Visseral leyşmaniya

Visseral leyşmaniya ilk dəfə (1900) Hindistanda xəstə adamın dalağında ingilis alimləri Leyşman və Donovan tərəfindən aşkar edilmişdir. Parazitin qamçısız və ya leyşmanial forması müxtəlif onurğalılarda, o cümlədən itdə, çaqqalda, gəmiricilərdə və leyşmanioza tutulmuş adamlarda, qamçılı və ya lepidomonad (promastiqot) forması isə parazitin keçiricisi olan mığmığada (Phlebotomus pappatasii) olur.

Ümumi leyşmanioz xəstəliyi tibbi parazitologiyada

redaktə

Aralıq dənizi leyşmaniozu, uşaq leyşmaniozu, tropik splenomeqaliya, Azərbaycanda isə bu xəstəliyi qara azar adlandırırlar.

Morfologiyası

redaktə

Leishmania donovani özünün ümumi quruluşuna görə dəri leyşmaniozunun törədicisi olan Leishmania tropica-ya oxşayır. Parazit 10-20 mkm böyüklükdə, dairəvi və ya oval formada olur. Bənövşəyi-qırmızı rəngli iri nüvəyə malikdir. Bədənində çubuq və dairəvi blefroplast (kinetoplast) vardır. L.donovani-yə müxtəlif orqan və toxu ma ları təşkil edən hüceyrələrin sitoplazmasında, periferik qanın neytrofillərində, qan kapilyarlarının və limfa sisteminin endotel hüceyrələrində, sümük iliyində, qaraciyərdə, dalaqda təsadüf olunur. Yoluxmuş hüceyrələrin hər birində 100-200-ə qədər parazit olur. Hüceyrələr dağıldıqda parazitə toxuma mayesində qrup halında deyil, tək-tək rast gəlinir. Xaricə çıxmış parazitin hər biri yeni hüceyrəyə daxil olur. Burada intensiv bölünmə ilə parazit sayca artır. Bu zaman əvvəlcə parazitin kinetosomu, kinetoplastı sonra nüvəsi, sitoplazması bölünür və müstəqil hüceyrələrə ayrılır. Xəstəliyə ən çox 12 yaşlı uşaqlarda təsadüf edilir. Xəstəlik bədən temperaturunun artması, dalağın və qaraciyərin böyüməsi və qanda eritrositlərin miqdarının azalması ilə xarakterizə olunur.

İnkişaf dövriyyəsi

redaktə

Parazitin rezervuar sahibi it, çaqqal və insan, keçiricisi isə müxtəlif növ mığmığalardır. Parazitin inkişafı sahib dəyişməklə gedir: qamçısız (leyşmanial) forması çaqqalda və insanda, qamçılı (lepidomonad) forması isə mığmığalarda olur. Xəstə adamın, eləcə də çaqqalın və itin qanını Phlebotomus cinsindən olan mığmığalar sorduqda leyşmaniya ilə yoluxur. Mığmığanın insandan sorduğu qamçısız formalar birinci gündən hərəkətli qamçılı formaya çevrilərək çoxalır və 6-8 gündən sonra mığmığanın xortumuna toplaşır. Mığmığa insanı və digər onurğalı heyvanları sancdıqda, xortumundakı qamçılı parazitləri (lepidomonadlar) rezervuar sahibin dərisi altına daxil edir. Dərialtı hüceyrələrə və digər orqanların hüceyrələrinin sitoplazmasına daxil olan qamçılı forma tezliklə qamçısını itirir və hərəkətsiz formaya çevrilir. Hüceyrədə parazit ikiyə bölünməklə intensiv çoxalır. Bölünmə zamanı əvvəlcə kinetoplast, sonra nüvə, axırda isə sitoplazma bölünür, qız hüceyrələr əmələ gəlir. Hər bir qız hüceyrədə bölünmə prosesi yenidən təkrar olunur, nəticədə sahibin ayrı-ayrı hüceyrələrində parazitin 100-200-ə qədər qamçısız formasına rast gəlinir. Sahibin hüceyrəsi dağıldıqda xaric olmuş formalar limfa, toxuma mayesi və qana keçərək yeni hüceyrələrə daxil olur. Keçirici tərəfindən sorulduqda əvvəlki proses təkrar olunur. Leishmania donovani-nin törətdiyi xəstəlik təbii ocaqlı transmissiv xəstəlik qrupuna aiddir. Bu xəstəliyin törədicisinə Hindistanda, Aralıq dənizi ölkələrində, Orta Asiyada, Afrikada, Cənubi Amerikada, Azərbaycanda təsadüf edilir. Diaqnostikanın ən təhlükəsiz və əlverişli metodu döş sümüyü iliyindən nümunə götürüb, onun hüceyrələrində və hüceyrədən xaricdə qamçısız leyşmanial formanın aşkar edilməsidir.

Ədəbiyyat

redaktə
  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.
  NODES