Teluqular

TeluqularHindistanın Andhra-Pradeş ştatında Qodavari, Krişna, Tunqabhadra çaylarının vadisində, Tamilnad və Karnataka ştatlarının qonşuluğundakı rayonlarda kompakt şəklində yaşayırlar. Sayları təxminən 75 milyon nəfərdir (2004)[1]. Antropoloji baxımdan mezohind tipinə, müxtəlif varna və kastalara mənsubdurlar.

Dilləri və dinləri

redaktə

Teluqular dravid dil ailəsinə məxsus teluqu və ya qentu dilində danışırlar[2]. Teluquların əksəriyyəti vişnuit hinduistdir, ənənəvi lokal inanclarını saxlayırlar, aralarında müsəlmanlarxristianlar da var.

Teluquların əcdadları dravid xalqları-andhra, kalinqa və teluqu (tenuqu) e.ə I minilliyin ortalarından başlayaraq, Hindistanın şimalından cənubuna miqrasiya etmiş, e.ə.II və b.e. III əsrlərində qaynayıb-qarışmış, teluqu xalqı ortaya çıxmışdır. III əsrdə burada buddizm yayılmışdır. B.e. əvvəllərində Andrha ərazilərinin xeyli hissəsi Satavana sülaləsinin hökmranlıq etdiyi dövlətin nəzarəti altında idi. VII-X əsrlərdə Çalukya hind sülaləsi möhkəmlənmiş, burada məbəd tikintisi genişlənmişdir. XI əsrdə isə Çalukya və Çola ərazilərində Kakatya sülaləsi hökmranlıq etməyə başladı, bu dövlət XIII əsrədək davam etdi, daha sonra bu torpaqların bir hissəsi Vicayanaqar imperiyasının əlinə keçdi. XV-XV əsrlərdə teluquların ərazisində Bahmanidlər sultanlığı hökmranlıq etmiş, sonradan burada Qütbşahların hökmranlıq etdiyi Qolkond dövləti yaranmış, Andhranın ərazilərinin böyük hissəsi birləşdirilmışdır. 1682-1687-ci illərdə Baburşah hökmdarı Auranqzeb Qolkondu ələ keçirdi, 1725-ci ildə Andhra imperiyasının dağıntıları üzərində və Nizamülmülk Kılıc Xanın mülkündə, müasir Maharaştra və Karnataka ərazilərində Heydərabad sultanlığı yarandı[3]. Bu dövlət 1947-ci ilədək mövcud olmuş, daha sonra Hindistan Respublikasına daxil olmuşdur. 1956-cı ildə bu ərazidə Andhra-Pradeş ştatı yaradıldı, teluqu xalqının etnik ərazisi bir federal dövlətdə birləşdirildi.

Əsas məşğuliyyətləri

redaktə

Teluqular şum (kotan) əkinçiliyi ilə məşğul olur, covar, bacru, düyü, paxlalı bitkilər, qırmızı bibər, şəkər çuğunduru, yer fısdığı, pambıq, cut, tütün əkib-becərirlər. Teluqular arasında qoyunçuluqla məşğul olan icma-cati fəaliyyət göstərir. Burada dulusçuluq, toxuculuq, parça bəzədilməsi, zərgərlik və s. sənətlər yayılmışdır. Müasir dövrdə Heydarabadda informasiya texnologiyaları inkişaf edir.

Sosial və ailə-nikah münasibətləri

redaktə

Teluqular arasında kasta (varna-cati) quruluşu hələ də qalır, kastalar ekzoqam qohum qruplardır, matriarxatın bəzi ənənələri (dayı qızı ilə evlənmə) qalır, aşağı kastalarda mülki münasibətlərdə matriarxata əməl olunur. Boşanma və dulların ikinci dəfə ərə getməsi və evlənməsi halları yoxdur. Müsəlman teluqular arasında da kasta bölgüsünə əməl olunur.

Etnoqrafik xüsusiyyətləri

redaktə

Kəndlər kasta prinsipi məskunlaşan məhəllələrə bölünürlər. Yuxarı kastaların nümayəndələri böyük ailələrdə daxili təsərrüfat həyətləri olan kərpic evlərdə yaşayırlar. Evin cənub tərəfində yataq otağı, şərqində ibadətgah, qərbində qonaq otağı, onların arasında isə anbar yerləşir. Orta kastalara aid kəndli və sənətkar ailələri gillə suvanmış, ağac divarlı, eyvanlı evlərdə, aşağı kastaların nümayəndələri isə bambuk və gillə suvanmış evlərdə isə yaşayırlar.

Teluqularda kişi geyimləri köynək və şarfdan (şal) ibarət dhoti, türban (baş geyimi), qadın geyimləri sari, çoli köynəyindən ibarətdir, kəndlilər sarini dhoti kimi bürüyürlər. Müsəlmanlar köynək və papaqla "lunqi" geyinirlər. Teluquların əsas yeməkləri düyü, lobya yeməkləri, paxlalılar, tərəvəzdən (balqabaq) ibarətdir, yeməyə qatıq, manqo turşusu, limon, ədviyyat əlavə edirlər. Müsəlmanlar arasında Şimali Hindistan mətbəxi yayılmışdır.

Mədəniyyət

redaktə

Teluqular arasında pəhləvanlıq oyunları, patanqbazi (hava ilanlarının buraxılması), xoruz döyüşləri, döşəmənin dekorativ bəzədilməsi (kolam) sənəti yayılmışdır. Onlar Sankranti (məhsul yığımı, yanvar ayı), Şivaratri (fevral-mart), Uqadi (yeni il, mart ayı), Mahankala Catra (iyun-iyul) bayramlarını qeyd edirlər. Bu dravid xalqının folklor və ədəbiyyatı, təsviri sənəti, vişnuit kultu ilə bağlı pantomim teatrı, “kuçipudi” klassik rəqs üsulu yayılmışdır.

Xarici keçid

redaktə

İstinadlar

redaktə
  1. "Top 30 Languages by Number of Native Speakers". 2010-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  2. "Nearly 60% of Indians speak a language other than Hindi". The Times of India. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  3. "Arxivlənmiş surət". 2009-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  NODES