Torpaqşünaslıq

Torpaqşünaslıqtorpaqlar, onların əmələ gəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir.[1]

 
Vasili Vasilyeviç Dokuçayev
 
Pavel Andreyeviç Kostıçev

Torpaqşünaslıq elmi təlim kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili DokuçayevPavel Kostıçyevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi danılmazdır.

Torpaqşünaslıq bir çox məsələləri əhatə edən təbii-elmi təlimdir. Torpaqşünaslığın təmasda olduğu və metodlarından geniş istifadə etdiyi fundamental elmlərə fizika, kimya, riyaziyyat, daim nəzəri mübadilə halında olduğu elmlərə isə təbiət, kənd təsərrüfatı və iqtisadi elmləri aiddir. Sonunculara geoloji-coğrafi tsiklə (mineralogiya və petroqrafiya ilə birgə geologiya, hidrogeologiya, fiziki coğrafiya, geobotanika, biogeosenologiya), aqrobioloji tsiklə (biologiya, mikrobiologiya, biokimya, aqrokimya, bitki fiziologiyası, bitkiçilik, əkinçilik, çəmənçilik, meşəçilik) və nəhayət aqrar – iqtisadi tsiklə (siyasi-iqtisad, kənd təsərrüfatı iqtisadiyyatı, yerquruluşu və s.) daxil olan elmlər aid edilir.

Torpaqşünaslığın bölmələri

redaktə

Torpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (torpaq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.

Torpaqşünaslığın tərkibində adı çəkilən əsas bölmələrlə yanaşı, onun torpaq kütləsinin xassələri əsasında fundamental bölmələri (torpaq fizikası, torpaq kimyası, torpaq biologiyası) və torpaq və torpaq örtüyündən istifadənin tətbiqi bölmələri (aqronomik torpaqşünaslıq, meşə torpaqşünaslığı və s.) də mövcuddur. Bu tətbiqi bölmələr torpaqşünaslığın ümumi nəzəriyyəsinin inkişafına böyük təsir göstərir, belə ki, ilkin materialların geniş mənbəyi və nəzəri konsepsiyaların yoxlanmasının bazasını təşkil edir.

Torpaqların təsnifatı xüsusi bölmə təşkil edir. O, bütün bölmələrin materiallarından istifadə edilməklə qurulur. Torpaqların təsnifatı torpaqların kartoqrafiyası, torpaqların münbitliyinin səciyyəsi və kompleks qiymətləndirilməsi, ölkənin vahid torpaq kadastrının hazırlanmasından və riyazi analizindən ötrü torpaq məlumatlarının toplanması üçün vahid taksonomik sistem təşkil edir. Bir halda ki, torpaq və torpaq örtüyünün başqa elmlər və cəmiyyət həyatının müxtəlif tərəfləri ilə qarşılıqlı əlaqəsi çox müxtəlifdir, torpaqların vahid (baza) təsnifatı ilə yanaşı torpaqların sahə və regional təsnifatı və qruplaşdırılması da zəruridir.

Torpaqşünaslığın tədqiqat metodları

redaktə

Torpaqların formalaşması və inkişafını, onun tərkib və xassələrini öyrənməkdən ötrü torpaqşünaslıq elmi geniş tədqiqat metodları sisteminə malikdir. Torpaqşünaslıq bu zaman kimya, fizika və başqa elmlərin nailiyyətlərindən də geniş istifadə edir.

Torpaqşünaslıqda tədqiqat metodları aşağıdakılardan ibarətdir:

  • Müqayisəli – coğrafi metod. Bu metodun əsasında torpaqların torpaqəmələgətirən amillərlə əlaqədə

öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, onların xassə və tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların kartoqrafiyasında daha geniş istifadə olunur.

  • Müqayisəli – analitik metod. Bu metod kimyəvi, fiziki-kimyəvi, fiziki və başqa analiz metodları

sistemlərinin tətbiqi ilə torpaq nümunələrinin tərkib və xassələri haqqında mühakimə yeritməyə imkan verir.

  • Stasionar metod. Bu metod çöl şəraitində torpaq prosesləri və rejimlərinin öyrənilməsinə xidmət edir.
  • Modelləşdirmə metodu. Bu metod torpaqda baş verən proses və rejimləri modelləşdirməyə imkan verir. Bu metod əsasında ayrı-ayrı torpaqların torpaq-ekoloji göstəriciləri əsasında onların ekoloji modelləri qurulur.
  • Relyefin plastikası metodu. Bu metod əsasında böyük və orta miqyaslı (1:100000, 1:50000) topoqrafik əsasda torpaqların ekoloji qiymət xəritələri tərtib edilir. Bu zaman xüsusi texnologiya əsasında topoqrafik xəritədən relyefin plastikası çıxarılaraq, bu yeni əsas üzərində torpaq konturları yerləşdirilir.
  • Müqayisəli qiymətləndirmə (bonitirovka) metodları. Bu metod torpaqşünaslıqda xüsusi elmi-praktiki

istiqamət olan torpaqların bonitirovkası zamanı istifadə olunur. Bu metod əsasında torpaqların daxili diaqnostik göstəriciləri (humus, azot, fosfor, kalium, udulmuş əsasların cəmi və s.) əsasında onların müqayisəli qiymətləri – bonitet balları tapılır.[1]

Mənbə

redaktə
  1. 1 2 Qərib Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, "Elm", 2007. 660 s.

Həmçinin bax

redaktə
  NODES
os 7