Senoraj (fr. seigneuriage)— Fransız sözü senyor (yəni, öz ərazisində pul çapetmə səlahiyyətinə malik yeganə feodal) sözündən yaranıb və pul çapı vasitəsi ilə yaradılan gəlir mənasını verir[1]. Pul təklifindəki artım inflyasiyaya səbəb olur. Bəs nəticədə inflyasiya baş verəcəksə, mərkəzi banklar niyə pul çap edirlər? Bunun əsas səbəbi senyorajdır.

Dövlət müəyyən mal və xidmətlərin alınmasına, eləcə də əhalinin az gəlirli təbəqəsinə transfertlərə müəyyən xərclər çəkir. Hökumət bu xərcləri müxtəlif yollarla (vergi, məqsədli fondlardan büdcəyə transferlər, dövlət əmlakının satışından gəlirlər və s.) təmin edə bilər. Bu yollardan biri də senyorajdır. Senyoraj bir baxımdan inflyasiya vergisidir[1].

İnflyasiyanı bir vergi kimi görmək ilk növbədə çətin ola bilər. Nəticə etibarı ilə heç kimə vergi çeki gəlmir. Bəs belədirsə, bu vergini kim ödəyir? Cavab, pulu əlində saxlayanlardır. Belə ki, hökumət nə qədər pul çap edərsə, inflyasiya baş verər və pulun ala biləcəyi əmtəələrin həcmi azalar, yəni pulun real dəyəri aşağı düşər. Başqa sözlə, hökumət yeni pul çap etdikdə əhalinin əlindəki pulu daha dəyərsiz edir. Beləliklə də, senyoraj müəyyən mənada pulu əlində saxlayan əhaliyə tətbiq olunmuş bir vergi kimi dövlət xərclərini ödənilməsinə yönəldilmiş gəlir mənbəyidir[1].

Bir misalda göstərək. Təsəvvür edək ki, əvvəl ailə başçısı evin ehtiyaclarını ödəmək üçün 200 manat xərc çəkirdi. Hökumət külli miqdarda pul çap etdi və 10% həcmində inflyasiya yarandı. Nəticədə növbəti dəfə bir ailənin aylıq xərci 220 manat təşkil etdi. Arada yaranan 20 manatlıq fərq ailənin büdcə xərcləri təmin etmək üçün dövlətə ödədiyi vergilər kimi ailənin sərəncamında qalan pulu azaltdı.

İstinadlar

redaktə
  1. 1 2 3 Qreqori Mənkyu. Ekonomiksin Əsasları. Bakı. 2010. Səh 99–100
  NODES