Yelü Daşi (çin. 耶律大石; Pinyin: Yēlǜ Dàshí; Wade-Giles: Yeh-Lü Ta-Shih və ya çin. 耶律達實; Pinyin: Yēlǜ Dáshí; 10871143, Mərkəzi Asiya) — Qarakitaylar dövlətinin qurucusu[1], Lyao sülaləsinin üzvü idi.

Yelü Daşi
耶律大石
Qarakitayların I imperatoru
1124 – 1143
SonrakıHsiao Tabuyan
Şəxsi məlumatlar
Doğum tarixi 1087
Vəfat tarixi 1143
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu
Həyat yoldaşı Hsiao Tabuyan
Uşaqları Yelü Yili
Yelü Pusuan

Adları

redaktə

İkinci adı Çonqde (重德) olub müsəlman mənbələrində Nuşi Taifu, Quşqin Taifu və Balğu oğlu Quşqin kimi də xatırlanır.[2] Yapon tədqiqatçı Masaaki Suqiyamanın fikrincə onun adı Daşi çin titulu olan taişinin bir versiyasıdır.[3] "Kidan dövlətinin qeydləri" (çin. 契丹國志) kitabına görə isə Daşi onun sadəcə olaraq ləqəbi idi.[4]

İlk dövrləri

redaktə

Yelü Daşi Lyao sülaləsinin aparıcı sülaləsi olaraq Yelü sülaləsinin elə də önəmli olmayan bir üzvü və imperator Abaocinin dörcü oğlu Yelü Yaliquonun (耶律牙里果) nəslindən gəlirdi. Onun doğum tarixi tam aydın deyil, lakin Liao tarixinin müxtəlif hesablarına görə 1087 və ya 1094-cü ildə ola bilər. "Lyao Tarixi" onu "Xitan və Çin yazılarını yaxşı bilən, at sürməkdə və ox atmaqda üstün olan" və 1115-ci ildə "ən yüksək imperiya imtahanından keçmiş" biri kimi təsvir edir.[5] Belə ki, o cinşi tituluna sahib ilk xitay əsilli çinli olmuşdu. Daha sonra Hanlin Akademiyasında işləmişdi.

Sülalənin Çindəki hakimiyyətinin son dövrlərində o, getdikcə daha vacib inzibati və hərbi vəzifələr tuturdu. O, 1116-cı ildə Taiju (泰州, müasir Taylay rayonu, Xeylunszyan) və 1117-ci ildə Şianqçu (祥州, müasir Uancinta qəsəbəsində, Nunyan rayonunda) vali kimi işləyib.[5] 1120-ci ildə Daşi cieduşi titulu verilərək paytaxtın mühafizəsi ona tapşırıldı.

İmperiyanın süqutu

redaktə

Mançuriyada, Lyao imperiyasının şimalında yaşayan tunqus tayfası olan cürçenlər 1115-ci ildə Cin sülaləsini qurdular və Mançuriyada hökmranlıq etməyə başladılar. Cin sülaləsi daha sonra Lyaoya hücum etmək üçün Sun imperiyası ilə ittifaq yaratdı və 1122-ci ilə qədər Cin Lyaonun torpaqlarının böyük bir hissəsini, o cümlədən onun paytaxtı Çifenqi ələ keçirdi. Lyao imperatoru Tianzo qərbə qaçdı və əmisi şahzadə Yelü Çun daha sonra imperiyanın cənub paytaxtı Nançinqdə (indiki Pekində) qısaömürlü Şimali Lyaonu imperiyasını yaratdı. Tezliklə Tonq Quanın komandanlığı altındakı Sun ordusu cənubdan Şimali Lyaoya hücum etdi, lakin Daşi və Şyao Qanın komandanlığı altında Lyao ordusu Sun hücumlarını dəf edə bildi. Bununla belə, Cin sülaləsi şimaldan irəliləməyə davam etdi və nəticədə 1123-cü ildə cənub paytaxtını ələ keçirdi. Cin hakimiyyəti ələ keçirməzdən əvvəl Daşi 7000 əsgəri ilə birlikdə keçmiş imperator Tianzoya qoşulmaq üçün qaçdı.[6]

Daşi daha sonra cürçen ordusu tərəfindən ələ keçirildi, lakin beş ay sonra, fevralda yenidən imperatora qoşulmaq üçün qaçdı. İmperator əvvəlcə onu Şimali Lyaonu qurmaqda kömək etdiyinə görə xəyanətlə günahlandırsa da tezliklə onunla barışdı və ona cürçenlərə hücum etmək niyyətində olduğunu bildirdi. Daşi bunun axmaqlıq olduğunu düşünürdü, çünki Cin sülaləsi artıq güclü mövqedə idi. İmperatoru razı sala bilməyən Daşi 1124-cü ildə Lyao zabitlərindən ibarət dəstəyə rəhbərlik edərək şimal-qərbdəki Lyao qarnizon-şəhəri olan Keduna getdi və özünü yeni imperator elan etdi. Babası və nənəsinə ölümardı adlar olaraq İmperator Siyuan (嗣元皇帝) və İmperatriça Hsüanyi (宣义皇后) adlarını verdi. Keçmiş imperator isə 1125-ci ildə cürçenlər tərəfindən ələ keçirilmişdi.

Hakimiyyəti

redaktə

Daşi Keduna gedərkən yolda Onqutların tayfa başçısından 400 at, 20 dəvə və bir neçə min qoyun aldı. 10000 atla yola çıxan Daşi burada özünə ordu toplamaq niyyətində idi.[7] Daşi Kedunda Telengit, Xongirad, Cadaran, Yesüt, Biqude, Nila, Tarquday, Damğalıq, Merkit, Heju, Vuqu, Tatar, Pusuan, Tanqqu, Humusi, Sidi və Çerbi kimi köçəri monqol, türk və xitan tayfalarını ətrafına toplayaraq 1129-cu ildə iki sərhəd qarnizonuna hücum etdi.

Monqolustanda daha çox tutuna bilməyəcəyini görən Daşi 13 mart 1130-cu ildə qərbə doğru yola çıxdı və Yenisey Qırğızlarını məğlub edəndən sonra Emil çayı sahillərinə gəldi. Qarahoca idikutu Bilgə xan (1123–1130) ilə ittifaq bağlayandan sonra 1131-ci ildə Qaşqardakı Qaraxani hökmdarı Əhməd Arslan xana hücum etsə də, bu yürüş uğursuzluqla nəticələndi.

Nəhayət 1132-ci ildə Yelü Daşi özünə eyni anda iki titul götürdü: belə ki, o monqollar və türklər arasında Gur xan kimi tanınsa da, Çin üsul-idarəsini saxlayaraq "Tianyu" (天祐皇帝) adını almışdı.[8]Almalıq və Qayalıq (müasir Taldıkorqan) şəhərlərində hakimiyyətini təsis etdikdən sonra Qaraxaniləri hədəfinə almışdı. Tezliklə KarlukKanqlı tayfaları ilə mübarizə aparmağı bacarmayan II İbrahim Buğra xan onu Balasaquna dəvət etdi və vassallığı rəsmi şəkildə qəbul etdi.[9] Balasaqunu yeni imperiyanın paytaxtına çevirən Daşi Qaraxani hökmdarının titulu olan "İllig xan"ı da "İllig Türkmən" tituluna endirərək vassal statusunu təsdiqləmiş oldu. Cürçenlərə qarşı Hsiao Volila başçılığında 70.000 süvaridən ibarət ordu göndərsə də, hücum uğursuzluqla nəticələndi.

Qərbə doğru davam edən Daşi 1137-ci ilin mayında Xocənd şəhərində hakimiyyətdə olan II Mahmudu məğlub etdi. Mahmud ağır məğlubiyyətdən sonra Səmərqəndə qaçmalı oldu və dayısı Sultan Səncərdən yardım istədi. Səncər 1141-ci ilin iyulunda Mərkəzi Asiyaya gələrək Mahmudu Xocəndə qaytarmağa çalışsa da Qaraxitaylarla qarşılaşdı. 9 sentyabr 1141-ci ildə səlcuqlarla xitayların arasında baş tutmuş Katvan döyüşündəki qalibiyyət Yelü Daşinin İslam dünyasında tanınmasına səbəb oldu. Döyüşün nəticəsində Qarakitaylar Qaraxaniləri asılı hala gətirdilər, Səncərin xanımı və əmirləri isə əsir düşdü. Daşi 3 ay Səmərqənddə qaldı və onu Hençonq əyalətinin bir hissəsinə çevirdi. II Mahmudun yerinə qardaşı III İbrahim xanı yeni Qərbi Qaraxani xanı kimi təsdiq etdi, hətta öz qızını onunla evləndirdi. Buxarada isə Burhan ailəsi qazı kimi təsdiq edildi. Növbəti il, öz sərkərdəsi Ərbuzu Xarəzmə göndərən imperator Xarəzmşah Atsızı da vassallığa məcbur etdi.[9]

Ölümü

redaktə

Daşi bu qələbəsindən sonra çox da yaşamadı və 1143-cü ildə vəfat etdi. Ölümündən sonra Deçonq (德宗 — səxavətli əcdad) məbəd adı ilə və Tianyuvuli (天祐武烈皇帝) ölümardı adı ilə xatırlanmışdır.

Ailəsi

redaktə

Birinci dəfə evləndiyi həyat yoldaşı Cürçenlər tərəfindən qaçırılmışdı. İkinci dəfə imperatriça Jaode (昭德皇后) ilə evlənmişdi. Üçüncü dəfə isə öz bibisi qızı Hsiao Tabuyan (蕭塔不煙) ilə evlənmişdi və üç övladı olmuşdu:

İstinadlar

redaktə
  1. Bretschneider, E., Mediaeval Researches from Eastern Asiatic sources, Vol. 1, (Routledge, 2002), səh. 224.
  2. Biran, 2005. səh. 19–20
  3. Sugiyama, Masaaki (杉山正明); Huang, Meirong (黃美蓉). 大漠:游牧民族的世界史 (çin) (1st). New Taipei City: Guangchang Publishing (广场出版). 2011. səh. 238. ISBN 9789868782907. OCLC 792927318.
  4. Qidan Guo Zhi, cild 19 Arxivləşdirilib 2023-02-17 at the Wayback Machine (Çin dilində)
  5. 1 2 遼史 Arxivləşdirilib 2021-03-01 at the Wayback Machine Lyao Tarixi Kitabı, cild 30, Yelü Daşinin bioqrafiyası (Çincə). Orijinal mətn: "通遼、漢字,善騎射,登天慶五年進士第"
  6. Biran, 2005. səh. 21–25
  7. Sinor, D., Chapter 11 - The Kitan and the Kara Kitay // Asimov, M.S.; Bosworth, C.E. (redaktorlar ), History of Civilisations of Central Asia, 4 part I, UNESCO Publishing, 1998, ISBN 92-3-103467-7
  8. Biran, 2005. səh. 38
  9. 1 2 Biran, 2005. səh. 39-40

Mənbələr

redaktə
  NODES
Done 1
Story 3