Xristianlıq


Xristianlıq

Soteriologiya (yunan. σωτηρία, soteriya, "xilas", + yunan. λογος, logos, "elm") yaxud Bibliya soteriologiyası – xristian teologiyasının bir sahəsi, insanların xilası haqqında Bibliya əsasında qurulan təlim.

Qədim dinlərdə və Bibliyada xilasın müqayisəsi

redaktə

E.ə. I minillikdən öncəki bütpərəst dinlərində xilas ideyasına rast gəlinmir. Bütpərəst şüuru kainatı statik, dəyişməyən, sabit olaraq dərk edirdi. Xilasın ilk əlamətlərini səmavi qüvvələrin insanı bu dünyada xata-baladan qoruması inancında görə bilirik. Misirlilərin dini kimi qədim inanclarda xilas ideyası artıq axirətə şamil olunmağa başladı. Misirlilər saleh adamın axirət məhkəməsində azad edilərək Osirisin padşahlığında bəxtiyar həyat sürəcəyini ümid edirdilər. E.ə. I minillikdə dünyanın pozulmuş vəziyyəti ideyası inkişaf etdiyi zaman, ilk “xilas dinləri” yaranır. Bunların arasında buddizmzərdüştilik xüsusi yer alır. Buddizmə görə, dünyada keçib-gedən həyat mahiyyətcə şərdir. İnsan özü səy göstərərək “yaşamaq arzusu”ndan azad ola bilər. Dünyadan xilas olmaq üçün xüsusi üsullardan istifadə edən buddistlər hər şeyin ali məqsədi olan Nirvanaya nail ola biləcəklərinə inanmışlar. Nirvananın əsas mənası müvəqqəti həyatın “sönməsi” və insanın dərkedilməz “fövqəlhəyat”da həll olunmasıdır. Zərqüştiliyin xilas ideyası fərqlidir. Zərdüştilik iki əzəli ilahi başlanğıcın (bir yandan Nur və Xeyir qütbü olan Ahura Məzda, digər yandan Zülmət və Şər qütbü olan Əhrimən) arasında gedən mübarizə inancına əsaslanır. İnsan Ahura Məzdanın tərəfində mübarizə etməyə dəvət olunur. Zərdüştilikdə artıq soterioloji esxatologiya (dünyanın sonunda xilas ideyası) mövcuddur. Axırda Ahura Məzdanın Zülmətə qələbə çalacağı və Nurun kainatda əbədi olaraq hökm edəcəyi elan edilir.

Bibliyanın xilas haqqında təlimi buddizminkindən köklü surətdə fərqlənir, çünki Tövrat dünya həyatını şər deyil, Allahın yaratdığı xeyir olaraq səciyyələndirir. Zərdüştiliyin xilas təliminin Bibliyaya daha yaxın olmağına baxmayaraq, zərdüştiliyin dualizmi və şərin əzəldən var olan İlahi mənbə olması fikri Bibliyanın monoteizmi ilə kəskin ziddiyyət təşkil edir. Qədim “xilas dinləri” kimi Bibliya da dünyanın pozulmuş vəziyyətdə olduğunu öyrədir, ancaq eyni zamanda bunlardan fərqli olaraq, Allahın yaratdıqlarının başlanğıcda yaxşı olub xeyir üçün yarandığını təsdiq edir.[1] Bu xeyri pozan şər, yaradılışın özündən meydana gəldi, lakin axırda Yaradanın niyyəti İlahi Səltənətində gerçəkləşəcəkdir. Bibliyada bu cür açıqlanan xilas ideyası Əhdi-Ətiq mərhələsi və Əhdi-Cədid mərhələsi olmaq üzrə iki əsas mərhələdən ibarətdir.

Əhdi-Ətiqdə xilas

redaktə

Xristian ilahiyyatçıları xilasa aid olan ən qədim şəhadəti Tövratın ilk səhifələrində tapırlar. Yaradılış Kitabının 3-cü fəslində Adəm ilə Həvvanın günaha batması əhvalatında Allah Həvvaya xitab edərək günahının faciəli nəticələrini elan etməklə yanaşı gələcək nəslinin “ilan” üzərində qələbə çalacağını vəd edir: “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan”.[2]

Allahın İbrahim Peyğəmbərə verdiyi vəddə də Xilaskara aid gizli bir şəhadət görürlər: “Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”.[3] Lakin İsrail xalqının əcdadlarının (İbrahim, İshaq, Yaqub) və Musa Peyğəmbərin dövründə xilas hələ xata-baladan qorunma olaraq dərk edilirdi. Allahın Öz seçdiklərini qoruduğu, əsarətdən qurtardığı və “vəd olunmuş torpağa” gətirdiyi qəbul edilirdi. Ondan sonra yəhudilər xilası əksərən İsrailin dünyəvi qələbəsi olaraq anlamışlar. Tövratda xilasın ruhani, esxatoloji (son günlərə aid), Məsihlə əlaqəli olan mənasını yalnız e.ə. VIII əsrdən fəaliyyət göstərməyə başlayan, yazıları Əhdi-Ətiqə düşən peyğəmbərlər görməyə başlamışlar.

Yeşaya Peyğəmbər Məsihin gəlişini, son qələbəsini elan etdi, Məsihin padşahlığında təbiətin ahəngdar vəziyyətə qayıdacağını, cənnətin bərpa olunacağını elan etdi.[4] Əhdi-Ətiqdə xilas nəinki Məsihin, həm də Allahın Özünün dünyaya gəlişi ilə bağlı olaraq təqdim edilir.[5] Xilas bütün yaradılışın qlobal fəlakətlərdən keçərək kamala çatması şəklində təsvir olunur. Yəhudilərin Məsihə (Messiyaya) inancı siyasi və mistik elementlərdən ibarət idi.

Əhdi-Cədiddə xilas

redaktə

Əhdi-Cədidə görə, İsa Məsihin dünyaya gəlməsi ilə həm Məsihin gələcəyinə, həm də Allahın bəşər olub Öz xalqı arasında yaşayacağına dair peyğəmbərliklər yerinə yetdi.[6] Məsih xilasdan bəhs etdikdə, Allahın Padşahlığı (yaxud: Səmavi Padşahlıq) ifadəsini işlətmişdir.[7] Xilas Allahın insanın ürəyinə hökmran olması, insanın Allahla barışması, birləşməsidir. İsa bunun yalnız Özü vasitəsilə mümkün olduğunu elan etmişdir.[8] İsanın Müjdəsi Allahla insan arasında şəxsi münasibətə əsaslanmağına baxmayaraq, buddizmin fərdi xilas yolundan fərqlənir. Xristian xilas ideyası kilsədən (imanlılar cəmiyyəti) ayrı nəzərdən keçirilə bilməz. Möminlərin xilası imanlılar cəmiyyəti daxilində gerçəkləşir və bu cəmiyyətə şərikliyin rəmzi vəftiz sayılır.[9]

Beləliklə, Əhdi-Cədiddə Allahın İsa Məsih vasitəsilə xilasa çağırışı səslənir, eyni zamanda insandan buna cavabən iman tələb olunur. İman dedikdə, Allah-Taalaya tamamilə güvənmək, özünü həsr etmək nəzərdə tutulur. İmanın xilas olmaq üçün şərt olduğu Əhdi-Cədidin əsas təlimlərindən biridir:

Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».[10]

Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» Onlar dedi: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».[11]

Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.[12]

Əhdi-Cədidə görə İsa Məsihə iman Allah ilə insanı birləşdirən körpüdür. İman həm insan ruhunun fəaliyyəti, həm də İlahi ənamdır. İnsan özünü Xilaskara təslim edərək xilas olur. Bununla belə Məsihin dünyaya gəlməsi ilə xilasın ilkin mərhələsi başlandı, son mərhələsində isə Məsihin təkrar yer üzünə dönərək bütün yaradılışın dəyişilməsini tamamlayacağı gözlənilir.[13]

Bibliyada xilasın üç ölçüsü

redaktə

“Xilas” məfhumu təkcə gələcəyə aid deyildir, lakin keçmiş, indiki və gələcək olmaq üzrə zamanın üç ölçüsündə gerçəkləşir. “Axıracan dözən xilas olacaq”[14] yaxud “Məsih... ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək”[15] kimi ayələrdə xilasın gələcək ölçüsünü görürük. Ancaq “Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir”[16] ayəsində xilasdan keçmişdə başa çatdırılmış bir proses kimi bəhs edilir. Xristian möminləri çox vaxt özlərinə “xilas olanlar” deyirlər, buna səbəb günahlarından, eləcə də İlahi qəzəbdən və cəzadan xilas olduqlarına inanmalarıdır. Artıq xilasa nail olmuş, yəni Allahla barışmış[17] olaraq Ona yaxınlaşmaq,[18] Onu sevən Ata kimi tanımaq[19] – bunların hamısı xilas olmuş bir möminin hüquqlarıdır. Bununla belə, Əhdi-Cədiddə xilasın indiki ölçüsü də əks olunmuşdur. Xilas olmuş vəziyyətdə qalmaq üçün mömin xristiana “qorxu və lərzə ilə xilasını əməllərində göstərmək” əmr olunur.[20] Allahı sevən və qayğıkeş Ata kimi tanıyaraq, Onun hər kəsi ədalətlə mühakimə edən Hakim olduğunu də unutmamaq və Ondan qorxmaq lazım olduğu vurğulanır.[21] Möminin xilas olmuş vəziyyətdə qalması və gələcək xilasa nail olması üçün Məsihin Müjdəsinə bütün varlığı ilə iman etməsi vacib bir şərtdir. Həvari Paul bu fikri belə açıqladı: “Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz”.[22]

Bibliya soteriologiyasının şərhləri

redaktə

Ümumiyyətlə, Əhdi-Cədid “günahdan xilas olmaq”dan bəhs edir.[23] Lakin bu bəhs heç də bütün xristianlar tərəfindən eyni cür başa düşülmür. Xilası bəsit şəkildə cəhənnəm əzablarından canını qurtarmaq mənasında başa düşənlərlə yanaşı, bəşərin İlahi təbiətinə şərik olması olaraq dərk edənlər də vardır. Qərb kilsəsində xilas daha çox günah və cəza kimi hüquq anlayışları ilə nəzərdən keçirilir. Katolik kilsəsində xeyirli işlər son dərəcə önəmli sayılır, insanın şəxsi imanına xüsusi əhəmiyyət verən protestant məzhəblərində isə əksinə “əməllərlə deyil, Allahın lütfü ilə, imanla” xilas olmaq təlimi əsas götürülür, “cəhənnəmdən xilas olub cənnətə getmək” bəsit teologiyasına daha çox rast gəlinir. Katoliklərin xeyriyyə fəaliyyətləri, habelə protestantların şəhadətə və Müjdəni yaymağa üstünlük vermələri bununla izah oluna bilər. Şərq kilsəsində (Pravoslav və b.) “bəşərin ilahiləşməsi” teologiyası mühüm yer tutur. Müqəddəs Afanasiy yazırdı: “Kəlam insanlaşdı ki, biz ilahiləşək”.[24] İlahiləşmə ideyası Əhdi-Cədidin bu sözlərinə əsaslandırılır: “O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız” sözlərini misal gətirmək olar.[25]

Qeyd etmək lazımdır ki, əksər xristian kilsələrindən fərqli olaraq, kalvinizm xilası tamamilə şərtsiz bir olay olaraq qəbul edir. Xilas olanların Allah tərəfindən əvvəlcədən təyin edilmiş olub, xilas olmuş vəziyyətlərini əsla itirə bilməyəcəkləri fikri yalnız kalvinist cərəyana məxsus olan kilsələr üçün səciyyəvidir.

Xilas haqqında ənənəvi xristian fikrini bu sözlərlə yekunlaşdırmaq olar:

“Xilas olmaq nə deməkdir? Rəbb ilə qalmaq deməkdir; həlak olmaq isə Ondan uzaqlaşmaq deməkdir... Hər dəfə iradəmiz şərə tərəf döndükdə, biz xilası özümüzdən itələyirik, qovuruq, ondan üz döndəririk, Öz qanı ilə bizi Özünə yaxınlaşdıran Allahdan uzaqlaşırıq”.[26]

İstinadlar

redaktə
  1. Bax: Tövrat, Yaradılış Kitabı 1:31: “Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır”.
  2. Yaradılış 3:15 Bu ayə həmçinin “İlk Müjdə” adlandırılır.
  3. Yaradılış 12:3
  4. Bax: Yeşaya 11, 53
  5. Bax: Yeşaya 64:1 “Ya Rəbb, kaş göyləri yarıb enəydin, dağlar hüzurunda sarsılardı!”; Habaqquq 3:3 “Allah Temandan, Müqəddəs Olan Paran dağından gəldi. Ehtişamı göyü bürüdü, yer üzü Ona edilən həmd-sənalarla doldu”.
  6. Bax: 1Yəhya 5:1 “İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub”; Yəhya Müjdəsi 1:1, 14 “Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi... Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı”.
  7. Bax: Matta Müjdəsi 4:17; 13:47-53; 24:14
  8. Bax: Matta Müjdəsi 11:27-30; Yəhya Müjdəsi 14:6
  9. Bax: Matta Müjdəsi 28:19; Yəhya Müjdəsi 3:5
  10. Luka Müjdəsi 7:50
  11. Həvarilərin İşləri 16:30-31
  12. Efeslilərə Məktub 2:8
  13. Bax: Romalılara 8:19-22; Vəhy 21
  14. Matta Müjdəsi 24:13
  15. İbranilərə Məktub 9:28
  16. Efesilərə Məktub 2:8
  17. 2-ci Korinflilərə 5:18 “Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı”
  18. İbranilərə Məktub 10:22 “ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq”.
  19. Romalılara Məktub 8:15 “Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik”.
  20. Filipililərə Məktub 2:12
  21. 1-ci Peter 1:17 “Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin”.
  22. 1-ci Korinflilərə 15:2
  23. Bax: Matta Müjdəsi 1:21; Luka Müjdəsi 1:77; 1-ci Korinflilərə 15:3; Qalatiyalılara 1:4; 1-ci Peter 2:24; 1-ci Yəhya 3:5; Vəhy 1:5
  24. Bax: Слово о воплощении, 54 http://agios.org.ua/wiki/index.php/</Афанасий_Великий._Слово_о_воплощении_Бога_Слова,_и_о_пришествии_Его_к_нам_во_плоти[ölü keçid]
  25. 2-ci Peter 1:4
  26. Александр Мень. О спасении. http://krotov.info/library/13_m/myen/00143.html Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine

Mənbə

redaktə
  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
  • Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Сотериология библейская»
  NODES
Note 1