Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/[1][q 1][q 2] Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur.[1] Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir.

Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır.

Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir. Tayfanı idarə etmək üçün tayfa şurası yaranmışdı. Hələ qəbilə dövründə tayfanın bəzi elementləri meydana gəlmişdir. Qəbilənin əsas əlaməti olan ekzoqamiya ən az iki qəbilə arasında daimi əlaqənin mövcudluğunu tələb edirdi.

Tayfanın erkən mərhələsinə Avstraliya aborigenlərini, son mərhələsinə isə Şimali Amerikanın hindi tayfalarını göstərmək olar. Tayfa sinifli cəmiyyətdə də mövcud idi. Mülki təbəqələşmə, əyanların və hərbi başçıların rolunun artması, tayfa ittifaqlarının yaranması tayfanın dağılmasına səbəb olmuşdur. Tayfa qalıqları quldarlıq, feodal və kapitalist münasibətləri dövründə də mövcud olmuşdur. Hazırda köçəri bədəvilər, tuareqlər, kürdlər, əfqanlar və b. xalqlar arasında tayfa münasibətləri qalmaqdadır.

Qeydlər

redaktə
  1. Ərəb mənşəli "qövm" sözü "kiçik xalq, tayfa" mənalarını ehtiva edir. — İstinad olaraq bax: Qq, səh. 196. // Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild (QLMNOÖPR). Redaktor: Əliheydər Orucov; Tərtibçilər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Ağamusa Axundov. Bakı: Şərq – Qərb, 2006, 672 səhifə. ISBN 978-9952-34-025-9
  2. Azərbaycan dilində (danışıq dilində) bir neçə başqa mənada da işlədilir:
    1) Xalq, millət mənasında.
    2) Qohum, qəbilə, qohum–əqrəba mənasında.
    3) Zarafat mənasında.
    Yazılanlar üçün ətraflı (istinad olaraq) bax: Tt, səh. 274. // Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Redaktor: Əliheydər Orucov; Tərtibçilər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Ağamusa Axundov. Bakı: Şərq – Qərb, 2006, 712 səhifə. ISBN 978-9952-34-026-6

İstinadlar

redaktə
  1. 1 2 Tt, səh. 274. // Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Redaktor: Əliheydər Orucov; Tərtibçilər: Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Ağamusa Axundov. Bakı: Şərq – Qərb, 2006, 712 səhifə. ISBN 978-9952-34-026-6
  NODES
os 1