İsim Tək Cəm
Adlıq halı işıq işıqlar
Yiyəlik halı işığın işıqların
Yönlük halı işığa işıqlara
Təsirlik halı işığı işıqları
Yerlik halı işıqda işıqlarda
Çıxışlıq halı işıqdan işıqlardan

  azərbaycanca: işıq

  Kiril əlifbası : ишыг   Hecalama: i-şıq

  Mənalar :

  1. Ətrafı işıqlandıraraq, onu gözlə görünəcək hala salan şüa enerjisi; nur, ziya. Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı. İşıq şüası. – Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdilər. S.Hüseyn. Şam işığında bir dəstə kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhəsən. Qapı aralandı və içəridən ağ qarın üstünə sarımtıl-qırmızı bir işıq zolağı düşdü. Q.İlkin. _ İşıq almaq məc. – 2. qüvvət almaq, ilham almaq; 3. daha qüvvətli işıq mənbəyi vasitəsilə işıqlanmaq. Huri, mələk ola bilməz sənə tay; İşıq alır camalından ərşdə ay. Aşıq Mirzə. İşıq olmaq – işıqlanmaq, nurlanmaq. Söz deyən aşiq oldu; Elə yaraşıq oldu; Bu gün yar bizə gəldi; Evimiz işıq oldu. (Bayatı). İşıq saçmaq – şüalanmaq, ətrafa işıq vermək, işıq yaymaq. Tində yanan bir fənər ətrafa zəif işıq saçırdı. S.Rəhman. İşıq salmaq – 4. işıqlandırmaq, nurlandırmaq. On dörd gecəlik ay qayalara işıq salıb, vahiməli kölgələr təşkil edirdi. H.Nəzərli. Bəzən olur həyatımın dağlarını duman alır; O gün sənin titrək laylan yollarıma işıq salır. Ə.Cavad; 5. parıldamaq, şəfəq saçmaq, bərq vurmaq. Üzüyün qaşı işıq salır. – [Salamov:] Bunlar [brilyantlar] başqa şeydir, əntiqə şeydir, qaranlıqda işıq salır. C.Cabbarlı. İşıq vermək – 6. işıqlandırmaq, işıq saçmaq, nurlandırmaq. Ay doğdu işıq verdi; Yara yaraşıq verdi; Sinəndən doğan ulduz; Gözümə işıq verdi. (Bayatı). [Pərşan] göylərin axşam parıltısında halələnmiş ay kimi işıq verirdi. M.İbrahimov; 7. məc. qüvvət vermək. Milyonların gücünü bir məqsədə yönəltdin; İşıq verdin gözünə, qüvvət oldun qoluna. R.Rza. İşıqdan düşmək – 8. işığı azalmaq, parıltısı sönmək, zəifləmək. Dan yeri yenicə sökülürdü, .. ay və ulduzlar günün parlaq şüaları qarşısında işıqdan düşüb, sönük bir halda gözdən itirdilər. Çəmənzəminli; 9. qüvvətdən düşmək, zəifləmək (göz haqqında).
  2. Günün hər hansı bir vaxtı üçün səciyyəvi olan aydınlıq. Gündüz işığı. Sabah işığı. Axşam işığı (alaqaranlıq). // Dan yeri, şəfəq. Sabahın işığı süzdü içəri; Dostlara göstərdi doğan səhəri. M.Rahim. Üfüqdə səhər şəfəqinə bənzər bir işıq parıldayır. M.Rzaquluzadə.
  3. Lampa, fənər, şam və s. işıq mənbəyi mənasında. İşığı yandırmaq. İşığı keçirmək. İşığı irəli tut. – Nüşapəri xanımın ürəyinə şək damdı, işığı tutub, ona tərəf üz qoydu getməyə. (Nağıl). ..Otağımdakı işığı keçirəndə xəfif, qırmızı bir parıltının pəncərə şüşələrində titrədiyini görürdüm. Ə.Məmmədxanlı.
  4. İşıq çıxan yer, işıq yer, işıq düşən yer, işıqlanmış yer. Dalı işığa tərəf durmaq. Dərmanı işığa qoyma.
  5. məc. Ağ gün, aydınlıq, xoşbəxtlik, fərəh mənasında. İşığa çıxasan.
  6. məc. Maarif, mədəniyyət, ürfan, tərəqqi mənasında. İndi gənclik Bakını sevir. İndi Bakı onlar üçün işıq və bilik mənbəyi olmuşdur. M.Hüseyn. İşıq, nur mənbəyi gözəl yurdumuz; Getdiyin yollara nurlar səpələr. N.Rəfibəyli. _ İşıqdan qorxan – maarifdən qorxan, maarif düşməni, tərəqqi düşməni; cəhalətpərəst. ..İşıqdan qorxan və millətin ayılmağından xof və əndişə edən mülkədar, bəylərin və ağaların mərhəmətindən [kənd camaatı] bir növ əxlaqsız olublar. F.Köçərli.
  7. məc. Aydınlıq, təmizlik mənasında. Dağlar başı işıqdır; Gün dağa yaraşıqdır; Qaynanam məni sevmir; Oğlu mənə aşıqdır. (Bayatı). ◊ İşığı düşmək – çox gözəl, göyçək, ağbəniz qadın (qız) haqqında. Qız o qədər gözəldi ki, işığı düşürdü çəmənə, qazlar ürküb otlaşmırdılar. (Nağıl). İşıq müalicəsi – işıq şüalarının (günəş, ya süni işıq mənbəyindən çıxan şüaların) müalicə məqsədi ilə tətbiqi. İşıq siqnalı – işıq vasitəsilə verilən siqnal, işarə. İşıq üzü görməmək, işıq üzünə həsrət qalmaq – daima qapalı bir yerdə oturub, açıq havaya çıxmamaq, ya çıxa bilməmək. Göz verib işıq verməmək – bax göz. Gözünə işıq gəlmək – bax göz.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1