Sərbəst dəmir
Sərbəst dəmir α — Fe — Kubik sinqoniya.
Sərbəst dəmir | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Fe |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Rast gəlmə tezliyi şkalasıː nadir. Sərbəst dəmirin yaxın xassələrlə səciyyələnən tellurik – yer mənşəli (ferrit: adətən 2,9 at. %-dək Ni) və meteorit – kosmik mənşəli (kamasit: ~ 6,4 at. % Ni; tenit : 24 at. %-dən çox Ni) əmələ-gəlmələri ayrılır.
Xassələri
redaktəRəng – poladı-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – poladı-boz, parıltılı; Parıltı – metallik; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,3 (ferrit) — 8,2 (tenit) ; Sərtlik – 4–5; Ayrılma – ferrit və kamasitdə {100} üzrə mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – döyüləndir; güclü maqnitlik xassəsinə malikdir; tərkibində 30 %-dən çox Ni olduqda tenit maqnitlik xassəsini itirir; Morfologiya – XX: çox nadir hallarda: heksaedrik və oktaedrik; İ: {111} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, qeyri-düzgün formalı aqreqatlar, pulçuqlar, lövhələr, dendritlər, meteorit mənşəli əmələgəlmələr üçün səciyyəvi olan vidman-ştett fiqurları, plessit – kamasit və tenitin incə qatışıqları.
Mənşəyi və yayılması
redaktəTellurik dəmir ilkin maqmatik əmələgəlmə, yaxud dəmirli birləşmələrin reduksiya məhsulu hesab edilir. Mineralın kütləsi bir neçə tona, nadir hallarda 20 tona çatan ən iri yığınları bazaltlarda yerləşir. Onun tapıntıları serpentinləşmiş ultrabazitlərdə də qeyd olunmuşdur. Ekzogen mənşəli ferritə kömürlü çökmə süxurlarda, filiz yataqlarının oksidləşmə zonalarında rast gəlinir. O, bataqlıq tipli dəmir filizinin formalaşması və daş kömür yangınları zamanı əmələ gəlir, bəzən səpintilərdə toplanır. Dəmir meteoritlərin əsas kütləsini təşkil edən, daş meteoritlərdə də qeyd olunan kosmik mənşəli minerallar – kamasit və tenit üstünlük təşkil edən dəmirlə nikelin təbii xəlitəsindən ibarətdir. Həm qatışığı olmayan dəmir, həm də nikelli dəmir ay süxurlarının nümunələrində də aşkar edilmişdir. BR: pirrotin, troilit, kogenit, maqnetit və b. Y: Disko ad. (Qrenlandiyanın qərb sahilləri yaxınlığında); Kassel yaxınlığında Bül (Almaniya); Krasnoyarsk ölkəsi, Cənubi Primorye, Kola yarımadası (Rusiya); Rovno vilayəti (Ukrayna); Kurduk çayı səpintiləri (Özbəkistan) və b. Azərbaycanda sərbəst dəmir hematitin reduksiya məhsulu kimi Zəylik alunit yatağının metasomatitləri içərisində qeyd edilmişdir. Sərbəst dəmirə Qaladərəsi sulfid təzahüründə də rast gəlinir. Azərbaycanda dəmirin ən maraqlı tapıntısı Yardımlı meteoritidir (düşmə tarixi: 24. XI.1959-cu il; ölçüləri: 27x29x43 sm; kütləsi: 127 kq); tərkibində 92,5 % Fe, 6,7 % Ni, 0,4 % Co və az miqdarda qrafit aşkar edilmişdir.
Tətbiqi
redaktəQrenlandiyanın qərb sahilləri yaxınlığındakı Disko adasında yerləşən böyük yığınlar istisna olmaqla dəmir filizi kimi hələlik praktik əhəmiyyəti yoxdur. Kosmos haqqında müxtəlif informasiyalar saxlayan kosmik mənşəli minerallar elmi nöqteyi-nəzərdən böyük maraq doğurur.
İstinadlar
redaktə- ↑ mineralienatlas.de (ing.).
Mənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.