortaları – 13-cü əsrin əvvəllərində, səhifə 201. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  10. Logan (1992), pp. 201–202; "Rus". Encyclopaedia of Islam
  11. Logan (1992), pp. 201–202
  12. According to Yaqut, they stayed for a whole year. "Bardha'a". Encyclopaedia of Islam
  13. 1 2 Vernadsky (1959), p. 269
  14. 1 2 3 4 Logan (1992), p. 202
  15. Vernadsky (1959), p. 270; see also, e.g., Zuckerman 257–268; Christian 341–345.
  16. The Kievan chronicle mentions that the fabulous richness of Sveneld's troops (druzhina) incited such envy of Igor's warriors that they attempted to levy tribute from the Drevlians for the second time in one month. The Drevlians revolted and killed Igor in 944 or 945. Gumilev suggests that, while engaged in his successful Caspian expedition, Sveneld did not take part in Igor's unfortunate raid on Constantinople, which ended ignominiously. This scenario also explains the glaring absence of Sveneld's name from Igor's treaty with Byzantium (944), as preserved in the Primary Chronicle.
  17. "Khazar". Encyclopaedia of Islam
  18. Christian (1999), p. 296
  19. Christian (1999), p. 298; Pletneva (1990), p. 18
  20. 1 2 Christian (1999), p. 298
  21. See, generally Christian (1999), pp. 297–298; Dunlop (1954). Artamonov proposed that the sack of Sarkel came after the destruction of Atil. Artamonov (1962), p. 428.
  22. Ibn Hawkal also wrote that the Rus', "are the ones who of old went to Andalus and then to Barda." The earlier attack on Muslim Spain by "a nation of the Majus" [Muslim name for Zoroastrians and occasionally other pagans] is mentioned by al-Masudi. "Rus", Encyclopaedia of Islam
  23. 1 2 Minorsky (1945), pp. 557–558
  24. Slavyanların Azərbaycana qarətçi yürüşləri

Ədəbiyyat

redaktə
  • Artamonov, Mikhail (1962). Istoriya Khazar. Leningrad, . See also second edition (2002) ISBN 5-8465-0032-3
  • Barthold, W. (1996). "Khazar". Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill.
  • Brøndsted, Johannes (1965). The Vikings. (transl. by Kalle Skov). Penguin Books.
  • Christian, David (1999). A History of Russia, Mongolia and Central Asia: Inner Eurasia from Prehistory to the Mongol Empire (History of the World, Vol 1). Blackwell. ISBN 0-631-20814-3
  • Dunlop, Douglas Morton (2006) "Bardha'a." Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill.
  • Dunlop, Douglas Morton (1954). History of the Jewish Khazars. Princeton University Press.
  • Golden, P. B. (2006) "Rus." Encyclopaedia of Islam (Brill Online). Eds.: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs. Brill.
  • Logan, Donald F. (1992). The Vikings in History 2nd ed. Routledge. ISBN 0-415-08396-6
  • Minorsky, Vladimir (1945), "Khāqānī and Andronicus Comnenus". Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 11, No. 3: 550–578
  • Noonan, Thomas Schaub (1987–1991). "When Did Rus/Rus' Merchants First Visit Khazaria and Baghdad?" Archivum Eurasiae Medii Aevi 7, pp. 213–219.
  • Pletneva, Svetlana (1990). Polovtsy Moscow: Nauka, ISBN 5-02-009542-7
  • Vernadsky, George (1959). The Origins of Russia. Oxford, Clarendon Press.
  • Zuckerman, Constantine (1995). "On the Date of the Khazar's Conversion to Judaism and the Chronology of the Kings of the Rus Oleg and Igor." Revue des Études Byzantines 53: 237–270.
  NODES